Sözdə səsin melodiyası - FOTOLAR

Sözdə səsin melodiyası - FOTOLAR



Rəfail Tağızadə

Ömür bir yoldur, - deyirlər.

Vaxtı, zamanı, məsafəsi, sonu bəlli olmayan bir yol…

Bu yolun hamar olanı da olur, enişli-yoxuşlu olanı da.

Kimi özünə yol açır. Kiminə yol açırlar. Yoldan cığır kimi istifadə edəni də olur. Yola yol calayanı da. Özünə, ömrünə yol salanı da.

Bu yola iz qoyanı da olur, sadəcə keçib gedənı də.

Özünə qoşa yol salanı da.

Bəzən insanın özü də bilmədən uşaqlıqda arzuladığı yol, onun öz həyat yoluna çevrilir. Onu uzaqlara, çox uzaqlara alıb aparır. Arxaya baxa-baxa olanları qoyub gedirmiş kimi gedir: Yol boyu düşüncələrində olmuşlarla arzuları bir araya gətirərək.

Uşaqlıqda onu nə vaxtsa arzularının qoynuna - Bakıya aparacağına həsrətlə baxdığı Böyük Mərcanlı kəndindəki evlərinin yanından keçən dəmir yolu, onu çox sonralar qoşa qollarında sevdiyi Bakıya aparacaq; gələcək həyatını qurmağa, arzularını reallaşdırmağa.

Tutduğu, seçdiyi qoşa yol, onun gələcək həyatının qoşa xətti olacaq.

Bu taledimi? Ya qoşa xətti sevənin arzularının, xəyallarının paralel gedən yolumu?...

* * *
Orta məktəbi bitirəndə yaxınlarına elə gəlirdi ki, o, ingilis dili mütəxəssisi olacaq. Amma bu çəlimsiz məktəbli qızın o kiçik qəlbində səhnəyə nə boyda məhəbbəti, sevgisi olduğundan hələ heç kəsin xəbəri yox idi. Hətta canı qədər sevdiyi atasının belə...

Ata qızının orta məktəbin dram dərnəyində aparıcı, rəqqasə, aktrisa, müğənni kimi çıxışına qısqanclıqla yanaşır. Bu həvəsin keçici olacağını düşünür. Elə bu üzdən hər çıxış öncəsi yavrusunun səhnəyə çıxması üçün ona "elçi düşən” müəllimlərinə könülsüz razılıq verir. Atanın bu jesti məktəbli Məleykəyə hər dəfə unudulmaz anlar yaşadır...

Sonralar rayon səviyyəli məclislər. Daha böyük tamaşaçı auditoriyası qarşısında çıxışlar. Hər dəfə tamaşaçı ilə ünsiyyət Məleykəni hansısa bir başqa gözəlliyə qovuşdurur. O, bu gözəlliyi doya-doya yaşamaq, yaşamaq istəyir...

Səhnə adamı olacaqdı Məleykə! Bu istək ailədə necə qarşılanacaq? Mühafizəkar kənd mühiti, ailə qadağaları...

İradə, səbr və prinsipiallıq sərt qadağaları get-gedə yumşaldır. Övladını hüquqşünas və ya jurnalist görmək arzusunda olan ata, sevimli qızının iradəsinin qarşısında duruş gətirə bilmir, geri çəkilir.
Gənc Məleykə Bakıya gəlir. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Yalnız bundan sonra ata "mən sənə güvənirəm”, - deyib qızına yardımçı olmaq qərarına gəlir.
Tələbə Məleykə, arzusunda olduğu bu sənət təhsili müəssisəsinin pilləkanlarını dörd il, hər dəfə sevə-sevə və hər gün yeni bir şövqlə enib-qalxmağa başlayır. Bu pillələri addımlarkən xəyal onu keçmişə aparsa da, o, gələcəyinə nikbunlə boylanır.

Ali məktəbin ictimai-sosial həyatı. Mədəni-kütləvi tədbirlər... Filmlərdən aldığı dəvətləri qəbul etmiş olsaydı, bəlkə də biz bu gün onun yaradıcığından bir başqa cür söz edəcəkdir. Buna onun özü kimi, indi biz də üzülürük....

