Təranə Qurbanlı. Koma (HEKAYƏ)

Təranə Qurbanlı. Koma (HEKAYƏ)

Qəza baş verəndə hiss etdi ki, bu, əvvəlkilərə bənzəmir, başa düşdü ki, hər şey bitib. Nəsə demək istədi, amma yanında heç kim yox idi. Nə demək istədiyini özü də bilmirdi, sadəcə kiməsə bir söz demək ehtiyacı hiss etdi son dəfə. Bir neçə saniyə ərzində fikirləşdi və...

Hospitala yalnız bacısı gəlmişdi, arvadına da  zəng edib demişdilər, amma hələ gözə dəymirdi. Bacısı ondan beş yaş kiçik idi, qardaşı haqqında danışılanlar gəlib qulağına çatırdı. Onun necə adam olduğunu da yaxşı bilirdi,  amma hər halda qardaşı idi, indi burda oturub gözləyərkən dua edirdi ki, ona heç nə olmasın. 

Həkimlər xəstənin komaya düşdüyünü və ayılmaq şansının çox az olduğunu deyəndə bacısı düşündü ki, görəsən komaya düşmək necə olur?

İndi o, öz iş otağında idi, iri cüssəsini yumşaq və təzə kreslosuna yaxaraq oturmuşdu. Stolun üstündə nazirin müəllifi olduğu kitab və kiçik bir dua kitabçası vardı. "Bəlkə namaz qılmağa başlayım?!" deyə fikirləşdi. Nədənsə bu fikir özünə də bir az qəribə göründü. Sonra dostlarından birini yadına saldı – haramzadanın biri idi, amma namaz qılırdı, hələ bu yaxınlarda da  Həccə gedəcək.

Qəza haqda düşünürdü, yəqin yenə nahardan sonra  mürgüləyib və bütün bunları yuxuda görüb. Naharda çox yeyəndə, bir az da araq içəndə həmişə yuxusunu belə qarışdırırdı. Yeyib-içməyi sevirdi. Bəzən bayramlarda idarədə süfrə açıb içər, sonra da hamısı qadın olan işçilərini təbrik bəhanəsiylə tutub öpərdi. 

Yazıq qadınlar qorxularından bir söz deyə bilməzdilər. Öpüşdən imtina eləyən gərək ərizəsini yazıb könüllü işdən çıxaydı, yoxsa tez bir zamanda şərlənib qovulacaqdı.

Bir də baxdı ki, otaqda tək deyil, özündən başqa 15-20 adam var. Bunlar kimdir, niyə gəliblər? "Bəlkə keçən il ixtisar adı ilə işdən çıxartdığım adamlardır? Bu axmaqlar nədənsə duyuq düşüb yəqin."

Heç kim danışmırdı, hamı kefsizcə gözünü ona dikib dayanmışdı. Ona elə  gəldi ki, bu adamları hardasa görüb, tanıyır. Gözünə ilk sataşan sarışın və qamətli xanımı xatırlamağa  çalışdı, yaddaşındakı qadın sifətləri bir-birinə qarışdı. 

Həyatından o qədər qadın gəlib keçmişdi ki, çoxu da sarışın idi.

Yadına düşdü ki, bu qadın işçisi olub bir  vaxtlar. İşə gələn gündən xoşu gəlirdi ondan, tez-tez bir bəhanə ilə otağına çağırırdı. Nəhayət, səbri tükənəndən sonra fikrini qadına dedi və rədd cavabı aldı. Səhəri gün onu işdən azad etdi. Elə sarışın gözəlin də daha burda qalmaq fikri yox idi.

Otağın küncündə dayanan bu cılız kişini də xatırlaya bildi. Bu kişi müharibədə ermənilərə əsir düşmüşdü. Yazığın başına nə oyun gətirmişdilərsə, geri qayıdanda ürəkkeçməyə düçar olmuşdu, tez-tez özündən gedirdi. Aldığı maaşı da müalicəsinə xərcləyirdi. Onu daim dəniz kənarında yerləşən üçmərtəbəli bağ evinin həyətində işlədərdi. 

İşini itirəcəyindən qorxan kasıb və xəstə adam ən pis havalarda belə ona yox deməkdən qorxardı. Bir dəfə güclü qar yağmışdı, bağdakı evin pilləkənlərini qardan təmizləyəndə yenə özündən getdi. Bir az sonra yağmağa başlayan qar yerə uzanıb qalmış kişinin üstünü örtdü, sanki onun üşüməsini istəmirdi. Səhəri gün onu həyətdə qar topasının altından tapdılar. Donub qaxaca dönmüşdü.

Bu adamların arasında incitdiyi, təhqir edib ağlatdığı, bezdirib ərizəsini yazdırdığı başqa qadınları da gördü. Bıy, arvadı da burdadır ki? Onun burda nə işi var? 

Neçə vaxtdır küsülüdürlər, bir yerdə keçən ömürlərinin yarıdan çoxunu küsülü olmuşdular. O, arvadının üzünü bəzən aylarla görməzdi. Bağa köçər, orda məşuqələri ilə vaxt keçirərdi. Nə vaxt qızı üçün darıxdığını hiss etsə, şəhərə evə qayıdardı. Əvvəllər evə qayıtdığı gün qırğın qopardı, sonralar arvadı buna öyrəşdi və ona o qədər nifrət edirdi ki, heç evə dönməsini də istəmirdi. 

Düşünürdü ki, vaxtlı-vaxtında normal yaşaması üçün lazım olan qədər pul versin və cəhənnəm olub hara gedir getsin.

