Təvəkkül Dadaşov. Televiziya izləmə vərdişləri

Təvəkkül Dadaşov. Televiziya izləmə vərdişləri

Azyaşlılara doğru və yanlış arasında seçim etməyi öyrətmək zəruridir

Məlum olduğu kimi, sənayeləşməylə birlikdə ortaya çıxan modern cəmiyyətlər, xüsusilə, şəhərlərdə yeni bir həyat tərzi formalaşdırmağa başladılar. Bu yeni yaşam tərzində modern fərd, ənənəvi cəmiyyətdəki fərdlərin sentimental xarakterli münasibətlərinin əksinə, formal-rasional münasibətlərlə məhdudlaşmaya, nəticədə də tənhalaşmağa başladı. Modern fərdin tənhalığına aparan ən önəmli faktor onun yetişməsində ailənin funksional aspektdən zəifləməsi və rolunun nisbətən azalması oldu.

Müasirliyin yaratdığı yeni ictimai durum hər nə qədər modern fərdin tənhalığına bais oldusa da, ona yeni şərtlər və imkanlar bəxş edərək, tənhalığını aradan qaldırma yollarını da göstərdi. Elmi və texnoloyi inkişaf bu yeni imkanların açılmasında mühüm rol oynadı. Bu texnoloyi inkişafın içində ən diqqətçəkənlərindən biri əlbəttə ki, televiziyanın kəşfidir. Bəşəriyyət televiziyadan əvvəl də bir sıra ünsiyyət vasitələrinə müraciət etmişdi. Ancaq televiziyanın bu vasitələr arasında xüsusi bir yerə sahib olmasının səbəbi yalnızca ünsiyyət obyekti olmasında deyil. Televiziya ünsiyyət imkanı təqdim etməklə yanaşı, məlumatlandırmaq və əyləndirmək kimi əlavə imkanlar da verir. Televiziyanın görüntü əsaslı iş prinsipinə sahib olması, yəni səsdən əlavə görüntüdən də istifadə etməsi onun cəlbediciliyini şərtləndirirdi.

İlk dəfə mütəşəkkil televiziya yayımı 1936-cı ildə İngiltərədə başlamışdı. İngiltərədəki bu ilk yayımdan dərhal sonra televiziya başda ABŞ və digər Qərb dövlətləri olmaqla, sürətlə dünyanın bir çox ölkəsinə yayıldı. Elmi və texnoloyi inkişaf televiziyanın daha da inkişaf etməsinə gətirib çıxarmaqla onu insanlığın ayrılmaz hissəsinə çevirdi. Televiziyanın kütləvi yayılmasında onun bir deyil, bir neçə funksiyanı özündə ehtiva etməsi də mühüm rol oynayırdı. İnsanlar artıq televiziya vasitəsilə məlumat və xəbərlərlə tanış olmaq, təhsil və mədəniyyət səviyyələrini yüksəltmək və bundan başqa, boş vaxtlarında xoş vaxt keçirib əylənmək imkanına malik idilər. Televiziyanın daha geniş populyarlıq qazanmasının digər bir səbəbi isə televiziya izləmənin pul xərcləmək, savadlı olmaq, elitar mədəniyyətə sahib olmaq və gündəlik yaşam məkanlarını dəyişdirmək kimi bir sıra çətinliklərinin olmamasıdır. Bu gün televiziya izləyiciləri arasında bütün yaş qrupları təmsil olunur. Lakin tamaşaçı kütləsinin tərkibində uşaqların payı daha çoxdur. Yetkinlik yaşına çatmışlar televiziyanın təsirinə nisbətən şüurlu reaksiya verə bilirlər. Lakin azyaşlılar televiziyanın təsirinə şüurlu reaksiya verəcək qədər yetkinliyə malik olmadığından onlarla bağlı məsələ həmişə diqqət mərkəzində olur. Televiziyada yayımlanan bu və ya digər yayımlar tamaşaçıya müxtəlif mesaylar ötürür ki, buna da əsasən azyaşlı təbəqə daha çox məruz qalır. Bu həm müsbət, həm də mənfi xarakterli ola bilir.

