ŞvartsMan - İkinci  şans (hekayə)

ŞvartsMan - İkinci şans (hekayə)

Müharibədə ölən əsgərlərə "şəhid” deyirlər. Onlar dövlətin başlatdığı müharibədə onun uğrunda ölsə də, Vətən üçün canından keçdi deyirlər. Ölən əsgərlərdən birinə təsadüfən Allahla danışmaq qismət olur.

Əsgər qəhrəmancasına döyüşdə həlak olur və o biri dünyaya gələndə düşünür ki, artıq mən cənnətliyəm. Şəhidlər cənnətlikdi. Halbuki sənin cənnətə ya cəhənnəmə getməyin dövləti maraqlandırmır. Dövlət sənin onun üçün çalışıb-vuruşmağını istəyir. Vəssalam.

Əsgər ona tanış olmayan ağappaq ətrafına baxanda uca səs eşitdi. Bu Allahın səsi idi.

-Salam, ey mənim bəndəm. Ey əsgər, salam.

Əsgər çaşıb qaldı və qorxdu.

-Ola bilməz! Bu nə səsdi?!

Allah:-Qorxma, qorxma. Mən Allaham. Düşündüyün cənnətə getməmişdən əvvəl sənə suallarım olacaq.

Əsgər qorxu qarışıq sevindi. Amma o çox böyük günahlar edib-etmədiyini fikirləşməyə başlayanda tərəddüdlər beyninə iynə kimi batmağa başladılar.

-Vallah mənim o qədər böyük günahlarım yoxdu. Sən ey bizi yaradan, bunu hamıdan yaxşı bilirsən.

Allah bu dəfə dözmədi:

-Dayan, dayan, nədən qorxursan? Artıq ölmüsən. Və səndən soruşmaq istəyirəm. Niyə və nə uğrunda öldün? Həyatın 23 ilin içində necə keçdi?

Əsgər fikirləşməyə başladı:

-Vallah düzünü deyim az yaşadım: 23 il . –və dedi – Ömrümün baharında öldüm. Amma fəxr eləyirəm ki, dövlətimi qorumaq üçün vətən uğrunda kişi kimi vuruşdum və şəhid oldum.

Allah təəssüfləndi:

-Niyə mənim yaratmadığım bir şey uğrunda vuruşdun və öldün?

-Başa düşmədim, Allahım.

Allah susdu və izah etməyə başladı:

-Deyirəm, dövlətləri mən yaratmamışam. Bilmirsən, sənin ölümün əcəlin gəlməyindən deyil, öz ağılsızlığın ucbatındadı. Heç döyüşə gedəndə dövlətdən soruşdunmu ki, niyə müharibə aparırıq? Niyə döyüşü başladanlar özləri müharibədə iştirak eləmir? Bəlkə qorxurlar? Səncə, gec də olsa fikirləş, cansız bir ovuc torpaq uğrunda düşmən hesab etdiyin bir insanı öldürməyə dəyərmi? Yəni mənim yaratdığım insan bu qədər torpaqdan dəyərsizdi? Mən sənə həyat bəxş elədim yaşayasan, sənsə hakimiyyətpərəst varlı, acğöz, qəddar,vicdansız insanlara görə yalnız bir dəfə verilən ömrü onlara qurban verdin. Bu qədərmi dəyəri yoxdur həyatının? Niyə həyatını kimlərinsə siyasi maraqlarına fəda elədin? Mən səni azad yaratdım,şüur verdim ki, düşünəsən, heç kimi öldürməyəsən, həyatdan zövq alıb xoşbəxt yaşayasan. Mən Allah olaraq sənin həyatına qarışmadım, niyə sən başqalarının sənə verdiyim həyatını məhv etməsinə icazə verdin?

Əsgər: -Axı mən ali məqsəd uğrunda öldüm. Mən vuruşmalıydım. Qaçsaydım qorxaq deyəcəkdilər. Mən qorxaq deyiləm. Ola bilər az yaşadım, amma əvvəl-axır hamı ölür. İndi dövlət məni vətənpərvər, qəhrəman kimi dəfn eləyir. Hətta Prezident də qəhrəmancasına şəhid olduğuma görə ölümümdən sonra rütbəmi artırdı və qızıl medal verdi ailəmə.

Allah: -Yaxşı bunlardan sənə xeyir? Belə çıxır öləndən sonra qiymətə mindin? Sağlığında yada salan yoxdu səni, öldün qəhrəman oldun? Bunları sağlığında verə bilməzdilər?

Əsgər heç nə deyə bilmədi. Tanrının məntiqinə söz ola bilməzdi.

-Sən heç nə başa düşməmisən,ey bəndə. Sən dövlətin nə olduğunu bilmirsən,amma onun uğrunda ölümə gedirsən. Səni əhliləşdiriblər, səninçün müqəddəsləşmiş dəyərlər yaradıblar. Elə bilirsən belə də olmalıdır. Səni azad yaratdım, sən qul oldun. Mənim verdiyim canı aldın. Sənin kimisə öldürməyə haqqın yox idi, amma dövlət sənə bu haqqı verirdi. Dövlət uğrunda öldürsən cinayət sayılmır, amma dükandan acından bir çörək oğurlasan dövlət səni o dəqiqə həbs edər. Bu necə ədalətdi? Bu necə qanundu? Özün fikirləş. Milyonlarla insan heç nəyə görə tarix boyu öldürülüb,ölüb. Dövlət və din insanlığı məhv ediblər, manqurtlaşdırıblar, diskriminasiya yaradıblar. Mən dedim, ədalətli olun, öldürməyin, kasıblara əl tutun, nifrəti sevgiylə məhv edin. Sizsə özünüzdən din, dövlət yaradıb mənim adımdan istifadə edib qətliamlar törətdiniz, günahsız insanları yandırıb genosidlərə məruz qoydunuz. Mən bundan artıq nə deyim sizə? Bəs deyilmi? Kiminsə siyasi ambisiyalarının, kiminsə fantaziyalarının, xürafatlarının, uydurmalarının oyuncağı olmaqdan bezmədiniz? Hə,əsgər?

