Tofiq Abdin. ŞAİR QULU AĞSƏSƏ MİNNƏTDARLIQLA

Tofiq Abdin. ŞAİR QULU AĞSƏSƏ MİNNƏTDARLIQLA

Rəbiqənin şeirləri üstündə (Tənqid Həftəsi)

Mövzuya Ön Söz

Ədəbi camiəmizin bir çox yaradıcılarının fikrincə ədəbi əsərlər yalnız və yalnız onların başçılıq etdiyi bir təşkilatda yaranır, onların üzünə başı aşağı baxan qələm sahiblərinin yazdığı şeylərdir. Bu təşkilatın çatısı altında olmayan yaradıcı insanların - orta və gənc nəslin yaratdıqları onların diqqətindən qıraqdadır və nə qədər olmasa da, onlar bu yaradıcı insanların yazdıqlarını heç cür yaxın buraxmırlar və bu da təbii ki, onları incitməyə bilməz. O yaradıcı insanlar da heç kəsi veclərinə almayaraq öz işlərini görürlər və onların da əlinin altında qəzet və jurnallar var. Həmin qəzet və jurnallarda bu yazarların çox gözəl əsərləri çap olunur və rəsmi ədəbi ictimaiyyət onları yaxın buraxmasa da, mən bilən bunun artıq bir sonu olmalıdır. Və bu sona doğru da addımlamaq artıq başlamışdır. Mən şəxsən bu fikirdəyəm ki, rəsmi təşkilatdan qıraqda olan bu gənc və orta nəslin yaradıcıları artıq özlərinin diqtələrini etməkdədirlər. Get-gedə onların da tutduğu mövqe və yer özünü müştəbeh göstərən ədəbi təşkilatın insanları tərəfindən qəbullanır. Və bütün bunlara görə də bəzən ədalətsiz şeylər baş verir :ölkəmizdən qıraqda olan hər bir ədəbi yarışa və ədəbi müzakirəyə yalnız və yalnız RƏSMİ yazarlar təşkilatı İÇİNDƏ olan adamların getmək icazəsi var. Gedin, insaf xatirinə bir soruşun, görün, son illərdə ədəbi yaradıcılığa aid keçirilən hər hansı kiçik bir toplantı da daxil, ora gedənlər kimlərdir? Ancaq və ancaq dörd-beş adamdan ibarət bir qrupun siyahısını sizə göstərə bilərlər. Lap bu yaxınlarda Ukraynada keçirilən nə bilim nə iclasında iştirakçılar yenə də, üç-dörd nəfər və bizim həmişə bildiymiz insanlar.
Baxın, mənim heç zaman bu toplantılarda gözüm olmayıb, amma məni incidən odur ki, böyük bir ədəbi nəsil, o nəsil ki, artıq üzləri qərbədir, onlar, bəzilərinin ifadəsincə desək, Biləcəridən o yana keçmək məqamını əldə edə bilmirlər.
Bir film var, ŞURİKİN MACƏRALARI. Həmin filmdə çox enteresan bir epizod var: türmədə olan insanları bir sıraya düzürlər və onlara müxtəlif işlər təklif edirlər. Yekəpərin biri hər təklifdə sinəsini irəli verir: MƏN... MƏN... MƏƏN...
Həqiqətən də bu çox əndazəsiz və düşündürməyə məcbur edən bir epizod eynən bizim rəsmi yaradıcı təşkilatın həyatında baş verir.
İndi bu, mühafizəkarlıq və ya özlərindən müştəbehlik deyil bəs nədir? Hara getmək lazımdırsa, ora getmək üçün gələn təkliflər ancaq və ancaq öz içlərindən olan insanlar üçündür. Bir mahnı var, orada deyildiyi kimi

  Lilparlı bulağa sən mənimlə get
Yaxına uzağa sən mənimlə get

Demək olar ki, sadalanır : hər yerə sən mənimlə get.

   Amma
Bir gün bu dünyadan köçəsi olsam
Tək onda demərəm sən mənimlə get.

Amma bu insanların içindən belə bir şey də keçir: cəhənnəmə getmək lazımdırsa, inanın ki, bu adamlar təkcə onda deməzlər bəlkə bizimlə gedəsən və heç getməzlər də...
Və bu baxımdan ədəbi camiəmizədə möhürlü təşkilatın qartımış insanlarından qırağa olan böyük bir əbədi qüvvəylə bu məmləkətin insanları deyilmiş kimi davranmağın anlamını başa düşmək çox zordur.

