Tahir Salahovun qızı nədən imtina edir?

Tahir Salahovun qızı nədən imtina edir?

Bu ay Moskvadakı tanınmış “Aydan-qalereyanı”n fəaliyyətini dayandıracaq Aydan Salahova əsas diqqəti şəxsi yaradıcılığa yönəltmək niyyətindədir

Moskvanın “Aydan” qalereyasının sahibəsi, rəssam və müəllimə Aydan Salahova qalereya biznesindən imtina edərək bütün diqqətini şəxsi yaradıcılığa yönəltmək fikrindədir. Bununla bağlı “RİA Novosti”yə müsahibə verən rəssam bildirib ki, qalereyanın yerində “Aidan Studio” adlı rəssamlıq emalatxanası açacaq.

Qeyd edək ki, “Aydan-qalereya” son 20 ildə Rusiyanın ən nüfuzlu qaleralarından biri olub, burada Anna Jelud, rauf Məmmədov, Oksana Mas, Rostan Tavasiyev və Qor Çaxal kimi rəssamların əsərləri sərgilənib. Qalereyanın tanınmasında əsərləri dünyanın ən tanınmış kolleksiyaçıları və qalereyaları tərəfindən həvəslə satın alınan Aydan Salahovanın da böyük rolu olub. Onun əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarını, o cümlədən Tretyakov qalereyası, Moskva müasir incəsənət muzeyi, “Yekatrina” Fondunun divarlarını bəzəyir. Salahovanın sözlərinə görə, hazırda rəsm əsərləri bazarında onun bir əsərinin qiyməti 20-25 min avro arasında dəyişir: “Mənim üçün rəssam olmaq, qalereya sahibi olmaqdan daha sərfəlidir, bu mənim şəxsi fikrimdir”.

Son zamanlar Moskvanın aparıcı qalereyalarının sahibləri aktiv sərgi fəaliyyəti ilə məşğul olmağın getdikcə çətinləşdiyini bildirirlər, bu fəaliyyət olmadan qalereyalar mövcudluğunu saxlaya və dünya art-forumlarında iştirak edə bilməzlər. Qalereya sahibləri Rusiyanın art-bazarının çox zəif olduğunu bildirir.

Aydan Salahovanın sözlərinə görə, bütün diqqətini şəxsi yaradıcılığı üzərində cəmləşdirəcək və 2000-ci ildən işlədiyi Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda müllimlik fəaliyyətini davam etdirəcək.

“Aprelin 23-də “Aydan-qalereya”nın 20 illiyini qeyd edəcək və sərgi təşkili fəaliyyətimizə son qoyacağıq. Yayda ehtiyatda olan əsərlər satışa çıxarılacaq. Payızda isə “Aidan Studio” açılacaq, burada mənim və tələbələrimin əsərləri nümayiş olunacaq”.

Salahova kolleksiya toplayanlar arasında məsləhətçi kimi də məşhurdur və əntiq əşyaların alqı-satqısında vasitəçiliklə məşğul olur. O, bu fəaliyyət sahəsindən imtina etmək niyyətində deyil. Qeyd edək ki, Aydan Salahova məşhur azərbaycanlı rəssam Tahir Salahovun qızıdır. 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif olunan Salahova 2005-2007-ci illərdə Rusiya İctimai Palatasının üzvü olub.

APA