Və nəhayət efir həyatı. Yuxarı kursda ikən milli televiziyaya dəvət alır: Müsabiqəyə qatılır, qalib olur; efirə vəsiqə qazanır. O vaxtlar bu hər kəsə nəsib olmurdu. Tələbə Məleykə bunun fərqində deyildi. Çünki televiziyada çıxış etmək ağlının ucundan belə keçrmirdi. Axı o, teatr adamı olacaqdı. Ancaq efirdən qiraətçilərin çıxışlarını hər dəfə anasının necə böyük sevgi ilə izlədiyinin şahidi olmuşdu Məleykə. Və o vaxtlar "zaman olacaq sənin qızın da efirdən bax, beləcə şeirlər söyləyəcək”, - demişdi anasına. O gün gəlmişdi...

"Ozan” folklor toplusu: "Deməyi bizdən, yozmağı sizdən...”. Sonralar çox verlişlərdə çıxışlar edəcəkdi Məleykə xanım. Amma nədənsə tamaşaçılar onu daha çox bu verilişlə xatırlayacaqlar. "Mən hələ tələbə ikən bir tək "Ozan” verilişi ilə əsil şöhrət həyatımı yaşamışam!” , - deyir Məleykə xanım.

Elə o vaxtdan bədii qiraət ifaçılarımızın sırasına bir ad da əlavə olunur: Məleykə Alıqızı.
Tələbəlik həyatı "fərqlənmə diplomu” ilə nəticələnir. Gənc mütəxəssis kimi ona ali məktəbdə qalıb təhsilini davam etdirmək məsləhət görülür. Atanın vaxtsız ölüm xəbəri. 11 uşaqlı ailə. Tək ana. Məleykə isə bu ailədə ikinçi övlad. Yeganə çıxış yolu; geriyə dönərək Anaya təsəlli olmaq.

"Hər şərdə bir xeyir var”. Dönərkən qapılar üzünə açılır. Mühüm vəzifə təklifi alır. Hətta ev, maşın... O isə heç birini qəbul etmir. "Mən geri qayıdacam”, - deyir. Təhsil aldığı institutun rəhbərliyi tərəfindən geri qaytarılması üçün rayona göndərilən nümayəndələrə isə "dönəcəm, amma zamana ehtiyacım var”, - deyir Məleykə xanım.

Rayon Mədəniyyət evi. Bədii rəhbər vəzifəsi. Özü bununla razılaşır. Bir vaxtlar o, rayon Mədəniyyət şöbəsinin nəzdinə "avtoklub müdiri” kimi fəaliyyət göstərirdi. Xalq teatrı səhnəsində, hətta qastrol tamaşalarına da gedirdi. Indi isə artıq gənc mütəxəsis kimi dönmüşdü. Kollektivdə bir canlanma yaranacaqdı, lakin o, bunu istəmir. Hər şeyini qoyub gəldiyi yaradıcı Bakı mühiti üçün darıxır.

… Qayıtdı. Nə yaxşı ki, qayıtdı. Qayıtmasaydı, parlaq bir ifaçı, gözəl bir pedaqoq bəlkə də əyalət mühitində əriyib gedəcəkdi. Heç olmamış kimi....

Hər şeyi yenidən başlamaq! Çətindi. Aradan keçən zaman, problemlər, çətinliklər...

Tanınmışların bir müddət görünməyib, yenidən hər şeyi sıfırdan başlaması. Yenidən özünü təsdiq. Doğrudan da çətindi... "Alınacaqmı? Gücüm çatacaqmı? Məni yenidən qəbul edəcəklərmi?”, - düşüncəsi bu kimi yaradıcı insanlarda qəribə bir hal yaradır.

Özünə və gücünə inanan Məleykə xanım fikrində qərarlıydı.

Bir vaxtlar onun gedişinə üzülən doğma təhsil ocağı, istedadlı yetirməsinin dönüşünə sevinir, yenidən ona qucaq açır. Bu dəfə bir müəllim kimi.

