Tehran Əlişanoğlu: “Manifestli ədəbiyyat zamanları arxada qalıb”

Tehran Əlişanoğlu: “Manifestli ədəbiyyat zamanları arxada qalıb”

"İndi Ədəbiyyatın cəmiyyətə yeriməsi zamanıdır; nə qədər çox rezonans versə, nə qədər ictimai sifarişlərə həssas olsa, bir o qədər udar”

"Həftə içi” qəzetində tənqidçi Tehran Əlişanoğlunun rəhbərliyi ilə hazırlanan 8 səhifəlik "Ədəbi həftə”nin nəşri bizi nə qədər sevindirmişdisə, onun qəfil dayanması o qədər təəssüfləndirdi. Tehran bəylə görüşüb nəşrin dayanması səbəblərinə, həmçinin bir sıra digər mətləblərə aydınlıq gətirməyə çalışdıq.


- Artıq bir aydan çoxdur ki, "Ədəbi həftə”nin yeni saylarını görə bilmirik. Belə başa düşürük ki, qəzet dayanıb. Tehran bəy, bir baş redaktor kimi az bir zaman ərzində qəzetin çıxmağı ilə dayanmasını necə izah edərdiz, mənası nə idi bu nəşrin?

-  Əvvəla, qəzet və baş redaktor sözləri mübaliğəlidir bu halda. "Ədəbi həftə” sadəcə "Həftə içi” qəzetinin şənbə əlavəsiydi. Bəli, belə görünür ki, vardı, artıq yoxdur. Hərçənd "Həftə içi”nin baş redaktoru Sevinc xanım nəşri hələ ki dayandırdığını söyləyir , amma bu sahədə mənim stajım gərəyincədir. Bilirəm ki, bu tipli Ədəbiyyat əlavələri, səhifələr, bu və ya digər proyektlərə ictimaiyyət üç ay ancaq dözür. Ədəbiyyatdan bir fayda bulmayıb, tezliklə müxtəlif bəhanələrlə ondan yaxa qurtarmağa, üzülüşməyə çalışırlar. Sevinc xanımdan narazılığım yoxdur, yaxşı da qonorar verirdi mənə. "Ədəbi həftə”də cəmiyyətin maraqlarına cavab verən istədiyi qəzeti görmədiyini deyir. Soruşdum: bu üç ay ərzində ona zəng edib heç qəzeti pisləyən, bu nədir buraxırsız? – soran olubmu; dedi: yox. Dedim: bəs tərifləyən? Dedi, o da olmayıb. O halda mənə "Həftə içi”nin baş redaktoruna təşəkkür eləmək qaldı. Bir şeylə ki, cəmiyyət maraqlanmır, ona vaxt, zəhmət, üstəlik maliyyə ayırmağa dəyərmi? Doğrudur, "Ədəbi həftə” çıxmayan həftələrdə mənə bir xeyli zənglər gəldi. Mənası nə idi? – sorursuz, gördüyüm işin əhəmiyyəti, ardıcıllığını, keyfiyyətini tərif elədilər. Dedim: mənə niyə?; məgər mən nə elədiyimi bilmirəm? Bəlkə bu reaksiyaları "Həftə içi”nə yönəldəydiz, Ədəbiyyata təmənnasız yer ayıranlar da zəhmətlərinin bihudə olmadığını görəydilər. Bilirsiz, bizdə Ədəbiyyatın özünə qapanması dövrü artıq arxada qaldı, birtəhər keşməkeşlərdən keçib o, bir fənn kimi, sahə kimi, ayrıca sfera kimi özümlüyünü, müstəqilliyini qoruyub-saxlaya bildi. İndi Ədəbiyyatın cəmiyyətə yeriməsi zamanıdır; nə qədər çox rezonans versə, nə qədər ictimai sifarişlərə həssas olsa, bir o qədər udar. "Ədəbi həftə”də bu məqamı diqqətdə saxlamağa çalışırdıq: Ədəbiyyata açıq Azadlıq radiosu, Kultaz kimi saytları, 525-ci və "Kaspi” qəzetlərini izləyir, təqdir edirdik, ədəbi həftəmiz bunlarsız ötüşmürdü. Eyni münasibəti başqalarından da gözləməyə haqqımız vardı; halbuki bəzən dərc elədiyimiz müəlliflərin də qəzetdən xəbərsizliyinin şahidi olurduq…