Buna görədir ki, televiziya izləmə fəaliyyəti şüurlu mənimsəmə dövrünü zəruri edir. Televiziya izləmə prosesində azyaşlıları daha şüurlu etmək üçün onları televiziyanın mənfi təsirləri ilə bağlı məlumatlandırmaq vacibdir. Digər tərəfdən, uşaqlara doğru və yanlış arasında seçim etməyi də öyrətmək zəruridir.

Televiziya izləmə vərdişləri bütün insanlarda eyni cür formalaşa bilməz. İnsanların yaş, cinsiyyət və təhsil fərqləri onların televiziya izləmə vərdişlərinə də təsir edir. Bundan başqa, zəka, ictimai təbəqə, ətraf təsirlər və dost-tanışın da televiziya izləmə vərdişlərinə təsiri qaçılmazdır. Bu faktorlar insanın günlük televiziya izləmə həcminə təsir etdiyi kimi, onların gün ərzində hansı saatlarda televiziya qarşısında oturmalarına da təsir edir. Eyni faktorlar insanın hansı səbəblərdən televiziya izlədiklərini, televiziyada hansı məzmunlu proqramlara üstünlük verdiklərini və ya bu proqramlardan necə təsirləndiklərini də ortaya qoya bilir. Həmçinin yuxarıda qeyd olunan faktorlar, yəni yaş, cins və təhsil səviyyəsi insanların izlədikləri veriliş və proqram qarşısındakı reaksiyalarını da müəyyənləşdirir. Məsələn, qadın və kişilərin ailədə televiziya izləmə davranışları arasındakı fərqləri müəyyənləşdirən bir araşdırmaya görə, qadın izləyicilər ev işləri ilə məşğul olmaqla bərabər, həm də televiziya izləyirlər. Bu zaman onlar əsasən televiziyanın səsinə qulaq asırlar. Yalnız televiziyanın səsindən önəmli bir məsələ olduğunu hiss edən zaman onun qarşısına keçirlər. Digər bir araşdırmaya görə isə kişilər televiziya proqramlarını daha çox və diqqətlə izlədikləri halda qadınlar öz aralarında proqramlarda müşahidə etdiklərini onlardan daha çox müzakirələr edirlər. Beləliklə, görünür ki, kişilər qadınlara nisbətdə televiziya izlərkən daha diqqətli olurlar. Ancaq bu, şübhəsiz ki, kişi ilə qadın arasındakı bioloyi fərqlərdən deyil, əsasən onların öhdəlikləri və onlardan gözləntilərlə əlaqədar olaraq ictimai məzmunlu fərqlərdir. Yəni qadınlarla kişilər arasında televiziya izləmə vərdişləri baxımından ciddi fərqlər vardır. Eyni şəkildə uşaqlarla gənclər, gənclərlə orta yaşlılar, orta yaşlılarla yaşlı insanlar arasında televiziya izləmə vərdişlərində böyük fərqlər var. Qeyd olunduğu kimi, təhsillə bağlı olan fərqlər də televiziya izləmədə özünü büruzə verir. Bu istiqamətdə xeyli tədqiqat aparılıb. Bu araşdırmaların ortaq məxrəci dünyanın hər yerində televiziyanın təbii səbəbdən təhsil səviyyələri hələ aşağı olan azyaşlılara böyük bir ölçüdə təsir etdiyini göstərir. Çünki bir daha qeyd edək ki, onlar efirdə yayımlanan proqramların mahiyyətini dərk edəcək qədər yetkin şüura sahib olmamaqla bərabər, həm də kifayət qədər biliklərə də sahib deyillər.