Müəllimliyə heç vaxt həvəsli olmayıb. Lakin yaradıcı mühitdə yetişmək üçün sevimli müəllimləri ilə bir arada olmaqdan daha gözəl nə ola bilərdi ki, onun üçün? Həm də bu onun arzularını reallaşdırılmasının yeganə yolu idi: Səhnəyə, ifaçılıq fəaliyyətinə yeni bir başlanğıc ola bilərdi. Oldu da...

Yenidən efir həyatı. Səhnə. Və üstəgəl pedaqoji fəaliyyət... Təhsilini davam etdirmək üçün AMEA-nın Memarlıq və İncəsənət İnstitutu: 3 illik aspirantura həyatı...

Dərs keçdiyi sinif otağının balaca səhnəsi Məleykə xanımın ən sevimli məkanıdır. Tələbələri yaxşı bilirlər ki, onların bu səhnədə ani bir yalnışlığıa yol verməsi müəllimlərinin yarızarafat-yarıgerçək şəkildə "Mənim sevgilimə xəyanət etməyə ixtiyarınız yoxdur!” ifadəsi ilə nəticələnəcək. Ona görə də sevib seçdikləri peşəyə, sənətə-səhnəyə hər zaman sayğıyla yanaşmağa cəhd göstərirlər. Müəllimləri kimi...

*  *  *

... "Hər divar bir qapıdır”,- deyir Emerson.

Məleykə xanım istedadın, bacarığın mütləq hər divarda bir qapı açacağını söyləyir tələbələrinə. Bunun zamanla bağlılığını başa salır onlara...
Məleykə Məmmədova (Məleykə Alıqızı). Azərbaycan Mədəniyyət və İncəsənət Univerisitetinin "Rejissor sənəti" fakültəsi , "Kütləvi tədbirlər və bayramlar rejissorluğu" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Məleykə Alı qızı. Tanınmış bədii qiraət ustası. Sevilən, müqəddəs olanlara önəm verən, daima axtarışda olan bir sənət adamı.

Sənət yeganə sahədir ki, insana orda hər şey etməyə imkan verilir.
Batsarelli
Hər gün kafedraya, dərs otağına daxil olarkən dəhlizdə neçə-neçə tələbə ilə rastlaşmalı olur: Kiminin əlində tamaşanın ssenarisi, quruluş planı, məşq vaxtı, yeri, kimininsə hazırladığı göstərinin afişası, dəvətnaməsi... Hər birinin də dilində, ürəyində bitib-tükənməyən suallar... Cavablarsa aydın, səlist və sadə...

Tələbə-rejissorlara, tələbə-aktyorlara sərbəstlik verir Məleykə xanım. Səmimi bir atmosfer yaradaraq, özünəməxsus üsulla dərsi izah edir, anladır. Tələbələrin gözlərində: "Lütfən, bir də anladın...”, "Bizimlə məşğul olmağa əlavə vaxtınız olacaqmı?”, "Təşəkkürlər!”. Ortada da isə iş, sənət.

Dinamikliyi ilə seçilən pedaqoqun gənclərlə, tələbələrlə sıx təmasda olması ona bir başqa həyat eşqi verir. Tədris prosesində tələbələrinə ürəyini verən bu insanın ruhu cavandır. Elə tələbələri kimi. Təkcə dərs zamanı deyil, elə həyatda da tələbələrindən seçilməyən bu xanımda hardandı bu qədər həyat eşqi, öyrənmək, öyrətmək istəyi, - deyə düşünürsən. Və elə həmin anda da, "başqa cürə ola bilməz ki”, - deyib, düşüncələrindən yan keçirsən.

"Mənim uğurlarımın 90 %-i alın tərimin məhsuludur”, - deyirdi Faradey.

Məleykə xanım üçün də bu belədir. Təbii ki, istedadın rolu da danılmazdı.

Bu gün Məleykə xanım özünü daha çox müəllim-öyrətmən kimi görür. (Məncə öyrətmən sözü ona daha çox yaraşır. Mən, Məleykə xanımın dilindən bu sözü çox sevdim.) Hər nəyi varsa dərs üçün, tələbələri üçün həsr edən bir öyrətmən kimi. Çünki o tələbələrinin əhatəsində ÖZÜ olur. Dərs prosesində isə özünü unudur. Hərəkətləri, jestləri ilə tələbələrini ona daha çox diqqət kəsilməyə məcbur edir.