-         Elə deyil. Məsələn, Kultaz "Ədəbi həftə”yə biganə olmadı; dərhal sorğu siyahımıza saldıq "Həftə içi”nin adını; bizə təklif etdiyiniz materiallardan da qaçmır, sayta qoyurduq. Təkrar vurğulayırıq: üç ay nədir ki hələ, "Ədəbi həftə” təzəcə reytinq yığmağa başlamışdı. Bizcə, səbəbi nəsə başqa yerdə axtarmalısız. Diqqət etmisizsə, sizin başladığınız bir çox işlərə bənzəyir bu; elə ki keyfiyyət həddinə çatır, nəsə olur və yarımçıq qalır… YeniSi də belə, ProzaN da, Tənqid.net də…



-         Yarımçıq deməzdim; əngəllər barədə bəlkə də haqlısız. Mən diqqətimi həmişə Ədəbiyyatın içindən olan fəaliyyətə cəmləyirəm; odur ki, kənar əngəllər hardan çıxır, bilmirəm. Amma yarımçıq deməyinizlə razılaşmıram; çünki bu işlər həm dərininə  – bir-birində davam edir, həm də genişlikdə  –  ümumən kəsilmir ki. Ədəbi tənqidi çıxmaqla, digər çalışmalarım məndən də çox on beş il öncə "Press-fakt”dan yaxınlaşdığımız həmfikirlərimin təşəbbüsüdür. İndi biz buna YeniSi dairəsi deyirik. YeniSi brendi Məqsəd Nura məxsusdur; kim deyir ki, kəsilib, sadəcə yaratdığımız ilk ədəbi sayt texniki fənaya uğrayandan sonra YeniSinin fəaliyyəti qabarıq nəzərə çarpmır. Tənqid.net jurnalını, təbii ki, mən yaratmışam; 6 sayı çıxıb, inşaallah 7-cisini də oxucuya təqdim edəsiyik bugünlərdə. "Ədəbi həftə” isə Vəli Əkbərlə gerçəkləşdirməyə başladığımız proyektdir. Başlamaq üçün düz bir ay mənə minnətçi düşüb, razılığa gətirib; əslində, 1998-də onunla "Rezonans” qəzetindəki işimiz də üç aydan artıq çəkməmişdi. Amma bu dəfə elə söhbət eləməmişik ki, işimiz yarımçıq qala. Ədəbi həftələr yenə də var, necə- nə cür, ayrı məsələdir. Keyfiyyət deyirsiz; "Ədəbi həftə”ni buraxmazdan əvvəl "Həftə içi”yə müsahibə verdim, proqramımızı açıqladım. Ona sevinirəm ki, az müddət ərzində oxucuya yalançı çıxmadıq, vəd verdiklərimin demək olar ki, hamısının əsasını qoyduq. "Ədəbi həftə”nin 10 sayı çıxıb, praktika göstərir ki, tarix üçün bu da az deyil; fəaliyyətimizin kəsilməzliyinin faktıdır…

-         Maraqlıdır, mübaliğə deyilsə, fəaliyyət deyəndə nəyi nəzərdə tutursuz?

-         İlk bəyanatımız bu idi ki, Ədəbiyyatda analitika zamanı gəlmiş; həm başyazar olaraq ilin, ayın, günün ədəbi tendensiyalarını, həm də bir tənqidçi kimi ötən onilin mövzularını görükdürməyə başladım. Eyni işi daha əhatəli, Ədəbiyyatın içindən göstərmək üçün hər sayımızı müsahibələr üzərində qurmuşduq; həm də müxtəlif rakursları, ədəbiyyata sağlam və rəngarəng baxışları əks etdirən müsahiblər seçirdik. Bu heç də müsahibə xatirinə müsahibələr deyildi; ədəbiyyata seyrçi baxışlar deyildi; alt qatda iş gedirdi. Günün Ədəbiyyatına Rafiq Tağının, Asif Atanın, Bəkir Nəbiyevin, Rəhim Əliyevin, Rasim Qaracanın münasibətlərini aktuallaşdırdıq; diqqətdən kənar qalan rakurslar vardı: Moskvada yaşayıb aktiv ədəbi iş görən Sultan Mərzilinin, yaxud müharibə ədəbiyyatına Aygün Həsənoğlunun baxışları… Yeri gəlmişkən bir sıra belə maraqlı müsahibələr yalnız qəzetin səhifələrində qaldı, mümkün bilsəz, Kultaz oxucularına təqdim edərdim…

-         Məmnuniyyətlə.

