"Tolstoy saqqalı ilə maraqlı deyil" - MÜSAHİBƏ

Tanınmış gürcü rəssamı Koka Ramişvilinin  90-cı illərdə İsveçrəyə köçüb. Onun adı Avropa art-səhnəsinə yaxşı məlumdur. Onun işləri Avropanın iri qalereyelarında sərgilənir, o, beynəlxalq layihələrdə və biennalelərdə iştirak edir. Rəssamlıqdan başqa, Koko Ramişvili foto və video çəkilişlərlə də məşğuldur, onun kadrları kəskinliyi və aktuallığı ilə seçilir (belə məşhur layihələr sırasında 1991–1992-ci illəri əhatə edən "War from My Window” fotosilsiləsi və  1998-ci ildəki "Pronostic Eventuel” videolayihəsi, dəyişən dünyaya həsr olunmuş "Change” (2005) filmi və s. də var).
"Kiçik QalArt” qalereyasının sahibi, "Art Ex East” fondunun həmtəsisçisi Olivye Mestelanın dəvətiləBakıda  iştirak etdiyi tədbir üçün rəssam xüsusi rəsmlər çəkib.

Sərgi ərəfəsində ANN.Az-ın müxbiri qalereyada hazırlıq işləri aparan rəssamla görüşüb. Söhbət necəsə siyasətdən, benəlxalq münasibətlərdən və müharibədən başlayıb, amma əsas mövzu da diqqətdən kənarda qalmayıb.

- Gəlin daha sadə mətləblərdən danışaq. Məsələn, sənətdən. Hərçənd sənəti heç cür sadə mətləblərə aid etmək olmaz.

- Bilirsiniz, hansısa dərəcədə o, çox sadədir. Ananın, istənilən sevimli adamın toxunuşu qədər sadə. Eyni zamanda çox mürəkkəbdir.

-Elə sevginin özü kimi.

-Bəli, bununla razılaşmaya bilmirəm…

-Zaldakı çəkillər çox maraqlı tərzdə düzülüb.

- Bilirsiz, şəkil nümayişində ən vacib olan nədir? Məkan! Ən gözəl şəkil düzgün yerdə qoyulmayıbsa, heç bir təəssürat yaratmayacaq. Axı məkan şəkili bəzəyir, şəkil məkanı yox. Bəzi rəssamlar düşünürlər ki, şedevrlər yaradıblarsa, bu yetərlidir. Amma bu şedevrə yetərli məkan lazımdır və bu, əvvəllər olduğundan daha vacib məsələdir. Bir divarda çoxlu əsər asmaq olar və baxanlar da deyərlər ki, necə məhsuldar rəssamdır (gülür). Amma bu, düzgün deyil. Axı əsas olan şəkillər yox, onların arasındakı məkan, onların necə görünmələri, hansı kompozisiyanı təşkil etmələridir. Məsələn, Almaniyada muzeylərin birində sərgi keçirilirdi. Ən çox yadda qalan eksponatlar Rodenin yaratdığı heykəl və Van Qoqun qələmindən çıxan portret idi. Bu əsərlər ayrı-ayrı zallarda tək-tək nümayiş olunurdu. Məkan, düzgün işıqlandırma və düzgün seçilən yer – insanlar əsərin qarşısında dayanıb fikirləşirdilər. Məsələn, Puşkin muzeyində şəkillər arasında cəmi 20 santimetr məsafə var. Bizə artıq daha çox genişlik, azadlıq lazımdır, biz dəyişmişik. Bu gün bizim üşüm prioritet məkandır. əlbəttə ki, hamı iri pəncərələri olan evdə yaşamaq istəyir. Axı bu daha çox hava, daha çox işıq deməkdir! Avropada bunu çoxdan anlayıblar. Heç kəsin xətrinə dəymək istəmirəm, amma postsovet məkanı bu planda 60 il geri qalır.

- Yəni Sovet İttifaqının dağılmasından sonra biz heç nəyə nail olmamışıq? Heç bir irəliləyiş yoxdur?

- Yox, şübhəsiz ki, irəliləyiş var. Yeri gəlmişkən, sobet dövründə bizim sənətin ümidsizcəsinə geri qaldığını düşünmək düzgün deyil. Əksinə, o zaman sənətdə fəallıq vardı. Mən deyərdim ki, sənət inkişaf edirdi…

- Bildiyimə görə, hazırda Cenevrədə yaşayırsınız.  

- Cenevrədə, Tbilisidə. Orada mən akademiyada dərs verirəm, çoxlu tələbələrim var. Öz biliklərimi, təcrübəmi, gördüklərimi onlarla bölüşürəm. Onlara ədalətli olmağı öyrtəmək istəyirəm.

- Əsərləriniz və onların mətbuatda əksi Sizin daha çox siyasi rəssam olduğunuzu deməyə əsas verir.