Məlum olduğu kimi, insanın inkişafının və sosiallaşmasının baş verdiyi ilk qurum ailədir. Sosiallaşma müxtəlif mərhələlərdə və mühitlərdə ortaya çıxan bir faktordur. Ailə və məktəb kimi qurumlar və bir sıra digər mühit və təsir vasitələri sosiallaşmanın "rıçaq"ları hesab olunur. Uşaq böyüdükcə ana-atanın yerini dostlar, yoldaşlar tutur. Uşaqla ana-ata münasibətləri ilə yanaşı, uşağın ailədən kənardakı insanlardan da nümunə götürməsi baş verir ki, bu da normaldır. Bu insanlar televiziyada görünən personaylar da ola bilər. Get-gedə uşağın gözündə "ideal insan" xüsusiyyətləri dəyişir. Uşaq böyüdükcə beynində formalaşmış "xeyirxahlıq", "mehribanlıq" kimi insani xüsusiyyətlər yerini "şöhrət" ilə "zənginlik" kimi yeni anlayışlara verir.

Televiziyadan öyrənilənlər gündəlik həyatda rahatlıqla tətbiq oluna bilir. Buna görə də televiziyanın müsbət və mənfi təsirinin olduğu qətidir. Televiziyanın yeni dəyərlərin qazanılmasında və ya davranışların müəyyənləşdirilməsində güclü təsiri danılmazdır. Psixoloq Elenor Maccobiyə görə, uşaqların davranış və inanclarını televiziyada gördüklərilə formalaşdırdığına inanmaq üçün yetərli səbəblər var. Özlərini gələcək həyata hazırlayarkən də televiziyadan az təsirlənmirlər.

Lakin bir faktı da qeyd etmək lazımdır ki, televiziya tam bir vasitə olaraq təkbaşına heç bir dəyər kəsb edə bilməz. Televiziya ancaq ona məzmun qazandıranlar vasitəsilə dəyərə minir.

Televiziya istifadə edənlərin ondan hansı məqsədlərlə yararlanması ilə xarakterizə oluna bilər. Bu da o deməkdir ki, televiziya özlüyündə nə birmənalı yaxşıdır, nə də ki pis. Onu pis və ya yaxşı edən ondan istifadə formasıdır. Televiziya xoş niyyətlər üçün istifadə edildikdə o, xeyirxah, neqativ niyyətlər üçün istifadə ediləndə isə ziyankar mahiyyət kəsb edir. Lakin bu gün televiziya tək bu aspektdən deyil, digər prizmalardan tənqid olunur. Çünki televiziyaya təkcə müsbət və ya mənfi mesaylar ötürən bir vasitə kimi yox, həm də vaxt aparan, insanlararası münasibətləri azaldan və passivləşdirən bir vasitə kimi də yanaşılır.

Ümumiyyətlə, televiziyanın insanları pis vərdişlərə yönəltdiyi, bu vərdişlərin yayılmasındakı təşviqedici rolu danılmazdır. Televiziyanın bu istiqamətdəki təsiri, qeyd edildiyi kimi, xüsusilə azyaşlılar üzərində özünü göstərir. Azyaşlılar efirdə gördüklərini saf-çürük etmədən təqlidetmə xüsusiyyətlərinə görə televiziyanın ən böyük təsirinə onlar məruz qalır. Bu istiqamətdə əsas narahatçılıq televiziyanın yetkinlik yaşına çatmayanlarda zorakılıq, cinsi istismar, mədəni aşınma, şüursuz istehlak vərdişlərini formalaşdıra bilmək ehtimalı ilə bağlıdır.

