"Təhminə və Zaur", yoxsa "Qiraətçi" ?

Röya Məftun qızı

Müasir Azərbaycan və alman romanı: müqayisələr, paralellər

 
(Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi” və B.Şlinkin "Qiraətçi” adlı romanları əsasında)

Azərbaycan Dillər Universitetinin "Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi, AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutunun "Xarici ölkələr və beynəlxalq ədəbi əlaqələr” şöbəsinin doktorantı

Cəmiyyətdə əsrlər boyu baş verən ictimai-siyasi prosseslər öz mürəkkəbliyi və gərgin dramatizmi ilə ədəbiyyata da  təsirini göstərmiş, onun ideya istiqamətlərini və meyllərini hər dövrə uyğun şəkildə müəyyənləşdirməsinə təkan vermişdir. Söz adamları tərəfindən ictimai-siyasi, sosial problemlər və onların həlli yolları bədii ədəbiyyata bir mövzu olaraq gətirilərək müxtəlif janrlar vasitəsilə gerçəkləşdirilmişdir. Lakin ədəbiyyatın digər janrları ilə müqayisədə roman bir bədii janr olaraq  istər fəlsəfi, istər psixolji, istərsədə sosioloji problemləri əks etdirmək baxımdan yaradıcı şəxs qarşısında daha geniş  imkanlar açırdı. D.Qraninin təbirincə desək "Roman əsas janrdır, ümumiyyətlə, bədii nəsrin bünövrəsidir ki, nəsr olmadan nə dramaturgiya, nə kinomotaqrafiya, nə də publisistika inkişaf edə bilər. Roman dünyanı və insanı bütün ziddiyyətləri ilə əks etdirir. Roman müasirliyin ən aktual problemlərinin həll oluna biləcəyi meydandır. Roman tarixidir, roman ictimaidir, o, sinfi prosesləri, tarixi həqiqətləri, tendensiyaları, ideyalar mübarizəsini əks etdirir”.
Bütün xalqların ədəbiyyatında olduğu kimi roman janrı alman  və Azərbaycan ədəbiyyatı tarixində də özünəməxsus bir inkişaf yolu keçmişdir. Dünya ədəbiyyatının bir qolu olan Alman ədəbiyyatında bu janrın konkret tarixi məlum olmasa da ilk nümunələri XVII əsrdə meydana gəlmişdir.  Azərbaycan romanın yaranma tarixi isə XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf edir. Roman janrının yaranması səbəbindən zamanlararası fərqə baxmayaraq, ədəbiyyatın əzəli və əbədi problemləri  istər mövzu, istər məzmun baxımından bu iki ədəbi aləmi birləşdirir.
"Həyat”, "insan”, "zaman”, "məhəbbət”,"müharibə”, "ölüm”, "xeyir və şər”, "qəhrəmanlıq”... İstər alman, istərsə də Azərbaycan ədəbiyyatında  müxtəlif istiqamətlərdə bu bəşəri-qlobal, mürəkkəb və ziddiyyətli mövzulara müraciət olunmuşdur. "İnsan” və onun mənəvi aləmi bağlı olan mövzular cəmiyyət tərəfindən hər zaman maraqla qarşılannmışdır. Ədəbiyyatda lazımsız olan mövzulara münasibətini bildirən  dünyaşöhrətli yazıçı L.N.Tolstoy qeyd edir ki, "mən belə mövzulara heç bir saat da sərf etməzdim. Amma mən bütün ömrümü qurban verərdim ki, həyatdan, məhəbbətdən və ölümdən yazım”. Ədəbiyyat bir "insanşünaslıq” elmi olmaqdan dolayı daim insanla bağlı problemləri, ziddiyyətləri çözməyə çalışmışdır. İnsan ədəbiyyat və digər elm sahələri üçün sirr olub və sirr  olaraqda qalmaqdadır.

 Burada sözü gedən mövzuya toxunmaqla insanın çox mürəkkəb və çoxcəhətli bir varlıq olduğunu Alman yazıçısı Bernard Şlinkin "Oxucu” və Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi” adlı romanlarını müqayisə etməklə bir daha isbat etməyə çalışacağıq.     Şlinkin "Oxucu” əsərinin qəhrəmanı Mixaili ilə Anarın qəhrəmanı Zaurun mənəvi baxımdan yaşadıqları nəticə etibari ilə bir-birinə bənzədiyi üçün əsərlərin hər biri bu müqayisələri etməyə imkan verir.
 
Bernxard Şlink dünyada daha çox detektiv romanlar müəllifi kimi tanınır. Lakin  yazıçını  məşhurlaşdıran onun detektiv əsərləri yox, 1997-ci ildə qələmə aldığı "Oxucu” romanı olmuşdur. Bu romandakı hadisələr təxminən 1960-cı ildə cərəyan edir. On beş yaşlı yeniyetmə Mixayil qonşusu 36 yaşlı Xannaya  vurulur. Bir neçə dəfə görüşdən sonra onlar arasında məhəbbət əlaqələri başlayır. Onlar bir yerdə çox vaxt keçirdikləri üçün Mixayil dərslərindən geri qalmağa başlayır. Ona məktəbdə bildirirlər ki, bu cür davam etsə o sinifdə qalacaq. Bütün bunları  eşidən Xanna çox  hirslənir və qəti şəkildə bildirirki, əgər Mixail dərslərini yaxşı oxumasa onlar ayrılcaqlar. Mixayil Xannanı həddindən artıq sevdiyi və ona bağlandığı  üçün dərslərini yaxşı oxuyacağına söz verir. Müəyyən müddətdən sonra o həqiqətən, siniflərinin qabaqcıl şagirdlərindən biri olur. Görüşdükləri zaman  Xanna hər dəfə Mixayildən xahiş edir ki,  xoşuna gələn bədii əsərləri onun üçün səsli oxusun. Bu istək qarşısında Mixail əvvəl təəccüblənsədə, sonralar bu işdən çox böyük məmnunluq duyur.  Çünki, kitab oxumağın hesabına o, Xanna ilə daha çox vaxt keçirmək imkanı qazanır. "Mən hər dəfə o illər haqqında düşünəndə çox kədərlənirəm. Bu keçmiş xoşbəxtlik üçün kədərdir, bilmirəm.  Ondan ayrılmamaq üçün mən gecə-gündüz oxumağa başladım. Biz bir-birimizi çox sevirdik, sanki dünya bizim üçün mövcudluğunu itirirdi. Mənim fikrimcə "xoşbəxtlik o vaxt bütöv olur ki, o həmişə olur ”. Kədərli yalnız o ola bilər ki,  elə həmişə kədərli olub, bizim tərəfimizdən düşünülməmiş, dərk edilməmiş olub. Mən özümə diqqət göstərməyi sevmirdim. Mən savadıma görə birincilərdən olmasam da, axırıncı da deyildim. Lakin daxilimdə elə bir inam, enerji var idi ki, gələcəkdə  çox ağıllı və gözəl, hörmətli, sayılan bir şəxs olacağıma əmin idim. Bu özümə verilmiş elə söz idi ki, mən bu sözü tuta bilmədim. Bəzən mən uşaqların üzündə məhz həmin inamı görürəm və onlara elə bir kədər hissi ilə baxıram ki, özümü xatırlayıram. Biz öz xoşbəxtliyimiz barədə xatırlayanda xatirələr təkcə hadisələrdə deyil, hətta veriyimiz sözlərdə yaşayır, hansı ki onlara sonra əməl olunmayıb”. Tanışlıqlarından xeyli sonra Xanna Mixailin təkidi ilə öz həyatı barəsində ona qısa da olsa məlumat verir. Məlum olur ki, o, Transilvaniyada böyüyüb, 17 yaşında Berlinə gəlib, "Simens” zavodunda işə girib, 21 yaşında  isə müharibəyə gedib. Müharibədən sonra konduktor işləyir: "O bütün bunlar mənə elə danışırdı ki, sanki öz həyatı deyildi, başqasının həyatı idi, hansıki o adamı elə də yaxşı tanımır, sanki ona qarşı laqeyiddir. O öz valideynləri haqqında heç nə danışmırdı. Mən bilmək istəyirdim ki, onun valideynləri necə olub, onun bacısı, qardaşı varmı. O isə bu haqda heç bir şey demirdi. Bizim ortaq, ümumi dünyamız yox  idi. Xanna məni öz dünyasına lazım bildiyi yerə qədər aparırdı. Mən ona şəxsi həyatı haqqında sual verəndə o daim cavab verməkdən yayınırdı”. Xanna özü ilə bağlı olan hər bir şeyi məharətlə  gizlətməyə çalışsada, bir müddətdən sonra Mixail hiss edir ki, o daim hansısa gərginliyin təsiri altındadır. O tez-tez əsəbləşir, qışqırır, lakin bu gərginliyin səbəbini Mixail təkid etsə də açıqlamır. Günlərin bir günü xoş, unudulmaz günlər başa çatır. Xanna birdən-birə yoxa çıxır. Mixail Xannanı axtarmaq üçün onun iş yerinə gedir. Kadrlar şöbəsində işləyən bir şəxs   bildirir ki:"İki həftə əvvəl mən ona dedim ki, qatar sürmək üçün oxuya bilər. Və belə bir təklifdən sonra o buranı tərk etdi”. Sonra Mixail öyrənir ki, Xanna Hamburqa köçüb. Xanna gedəndən sonra Mixail çox çətin, ruhi gərginlik içərisində yaşayır, onun ayrılığı ilə heç cür barışa bilmir: "Xanna gedəndən sonra mən bir müddət özümə gələ bilmədim. Amma sonra yavaş-yavaş özümü ələ almağa çalışdım. Xannadan sonra heç kimi məni təhqir etməyə imkan vermirdim, bir daha təqsirkar rolunda çıxış etmək istəmirdim, heç kəsi o qədər sevmək istəmirdim ki, itirəndə də ağır olsun”. O, Xannanı itirməmək üçün onun ağır xasiyyətinə, yerli-yersiz danlaqlarına, tənqidlərinə göz yumurdu. Hər halda Xanna kimi bir qadını sevmək elə asan məsələ deyildi. Bunu ən əsas səbəblərindən biri Xanna ilə aralarında olan yaş fərqi, ikincisi də onun çox qapalı, qəribə qadın olması idi. Onlar bir-birinə "doğma” və "yad” adamlar idi. Mixail onların arasında olan "dəmir beton”u nə qədər səy göstərsə də heç cür aşıb keçə bilmir. Lakin, Xannanın mürəkkəb və ziddiyyətli qadın olsada, özündən yaşca çox kiçik olan yeniyetmə gəncin həyat yolunda çox təsirli, əvəzsiz iz buraxır. Xannanın gücü Mixaildə bir insan kimi özünə inam hissini yaratmasında və yaş fərqlərini nəzərə çarpdırmamağında idi. Hətta romandakı təsvirlərdən dolayı oxucu da bu fərqi hiss etmir.
    Romanın ikinci hissəsində yeddi ildən sonrakı hadisələr cərəyan edir. Artıq Mixayil hüquq fakültəsinin tələbəsidir. O öz tələbə yoldaşları ilə məhkəmə proseslərində iştirak edir. O,  Xannanın məhkəmə salonunda müttəhimlər kürsüsündə əyləşdiyini görəndə dəhşətə gəlir. Məlum olur ki, Nasist rejimini dəstəkləyən və qatı SS-çi olan Xanna müharibə vaxtı digər nasistlər kimi qeyri-qanuni və cinayətkar fəaliyyətlə məşğul olmuşdur. Kilsədəki yanğından yalnız təsadüf nəticəsində sağ çıxmış ana və qız məhkəmədə şahid qismində iştirak edirdilər. Qız lager haqqında kitab yazmışdı. Bu kitab Amerikada çap olunmuşdu  və məhkəmə prosesində sübut kimi ondan istifadə olunurdu. Əslində onlarda dəqiq heç nə deyə bilməzdilər, çünki lagerdə nə baş verdiyini dəqiq bilmirdilər. Məhkəmədə Mixailə aydın oldu ki,  lagerdə əsirlərə nəzarət edən qadınlardan biri də Xanna olmuşdur. O qadınların hər biri məhkəmədə iştirake edirdi.
Proses zamanı müttəhimlər onu qeyd etdilər ki,  Xanna lagerdə əsirlərin içərisindən zəif qızları seçir və onları işdən azad edirdi. Bir müddət onları ağır işlərdən qorusada vaxtları çatanda onları da  Ousvitçə güllələməyə aparırdılar. Şahid qismində məhkəmədə iştirak edən qız danışdırılan zaman bu fikirləri təsdiqləyir: "Bəli onun özünün sevimli qızları var idi. Zəif yeniyetmə qızları o öz  qayğısı altına alır, onları müdafiə edirdi. Onlara ağır iş gördürməyi qoymurdu. Axşam isə özü ilə aparırdı. O, qızlara başqaları ilə danışmağı belə qadağan etmişdi. Lakin bir qız  bizə dedi ki, qızlar onun üçün kitabı səsli oxuyurlar. Hər gecə. Amma indi fikirləşirəm ki, bu lagerdə ağır iş görüb ölməkdən daha yaxşı idi, əks halda mən bunu unuda bilməzdim. Amma bu yaxşı idimi?”. Çaşqınlıq və tərəddüd içərisində sualını zaldakılardan çox özünə ünvalayan qız sözünü bitirb əyləşir. Sonra ittihamçı yandırılmış kilsə haqqında müttəhimlərə suallar verməyə başladı. Hansı ki, orada yüzlərlə əsir yanmışdı. Məhkəmədə bildirdilər ki, nəzarətçilər kilsənin yanmağa başladığını görəndə oranın qapısını açmamış və nəticədə bu yanğının güclənməsinə və yayılmasına səbəb olmuşdur. Əsirləri xilas etmədiklərinin səbəbini açıqlayarkən Xanna bildirdi ki "Biz əsirləri buraxsaydıq sonra onları necə nizama salacaqdıq. Orada elə bir qarışıqlıq yaranardı ki, əsirlər bundan istifadə edib qaçardılar. Biz əsirlərə görə məsuliyyət daşıyırdıq. Onları lagerdə mühafizə edirdik. Mühafizə edirdik ki, qaçmasınlar. Ona görə də yanğın zamanı bilmirdik nə edək”. Yanğından sağ çıxmış qızın sonrakı çıxışlarından məlum oldu ki, kilsədəkilər qapının birini sındıra bilsəydilər xilas ola bilərdilər. Əsirlər bombanın səsini vaxtında eşitməmiş yalnız kilsənin damı yananda hər şeyi başa düşmüşdülər. Nə qədər qışqırsalarda onlara heç kim kömək etməmişdi. Çoxusu tüstüdən, çoxusu da yanğından ölmüşdülər. Ana və qız isə yanğından əvvəl hər kəsdən ayrılıb xora getdikləri üçün sağ qala bilmişdilər.
    Istintaq zamanı kilsənin yandırılmağı ilə bağlı raportun tapıldığını bildirəndə bütün müttəhimlər bundan xəbərsiz olduqlarını bildirdilər. Hətta müttəhimlərdən biri raporta Xannanın qol çəkdiyinə şahidlik etdi . Xanna bu ittihamı rədd etsədə, özünün günahsızlığını sübut etmək üçün imzasının nümunəsini göstərməkdən boyun qaçırır. O, imza atmaq əvəzinə  bütün günahları öz üzərinə  götürür.
    Mixayil yalnız bu zaman dərk edir ki, Xanna nə oxumağı, nə də yazmağı bacarır: "Elə  bu səbəbdən də o başqalarından kitabı onun üçün səsli oxumağı xahiş edirdi. Bu səbəbdən də biz səyahətdə olanda mənim qoyduğum vərəqi oxuya bilmədiyi üçün özündən çıxmışdı. Məhz buna görə tramvay parkında oxumağı qəbul etməmişdi. Əvvəldən isə fabrikdə yeni vəzifəsini qəbul etməmiş və lagerdə nəzarətçi olmağı üstün tutmuşdu. Tramvay konduktoru kimi işləyən  Xannanın sirri təhsilini  davam  etdirmək zamanı üzə çıxacağından qorxduğu üçün o şəhəri tərk etmişdi. Məhz yazmağı bilmədiyi üçün utandığından bunları etmişdi. O həmişə öz həqiqəti üçün, öz haqqı üçün mübarizə aparmışdı. Elə buna görə də o heç vaxt özü kimi ola bilməmişdi. Özü kimi olmağa ona həmişə nə isə mane olurdu. O, sona qədər səmimi, bütünlüklə özü özüylə ola bilmirdi. Bu acı bir həqiqət idi, lakin bu onun həqiqəti və haqqı  idi. Onlar uğrunda mübarizə də onun mübarizəsi idi. O, təkcə məhkəmədə mübarizə aparmırdı. O bütün həyatı boyu mübarizə aparmışdı. Bildiklərini göstərmək üçün yox, bilmədiklərini gizlətmək üçün mübarizə aprmışdı. Demək, Xanna mənə acıqlı olduğu üçün yox, məhz başqa səbəbdən şəhərimizi tərk etmişdi.”.
    Mixail məhkəmədə   bütün həqiqəti  demək istəsədə, sonra bu fikrindən daşınır. Mixail fikirləşir ki, bu həqiqət Xannanın cəzasını yüngülləşdirməyə kömək etsə belə danışdırılan zaman bunu özü də etiraf edə bilərdi. Tərəddüdlər içərisində çırpınan Mixail  Xannanı heç cür dərk edə bilmir, suallarla yüklənərək öz içində azıb qalır: "Mən Xannanın yanına gedə bilmirdim, amma hadisələridə biganə qarşılamırdım. Xanna üçün mən kim idim? O mənim xəyalımda yaratdığım, təsəvvür etdiyim kimi deyilmiş. Mənsə onunçün balaca oxucu idim, öz məqsədi üçün məndən istifadə edirmiş. Əgər o məndən qaçmaq imkanı əldə etməsə idi, bəlkə mənidə qaz kamerasına göndərərdi Mən müxtəlif işlərlə başımı qarışdırırdım. Mən onu günahlanırmaq istəsəm də bacarmırıdım. Mən onu sevirdim. Mən yalnız onu sevmirdim, mən onu seçmişdim. Mən özümü inandırmağa çalışırdım ki, Xannanı seçəndə mən onu tanımırdım. Mən bilmirdim o, nələr edib”.  
    Xanna həbsxanada olduğu müddətdə Mixayil onun yanına getməsədə,  müxtəlif bədii əsərlər alaraq onları səsli şəkildə oxuyur və kassetə yazır, ardıcıl şəkildə həbsxanaya göndərir. O, bu müddət ərzində öz tələbə yoldaşı Gertruda ilə evlənir. Bu evlilikdən bir qızları olsa da, uşaq onu ailəyə bağlaya bilmir, o daim Xanna haqqında düşünür. Bir müddətdən sonra o, həyat yoldaşından ayrırlır. On səkkiz il o, Xannanın üzünü görməsədə onun üçün kitab oxumaq tək yaşayan Mixail üçün həyat tərzinə çevrilir. O günlərini, saatlarını, dəqiqələrini yalnız bu işə sərf edir. Bir dəfə Mixail Xannadan kiçik bir məktub alır və çox təəccüblənir: "Bir az diqqət yetirdikdən sonra uşaq yazısına bənzər xəttin onaməxsus olduğunu anladım.  O yazır, o yazır -deyə sevindim. Mən anladım ki, təhsilsiz  insanlar gündəlik həyatlarında necə əzab çəkirlər. Müəyyən həyatı situasiyalarda, lazım olan küçəni axtararkən, restoranda yeməyi seçərkən və s. Və təhsilsizliyi gizlətmək üçün onlar necə əzab çəkirlər, enerji  itirirlər. Təhsilsizlik-bu ruhi yeniyetməlikdir. Yazmağı və oxumağı öyrənməklə Xanna yeniyetməlikdən yetkinliyə addım atmışdı. Və bu məktuba baxanda onun bu yazını  yazması üçün nə qədər güc sərf etdiyini dərk edirdim”. Hər dəfə Xannadan məktub alanda Mixail görürki, onun xətti getdikcə gözəlləşir. Lakin o yenə kassetlər göndərməkdə davam edir. Çünki,  Mixail yalnız bu əsərlər vasitəsilə onunla-öz xoşbəxt keçmişi ilə danışırdı, əlaqə saxlayırdı. Bir müddətdən sonra Xannanın bəraət alması ilə bağlı yeni bir məktub alır, həbsxananın rəisindən idi. O, Mixaildən Xanna azadlığa çıxan zaman  ona kirayə ev və iş tapmaqda, təhsilini təkmilləşdirməkdə kömək etməsini xahiş edir. Bu məktubdan sonra Mixayil Xanna ilə görüşə getmək qərarına gəlir. On səkkiz il Xannanın üzünü görməyən Mixail bu görüşə gedərkən çox dərin tərəddüd hissi keçirir: "Mən onunla  görüşdən qaçırdım. Çünki, o, mənə yaxın olduğu qədər də uzaq idi. Onu görmək istəmirdim. İstəyirdim o mənim yaddaşımda necə qalıbsa elə də qalsın. Mənə elə gəlidi ki, həqiqi uzaqlıqda o mənim yaddaşımda necə var idisə elə də qala bilərdi. Hər şeyin alt-üst olmağından çox qorxurdum”.  Həbsxanaya gedən  Mixail əvvəlcə o, kökəlmiş, təravətini itirmiş, həddindən artıq qocalmış Xannanı görəndə tanımır. Keçmişdəki gözəl, cazibədar qadından əsər-əlamət belə qalmamışdı. "Skameykada saçı ağarmış üzündə iri qırışlar olan bir qadın  əyləşmişdi. O, çox kökəlmiş və qocalmışdı. O, kitab oxuyurdu. Gözündə eynək var idi. Onun üzündə sevinc işarmağa başladı. Məni görən o, mənim gözlərimdə istilik axtarırdı. Mən ona yaxınlaşanda o yorğun gülüşlə məni salamladı. Mən ona yaxın oturdum skameykada. O mənim əlimdən tutdu. Məni onun ətrini əvvəllər xüsusilə sevirdim. Indi mən onunla yanaşı oturmuşam və ondan qoca   qadının iyin hiss edirim. Bu ətir mənə nənəmdən, gördüyüm yaşlı qadınlardan beynimdə  qalmışdı”. Bu çaşqınlığı Xanna da hiss edir və məyus olur. Söhbət edərkən Mixail ondan niyə belə etyini soruşanda Xanna deyir: "Məndə həmişə belə bir hiss var idi ki, onsuz  da heç kəs məni anlamır, heç kəs məni tanımır. Mən kiməm ki, nə isə məni bura gətirdi və hansısa bu və ya digər hərəkət etməyə məcbur etdi. Bilirsən, səni əgər heç kəs başa düşmürsə, demək heç kəs nə isə səndən tələb edə bilməz . Heç məhkəmədə bunu məndən tələb edə bilməzdi? Amma ölənlər tələb edə bilərdilər. Onlar başa düşərlər. Bunun üçün onların mənim hərəkət  və işlərimin şahidi olmaqları vacib deyidi, onsuz da onlar hər şeyi yaxşı başa düşürlər. Bura, həbsxanaya onlar yanıma tez-tez gəlirdilər, onlar hər gecə gəlirdilər. Mənim bunu istəyib, istəməməyindən asılı olmayaraq”.
     Mixail onun azadlığa çıxdığına və onun  yaxınlığnda yaşayacağına görə çox məmnun olduğunu və səhər arxasıyca gələcəyini bildirir. Mixail gedəndən sonra Xanna bir daha dərk edir ki, artıq sevdiyi insanın həyatında da ona yer yoxdur. Səhərisi gün Mixayil həbsxanaya gələrkən Xannanın özünü asdığını deyirlər. həbsxana rəisi  ona Xannanın burdakı həyatı haqqında danışandan sonra Mixaildən soruşur: Frau Şmiç ümid edirdi ki, siz ona məktub yazacaqsınız. O hər dəfə sizdən poçt alanda soruşdu: "Mənim üçün məktub yoxdu?”. Bəzən də kasset alanda yeşiyi eşələyirdi. Siz ona niyə heç nə yazmırdınız?”. Bu suallar girdabında çapalayan Mixail heç bir cavab tapa bilmir, ağlamaqdan özünü güclə saxlayırdı. "Mən Xanna ilə fəxr edirdim ki, o oxuya bilir və mənə çox gözəl məktublar yazır. Ancaq mən hiss edirdim ki, mənim şadlığım və fəxr hissim lazım olduğundan zəifdir. Mənim ona diqqətim çox az idi. O qədər az idi ki, bu hisslər məni Xannaya cavab yazmağa, ona baş çəkməyə, onunla danışmağa məcbur etmirdi. Mən ona diqqət göstərirdim, lakin bu cüzi idi, həyatımda bütöv bir yer tutmurdu”. Mixailin susduğunu görən rəis  Xannanın öz pullarını kilsədəki yanğından sağ çıxmış ana və qıza vəsiyyət etdiyini bildirir.
    Bir müddətdən sonra Nyu-Yorka gedən Mixail vəsiyyətnaməni Xannanın arzusuna ramən qıza təqdim edir. Əvvəlcə dolaşıq hisslər məngənəsində sıxılan qadın sonra pulları götürür. Lakin bu görüş zamanı qız Mixailin o qadını hardan tanıdığını soruşur. Mixail bildirir ki, onların arasında o yeniyetmə olanda məhəbbət macərası olub. Söhbətin bu yerində qız müdaxilə edərək deyir: "Sizin ailə həyatınız yəqin ki, uğursuz və qısa olub. Uşağınız  varsa, demək o da intenatdadır. Bunu minlərlə insan haqqında demək olar. Bunun üçün Frau ilə əlaqənin olması vacib deyil. Sizin  sonralarda onunla əlaqəniz olub, sizcə o başa düşürdümüki, sizinlə nə edib? O laqerdəki insanlarla necə rəftar etmişdisə sizinlə də eynilə o cür qəddarcasına hərəkət etmişdir.  Onları cismən, sizi isə ruhən məhv edə bilmişdir, elə bu səbəbdən də siz xoşbəxt ola bilməmisiniz. O sizin yeniyetmə ikən sevginizi elə oğurlayıb ki, sonra öz hisslərinizi heç bir qadında gerçəklədirə bilməmisiniz, özünüzü heç bir qadında tapa bilməmisiniz”.
    Xannanın pullarını onun adından Mixail "Yevreylərin savadsızlıqla mübarizə agentliyi” nə köçürür. Sonra oradan Mixailə Xanna Şmiçin fədakarlığına görə minnətdarlıq dolu məktub gəlir. Mixail məktub cibində  Xannanın qəbrinin üstünə gedir. Hansı ki, bu onun həmin qəbiristanlığa birinci və həm də sonuncu gedişi idi.
    Əsərin sonunda Mixail Xanna ilə bağlı fikirlərini çox maraqlı şəkildə ümumiləşdirir: "Bəzən onun mənimlə nə etdiklərinə görə ona acığım tuturdu. O vaxta qədər ki, acıq öz gücündən düşməmişdi. O nə etsə də, etməsə də onun mənim həyatımla etdikləri mənim həyatımın mənası olmuşdu. Mən bizim münasibətimzi haqqında yazmaq istəyirdim ki, onlardan xilas ola bilim. Uzun müddət düşünürdüm ki, necə kədərli hadisədir. Sonra düşündüm ki, kədərlidir və ya sevinclidir, artıq bunun heç bir mənası yoxdur. Indi nə isə məni incidəndə, qıcıqlandıranda, qaysaqlanmış yaralar oyananda mən özümü günahkar hiss edirəm. Həmin illər üçün vaxt keçdikcə daha çox darıxıram.  Öz  tarixçəmizi mən ona görə yazdım ki, onlardan xilas olum, hətta bunu edə bilməsəm də...”  əsərin qəhrəmanı öz sevgisinindən heç cür xilas ola bilmir, hətta bunun səbəbini özü də bütün mənasıyla anlayır.
    "Oxucu”romanında maraqlı məqamlardan biri də  qərb və şərq təfəkkürünün müxtəlif olmasına baxmayaraq  Mixailin və Zaurun ailələrinin müəyyən mənada bir-birinə bənzəməsidir. Onların hər ikisinin atası professordur. Hər iki professor az danışan, qaradinməz insanlardır, onların öz dünyaları var. "Beşmərtəbəli evin altıncı mərtəbəsi”romanında yazıçı Zaurun atasını belə təsvir edir: "Ümumiyyətlə, az-az danışırdılar, atası elmə-kitablar aləminə qapılmış qaradinməz bir adam idi, arvadıyla nadir hallarda danışar, oğluyla demək olar ki, heç danışmazdı”. Buna oxşar təsvirə "Oxucu”romanında rast gəlirik: "Anam hər dəfə bizim haqqımızda ona sual verəndə düşünürdüm ki, "o doğurdanmı verilən sual haqqında düşünür, yoxsa öz işləri haqqında. Bəlkə də o bu haqda düşünmək istəyirdi, lakin o işindən başqa heç bir şey haqqında düşünə bilmirdi. O fəlsəfə üzrə professor idi. Və elə bu səbəbdən düşünmək onun həyatı idi. Düşünmək və oxumaq, yazmaq və öyrətmək. Bəzən mənə elə gəlirdiki, biz, yəni onun ailəsi, atam üçün nəsə ev heyvanları kimiyik. Necə ki, insanlar ev heyvanlarına qulluq edirlər və bu onlar üçün elə də ağır yük deyil. Amma mən çox istəyirdim ki, biz onun həyatının mənası olaq”. Mixailin atası üçün onun övladlarının arzuları, düşüncələri  nə qədər maraqlı və vacib deyilsə, Zaurun da atası belədir. Sadəcə Məcid müəllim daha mühavizəkardırbu da təbii ki, onun yetişdiyi, böyüdüyü mühitlə birbaşa bağlı məsələdir.  Zaurun arzusu nədir, o kim olmaq istəyir, harda işləmək fikri var, hansı qızıi sevib ailə qurmaq niyyətindədir  kimi düşüncələr onun təbiətinə yaddır. O, bütün bunları artıq çox-çox əvvəllər Zaurun xəbəri olmadan planlaşdırıb. Onun oğlu yalnız bu plan üzrə addımlaya bilərdi. Təhminəni sevdiyini bildirəndə isə Zaur atasının sərt  və amansız münasibəti ilə üzləşir. O, oğlunu Təhminəni sevməkdə davam edərsə onu bağışlamayacağını bildirir. Nəticədə Zaur evlərini tərk etməyə məcbur qalır. Əlbəttə ki, Mixailin atası konservativ insan deyil, çünki onun doğulduğu, yetişdiyi mühit tam fərqlidir. Milli dəyərlər müxtəlifdir. Zaurun qismində Mixail eyni həyatı yaşasaydı heç bir qınaq, heç bir ata tənqidi və təpkisi ilə üzləşməyəcəkdi. Sadəcə olaraq, hər iki əsərdə ataların övladları ilə maraqlanmamaqları, onlara diqqət göstərməməkləri hər iki gəncin taleyində mənfi mənada böyük iz qoyur. Onlar övladlarını maddi cəhətdən bütün qayğılarını təmin etsələrdə, mənəvi dünyalarına qonaq olmağı, onlara yardım etməyi heç düşünmürlərdə.
    Təhminə və Zaur qovuşması üçün onlar tamam başqa bir məkanda doğulmalı və fərqli dəyərlər əhatəsində tərbiyələnməli idilər.cəmiyyətin güclü təpkisi ilə üzləşən Təhminə bütün bunları bacardığı qədər soyuqqanlığla qarşılayır hesab edir ki "Mənim barəmdə nə danışırlar qoy danışsınlar, vecimə deyil. mən elə hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur”. Lakin ondan fərqli olaraq Zaur "daşlaşmış” əxlaq, yazılmamış qanunlar mühitində kök salıb rişələnmiş maneələri aşıb keçə bilmir, bacarmır.  
    Mixailin və Zaurun mənəvi oyanışı çox gec – sevdikləri qadınları itirəndən sonra başlayır. Onların hər ikisi cəmiyyətin qurbanlarıdır. Alman cəmiyyətində Xannanın SS-çi olması nədirsə, Azərbaycan mühiti üçün Təhminə elə o qədər qəbul olunmaz qadındır. O, gözəldir əsərdə göstərildiyi kimi hər bir kişi onunla tanış olmaq onun sevgisini, diqqətini qazanmağa can atır. Zaurun atası və anası kimi heç onu ailəsinə qəbul etmək fikrində və gücündə deyil. Şərq və Qərb dəyərləri bir-birindən fərqli olduğu üçün Təhminə ilə Zaur Avropa mühitində xoşbəxt ola bilərdilər. Mühafizəkar şərq mühitində bu birlik qəbulolunmazdır. Halbuki milli dəyərlər haqqında Təhminəni öz fəlsəfəsi var: "Əh, siz kişilər heç nə başa düşmürsünüz bu dünyada, -dedi- Başa düşmürsünüz ki, gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi”. Zaur Təhminəni, onun həyata baxışını həyat fəlsəfəsini dərk edə bilmədiyi üçün o gücsüzləşir, sınır, sonda cəmiyyət qarşısında o da tərkisilah olur. O, axına qarşı getmək istəsədə, nəhayətdə bacarmadığını görüb axına qoşulur, nəticə olaraq Kafkanın qəhrəmanı Q həşərata çevrildiyi kimi Zaur da "Məmmədnəsirə” çevrılir.
