Şvartsman – Qoyun  kimdir?

Şvartsman – Qoyun kimdir?

Qoyun kimə deyirlər? Əslində qoyun deyərkən biz nəyi nəzərdə tuturuq?

Hamımız bu çəkəcəyim misalı müşahidə etmişik. "Alə, bilmirsən Kür və Araz Sabirabadda qovuşub Xəzərə tökülürlər? Bilmirsən, Eyfel Parisdə yerləşir, ya Çin səddini neyçün tikiblər bunu da bilmirsən, sən nə gündəsən, adi bir şeyi də bilmirsən, qoyunsan ki!" Əslində qoyunluq bu deyil. Bunlar informativ şeylərdir. Təəssüf ki, belə şeyləri bilməyənə "qoyun"deyib təhqir edirlər, gülürlər.

Əslində nəsə bilən adam heç vaxt başqasının billməzliyinə gülməz. Amma biz nəsə bildiyimizi zənn edən heç nə bilməyənlər olduğumuzdan bunun fərqində deyilik. Ona görə Qoyun sözünü işlədirik. Əsl qoyun isə HAMI KİMİ DÜŞÜNƏN ADAMA DEYİLİR. Necə ki, belə zarafat var ee - Hamiləsən, yoxsa Hamıylasan? Belə baxanda hamilə olmaq, hamıyla olmaqdan yaxşıdır. Elə qoyunluqda bundadır, hamıyla olmaq, hamı kimi olmaq, hamı kimi düşünmək, hamının getdiyi yolnan getmək, hamı kimi hərəkət eləmək, hamı kimi danışmaq və s. uzatmaq olar..

Qoyun olmaq budur. Necə ki, sürünün içində bir-birinə oxşayan qoyunları seçmək olmur, eləcə də tipik düşünən, fərqlənməyən, hamıyla birlikdə olan seçilməz, fərqlənməz. Qıraqdan sürüyə baxan da deyəcək ki, elə bunlar hamısı bir-birinə oxşayır, hamısı qoyundur.

İkinci sualın cavabı da belədir ki, biz qoyun deyərkən bilməməzliyi nəzərdə tuturuq. Çox bilən adam, bizim özümüzdən çox şey bilən adam bizim üçün ağıllıdır, dahidir. Bizim bildiyimizi bilməyən adam isə qoyundur.
İndi bu yazını oxuyub qərar verin : Əslində qoyun kimdir? Seçim sizindir...

 

Şvartsman