Taleh Heydərovdan xoş sürpriz - FOTOLAR

Taleh Heydərovdan xoş sürpriz - FOTOLAR


Azərbaycan oliqarxlarının, zəngin iş adamlarının  və övladlarının adlarını qalmaqallarda eşitməyə alışmışıq. Qəfildən və asan yolla varlanan bu şəxslərin həm də zadəganlığa, elitarlığa iddialı olduğunu eşitdikdə isə təəccüblənirsən.

Ötən əsrin əvvəllərində də Azərbaycanda neft bumu yaşanmış və qəfildən xeyli insan milyonçuya çevrilmişdi. Heç onların da hamısı zadəganlar deyildi. Məsələn, Hacı Zeynalabdin Tağıyev adi fəhləlikdən başlamışdı. Amma ən böyük xeyriyyəçi və zadəgana da elə özü çevrildi, çoxlarına da nümunə oldu. Məhz o illərdə, məhz həmin milyonçuların dəstəyi sayəsində Azərbaycanda çoxlu xeyriyyə işləri görüldü, teatra, kinoya, mediaya, mədəniyyətə, təhsilə böyük yatırımlar edildi. Çox keçmədi ki, Azərbaycanda mədəni intibah dövrü başladı.

Bəs bu gün niyə varlılarımız, oliqarxlarımız teatrdan, kinodan, kitabdan bu qədər uzaq qaçır, xalqdan qazandıqlarının bir qismini onun gələcəyi naminə "geri qaytarmırlar"?

Axı zadəganlıq, elitarlıq yalnız milyonluq avtomobillər, şəxsi təyyarələr, çoxsaylı villalar deyil. Mədəniyyət də yalnız yarıçılpaq, cırsəsli müğənnilərə "sponsorluq" etmək deyil. Varlılarımızın bugünkü həyat tərzi hər kəsə bəllidir. Media olaraq bunu az qala hər gün yazır, tənqid edirik. Amma hərdən Azərbaycan reallığı üçün sensasiya sayıla biləcək istisnalar görəndə onu da vurğulamaq, alqışlamaq lazımdır deyə düşünürük.

Belə istisnalardan birinə də Taleh Heydərov imza atdı. Belə ki, Heydərovun rəhbəri olduğu "TEAS Press” Nəşriyyat Evi Azərbaycan uşaqlarını sevindirəcək və onların gələcəyinə hesablanan çox gərəkli bir layihəyə start verdi.

İndi isə daha ətraflı:


Heydərovun «Üç alma»sı


Noyabrın 13-də "TEAS Press” Nəşriyyat Evinin "3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq uşaq kitabının təqdimatını keçirib. APA-nın məlumatına görə, təqdim olunan uşaq kitabları "TEAS Press”in peşəkar yaradıcı heyəti tərəfindən tərcümə və dizayn edilib.

Bu kitabların nəşri zamanı bir çox janrlar və yaş qrupları üzrə maliyyə-qavrama səviyyələri nəzərə alınıb. Kitablar Türkiyədə Avropa standartlarına uyğun nəfis şəkildə çap edilib. Məşhur amerikalı yazıçı və illüstrator, dünyanın ən məşhur uşaq ədəbiyyatı müəllifi Mo Uilyamsın beş şəkilli kitabı Azərbaycan dilinə tərcümə edilib.

M. Uilyams uşaq ədəbiyyatı ilə məşğul olmazdan əvvəl televiziya ssenaristi və animator olub. "Doqquz il Sezam küçəsi” televiziya layihəsində çalışıb, 6 "Emi” mükafatına layiq görülüb. O, "Nickelodeon” və "Cartoon Network” uşaq telekanalları üçün cizgi filmləri çəkib. "TEAS Press” M. Uilyamsı kitab təqdimatına xüsusi qonaq kimi dəvət edib. M. Uilyams Azərbaycanın gənc yazarları, animator və uşaq ədəbiyyatı üzrə ixtisaslaşan naşirlər üçün ustad dərsi keçəcək.

Tədbirdə məşhur ingilis yazıçısı və illüstratoru Devid MakKinin 4 kitabı təqdim olunub. Eyni zamanda hollandiyalı yazıçı və illüstrator Hido Van Heynektinin "Riki” və "Maks” kitabları, habelə "TEAS Press” müəllifin "Klavus” nəşriyyatı ilə birgə dizayn etdiyi "Rikki” oyuncaqları təqdim edilib.