Televiziyanın uşaqlar üzərindəki ən açıq mənfi təsiri onları zorakılığa meyilləndirməklə bağlıdır. Sirr deyil ki, uşaqlar zorakılıq səhnələrindən hamıdan daha tez təsirlənirlər. Xüsusilə də onların reallıqla uydurma arasındakı fərqi ayırd edə bilməmələri də uşaqların zorakılığa meyillənməsinə səbəb olur. Cizgi filmlərindən bədii filmlərədək bir çox televiziya proqramında zorakı məzmunlu ünsürlərin olması və bu məzmunun film qəhrəmanları vasitəsilə ideallaşdırılması, azyaşlıları onları təqlid etməyə həvəsləndirir. Zorakılıq filmlərdə geniş bir şəkildə problemlərdən çıxış yolu olaraq təqdim edildikcə, uşaqlar zorakılığa daha da meyillənirlər. Başqa sözlə, uşaqlara elə gəlir ki, "yaxşılar" da, "pis"lər də problemlərini həll etmək, məqsədlərinə çatmaq üçün zorakılıq yolunu seçirlər. Beləliklə də, zorakılıq istənilən nəticələrə nail olmaq üçün ən uyğun yol kimi təqdim edilir.

Televiziyanın mənfi tərəflərindən biri də nəzarətsizlik şəraitində çox zaman əxlaq qaydalarını nəzərə almamasıdır. Cinsi məzmunlu yayımlar əxlaqi deformasiyanın ən əhəmiyyətli vasitələrindən biridir. Yenə də təbii ki, bu yayımların ən çox mənfi təsir göstərdiyi uşaqlardır. Sözügedən məzmunda efir məhsullarına maqazin verilişləri, əyləncəli verilişlər, bədii filmlər, hətta bəzi cizgi filmləri və reklamlar da aiddir. Bütün bu tip proqramlar isə azyaşlıların normal mənəvi inkişafına ciddi neqativ təsir göstərir. Cinsi məzmunlu yayımlar əxlaqi deqradasiya ilə yanaşı, cinsi təcavüzkarlığın genişlənməsinə də gətirib çıxarır. Amerikada aparılmış araşdırmalar sübut etmişdir ki, cinsi zorakılıqların əsas səbəblərindən biri televiziya yayımlarıdır. Məhz bütün bunları nəzərə alaraq, televiziyalar ictimai dəyərlər və əxlaqi prinsipləri nəzərə almaqla yayım həyata keçirməlidirlər.

Ümumiyyətlə, televiziya son dövrlər cəmiyyətin mədəni sferasının mühüm komponentlərindən birinə çevrilib. O həm müasir mədəniyyətin yaradılması prosesində iştirak edir, həm də onun daşıyıcısı funksiyasını yerinə yetirir. Belə ki, hər bir ölkəyə məxsus televiziyanı izləməklə həmin ölkənin cəmiyyətinin mədəni səviyyəsi haqqında fikir yürütmək mümkündür. Televiziyanın mədəniyyətin aparıcı komponenti olmaqla bərabər, cəmiyyətdə mədəni deqradasiyanın baş verməsində də rolu yüksəlməkdədir. Son dövrlər televiziya kütlənin mədəni səviyyəsini qaldırmaq əvəzinə, özü kütlə mədəniyyəti səviyyəsinə enir və ona hesablanmış yayımlar həyata keçirməkdədir. Məhz bu tendensiya ciddi narahatçılıq doğurmaqdadır.

Qeyd olunan tendensiyanın kökü isə ciddi səbəblərlə bağlıdır ki, bu səbəbləri də aradan qaldırmaq inqilabi dəyişiklik tələb edir. Belə ki, məlum olduğu kimi, müasir dövrdə televiziya artıq tam bir biznes sahəsinə çevrilib. Biznesdə isə tələb və təklif amili hər şeydən üstündür. Beləliklə də, televiziya cəmiyyətin böyük bir hissəsinin tələblərinə cavab verməyə, yəni onların istəklərinə və zövqlərinə uyğun proqramlar yayımlamağa meyil edir. Bu mənada televiziyanın proqram keyfiyyətinin və məzmun səviyyəsinin yüksəlməsi üçün cəmiyyətin ümumi mədəni səviyyəsinin artması vacib amildir.

Təvəkkül Dadaşov
Milli Televiziya və Radio Şurasının
Ekpertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri