Tural Diridağlı. Rəngli həqiqətlər (HEKAYƏ)

Tural Diridağlı. Rəngli həqiqətlər (HEKAYƏ)

"Rostov evin tinində xeyli dayanıb qonaqlıq edənlərə uzaqdan baxdı. O, ona iztirab verən bir sıra məsələlər ətrafında düşünür və bu düşündüklərini başa çatdıra bilmirdi. Onun qəlbində qorxunc şübhələr oyanırdı. Gah Denisov, Denisovun mütiliyi, üzündəki dəyişmiş ifadə, gah da bütün xəstəxana, xəstəxanadakı əli-ayağı kəsilmiş adamlar, çirk və xəstəliklər onun xəyalında canlanırdı. Bu zaman onun burnuna yenə xəstəxana və xəstəxanadakı meyit qoxusu gəldi və bu iyi elə açıq duydu ki, bunun haradan gəldiyini bilmək üçün ətrafına da baxdı. Gah da onun təsəvvüründə özündən razı görünən kiçik, ağ əlli Bonaporte canlanırdı. O Bonaparte ki, indi artıq imperator olmuşdu və imperator Aleksandr da onu sevir, ona hörmət edirdi. Bəs onda bu kəsilmiş əllər, ayaqlar, öldürülən adamlar nə üçün? Gah da o təsəvvüründə mükafat almış Lazarevi və günahı bağışlanmayan, cəzalandırılan Denisovu görürdü. Onun başına elə qəribə fikirlər gəlirdi ki, özü də bundan qorxurdu.” 
Lev Tolstoy "Hərb və sülh" II cild, səhifə 157.

Valideynlərim qırx iki dərəcə qızdırmayla məni hərbi hospitala gətirəndə hələ günorta olmamışdı. Havada elə soyuq varıydı ki, çölə çıxanın dişi-dişinə dəyərdi, çənəsi şaqqıldayardı. Hava buz kimi olsa da günəş Bakını tam tərk eləməmişdi; o şaxtalı, amma küləksiz şəhərin səmasını bürüyən buludların arxasından arabir gözə dəyirdi. İki gün əvvəl yağan qar şəhərin havasını təmizləsə də, küçədə, eyvanlarda, asfaltın qırağında qalan buz qalıqları isinib əriməyi gözləyirdi. Bu yazının müəllifi bəndeyi-həqiriniz isə hospitala aparıldığı maşının arxasında kürəyini geriyə söykəyib hərdən qabaqda əyləşən valideynlərinə, hərdən də pəncərədən çölə - şəhərin dalanlarına, ağacların budaqlarına, binaların qabağından təzəcə yetişmiş göbələk kimi sallaşan balkonlara ilişib qalan qar topalarını günəşin tədricən isidib əritməyinə baxırdı. Çöldə soyuq olsa da içəridə tir-tir əsən bədənim hərarətdən yanırdı. Elə haldaydım ki, bilmirdim altı aydır əsgərlikdə həsrətlə gözlədiyim, axır ki, götürə bildiyim məzuniyyət bitməmiş xəstələndiyimə görə bəxtimi söyüm, yoxsa əksinə, hər şeydə bir xeyir var deyib daha nikbin olmağa çalışım.

Hələ evdən çıxmamış anamın verdiyi sual beynimdə cingildəyirdi:

- Məzuniyyətin qalan günlərini xəstə-xəstə evdə keçirmək istəyirsən yoxsa səni aparaq hospitala, müalicə olub oradan birbaşa hərbi hissənə qayıdasan?

Bir-iki dəqiqə götür-qoy eləyəndən sonra tələm-tələsik hospitala getməyə razı olmuşdum. Düşünürdüm ki, fərqi yoxdur xəstə Nyu-Yorkda şəhər mənzərəli göydələnlərdən birində qalır yoxsa hansısa xəstəxanın kiflənmiş otağında; təyyarə parı kimi vücudu silkələyən ağrı, halsızlıq, hərarət onsuz da imkan verəsi deyil ki, o nədənsə zövq ala bilsin. Bu mənada, hospitala getməklə bağlı qərar verəndə mən evdə qalmağın heç bir üstünlüyünü görmürdüm. Açığı, həm də ona ümid edirdim ki, xəstəxanada sağalmaq iki-üç həftə çəkər, beləcə hərbi hissəmə gec qayıdaram. Söhbətin bu yerində həm kirli niyyətimə haqq qazandırmaq, həm də əsgərlik keçməyən oxuculara məlumat vermək üçün haşiyədən kənara çıxıb mütləq qeyd eləməliyəm: əsgər üçün hərbi hissədən kənarda keçirə bildiyi hər an xüsusi, əlahiddə dəyərə malikdir. Bu anlamda, altı ayın hərbi qulluqçusuna xas ehtiyatsızlıq və məsumluq ilə mən də səmimi qəlblə inanırdım ki, xidmətdən bir-iki gün artıq yayınmaq üçün hətta məzuniyyət günlərini də qurban verməyə dəyər... 