"Mənim ilk klassik hekayəm” silsiləsindən uşaqlar üçün asan oxunaqlı kitabların təqdimatı da keçirilib. "Capstone” nəşriyyatından alınmış digər silsilə "Sevimli Sevinc” adlanır. Nəşriyyat həmçinin yeniyetmə və orta yaşlı oxucular üçün amerikalı yazıçı Ceff Qunhus tərəfindən yazılmış "Əcinnə ovçuları” seriyasını təqdim edib. Yuxarı yaşlı uşaqlar üçün kitablara "Mənim ilk klassik əsərim” silsiləsi aiddir. Bura "Green Gables malikanəsinin qızı Anni”, "Qara köhlən” və ‘Sirli bağ” əsərləri daxildir.


"Gəlin oxuyaq, gəlin paylaşaq”

Tədbirdə çıxış edən "TEAS Press” Nəşriyyat Evinin "Üç alma” uşaq ədəbiyyatı bölməsinin rəhbəri Kolin MakDonell bildirib ki, insanlarda müsbət emosiya görən zaman nəşriyyatın nə dərəcədə müsbət iş gördüyünə əmin olub: "Məhz "TEAS Press”in sayəsində Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı mütərəqqi addım atılıb. Biz uşaqlarda qiraətə maraq yaradan kitabları seçərək tərcümə etmişik. İnanırıq ki, bu kitablar valideynlərə evdə uşaqlara kitab oxumaq vərdişi aşılamağa kömək edəcək. Valideynlər hər gün istisnasız şəkildə uşaqlarına kitab oxumalıdır. Bizim də şüarımız "Gəlin oxuyaq, gəlin paylaşaq” şüarıdır”.


Taleh Heydərov: "Azərbaycanla bağlı 40 kitab Türkiyə çapa hazırlanır"

TEAS-ın təsisçisi və sədri Tale Heydərov isə bildirib ki, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək səviyyədə tərcümə edilməsi nəzərdə tutulur. "Biz Azərbaycanı xaricdə təbliğ etməyə çalışırıq. Nəşriyyat Evinin Türkiyədə filialı yaradılıb. Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixinə dair 40 kitab ilk dəfə türk dilinə tərcümə edilib və çapa hazırlanıb. Nəşriyyat uşaq ədəbiyyatı sahəsində ciddi dəyişikliyə nail olmağı prioritet kimi qəbul edib. Ümummilli lider Heydər Əliyev deyib ki, gənc nəsli necə böyüdüb, tərbiyə edəcəyiksə, millətimizin gələcəyi bundan asılı olacaq. Bu müqəddəs borcun həyata keçirilməsində uşaq ədəbiyyatı xüsusi rola malikdir. Ona görə də uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin nəşri, eyni zamanda dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrinin Azərbaycan dilinə tərcümə edilərək təqdim olunması qərara alınıb. Bu baxımdan Azərbaycan nağıllarının sonluğundakı 3 alma əsas götürülərək, nəşriyyat evinin tərkibində "3 alma” uşaq ədəbiyyatı bölməsi yaradılıb. Bu gün biz fəxrlə deyə bilərik ki, "TEAS Press” Nəşriyyat Evinin "3 alma” uşaq ədəbiyyatı bölməsi 20-dən artıq kitabı təqdim edir”.

Tərcümə edilən kitablar barədə danışan T. Heydərov qeyd edib ki, D. MakKinin "Elmer” müasir uşaq hekayələri ən çox tanınan və sevilən personajdır: "Bu il "Elmer”in 25 illiydir. Azərbaycanda keçirilən tədbir bu yubileyin bir hissəsidir”.

T. Heydərov nəşriyyatın dünyada ən yaxşı nümunələri nəşr edərək, uşaqlara çatdıracağını vurğulayıb: "Biz bütün uşaq ədəbiyyatı müəllifləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Məşhur amerikalı yazıçı və illüstrator M. Uilyams isə çıxışında Bakıya gəlməyin ən böyük arzularından biri olduğunu nəzərə çatdırıb. Daha sonra o, yaradıcılığından söz açıb və sualları cavablandırıb.

NƏTİCƏ


Göründüyü kimi Taleh Heydərov dünyanın sanballı mütəxəssislərini bu işə cəlb edib, bu sahəyə milyonlar yatırıb. Bu yatırımən kapital kimi şəxsən Heydərova qayıtması, gəlir gətirməsi mümkünsüz görünür. Adi hesablama da göstərir ki, o kitabların maya dəyəri satış qiymətlərindən qat-qat yüksəkdir. Amma bunu Azərbaycanın gələcəyinə, mədəniyyətinə uğurlu yatırım kimi dəyərləndirmək olar.

Kitabsız xalq məhvə məhkumdur. Bu, aksiomadır.

Ümid edirik ki, Taleh Heydərovun kitab sahəsinə diqqəti, dəstəyi keçici həvəs olmayacaq, davam edəcək.

Zahir Əzəmət
Ədəbiyyat.Biz