Təbrizli gənc yazar Xəzər Universitetində

Təbrizli gənc yazar Xəzər Universitetində

Fevralın 22-də təbrizli gənc yazar Ümid Nəccari Xəzər Universiteti tələbələrinin qonağı oldu. "

Yaradıcı yazı” fənninin növbəti dərsində iştirak edən qonaq əvvəlcə tələbələrdən Suqra Əliyeva, Sadiq Mirzəyev, Nərmin Ələkbərova və Günay Nuriyevanın kiçik hekayə və esselərini dinlədi, gənclərin ilk qələm təcrübələri haqqında mülahizələrini söyləyərək, onların öz duyğu-düşüncələrini yığcam və obrazlı dildə ifadə etmələrini yüksək qiymətləndirdi. Sonra o, poeziyanı necə anladığını, ümumiyyətlə, bədii ədəbiyyata hansı meyarlarla yanaşması barədə fikirlərini auditoriya ilə bölüşdü. 

Öz qələm təcrübələrindən danışan Ü. Nəccari xalqımızın iki yerə parçalanmasını əks etdirən ağrılı bir şeiri də daxil olmaqla yaradıcılığından poetik nümunələr oxudu və vətənində doğma dildə çap edilməyə qoyulan məhdudiyyətlərə qarşı apardıqları mübarizəyə toxundu. 

Ədəbi polemika zamanı gənc ədib M.Şəhriyarın "Heydərbabaya salam” poemasını bədii dəyər baxımından "Kitabi- Dədə Qorqud”la müqayisə etdi: "Əgər türklərin Quran səviyyəsində iki yüksək sənət əsərindən biri "Kitabi- Dədə Qorqud”sa, o biri "Heydərbabaya salam”dır”. 

Sonda görüşün təşkilatçısı, fənn müəllimi Qardaşxan Əzizxanlı Türkiyədə təhsil alan Umud adlı azərbaycanlı bir tələbənin də bugünkü görüşə qatıldığını deyib, "Ümidlərin birgəliyini” ümümiləşdirərək, bu təsadüfün rəmzi məna daşıdığını bildirdi və iki aypara fiqurlu tələbə hədiyyəsini birləşdirib, günəşə bənzədərək, onu Bütöv Azərbaycanın rəmzi kimi gənc yazara təqdim etdi.