Öyrətmənin səmimiliyinə, onları doğması kimi sevdiyinə rəğmən, öyrənciləri də (bu ifadəni də Məleykə xanım daha çox sevir) onu çox sevirlər. Bir müəllimləri, əzizləri, sirdaşları kimi.

Tamaşaçılarından tez-tez eşidər: "Sizin ifanızda lirik şeirlər gözəl səslənir...” Məleykə xanımın isə daha çox vətən duyğulu şeirləri söyləmək hissi keçir qəlbindən. Bu bəlkə də itirilmiş torpaqlarımızın qaytarılması yolunda ödəniləcək borc hissidir, kim bilir... "Mən sevgi şeirləri söyləyəndə itirilmiş yurdumun fəryadlarını duyuram ruhumda, utanıram...”, - deyir Məleykə xanım.

Məleykə xanım tələbələrinə təkcə sənətin sirlərini öyrətməklə kifayyətlənmir, o həm də gənc rejissorlara müasirlik duyğusunu, zamanın tələblərindən çıxış edərək vətəndaşlıq mövqeyini ifadə etmək vərdişini aşılayır. Yetişdirmələrinə hər dəfə, dönə-dönə "siz sənətkar olmaya bilərsiniz, lakin vətəndaş olmağa borclusunuz”, - deyir.

Sevimli müəlimləri haqqında tələbələrindən ancaq xoş sözlər eşitməli olursan.

"Mənim əziz müəllimim.” "Uğurlarımızın hamısı sizindi.” "Sizin əziyyətinizin bəhrəsidi.” "Sizin üçün çox darıxmışıq.” Görəsən bundan gözəl ifadə, bundan doğma söz varmı müəllim üçün?! Bu müəllimin-öyrətmənin qazana biləcəyi, çatacağı ən BÖYÜK ZIRVƏdi. Nəticənin zirvəsi. Olmuşun və varlığın zirvəsi.

Hələ ümid etməyə dəyər. Hələ insanları, millətini, xalqını, sənətini, peşəsini sevən var, sevənlər var. Hələ yaşamağa dəyər, demək.

"Var olun, müəllim. Siz özünüz əsl insan olduğunuz üçün insan yetişdirə bildiniz. Vətəndaş yetişdirdiniz. Canınızı fəda verdiklərinizdən qürur aldınız. Qürurlandınız”, - demək keçir adamın könlündən.

* *  *
Məleykə xanım indiyə qədər nə qazanıbsa, yalnız öz istəyi, öz zəhməti və öz iradəsinin gücü ilə qazanıb. Və təbii ki, Uca Tanrının da nəzəri üstündə.

Ailə, dərs, yaradıcılıq, doktorluk işi - bütün bunların yükünü, ağırlığını sevə-sevə çəkir. Hansı məqamda, nədənsə usansa belə biruzə vermir. Sonda hər şeyə bir təbəssüm qatır. Çox şeyi əvəzləyəcək, ağrıları yox edəcək bir təbəssüm. O təbəssüm özünə də bəs edir, ətrafındakılara da.
Dünyada baş verən proseslərə açıq gözlə baxmağı bacaran (baxan) Məleykə xanım üçün zaman mühüm faktordur. Zamanla ayaqlaşmaq və ondan faydalanmaq üçün o, daima məşğuldur. Onunla müsahib olanlar bilir ki, nə qədər sərrast və səlis danışırsa danışsın, daima fikri yarımçıq qalmış hansısa bir işin yanındadır.

Məleykə xanım öyrətməkdən çox, nələri isə öyrənmək həvəsindədir. Bu həvəs onun həzz mənbəyidir. "Mən hətta tələbələrimdən də öyrənirəm”, -  deyir Məleykə xanım. Daha çox iş görmək, kiminsə dərdinə şərik çıxmaq, imkanı daxilində kimlərəsə nədəsə yardımda bulunmaq, bu narahat adamın gündəlik həyat tərzidir.

