TELEVİZİYALARIN “OVQAT” ÇƏKİŞMƏSİ

TELEVİZİYALARIN “OVQAT” ÇƏKİŞMƏSİ

İctimai Televiziya ilə Azərbaycan Televiziyası arasında gərginlik davam edir. İTV AzTV-ni ona məxsus olan “Ovqat” musiqili bədii-ədəbi verilişini oğurlamaqda günahlandırır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəyinə görə, AzTV yanvarın 3-də eyni adlı, eyni formatlı verilişi efirə verməklə bir çox qanunları pozub. Verilişin vaxtilə bu proqramı İTV-də aparmış, indi isə AzTV-nin əməkdaşı olan Səyyarə Məmmədovanın aparıcılığı ilə yayımlandığı da xüsusi qeyd olunur.

İTV-nin ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəisi Tahir Məmmədov APA-ya açıqlamasında deyib: “AzTV “Ovqat” proqramının anonsunu və tam eynisini yayımlamaqla “Reklam haqqında” qanunun müddəalarını, həmçinin “Haqsız rəqabət haqqında” qanunun 3-cü maddəsinin rəqibin təsərrüfat fəaliyyətinin təqlidi, nüfuzdan salınması, fəaliyyətə müdaxilə, haqsız işgüzarlıq davranışı, istehlakçıların çaşdırılması müddəalarını pozub”. Onun sözlərinə görə, bu hadisə “Teleradio haqqında” və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” qanunların da pozulması deməkdir.

İTV nümayəndəsi deyib ki, S.Məmmədova 2007-ci il aprelin 15-də Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi ərizədə hazırladığı “Ovqat” verilişinin müstəsna hüquqlarının İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsus olduğunu göstərib: “Həmin ərizəyə əsasən, Müəllif Hüquqları Agentliyi 2007-ci il aprelin 17-də proqramın müstəsna müəlliflik hüququnun İctimai Teleradioya məxsus olmasını təsdiqləyən şəhadətnaməni şirkətimizə təqdim edib”.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Mövlud Süleymanlı, Gülsüm Əhmədqızı, Möhbəddin Səməd və Səyyarə Məmmədova isə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanova “Ovqat” verilişi ilə bağlı müəllif hüquqlarının qorunmasını xahişi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, hələ 1994-cü ildən bu şirkət “Ovqat” adlı radio verilişi yayımlayır: “1994-cü ildə ölkəmizdə müəllif hüquqları ilə bağlı qanun hələ qəbul edilmədiyi üçün biz verilişlə bağlı hüquqlarımızı təsbit edə bilmədik. Sonradan isə gərgin yaradıcı iş bunu etməyə imkan vermədi. “Ovqat” verilişi indi də hazırlanaraq radio dalğalarında yayımlanır. Verilişin televiziya versiyası da hazırlansa da, bunu həyata keçirə bilmədik. Belə ki, 2006-cı ilin yanvar ayında İctimai Televiziyada eyni adlı “Ovqat” verilişi efirə getməyə başladı. İTV-də yayımlanan “Ovqat” verilişinin adı, ideyası, ssenarisi, forma və məzmunu bütövlükdə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində hazırlanan “Ovqat” radio verilişindən götürülüb”.

“Ovqat”ı əvvəl İTV-də, indi isə AzTV-də aparan Səyyarə Məmmədova K.İmanova ayrıca ərizə ilə də müraciət edib. O, ərizədə bildirir ki, 2007-ci ildə verilişin müstəsna istifadə hüquqlarını İctimai Televiziyaya versə də, müəllif kimi şəxsi hüquqları da var. S.Məmmədova “Ovqat”ın İTV-də ondan sonra hazırlanmış buraxılışlarından adının çıxarılmasını hüquq pozuntusu sayır.

MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ ARAŞDIRMA APARIR

“Bizə daxil olan müraciətlərdə hər iki tərəf “Ovqat” verilişinə müstəsna hüquq sahibliyinə iddia edir”. İctimai Televiziya ilə Azərbaycan Televiziyası arasında “Ovqat” musiqili bədii-ədəbi verilişi üstündə yaranmış gərginliyə münsibət bildirən Müəllif Hüquqları Agentliyi hüquq şöbəsinin müdiri Xudayat Həsənli “Media forum”a belə deyib.

X.Həsənlinin sözlərinə görə, hazırda təqdim olunan müraciətlərə baxılır, hər iki tərəfdən müəyyən sübutlar toplanır: “Dəlilləri müəllif hüquqları baxımından tədqiq edib öyrəndikdən sonra qanuni baxımından öz mövqeyimizi bildirəcəyik”.