Tomas Transtromer.

Tomas Transtromer. "Yoldakı sirrlər" kitabından dörd şeir

"Yoldakı sirrlər” kitabından (1958)

 

Dam üstündə mahnı oxuya-oxuya yatan adam

 

Səhər. May yağışı. Şəhər hələ

bir dağ kəndi kimi səssiz. Küçələr sakit.

Və göyüzündə uçan yaşıl rəngli təyyarənin

gurultusu. – Pəncərə açıq.

 

Adamın kürəyi üstdə yatdığı yerdə

yuxusu şəffaflaşır. Tərpənmir, axtarmağa başlayır

diqqətin vasitələrini əlhavasına – hardasa

çox uzaqlarda.

 

 

Saat üçdə İzmir

 

Bir az qabaqda, az qala bomboş küçədə

iki dilənçi, birinin bir ayağı yox –

o birisi aparır onu kürəyində.

 

Dayandılar – gecə yarısı yol ortasında

maşın faralarının işığında donub qalan

heyvan kimi – bir an gözləyib

 

qarşı tərəfə keçmək üçün sürətlə davam etdilər

yollarına günorta istisində məktəb həyətində

oynayan uşaqlar kimi

Saysız saat boşluqda çıqqıldayanda.

 

Mavi parıldayaraq axıb keçdi sulardan

Qara sürünüb büzüşdü daşlardan boylanaraq

Bəyaz bir fırtına oldu gözlərdə

 

Saat üç əziləndə nalların altında

və qaranlıq döyəndə işığın divarlarını

şəhər uzanıb sürünürdü dənizin qapısında

 

və parıldayırdı kərkəsin kəskin baxışları

 

 

Yoldakı sirrlər

 

Yatan adamın üzünə düşdü gün işığı

Yuxusu daha da canlı oldu adamın

amma oyanmadı

 

Qaranlıq üzünə düşdü, qızmar günəşin

səbirsiz şüaları altında, başqalarıyla

gəzən bir adamın

 

Birdən qaraldı hər yer, gözlənilmədən

hər anı əks etdirən bir otaqda tapdım özümü –

kəpənək muzeyində.

 

Və günəş hələ də əvvəlki kimi qızmar

Səbirsiz fırçasıyla boyayır yerüzünü.

 

 

 

Qatar yolu

 

Səhərə az qalıb, saat iki. Ay işığı. Qatar dayanıb

çəmənliyin ortasında. Uzaqdakı qəsəbənin yanıb-sönən işıqları

ölgün-ölgün göz vurur üfüqdə.

 

Eynən insanın yuxusunda çox dərinlərə gedib,

otağına qayıdanda hara getdiyini

heç xatırlaya bilməyəcəyi kimi.

 

Ya da insan xəstə yatanda günlərinin

yanıb-sönən qığılcımlara və ya qarğaşaya döndüyü kimi

qeyri-müəyyən və donuq.

 

Qatar yerindən tərpənmir.

Saat iki: ay tərtəmiz, bir neçə ulduz.

 

 

Tərcümə: Həmid P.