-         Eyni zamanda cari ədəbi prosesin təklif etdiyi müsahibələrə gedirdik: Nərmin Kamalla, Rəbiqə ilə, Məqsəd Nurla, Şahbaz Xuduoğlu ilə, Səlim Babullaoğlu ilə, Zahir Əzəmətlə, Fəxrəddin Veysəlli ilə ədəbi-mədəni, elmi-kulturoloji istiqamətdə müsahibələr mövcud durumun izahını verirdi. Hələ nə qədər də planladığımız müsahibələr vardı; məsələn, Arif Əmrahoğlu ilə, Əlabbasla söhbət əlimizdə qaldı. Hər cür reaksiyalar da oldu; məsələn, Bəkir Nəbiyev soruşurdu ki, onunla müsahibəyə görə ədəbi dostlarım məni tənbehləməyib ki. Rəhim Əliyev 60 yaşını belə kəskin ədəbiyyat söhbəti ilə qutladığıma görə məndən incidi. Halbuki 60 yaşın vurğusu elə yazının daha çox əks-səda qoparmasında göründü. Rasim Qaraca qəzetə irad tutanda ki, ədəbi intriqa yaradan məqamlara az gedirik, onun bizə müsahibəsini misal göstərdim: bəs nədən o özü daha analitik və müdrik olmağa çalışır. Məgər intriqalar mərhələsi arxada qalmamışmı? Odur ki, təhlilə, ədəbi tənqidə məxsusi önəm verirdik qəzetdə. Qadın mövzusunda müzakirə açmışdıq, amma bu mövzuda mövcud yazıları ancaq verə bildik, təzələri elə qovluğumuzda qaldı. "Ədəbi həftə”nin imzaları görünməyə başlamışdı. Elnarə Akimovanın ədəbi tənqidi, Rövşəninin şeirləri, Məqsəd Nurun, Mirzə Talıbovun hekayələri, Pərviz Yusifin düşüncə sırası, Gülgəz Nurun publisistikası ilə yanaşı, gəncliyə geniş meydan vermişdik. Hətta Sevinc xanım eyni imzaları qabartdığımız üçün qınamağa başlamışdı məni…

-         Bütün bunlar bəlli, fikrimcə, qəzetin oxucuları da az ya çox dərəcədə dediklərinizi tutmamış deyildilər. Amma ədəbi-bədii siyasət baxımından "Ədəbi həftə” şeir, hekayə dərc edən başqa qəzetlərdən elə bil seçilmirdi. Yadımdadır, vaxtilə YeniSi saytına düşmək üçün hansısa bədii səviyyəni, plankanı aşmalı idin. Amma burda, deyəsən, ölçü-sədd gözlənmirdi, elə bil daxil olan yazıların hamısını verirdiz.