Dərs saatlarından başqa dəqiq qrafiki olmayan bu adamın bəzən məşq saatları da uzanır; əlavə məşqlər təyin olunur. Hər şeyin gözəl, öz təbirincə desək ”super” olmasına çalışır. Sonda isə daxili rahatlığı onu bütün əvvəlki yorğunluqdan, gərginlikdən qurtarır. Nisbətən yüngülləşir...

*  *  *
Sənət, ədəbiyyat ölümdən oğurlanmış vaxtdır, - deyirlər.

Məleykə xanım mahir poeziya bələdçisidir. Ruhuna doğma şeirləri seçib səsləndirməkdən doymur, usanmır. Poeziya onun mənəvi yorğunluğunu dəf edir. Rahatladır. Ruhuna yeni rəng qatır. Səsləndirdiyi şeirlərdə şairin ovqatı bir başqa ustalıqla və peşəkarlıqla ifadə olunur. Xüsusi intonasiyası, səsinin tembri ilə şeirə yeni çalar, gözəllik gətirir. Söz sərrafı olaraq şeiri cilalayır. Onu özünün ifaçı qəlibinə salır. Sonucda şeir yazıldığından da gözəl, təzə-tər və daha cəlbedici alınır. Məleykə xanım üçün hər şeir özü bir obrazdır. Obrazı yaratmaq üçün ifaçıdan ürək tələb olunur. Hər ifaçıda da ürək olmaz ki... "Deklomasiya söyləmək qiraətçi olmaq anlamına gəlməz”; Məleykə xanım belə düşünür.

Şairin oxucularına verdiyi bir ömür payını sənətçi tamaşaçı, dinləyici yaddaşına köçürür; öz səsiylə, ifasıyla. İfa zamanı şair, nəzərdə tutmadığı məqamları görür, duyur, hiss edir. Şair ifadə edir, qiraətçi ifa edir. İfadə və ifa. Şair və qiraətçi. Şeir söyləndikcə onların ikisi də sanki bir canda bütövləşir, tamlaşır. Şairlə bədii qiraətçi arasındakı dostluğun əsas səbəbi şeirin-ifadə ilə ifanın vəhdətindən doğur. Doğmalaşır. Doğmalaşdırır.

Gözəl görünüşü var Məleykə xanımın. Səhnəyə çox yaraşır. Qara qaşları, iri, qara gözləri, siyah saçları, şux qaməti, ədalı duruşu, incə, zərif, məlahətli səs tembri ilə səhnəyə bir başqa gözəllik qatır bu sənətçi xanım.

Biz onu indiyə qədər televiziya ekranlarından seyr etmiş, respublika əhəmiyyətli tədbirlərdə görüb bəyənmişik.

Məleykə xanım ölkəmizdən kənarda da tanınan sənət adamlarımızdandır. Amerikadan yayımlanan və güney azərbaycanlıların səsini dünyaya duydurmaq amacında bulunan Gün.Az.tv-nin tamaşaçıları onu "Səma nəğmələri” adlı müəllif proqramından yaxşı tanıyırlar.

Qardaş Türkiyədə keçirilən bir çox qurultay, yubiley və festival tədbirlərində Azərbaycan mədəniyyətini sevə-sevə və ləyaqətlə təmsil edən Məleykə xanım üçün Türkiyə səhnəsi bir başqa aləmdir. İstiqlal şairi A.Yıldırımın 100 illik yubiley tədbirindəki çıxışı türkiyəli bir tamaşaçının "Bu qızın səsi ilə bütün Turanı ayağa qaldırmaq olar!” ifadəsi, Məleykə xanımın sənətinə verilən ən böyük dəyərdir.

Bu gün Məleykə xanım yenə də efirdədir. Ancaq nadir hallarda. Çox təəssüf ... Efirdə az görünməyinin səbəbini isə poetik ruhlu proqramların arxa plana keçməsi ilə əlaqələndirir. Torpaq, vətən, millət və sevgi... Bunlar qiraətçi xanım üçün əzəli və əbədi mövzudur. Bu müqəddəs duyğular poeziyanın diliylə Məleykə xanımın ifasında daha poetik, canlı, inandırıcı və təbii alınır.