- Ümumiyyətlə, elədir, mən siyasətə çox diqqət ayırıram.

- Bunu hiss elədim…

- Bəli, siyasət – bu daimi qarşıdurmadır, hüdudsuz dramaturgiyadır, böhrandır, emosiya və hisslər burulğanıdır. Hər bir insan buna reaksiya verməlidir. Əsl rəssam isə, əgər o doğrudan da, əsl rəssamdırsa, nəsə eləməyə məhkumdur! Ölkədə vacib hadisələr baş verəndə susmaq olmaz! Susmaq olmaz, nəsə demək lazımdır, lənət şeytana!

-Yəni, hərə öz bacardığını etməlidir?

- Bəli! Hərə bu həyatda nəsə iz qoymalıdır. Fərqi yoxdur nə – ağac, fotoşəkil, portret, ailə, nə olsa…

- Yəni səni xatırladacaq nəsə?

- Yox, səni yox, sənin hadisələrə yanaşmanı… Sən özün yox, sənin yanaşman maraqlıdır. Əsas olan budur. Biz maraqlıyıq, çünki bizi başqalarından fərqləndirən fikirlərimiz var. Eyni cür fikirləşən iki adam mövcud deyil. Əgər biz susub otursaq, bu, maraqlı olmaz. Bizim nə düşündüyümüz, nə çəkdiyimiz maraqlıdır. Tolstoy saqqalı ilə maraqlı deyil ki?! Yox, yazdığı ilə, həyata baxışı ilə… Maraqlı olan budur! Belə bir kəlam var – əgər yaza bilmirsənsə, yazma, əgər yazmaya bilmirsənsə, mütləq yazmalısan, yoxsa dəli olarsan…

- Bu zaldakı rəsmləriniz arasında aeroportlar xüsusi seçilir.

- Bəli, aeroportlar gözəldir. Orada heç nə yoxdur, amma eyni zamanda orada hər şey var. Onlar "Makdonalds”lar  kimi, Cenevrədə də, Tbilisidə də – dünyanın hər yerində eynidirlər. Mən "Makdonalds”ları sevirəm. Mən aeroportları da sevirəm – orada bizim daha azad olduğumuz neytral zonalar var. Orada uçmaq imkanı var. Aeroportlarda sən həmişə ya uçursan, ya enirsən. Uçuşla eniş arasında isə, sən heç bir yerdə deyilsən. Hələ bura çatmamısan, amma orada da deyilsən.

-Siz aeroportları elə romantik şəkildə təsvir etdiniz ki…

- Bilmirəm… Romantikdir… Mən bu sözü o qədər də sevmirəm, indi ona başqa məna veriblər. Aeroportu mən romantika adlandırmazdım, bu daha çox poeziyadır.

- Siz siyasi qarşıdurmalardan tutmuş hərbi əməliyyatlaradək fərqli şeyləri çəkmisiniz.  Siz nəyi çəkməyi, daha doğrusu, nəyi göstərməyi sevirsiniz?

- (fikirləşir) İlham verən hər şeyi. İlhamı isə mən təbiətdən, günəşin doğuşu, dram, faciə, əlaqəsizlik, səhvlər, yanlış addımlar, çarəsizlik, məğlubiyyət, itkidən alıram. Məni ilhamlandıran hər şey mənə maraqlıdır.

- Nəsə bir az kədərli səsləndi…

- Bəs necə! Siz nə istəyirsiniz, istəyirsiniz şən olsun? Mən hamını şənləndirə biləcək kloun deyiləm. Məni marginal şeylər cəlb edir. Mən rəssamam, öz tələbələrimi hamının baxdığı yerə deyil, əks istiqamətə baxmağı öyrədirəm. Orada axtarmaq lazımdır, bu çox vacibdir. Əgər sən rəssam deyilsənsə, hamının baxdığı yerə baxacaqsan və hamının xoşuna gələn səni də hipnoz edəcək.

- (Ağ-qara əsərlərin sərgiləndiyi digər zala keçirik, daha çox qaranlıq zalda ağ ekrandakı təsvirlər gözə dəyir) Bu zaldakı əsərlərdən belə görünür ki, siz köhnəliyi və ağ-qara rəng ahəngini sevirsiniz…

- Yox, kinoda mən hər şeyi sevirəm. Kinoda sanki iynə üstündə otururam (gülümsəyir). Ümumiyyətlə, son zamanlar hiss eləmişəm ki, demək olar ki, mütaliə etmirəm, bütün günü filmə baxıram.

-Nə olsa baxırsınız, yoxsa müəyyən tərcihləriniz var?

-Yox-yox, mənim öz repertuarım var – fantastika, detektiv, dəhşət filmləri.

- Sonuncu baxdığınız ən çox nəyi bəyənirsiniz?

- İki belə film oldu. Biri Freyd və Yung barədə olan "Təhlükəli üsul” – əla filmdir! Modernizm mövzusunu bu cür açmaq!… İkinci film "Risqin son həddi” – məni dəli elədi.

- Siz özünüz də kinematoqrafiyaya yaxın adamsınız…

- Hə, belə demək olar. Mən bu sahədə yalnız bir il oxumuşam…

- Sizin üçün vacib olan nədir: sizin ideyanızı anlasınlar, yoxsa özlərində hansısa ideya yaransın?

- Bilirsiniz, mənə fəal tamaşaçı lazımdır ki, anlamağa və qəbul etməyə hazır olsun. Bu çox vacibdir. Sənət heç "1+1=2” deyil. Sənət odur ki, birin üstünə bir gələndə 51 eləsin… Məsələn, kllasik üsluba sadiq qalan bir müasir eston bəstəkarı öz albomu barədə belə deyib: ağ rəng özündə bütün rəngləri cəmləşdirir, prizmadan keçəndən sonra görünür. Mən istərdim ki, hər bir tamaşaçı məhz bu prizma olsun. Axı hər bir ideyanı fərqli şəkildə təfsir etmək olar. Elə aeroportları götürək. Ora həm də insanların axtarıldığı, hamının nəzarətdə olduğu və yoxlanıldığı yerdir. Hər şey saniyəsinədək hesablanıb. Düşünün! Hər şeyi birbaşa anlamaq lazım deyil.

-Martın 19-da və 20-də siz mühazirə oxuyacaqsınız. Bu mühazirələrin mövzusu nə olacaq?

- Onları mühazirə adlandırmağın əleyhinəyəm. Məndən mühazirəçi olar? Mən, sadəcə, sənətlə maraqlanan adamlarla görüşmək, onlarla çay içib gördüklərim, çəkdiklərim barədə söhbət eləmək istəyirəm!

- Bu sizin Bakıda ilk sərginizdir, yoxsa?..

-Birincidir. Amma Bakıda çox olmuşam. Hələ 70-ci illərdən… Bakını çox sevirəm.

- Siz bir çox ölkələrdə – Almaniya, Fransa, Avstriyada sərgilərdə olmusunuz. Bakı nə ilə fərqlənir? Qərblə müqayisədə hansı üstünlüklər və qüsurlarlar var?

- Bakı da, Tbilisi qədər fərqlənir. Biz – postsovet məkanında yaşayırıq. Dediyim kimi, qərb mədəniyyətindən 60 il geri qalmışıq. Bu o demək deyil ki, o yaxşıdır, amma o fəaliyyət göstərir, orada qiymət verən tamaşaçı var, bazar və oyun qaydaları var. Bizdə isə, hələ də elə bilirlər ki, rəssam ac qalmalı, kasıb olmalı, daxmada yaşamalıdır. Nə qədər gizləsək də, bu mentalitet var və o, hələ də Cənubi Qafqazda qalmaqdadır. Bu problemdir, amma xoşbəxtlikdən o, hamıya təsir etmir. İnsanlar xaricə getməyə başlayıblar, özləri ilə müəyyən biliklər gətirirlər, o arzuyla qayıdırlar ki, işıqlı mənzilləri olsun, orada babalarının qaranlıq orta əsrlərdə çəkilmiş şəkilləri deyil, parlaq şəkillər asılsın. Anlayırsınız? Burada işləmək çətindir. Əgər sən xaricdə işləyirsənsə, bu işlər artıq burada maraqlı deyil və ya ümumiyyətlə, qəbul olunmur. Çünki sən qərb bazarı üçün orada qəbul olunan üsullardan istifadə edirsən, oradakı adamlarla rəqabət aparırsan. Xoşbəxtlikdən, sənəti anlayan adamlar var. Əsl sənət – fizika, din, sevgi kimidir. Mürəkkəbdir. Müasir rəssamların çox uğurlu üsulları var. Amma bütün ideya ondadır ki, onları təkrar etmək olmaz! Nəsə özünün olanı etməlisən, özünü axtarmalı, tapmalısan!

- Bizim sənətin gələcəyinə ümid varmı? Siz öz tələbələrinə gənclərlə ünsiyyəti tövsiyyə edən müəllimlərdənsiniz. Onları bəyənirsiniz?

- Düşünürəm ki, ümid var. Həyat nə qədər çətin olsa da, o, maraqlı və qəribədir. Biz nə qədər burulğanlı bölgədə yaşasaq da, əsas odur ki, özünü itirməyəsən və poeziyanı görəsən. O zaman nəinki itməyəcəksən, hətta lazımi və faydalı nəsə yaradacaqsan. Əsas olan gözlərini açıb, dünyaya baxmaqdır, onun əla və gözəl olduğunu görməkdir. Mən bunu həmişə tələbələrimə deyirəm

Gülzar
ANN.Az