Əsgər susurdu. Anlayırdı ki, görünüşdə heç nəyə görə vuruşub və heç nəyə görə ölüb.

Tanrı sözünə davam elədi:

-Bir fikirləş. Bu bayraqlar, himnlər, müxtəlif din və dillər insanların qəlbinə milliyyətçilik toxumu səpir və bir-birlərinə yad olmağa və nifrət etməyə məcbur edir. Bunları başa düş ki, heç nəyə görə ölmüsən. Bunu sənə heç kim demədi. Bəlkə də kimsə deyib, sən eşitməmisən. Adi misal çəkim: şəxsiyyət vəsiqənə baxsan görərsən ki, orada Ad-soyad, tarix, ölkə - milliyət,sənət, qan qrupu, göz rəngi və boy-yaş var. Dövləti forma maraqlandırır, mahiyyət yox. Dövlətə sən özün insan kimi lazım deyilsən. Ona işçi lazımdı, əsgər lazımdı, iqtisadçı, siyasətçi, deputat lazımdı. Bir də qanunlar ki, insanları idarə edə bilsinlər. İndi deyə bilərsən, dövlət olmasa hamı bir-birini öldürər. Bəs dövlət var, hamı bir-birini öldürmür? Öldürən adam öldürəcək, baxmayacaq dövlət var, ya onun həbsxanası. Dövlət qorxudu. Heyif ki, məndən də qorxu obyekti kimi istifadə etdilər. Xüsusilə din. Fərqli düşüncələrə görə, fərqli irqlərə görə, fərqli inanclara görə insanlar bir-birlərini vəhşicəsinə öldürdülər. Bütün bunlar buna dəyərmiydi, ey bəndə? Mənim tək ayrı-seçkiliyim sizi kişi və qadından yaratmaqdı. Qadın və kişi müharibə, ölüm, nifrət səbəbi ola bilməz. Qadın və kişi –bu Sevgidi. Əgər Allah olaraq tək səhvim budursa qoy olsun.

Əsgər ağlamağa başladı, ümidsizləşdi, gücsüzləşdi. Həyatı boyu yanlış melodiya ilə rəqs etdiyini dərk edib qışqırdı. Heç nəyin faydası olmadığını başa düşüb katolik kimi İsa Məsihə dua edər halda, Allahdan ikinci şans istədi.

-Nolar,ey Ulu Tanrım, mənə ikinci şans ver. Söz verirəm, bu dəfə düzgün və dolu-dolu yaşayacam. Heç kimi incitməyəcəm, öldürməyəcəm, ayrı-seçkilik etməyəcəm. İnsana insanlığına görə hörmət edəcəm. Təkcə Səndən istəyim, bir şans da ver, həyatımı təzədən başlayım, öz səhvimi düzəldim.

Allah ona yazıq-yazıq baxıb nəhayət dilləndi:

-Mən insana bir şans verirəm. Və sənə də o şansı –insan kimi yaşamaq imkanını verdim. Amma sən düzgün dəyərləndirmədin.

-Qurban olum, günahımdan keç. -əsgər daha da diz çöküb gözəgörünməzə yalvardı, - Bütün dediklərini başa düşdüm. Sən Tanrısan, Sən yaradansan, Sənin hər şeyə gücün çatar. Mənə son dəfə bir şans da ver.

-Əgər mən sənə ikinci şans versəm, başqa ölənlərə ədalətsizlik etmiş olaram. Niyə sən öz prizmadan yanaşırsan, bir də mənim nəzər-nöqtəmdən bax.

Əsgər başını aşağı saldı:

-Yəni bu qədər hər şey ümidsizdi? Niyə istəmirsən, mən dünyaya yenidən qayıdıb xoşbəxt yaşayım?

Allah: - Mən istədim, amma sən istəmədin. Amma görürəm, sən günahlarını etiraf elədin, həqiqətən peşmansan. Sənə bir şans verərəm, amma bu sənin xoşuna gəlməyəcək.

Əsgər başını cəld qaldırdı və həyəcanla dedi:

-Doğrudan? –sevincdən üzündə güllər açmışdı. – Hə, hə, istəyirəm. Mən bilirdim, Sən mərhəmətlisən. Bilirdim, duaları yerinə yetirənsən. Səndən şər də gəlsə, bu aciz bəndən üçün ən böyük hədiyyədi.

Bu zaman Allah "yaxşı ikinci şans verirəm, özün bilərsən necə istifadə eləyərsən” deyib, əlini cibinə salıb ikinci şansı çıxardıb ona göstərdi : "MÜQƏDDƏS ORTA BARMAQ”.

 

ŞvartsMan

6 aprel 2014