*  *  *

Məleykə xanım təbiəti, gözəlliyi çox sevir. Ona bu gücü, dinamikliyi, həyat və yaşamaq eşqini verən, onu daha gənc, daima gözəl saxlayan bəlkə də təbiətə aşırı aşinalığından irəli gəlir. Ola bilər. Tez-tez "həqiqətən insan təbiətin bir parçasıdır”, - söyləyir Məleykə xanım. Meşədən, dağdan, dənizdən ayrılınca bir müddət özünə gələ bilmir. Təbiətdə hər şey, otların, çiçəklərin qoxusu, quşların cəh-cəhi doğma yurdu xatırladır ona. Kəndini, evini, baxçasını, təzə-tər gızılgüllərini... Rahatlıq aramaq üçün xərclədiyi zaman ona həm də dərd, ağrı gətirir...

Ən çox baharı sevir. Hər açılan çiçəyi, gülü yeni yaranış kimi qəbul edir. Onu oxşayır, sevə-sevə əzizləyir. "Təbiət baharla başlayır”, - deyən Məleykə xanım təbiətin təzə-tərliyinə öz təbəssümünü əsirgəmir.

Bahar ovqatlı bu xanım həmişə yenilik axtarışında.

Son vaxtlar isə payıza daha çox önəm verir. Onun yağmurunu, xəzanını sevir. Bütün yaradıcı adamlar - şairlər, rəssamlar, … kimi.

Yarpaqlarına min rəng qatan ağacların payızını sevir. Adama məyusluq gətirən xəzəlini də. Amma məğrurluğunu qoruyub saxlamaq istəyən, saralmış, üzüquyulu yerə sərilmiş, küləyin belə oynada bilmədiyi çinar yarpaqlarına dözə bilmir. Hamısını yığıb ağaca düzmək istəyir. Təbiətdən, torpaqdan küsmüş ağaca... Cəbrayılın əzəmətli çinarlarına düzürmüş kimi.

Yolları, cığırları örtmüş qurumuş yarpaqlara, çılpaq ağaclı payıza öz baxışlarıyla bir bahar sevdası bağışlayır.

Həmişə "gecikmiş yaz” dediyi payıza, sanki baxışlarlyla yaşıl don geyindirir.
Qoxusuz payız güllərinə bir bahar ovqatı qatır.
... Sən bahar havası qatdın payıza
əlində qoxulu payız gülləri...

. Dənizi bir başqa gözəlliklə sevir. Saatlarla onun dalğalarını, ləpələrini seyr edir. Dənizlə söhbətdən, ləpələrin pıçıltısından doymur. Xəyallarının qanadında dənizlə səmanın sonu görünməyən qovuşağına, o sonsuzluğa tamaşa edir. Xatirələrini dənizə səpib dincəlir. Sonra dəniz dolu xatirələri yenidən gözünə, ruhuna yığıb özüylə aparır: Gecələr dənizlə özü-özüylə danışırmış kimi danışmağa..

*  *  *

Sürprizləri də sevir. İllah da ki, dostların sürprizlərini... Dostun diqqətindən kənarda qalmağı, sevdikləri tərəfindən unudulmağı ölümə bərabər tutur Məleykə xanım...

Dostluq onun üçün qazancdır; hər adama nəsib olmaz: Ona görə dəyərlidir, əzizdir.

Özünəməxsusdur, fərqlidir. Bəzən mühüm zənn etdiyin məsələdən yan keçir, bəzənsə ən adi bir şeydən inciyib gedə bilir. Kinə yaddır. Ruhuna yad adamlara zaman ayırmağı isə artıq vaxt itkisi sayır.

Bənzərsizdir. Onu tanıyanlar bunu yaxşı bilir. Çox darıxır. Darıxdırıcı deyil amma. Onunla müsahib olarkən zaman necə keçir, bilmirsən. İstənilən mövzuda onunla polemikaya girə bilirsən. Müsahibə verməyi sevməz, ancaq söhbət əsnasında ona ünvanlacaq bütün suallara cavab almış olarsan. Adilikdən, təkrarçılıqdan, standart olan hər şeydən qaçır. "Tutuquşu” cinsindən olanlara isə yan baxır...