Axı, niyə bu insanlar bu gün burdadır, ondan nə istəyirlər? Niyə ona belə qanlı-qanlı baxırdılar? 

Budur, indi də ona sarı irəliləyirlər. Ürəkkeçməsi olan xəstə kişi irəli keçib onu boğmağa başladı, onda bu qədər güc hardan idi? 

Kişi onu var gücü ilə boğurdu, nəfəsi kəsilmişdi, amma gücünü toplayıb onun əlindən birtəhər çıxdı. İndi də otaqdakı qadınlar üstünə düşmüşdü, toplaşıb onu döyürdülər. Bu nə amansızlıqdı belə, heç yazıqları gəlmirdi ona. Qışqırmaq istəyirdi:" Sizə neyləmişəm, məndən əl çəkin". Amma səsi çıxmırdı, danışa bilmirdi. Çox zəifləmişdi, "yəqin elə bu arvadların əlində öləcəm" deyə düşündü.

Tükənməkdə olan son gücünü toplayıb qadınların əlindən çıxdı, güclə özünü qapıya çatdırdı, bayıra atıldı. Var gücü ilə qaçırdı. Necə oldusa bir gölün kənarına gəlib çıxdı. Aşağı əyilib üzünü yumaq istəyirdi ki, arxadan kimsə onu gölə atdı, başını sudan çıxarıb baxanda keçmiş qonşusunu tanıdı. Bu həmin ev  ustası idi, işləməkdən kobudlaşmış iri əlləri ilə onun piy basmış boynundan yapışıb  suya basırdı. 

Uzun illər əvvəl şəhərdəki evlərindən birini həmin bu ustaya təmir etdirmiş və zəhmət haqqının az bir hissəsini vermişdi. Bəhanəsi bu olmuşdu ki, evi pis təmir etmisən, ona görə də pulunu kəsirəm.

Usta onu suda boğurdu, deyəsən, məqsədi öldürmək idi. Üç ay gecə-gündüz işləyib alacağı pulla xəstə uşağını müalicə  etdirmək istəyən usta ailəsinin yanında üzüqara qalmışdı. İllərdi ki, belə bir məqam axtarırdı, indi onu suda boğub öldürməliydi. Deyəsən, bu son idi, o, bir neçə dəfə çabaladı və yavaş-yavaş sakitləşməyə başladı. Daha müqavimət göstərmirdi, ya  gücü qalmamışdı, ya da bezmişdi bu vurhavurdan.

Həmişə elə bilirdi ki, yaşamağı, həyatdan zövq almağı bacarır. Bəzən dostlarının yanında öz həyat tərziylə öyünürdü - gəzib dolaşdığı qadınların, qazandığı pulların çoxluğunu onlara hiss etdirirdi. Bəzən işə yanına gələn dostlarının, qohumlarının yanında qadın işçilərini incidib təhqir edir və bununla fəxr duyurdu. İnsanları alçaltmaqdan aldığı zövq hissi ona hədsiz dərəcədə əyləncəli görünürdü.

İndi bütün bu zövqü hiss eləmədən, sadə və maraqsız bir həyat üçün də geri qayıtmağa razı idi, təki yaşasın. Amma gec idi, düşdüyü bu yerdən və nə vaxtsa  incidib əzab verdiyi insanların əhatəsindən can qurtarmaq çətin idi. 

Görəsən, nə vaxtsa onu bağışlayacaqdılarmı?

Peşmanlıq hissinin nə olduğunu heç vaxt bilməmişdi, amma kaş hər şey başqa cür olaydı. İçində ürəyinə yaxın bir yerdə yüngül sızıltı var idi, ilk dəfə belə bir hiss keçirirdi. "Geri qayıda bilsəm hər şeyi dəyişəcəm, heç kimnən işim olmayacaq daha. İncitməyəcəyəm adamları, bir də..."

İdarəyə xəbər çatmışdı artıq, işçilər hamısı bir yerə yığışıb sakitcə oturmuşdular. Hamısı nə vaxtsa müdirə qarğış eləmişdi, indi hər biri ürəyində fikirləşirdi ki, yəqin mənim qarğışım tutdu. 
Sevinməyən yalnız göygöz, dolu bir qadın idi, müdirlə arası yaxın olduğuna görə idarədə at oynadardı, günlərlə işə gəlməz, o biri işçiləri adam yerinə qoymazdı. 

"Mənim də işim bitdi, kim bilir, yerinə gələn necə adam olacaq, bəlkə heç məni bəyənmədi?.." Öz halına acıyaraq hönkürüb  ağlamağa başladı, özü üçün ağladığını yalnız özü bilirdi.
Həkim koridorun o başında oturmuş qadına yaxınlaşırdı, bu qısa yolu uzatmağa çalışırdı ki, lazım olan sözləri axtarıb tapsın. Bacısı isə ona tərəf gələn həkimin ağır yerişindən artıq hər şeyi başa düşdü. Həkimin söylədiyi sözləri sakitcə dinlədi, elə eyni sakitliklə də bir az ağladı. Səs-küy salmadı, qışqırıb saçını yolmadı. Fikirləşdi ki, yəqin qismət beləymiş, əcəli çatıbmış...

Arvadı yalnız bir dəfə yas yerinə gəldi. Bir az kədərlənsə də özündə qəribə bir yüngüllük hiss edirdi. Ərinin şəhərin ən yaxşı yerlərində bir neçə evi vardı, fikirləşirdi ki, burdan çıxan kimi maklerlə danışıb evləri kirayə versin...