-         Elə görünməyinə elədir. Amma yox, yəqin Kultazın təcrübəsindən də bilirsiz, redaksiya papkasına qalsa indi qəzetmi buraxmaq olar?! "Ədəbi həftə”nin ədəbi-bədii siyasəti lap əvvəldən günün tələblərinə hesablanmışdı. Oxucularımıza söz vermişdik ki, heç bir məxsusi vurğu olmadan bu və ya digər qədər zövq verə biləsi yazılar təqdim edəsiyik. Vaxtilə YeniSinin tələbləri xüsusi tendensiya yaratmaq, günün içindən çıxa bilən yazıları dərc etmək idi; məxsusi müstəvi yaratmağa çalışırdıq; bunu etmişik də. AYO bir cür edib, 9 iqlim, DGTYB bir başqa, "Nəfəs”dən, AYB-dən, 525-ci qəzetdən keçən imzalar bir özgə; hamısı da bugünümüzə çıxmaq üçün idi. Anlamaq lazımdır ki, manifestli ədəbiyyat zamanları arxada qalmışdır; indi geniş performans və şəbəkə imkanları yarandığı bir zamanda manifestləri nə qədər desən tirajlamaq da olar, buna hacətsiz ötüşmək də olar. Azadlıq radiosunun Oxu zalının, Kultazın, Rəşad Məcidin Ədiblər məktəbinin, elə AYO-nun çevik qanadının, o sıradan bizim təcrübəmiz də göstərdi ki, funksional olmaq, gərəklilik oxu üzərində gəlişmək gərəkdir. Odur ki, "Ədəbi həftə” daha çeviklik imkanına malik internet saytlarını təkrarlamadan öz gərəkli oxunu yaratmağa çalışırdı. Siyasət beləydi: hazırda Ədəbiyyat, o sıradan bədiiyyat cəmiyyətə girir – bunun dozası, effekti, mənzərələri necədir; Ədəbiyyat cəmiyyətdən nə alıb arsenalını dəyişir. Deyək: "-izm”lərin arxasınca düşüb ədəbiyyatın sferasını xeyli qədər incəltmiş, estetləşdirmiş, ideyalaşdırmışıq; amma Ədəbiyyat həmişə həyatla nəfəs alır, diqqət etsəz, indi ədəbiyyata maraqda həyat materialına daha çox tələb, cazibə, acgözlük var. Bugün diqqətdə birbaşa həyatı yazan Rövşən Yerfi, Arif  Qasımzadə kimi imzalar var, hətta redaktə ilə də verirdik yazılarını, Mirzə Talıbov da həyatı yazır, üç ay ərzində iki dəfə dərc elədik bu yazarları. Səfər Kəlbixanlının kənd həyatında, Sayman Aruzun ironiyasında, Şahin Əliyevin nəzmlə yazılı hekayətlərində də həyatın nəfəsini gördük, dərc elədik. Deyirik, poeziya dildir; modernizm bu dil axtarışlarını Dilsizliyə qədər abstraktlaşdırdı. Bu tendensiyanı da keçmişə yozmağa tələsmədən (Əli Xəyyama, Xaqani Hassa, Rövşəniyə özümüz üz tutduq), geniş meydanı açdıq poeziyada yenə İnsana, insan və həyatın ahənginə, hər növ təzahürlərinə; Ağamir Cavad, Sultan Mərzili, Vəli Əkbər, Rəbiqə, Elnaz Eyvazlı, Vidadi Qafarlı, Əkbər Qoşalı, Namiq Hacıheydərli, Qələndər Xaçınçaylı, Araz Gündüz, Yalnız İnsan… - peşəkarlıqdan natural təəssüratlara qədər. Burda "hər nə gəldi” siyasətini arayanlar tamam yanılırlar; çünki hər sayın materiallarını redaksiya və mənim fərdi poçtumla yanaşı, geniş internet resurslarına əsasən müəlliflərə pənah aparmağımız da təyin edirdi. Cavidanın, Güntay Gəncalpın, Sevda Sultanovanın fərqli notları "Ədəbi həftə”yə bu cür gəlib-çıxdı. "Debüt”dəki imzalar: Ərşad Məhərrəmli, Tural İrfan, Ramin Allahverdi, Nuranə Rəhimova, Vüsal Məmmədzadə, Səma Babazadə şəxsən mənim təşəbbüsümlə qəzetdə dərc olunublar, əksinə yox…

-         2010-cu ildə bir tənqidçi kimi də ədəbi prosesdə əvvəlki illərdən daha fəal göründünüz. Bunu nə ilə izah etmək olar; söylədiyiniz kimi, gəlişən prosesə daha çox töhfə vermək ehtirası iləmi, ya hansısa başqa səbəblər də var?