Öz yerini bilər, başqasına dəyər verər. Məyusluğu da keçicidir, anidir. Hansı ovqatda olursa olsun adamı xoş üzlə qarşılayar. Gözəl hal, nikbun əhval-ruhiyyə yaradar; mehriban baxışlarıyla, melodik danışığıyla.

Zahirən sərt görünür. Qəlbinin dərinliyində isə mərhəmət hissi, kövrəklik uyuyur.

Qürurlu və öz prinsiplərinə sadiqdir. Həyatda hər bir şeyin gec, ya tez öz yerini tutacağına əmindir. Bu günlə yaşamır. Özünü sabaha, gələcəyə hazırlayır.

Sahəsinin gözəl bilicisidir. Tədris etdiyi ixtisasın əməli və nəzəri tərəfləri haqqında fikirlərini elə sadə, anlaşıqlı dillə izah edir ki, müsahib kimi onu sevə-sevə dinləməyə bilmirsən.

Böyük potensiala malikdir. Ssenarist, rejissor, qiraət ustası və eyni zamanda dəyərli alim kimi onun görəcəyi və görmək istədiyi işlər hələ qabaqdadır. İmkan, şərait olarsa, bitib-tükənməyən ehtirasla sevənlərini hələ yeni-yeni layihələrlə sevindirə biləcək. Təəccübləndirəcək. Və ötən, itən zaman üçün təəssüflənəcəyik.

Məleykə xanımla Qarabağdan söz etmək çətindir. Xoş ovqatı bir anda yox olur. Uşaqlıq xatirələri çözülür. Bulud kimi dolur. Təəccüb edirsən: Bu qədər nəşəli və bir qədər də sərt təbiətli bu xanım hara, kədər hara? Göz yaşlarını gizlədə bilmir. İtirilmiş yurd yeri, kəndi, atasının düşmən tərəfindən dağıdılmış, anasının vətəndə vətənsiz məzarları və yurdunda dəfn oluna bilməmək rahatszılığı... "Qarabağı itirəndən sonra anladım ki, torpaqdan müqəddəs heç nə yoxmuş həyatda!”, - deyir Məleykə xanım. Yəqin elə buna görə də onun yanında vətənlə, Qarabağla, itirilmiş torpaqlarla bağlı şeirləri oxumağa adamın ürəyi gəlmir. O ifa etdiyi kimi, dinlədiyi şeirləri də qəlbindən keçirir. Onun təsirinə düşür, haldan çıxır. Özünə gəlməsi üçün zamana ehtiyac olur. Peşman olursan. İçin göynəyir...

* * *

... Televiziyadan bir səs gəlir. Doğma bir səs. Xanım başında kəlağayı, dənizin kənarındakı qayalıqdan səngərdən baxırmış kimi uzaq, çox uzaq yerlərə baxıb yanıqlı bir səslə şeir oxuyur:

Bağında bağlığın varmı,
Dağında dağlığın varmı,
Köynəkdə ağlığın varmı?-
Q A R A B A Ğ.    

Işıq gəlmir çırağından,
Xəbərsizəm sorağından,
Necə çıxım qınağından,
Q A R A B A Ğ.    

Mənim nəyim qalıb daha,
Dərd alan yox satım baha,
Dərdlərim çatmır Allaha,
Q A R A B A Ğ.

Sanki o şeiri yox, şeir onu oxuyur...
Içinə axan göz yaşlarının gilələri ovcuna, oradan da lal-dinməz dənizə tökülür. Damcı-damcı. Bu alovlu damcılar dənizi qaynadır.
Dənizin buxarı buludları ağladır...
Dünya biri-birinə qarışır.
... "Müəllimə, müəllimə, ... ”, - deyə qışqıraraq ona sarı qaçan tələbələrinin səsinə dönən Məleykə xanımın o iri qara gözlərində qəfil bir sevinc parlayır. Bu, ümidli gələcəyin sevinc qığılcımlarının işartılarıdı...