    Zaurla Təhminə İstanbulda görüşürlər, birlikdə şəhərin küçələrini heş kəsdən çəkinmədən sərbəst şəkildə gəzirlər. Bir həftədə olsa onlar özlərini azad hiss edə bilirlər, cəmiyyətdən ayrılıb meşəyə gedirlər, təbiətin qoynunda söhbət edirlər. bu azadlıqdan, sərbəstlikdən bəxiyar olan Təhminə Zaura deyir: " Zaurik, dünyada bir həqiqət var, bircə həqiqət var –qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah. Bax, bu axşam var dünyada, bu meşə var, quşlar oxuyur bu meşədə, sən  varsan, mən varam , bir-birimizi  sevirik , bir yerdə olanda bəxtiyar oluruq, -budur bax, həqiqət ə bundan başqa bir ayrı həqiqət yoxdur”.  Təsadüfdə olsa Şlinkin qəhrəmanları da özlərini azad, sərbəst aparmaq üçün bir həftəlik başqa şəhərə üz tuturlar yaş fərqlərini görüb onlara qınayıcı nəzərlərlə baxan isanların içindən qopub dincəlmək  məqsədilə meşəyə gəzməyə gedirlər. bu təsvirlərdən bir daha aydın olur ki, sanki meşə cəmiyyət tərəfindən qəbul olunmayan münasibətlərin sığındığı məbəddir. Orada hər kəsə yer var, nə tənqid edir, nə də yerli-yersiz nəsihətlər verir. Ana təbiət safdır, təmizdir o hər kəs üçün təmənnasız olaraq qollarını açır, insanları sorğusuz-sualsız qəbul edir.
    Bu əsərlərdə qadınlar  öz hisslərində sona qədər daha ardıcıl, daha tərəddüdsüz, inamlı, güclü və sabitdirlər. Zaurla Mixail isə bu ardıcıllığı qoruyub saxalaya bilmirlər. Onlar  yalnız itirəndən sonra öz  faciələrini dərk edirlər. Zaur  sevdiyi qadını itirəndən sonra onun haqqında daha çox düşünür, onu daha çox qiymətləndirir və hər yerdə Təhminəni öz yaxınlığında, daha dəqiq desək batinində hiss edir. Təhminə onun daxili səsinə, içindəki "mən”ə çevrilir. Təhminənni təkrarsız, özünəməxsus qoxusu onu Sneqalda bir anda olsa tərk etmir.  qadın qoxusu ilə bağlı təsvirlərə, düşüncələrə "Oxucu”romanında da rast gəlinir. Mixail Xannadan ayrı yaşadığı vaxtlarda hər tanış olduğu hər bir qadında onun geyim tərzini, mimika və jestlərini, ətrini arayır və lakin heç bir kəsdə axtardığını tapa bilmir. Hətta Xannanın hansısa etdiyi hərəkətləri etməyi onlardan xahiş də edir. Nəticə olaraq anlayır ki, onların heç biri Xanna deyil və olada bilməyəcəklər.
    Zaur isə hər şeyi unutmaq üçün səyahətə çıxsa belə onun da bu istəyi baş tutmur, Zaur anlayır ki, heç bir gəmi onu  keçmişindən, xatirələrindən, özündən uzaqlaşdıra bilmək gücündə deyil. "Ayılıb oyanacam, hər şeyi keçib gedəcək , -düşünürdü və onu da düşünürdü ki, yuxudamı, oyaqlıqdamı, bu dünyada Təhminənin nəvazişlərindən qorxulu heç nə yoxdur. Onunçün Təhminənin nəvazişləri, sığalları, beyni dumanlandıran oxşamaları, çılğın pıçıltıları, deyilməmiş gileyləri. Bir də qapqara, uzun, sıx kirpikləri elə qaldırırdı, elə bil qədim bir kitabın ağır səhifəsini açır və o kirpiklər Təhminənin sifətinin tam yarısına kölgə salırdı. Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır”.