RƏSMİ ƏDƏBİ ALƏMDƏN QIRAQDA YARANANLAR

Bütün bunlara baxmayaraq, mən çox az hallarda oxuduğum "ULDUZ" jurnalının son nömrələrindən birində bir xanımın şeirləri gözümə dəydi və mən həmin şeirləri çox diqqətlə oxudum. Yazar camiəmizin insanlarından birini şeir necə bezdiribsə, bir dəfə dedi ki, vallah, iyirmi birinci əsrdə də şeir yazarlar? Özü də nə şeir.
Mən bu insanın fikirləri ilə tam razıyam, baxmayaraq ki, burada incə bir yaxlaşım da var: mən də şair olaraq anlayıram ki, həqiqətən əsr artıq şeir əsri deyil. İndi əsl şeir yazmaq üçün hünər lazımdır, hünər lazımdır o mənada ki, qınaqlardan yaxa qurtarmaq çox çətindir. Çünki hələlik hamı ağlını itirməyib, bu dünyaya ağlın gözüylə baxan insanlar var hələ.
Təbii, mən yazmıram deyə, kimsə yazmamalıdır kimi bir yanaşmanın özü də qəbul olunmazdır. Şairlik missiyası artıq bir vaxtların missiyası deyil, bütün bunlara baxmayaraq, bənzətmə bir az caiz olmasa da, böyük Kür Çayının lilli suları içində gözəl-göyçək ağ balıq deyilən bir balığın olduğu da məlum. Və indiki zamanda onun dəyərinin də böyük olduğu ortada. Bax, indi şeirin ortalığı başına alıb götürdüyü bir vaxtda məhz saf şeirlərin yarandığını da danmaq olmaz. Belə bir şeir məkanında bir də görürsən ki, səni sevindirən bir imza da ortaya çıxdı və bunun bu vaxta qədər harada olduğundan xəbərin olmasa da, o imzanın yaratdığı şeirlər səni sevindirir.
Yuxarıda adı keçən jurnalın 2008-ci il birinci nömrəsində bir imza qarşıma çıxır və o imzanı daşıyan şəklə ha baxıram, tanıya bilmirəm və maraqla birinci misradan son misrasına qədər oxuyuram və jurnalı qırağa qoyuram. Bu imzanın kimin olduğunu öyrənmək istəyirəm, məlum olur ki, bu şeirləri jurnala şair Qulu Ağsəs təqdim edib.
Qulu Ağsəs öz zövqü, öz düşüncəsi olan və çox çağdaş şair və o öz imzasının qədrini bilən bir ədəbiyyat insanı, həm də o hər kəsi təqdim etməz, hətta imzasını gizləmiş olsa da belə. Rəbiqənin şeirləri də məncə orda qazanıb ki, uğurlu yolsuz, Ağsəs kimi bir şairin zövq süzgəcindən keçərək ortalığa çıxıb. Onun şerləri bu şeir burulğanında daha diblərə yox, məhz üzə çıxaraq özünü tanıtmışdır.
Rəbiqənin şeirlərini oxuduqda, həqiqətən bir çoxunun qiymətləndirmədiyi rəsmi ədəbi camiənin dışında da baxırsan çox gözəl ədəbi nümunələrin yarandığı tam anlamında diqqəti çəkir, rəsmi ədəbi camiənin yaradıcılarını əsil mənada silkələyir və onları xəbərdarlıq edir və həm də həmin adamları durğunluqdan qurtarır.
Rəbiqənin şeir aksenti bəzən sənə tanış gəlsə, hətta böyük şair Nazim Hikmətin şeir ovqatını yada salsa da ( məs:

SƏNİ DÜŞÜNMƏK ŞEİR YAZMAQDI
RİTMİ GÖZLƏYƏK
MAHNI DİNLƏMƏKDİ
SƏNİ DÜŞÜNMƏK
TONU QALDIRMA...)

bu şeirlərin yalnız ona məxsusluğu oxucunu ələ alır. İstər-istəməz şeir burulğanında yeni bir ab-havanın içinə düşürsən və şeirin hələ də var olduğuna inanırsan:

Heç ağlatmadılar məni
sevib atmadılar məni
Yüz yalvardım bir söz üçün
eh, aldatmadılar məni
mənim sevdiyim adamlar

Bir az uzaqda tutdular
gözdən iraqda tutdular,
Aldatmaq istəmədilər.
Bəri başdan unutdular
Mənim sevdiyim adamlar.