-         Bir dəfə də söyləmişəm, prosesdə aktiv qələm işlətdiyim on beş il ərzində çağdaş ədəbiyyatın gəlişməsini bircə an belə nəzərdən qaçırmamağa çalışmışam. Olub ki, gərəksizliyimi görüb cari prosesdən kənara çəkilmiş, ədəbiyyata daha lazımlı bildiyim işlərlə məşğul olmuşam; bircə elə 2006-2009-cu illərdə Tənqid.netin 6 sayında ədəbi prosesin geniş ehtivasını misal çəkmək bəs edər zənnindəyəm. İlin əvvəlində cari ədəbi tənqid müstəvisini xeyli boş, əlacsız, yorğun, şair-yazıçı-publisistlərin burda meydan suladığını gördüm. İnsafən, ədəbi proses gəlişdikcə, yeni ədəbiyyat: romanlar və imzalar irəli gəldikcə tənqidlə peşəkar səviyyədə məşğul olanların da yeri burda görünürdü. Odur ki, əlli yaşın cavanlığını edib, entuziazmımı əsirgəməməyə bir daha qərar verdim…

-         "Ədəbi həftə”nin ilk sayında ictimai sifarişə çevik cavab verən ədəbi mexanizmlər sırasında internet və mətbuatın xidmətilə yanaşı, Müsabiqələrin də adını çəkirdiz. Amma bugün "Azadlıq radiosu”nun Oxu zalındakı materialda Milli Kitab Müsabiqəsinə qarşı xeyli aqressiv görünürsüz. Müsabiqələrə münasibətiniz dəyişibmi?



-         Əsla. Şahidsiniz ki, radionun PEN-klubundakı söhbətdə istər MKM-i, istərsə də Nəsimi müsabiqəsini mən israrla dəstəkləyir, müsabiqələrə meylli olan yazarları burda iştiraka çağırırdım. Yəni ümumən çağdaş prosesdə Müsabiqələrin gərəkliyi danılmazdır; mən bunu Kultazda gedən yazılarımda da əsaslandırmışam. MKM-in təşkilatçısı Nigar xanım Köçərli ilə polemikada da birinci ilin nəticələrini deyil, Müsabiqənin özünü təbliğ etməyə çağırıram. Nəticələr bu və ya digər səbəblərdən xoşagəlməyən ola bilər, əgər bu və ya digər Müsabiqə Ədəbiyyatın və cəmiyyətin, yaxud əksinə: Cəmiyyətin və ədəbiyyatın xeyrinədirsə, təsdiqini və imicini tapacaq. Xeyirsizdirsə, sıradan çıxıb, yerini digərinə verəcək. Bu, audio-söhbətdə belədir. Amma saytdakı vizual materialdan belə çıxır ki, biz Nigar xanımla Qaraqan, ya qeyri-Qaraqan mübahisəsini etmişik. Mən orda bu gənc yazarın heç adını çəkmirəm, müsabiqənin nəticələrindən danışıram. İndiyə qədər olan tənqidi yazılarımdan da bəllidir ki, həmişə gənclərin havadarı olmuşam, amma bu havadarlığın adı yalançı tərif yox, məhz  sərt tənqid olub. Bu başqa bir söhbətdir. Bu məsələdə isə anlamaq gərəkdir ki, Müsabiqə bu və ya digər konkret adların, imzaların yarışması yox, Ədəbiyyatın uğuru üzərində qərar tapmalıdır. O ki qaldı cəmiyyətin sifarişinə, bu halda da dəyərli ədəbiyyata, ciddi Kitaba maraq ümdədir zənnindəyəm; təki Müsabiqə ona bu Kitabı təklif edə bilsin… Və mən Şahbaz Xuduoğlunun o fikri ilə razıyam ki, indiki halda MKM müsabiqəsi yalnız bütün mərhələlərində aşkarlığa söykənərsə, udar. Deyəsən, söhbətin mövzusundan uzaqlaşıram…

-         Əslində, elə də yox. Qarşıdan gələn Ədəbi həftələrin başlıca mövzusu elə bundan ibarət olasıdır - düşünürəm.

-         Görək. Növbəti Nəsimi müsabiqəsində Kultaza uğurlar diləyir, yenə də yeni imzalar üzə çıxaracağına inanıram. Yeni ədəbiyyat İmzalardan başlayır.

Söhbətləşdi: Zahir Əzəmət

Kultaz.Com