    Xanna Mixaildən yaşca böyük də olsa. Yüzlərlə insanın ölümünə səbəbkar SS-çi də olsa, Təhminənin həyat tərzi cəmiyyət  tərəfindən qəbul olunmasa  belə onların ürəkləri, ruhları heç kəslə hesablaşmadan öz seçimlərini etmişdilər. Bu qadınlar sözü gedən qəhrəmanların ağıllarının yox, qəlblərinin seçimi idi. Sadəcə nə Zaur, nə də Mixail məqamında qəlblərinin seçimini  ciddiyə almadıqları üçün ömürlərinin sonuna kimi hər ikisi mənən yalquzaq kimi tək qalırlar. Xanna həbsxanada olarkən onu yaşadan, azadlığa həvəsləndirən, yıpranmağa qoymayan yeganə qüvvə Mixaildir. Onun Mixaildən başqa heç kimi yoxdur. Şlink  bir-birinə bağlanan, bir-birlərini sevən cütlüyün faciəsini çox dəqiqliklə, sənətkarlıqla təsvir etməyə sözün əsl mənasında müvəffəq ola bilmişdir. Mixail sevir, amma yaşlanmış, tamam dəyişmiş, başqalaşmış  qoca Xannanı yox, cavan, gözəl, cazibədar Xannanı. Bu sevginin ünvanı həqiqət yox,  xəyal və xatirələrdir. Xannanı tapındığı real qüvvə Mixailin sevgisi idi və bu sevgini, həsrəti onun gözündə görməyəndə o intihar edir. Halbuki, o yalnız Mixailə görə böyük əziyyət hesabına da olsa oxumağı və yazmağı öyrənmişdi. Mixail isə bu fədakarlığı lazımı qədər zamanında və layiqincə qiymətləndirə bilmir. təhminənin özü də məhz  sevdiyi insan tərəfindən layiqincə qiymətləndirilmədiyi  üçün ölür. Təhminə xəstə deyildi, sadəcə Zauru itirdikdən sonra onun üçün hər şey marağını və dəyərini itirir, bu itkinin əzabında qurtulmaq naminə həddindən artıq içki qəbul etdiyi səbəbindən həkimlər onu xilas edə bilmirlər. məhz bu cür yaşam tərzi birbaşa olmasa da, dolayısı ilə elə onun intiharı demək idi. Yazıçı əsərdə Zaurun Təhminədən sonrakı həyatı haqqında məlumat verərkən onun nağıllar aləmindən ayrılıb, adi bir yer adamı olduğunu təsvir etməyə çalışır. Zauru və onun həyatını oxucuları mühakiməsinə buraxır. Zaurun həyat yolu yuxarıdan aşağıya doğru enən xətlə inkişaf edir. "Əxlaq tərbiyəsinin xüsusən özünü tərbiyənin qarşısında duran ən böyük vəzifə mənəvi azadlıq, mənəvi sərbəstlik tərbiyəsidir. Mənəvi azadlıq, mənəvi sərbəstlik ilə bilavasitə möhkəm iradə ilə bağlıdır. Demək, hər şeyin əsasında  güclü iradə iradə dayanır. Bütöv iradə insan təbiətini tamamlayır. Zaurun da çox vaxt iradəli olması, müəyyən məqamlarda iradəsizlik göstərməsi onun ziddiyyətli təbiətə malik olmasından irəli gəlir”. Zauru milyonlardan fərqləndirən, onu bəxiyar edən Təhminəyə qarşı olan məhəbbəti, onunla birlikdə yaşadıqları aylar, günlər, dəqiqələrdir. Onun bir insan kimi bütün həyatı boyu sahib olduğu ən dəyərli, ən mənalı, ən qiymətli şey Təhminə ilə bağlı unudulmaz, əvəzedilməz xatirələridir.
    Şlinkin qəhrəmanı Mixayil ilə yazıçı Anarın qəhrəmanı Zaurun hissləri, düşüncələri, sevdikləri qadına münasibətlərində oxşar nüanslar özünü istənilən epizodda büruzə verir. Hər iki qəhrəmanın taleyində dərin iz buraxmış qadınlar öz sirrli aləmləri ilə onları daim təəccübləndirir. Mixail sonradan tanış olduğu hər bir qadında Xannanı axtarsa da tapa bilmir. Onun içindəki boşluq getdikcə daha da dərinləşir. Xannanı itirəndən sonra sanki, o da lagerdəki əsirlər kimi  kilsəyə salınıb yandırılmışdı. Zaurun da Təhminəsiz həyatı eyni ilə belədir. "Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü-özündən uzaqlaşdıra bilmir, keçmişdən ayıra bilmir və "səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadət axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi  özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür –hara gedirsən get –nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...”. Onun ailəsi, övladları olsada o da tənhadır. Zaur da daim Təhminə haqqında düşünür, onun xəyalı ilə yaşayır.  Nə Zaur Təhminəsiz, nə də Mixail Xannasız xoşbəxt ola bilmirlər. Nə Zaur Təhminəsiz, nə də Mixail Xannasız xoşbəxt ola bilmirlər. "Oxucu”romanının qəhrəmanı Mixailin təbirincə  desək  " həyatda kimi gəldi qovmaq olar, əsas odur ki, onun yerinə kimisə qoya biləsən”. Zaurla Mixail sevdikləri qadınların yerinə heç kimi qoya bilmədikləri səbəbindən heç vaxt mənəvi rahatlıq tapa bilmirlər.
                                         Ədəbiyyat
1.    Anar. Beşmərtəbəli evin altıncı mərtəbəsi. Bakı., Yazıçı, 1981
2.    Ənvəroğlu H. Azərbaycan romanının inkişaf problemləri. Bakı., 2008
3.    Göyüşov.Z. Daxilə pəncərə. Bakı., Azərnəşr, 1978
4.    Kafka F. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb”, 2006
5.    Salamoğlu T. Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri. Bakı., BQU, 2008
6.    Шлинк Б. Чтец. Москва. "АСТ”, 2004
7.    Hüseynov T. Söz-tarixin yuvası. Bakı., Azərnəşr, 2000
8.    Борозняк А. И. Прошлое, которое не уходит. Очерки истории историографии Германии 20 века / А. И. Борозняк. – Екатеринбург, 2004.
9.    Шлинк Б. Роль права в преодолении прошлого /  Б. Шлинк. Пер. с нем. К. Левинсона // Память о войне 60 лет спустя: Россия, Германия, Европа.
10.    Чугунов Д.А. 90-е годы как начало новой немецкой литературы. Вестник ВГУ. Серия. Филология. Журналистика. 2005, N:2  (125)
11.    Fisher M. Nationale Images als Gegenstand Vergleichender Literaturgeschichte. –Bonn: Bouvier,1981. -254s.