Hərəsi bir yana getdi,
uzağa-yaxına getdi.
Mənə qalsa buraxmazdım
qoşulub axına getdi
mənim sevdiyim adamlar.

Rəbiqənin şeirlərinin özəlliyi odur ki, həmin jurnalda və jurnalın mən izlədiyim nömrələrində çap olunan başqa şeirlərin içindən boy verib görünür və bir başqa düşüncənin məhsulu olduğu o saat diqqəti çəkir. Yox, şeir yazmaq heç zaman gec olmur, ta ki müəyyən ömür yolu əldə edənə qədər və daha sonra artıq gərək yerini verəsən bax məhz Rəbiqə kimi şeir yazanlara, çünki artıq bu imzalar ayrı bir dünyanı, ayrı düşüncəni gətirirlər. Doğrudur, Amerika kəşf etmirlər, amma Rəbiqə şeirinin ifadə etdiyi ovqat, duyum ən azından ( müqayisə üçün üzr istəyirəm) həmin nömrədə çap olunan

Kasıbçılıq içində
Hərlənib bulanırdım? (?????????)
Şəhərə ət gətirib
Bir təhər dolanırdım

düşüncəsindən nə qədər fərqli və gözəl olması ortada.
Rəbiqənin bu yeni düşüncə, yeni baxım ovqatının içində bəzi şeylər nəyisə xatırlatsa da, heç olmasa daha istedadlı şeyləri yada salır, insan ruhuna toxunan anlara dönürsən. Məsələn Rəbiqənin bir şeirində oxuyuruq:

Siqaret kötükləri səpələnib hər yana
Kötüklərdə sənin vurduğun ətrin qoxusu
Əllərinin izi,
Dodaqlarının izi var kötüklərdə.
Onlara baxıb gülümsəyirəm...
Mənə elə gəlir ki,
Səndən çox
Çəkib yerə atdığın
Siqaret kötüklərini istəyirəm.

Bu şeiri oxuduqda Blokla Andrey Belıy arasında bir xanım üçün yaşananlar gəlib hafizəmin çoxdan üstü örtülmüş bir qismindəki mənə xoş olan şeyi üzə çıxardı.
Məncə belə ki, Blokun qadını Belıya vurulur, Blok da bunu bilir və bu anı yazan yazar belə bir müşahidəni yada salır : Blokun xanımı Belıy getdikdən sonra onun çəkib külqabına qoyduğu papirosun kötüyünü götürüb oxşayır və onu dodaqlarına yaxınlaşdırırdı.
Son vaxtlarda şeirə gələn bir çox xanım şairlərimizin cəsarəti bir çox insanı rəncidə edir.
Rəbiqənin şeirlərində də güclü bir etiraf və güclü bir poetik müşahidə var ki, bunu bizim şerimizin çoxdan baş alıb bu günə gələn yollarında görmək çox çətindir. Etiraf poeziyanın gücüdür və məhz Rəqibənin şeirlərində cəsarətli etiraf bunu bizə diqtə edir:

Uçurdun məni...
çox göyə qalxmağa
qoymadı külək...
üzümə vurma
səhvimi bilirəm-
yerə düşüb,
ayaqlarına dolaşmayaydım gərək...

(məncə burada ikinci misradakı ÇOX sözü artıqdır. Şair Qulu Ağsəsin gözündən yayınmış ola bilir bu. Bəlkə də yox.)
Son söz olaraq: demək yaxşı şeylər yazılır və bu yaxşı şeyləri tapıb təqdim etmək, əlində imkan olan yaradıcıların insafına qalır. Mən inanıram ki, şair Qulu Ağsəs yarım imtiyaz sahibi kimi ( özü demişkən) belə gözəl bir şairi təqdim edirsə, daha çox işlər görə bilər.Və nədən həmin jurnalda Sumqayıt şairləri İbrahim İlyaslının təqdimatında yer aldığı reklam olunursa şair Qulu Ağsəsin təqdimatı yalnız ona yaxın ədəbiyyat insanlarına məlum olsun.