Teleaparıcılardan hansı danışa bilir?! - MONİTORİNQ

Teleaparıcılardan hansı danışa bilir?! - MONİTORİNQ

Azərbaycanın teleradio məkanında nitqi ədəbi dilin normalarına uyğun hesab edilən veriliş və aparıcıların adları açıqlanıb

APA-nın xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə əsasən məlum olub ki, ANS TV-də "Növbətçi” - Rəşad Abbasov, "Keçmişə salam” - Fidan Abdulzadə, "Pas Sport”-Amil Hacıyev, "Açıq söhbət” - Elçin Əlibəyli, 102 FM-də "Hər səhər” şousunun aparıcılarından Aytən xanımın nitqi və səsinin tonu, tembri çox qənaətbəxşdir.
 
"ATV Xəbər” aparıcıları Samirə Mustafayevanın nitqi aydındır, Ceyhun Əliyevin aydın diksiyası var. "ATV Səhər”in aparıcısı Turan İbrahimov analitik təfəkkürə malikdir, hadisələri təhlil edib şərh etməkdə yanaşması fərqlidir, müsbətdir. İTV-də "Açıq dərs”in aparıcısı Orxan Cabbarlının aydın diksiyası var, nitqində yayınmalar çox azdır. "Carçı” informasiya proqramının diktoru Günay Namidarın, "TV-R klub”un aparıcısı Günel Hümbətovanın nitqi də normalara uyğundur. "Xəzər” TV-də Anar Nəcəfzadənin nitqi aydındır, dəqiqdir. "Dünyada bu gün”ün aparıcısı Turan Babayevin, "Tərs bucaq” verilişinin aparıcısı Azər Həsrətin nitqi qənaətbəxşdir. "Space” TV-də "Hər gün” informasiya proqramının aparıcıları Şəbnəm Hümbətova və Nərminə Məmmədovanın nitqi qənaətbəxşdir. "Lider” TV-də "Səda” informasiya proqramının aparıcıları Şahin Əliyev və Rəqsanə Məmmədovanın nitqi ədəbi dilin normalarına uyğundur, yayınmalar müşahidə edilmir.
 
Monitorinqin nəticələrinə əsasən, televiziyalarda əksəriyyətinin gənc olması sevindirici haldır. Bu, kanal rəhbərliklərinin gənc nəslə verdiyi qiymət və etimaddır. Onların əksəriyyəti verilişi çox həvəslə, zəhmətlə, sevə-sevə aparır. ATV-də Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, ANS-də Elgiz Əkbər, Rövşanə Bektaşı, İTV-də Saleh Bağırov, "Space”də Mikayıl Güləddinoğlu və başqa aparıcıları bunlara misal göstərmək olar.