Qəfil ağlıma gələn fikir məni ayıltdı. Maşında dik atıldım. Qabaqda oturan anam geriyə çevrilib həyəcandan qızardı. Atamın sağ gözü rolun üstündəki güzgüdən mənə dirəndi. Güllə kimi beynimi dələn fikir deyəsən məni özünə gətirmişdi: əvvəla kim qarant dururdu ki, hospitalda məni xəstə kimi qəbul edəcəklər?! Yoldaşlarımdan eşitmişdim ki, xidmətdən yayınmağa çalışan əsgərlər həkimləri aldatmaq üçün min hoqqadan çıxır. Süni şəkildə qızdırmanı qaldırmaq məqsədilə yod içən, nə bilim, iynə udan, at piyi iyləyən o qədər həyatından bezən var ki, həqiqi xəstə olduğunu sübut eləyənə qədər adam o dünyanı görüb gəlir. Lap deyək insaflı həkimlərdən biri mənə inanıb palataya yazdı; bəs nə bilim orada nə qədər qalacam? Bəlkə bir həftə olmamış geriyə - hərbi hissəmə göndərəcəklər ki, əsgər salamatdı? Belə bir şey baş versə, bir qızdırmaya görə mənə lazım idi ev-eşiyimi, azad, sivil məzuniyyətimi yarıda qoyub bura gəlim? Hörmətli oxucu, xahiş edirəm yuxarıda Nyu-Yorkdan falan dəm vurmağıma fikir vermə, ana nəvazişini, ata diqqətini, bibi qayğısını axı hansı xəstəxananın personalı əvəz edə bilər? Deyəsən qızdırma huşumu aparmışdı ya da şeytan məni aldatmışdı. Yoxsa ağlı başında olan əsgər heç vaxt məzuniyyətin son günlərini boş-boş xəstəxanada keçirməyi riskə almazdı. Yaman peşman olmuşdum. Amma məsələyə başqa tərəfdən baxanda bəlkə də hospitala gəlməyim daha yaxşı oldu! Mühitimi dəyişərəm, gəlmişkən hər yerimi yoxlatdıraram, daha yaxşı müalicə alaram, evdə qalıb başqalarını yoluxdurmaram...səhər tezdən durmaq, şaqat vurmaq, üz qırxmaq dərdi də yox. Atalar yaxşı deyib, hər işdə bir xeyir var. Hə, səbəbsiz heçnə baş vermir! Deyəsən Volterin "Kandid” əsəri də bundan bəhs eləyirdi. Günün günorta çağı, qızdırmamın kəllə-çarx vaxtı bu kitab haradan yada düşdü? Başımıza gələn hadisələri kim idarə eləyir? Taleyimizin necə olması öz axmaqlığımıza görədir yoxsa tanrı imtahan üçün bizə xeyir, şər göndərir? Bizim azad iradəmiz var yoxsa hər şey başqa hadisələrin axarından asılıdır? Əşi, mən nə bilim nə nədən asılıdır. Hər şeyin bir hikməti var, vəssalam! Bəli, bəli! Düppədüz! Sadəcə biz cılız insanlar zamanın bir kəsiyində ilişib qaldığımıza görə başımıza gələn hadisələrin hikmətini anlaya bilmirik. Çünki gələcəyi görmürük. Ona görə nəsə baş verəndə həmin vaxt mənafeyimizə, istəyimizə, nəfsimizə uyğun deyilsə, tələm-tələsik buna bəla adı qoyuruq. Başlayırıq bəxti, taleyi, şeytanı günahlandırmağa. Ahh, tələsən insan! Zavallı, bədbəxt insan! Off, başım yerimdən çıxacaq elə bil. Görəsən qızdırmam hələ də qırxın üstündədir...?

 *   *  * 
 
(bu zaman kəsiyində böyük ehtimal bir neçə dəqiqəlik yuxuya getmişəm)

*   *  * 

Yuxudan ayılıb gözümü qabaqda oturan valdideynlərimə key-key zillədim. Onlar nə iləsə bağlı həvəslə danışırdılar. Atam bir əliylə maşının rolunu tutmuşdu, sağ əlini isə mövzu barədə fikrini daha gur, canlı ifadə eləmək üçün aşağı-yuxarı gəzdirir, dirijor kimi havada dairələr çizərək elə bil anama nəyisə sübut eləməyə çalışırdı. Nə qədər cəhd eləsəm də valideynlərimin hansı dildə danışdığını başa düşə bilmədim. Elə bil işlətdikləri sözlər ayrı-ayrılıqda mənə çatırdı, amma qurulan cümlələr axırda heç bir mənaya gəlmirdi. Artıq günəş bayaqki kimi buludların arasından işıldamırdı. Bəlkə buna görə buludların rəngi indi elə bil biraz daha qara idi. Eynim yavaş-yavaş açılsa da başımın içində ora-bura yırğalanan top yerində dayanmırdı. Top sirkələndikcə gicgahımdan çıxan ağrı iynə kimi beynimi deşirdi. Deyəsən bayaqdan fikrimdə gəzişən yöndəmsiz fikirlər, hospital, Nyu-York, valideynlərimin sualları, xəstəlik filan yuxu deyilmiş. Doğurdan da xəstənaya gəlirmişəm. Atam maşını saxlamaq üçün uyğun yer axtarırdı. Qabağımızda duran iri binanın üstündə artıq yekə hərflərlə "Mərkəzi Hərbi Klinik Hospital” yazısını görürdüm. Fikrimi dəyişmək üçün gec idi. Nə deyəcəkdim valideynlərimə? "Siz Allah bağışlayın, bura qədər gətirdiyinizə görə çox sağ olun, amma vallah, qədrinizi indicə başa düşmüşəm, xahiş edirəm evə qayıdaq?” Adama deməzlər, ay oğul, ay bala, axı biz səni qabağımıza qoyduq, evdən çıxmamış ciddi sual verdik, sən də bir tavana baxdın bir yerə, götür-qoy eləyib qərar verdin ki, hospitala gedirəm. Valideynlərim biraz açıqsözlü olsaydılar bunu da əlavə eləyərdilər: "neçə aydır əsgərlikdə öyrənə bilməmisən ki, insan verəcəyi qərarların gərək əvvəl məsuliyyətini dərk eləsin, sonra qərar versin?” 

Məsələni daha da dramatikləşdirmədən, fikrimdə canlandırdığım dialoq bəs elədi ki, ağzımı açmayım. Maşından düşüb soyuq yanvar havasını içimə çəkdim, papağımı başıma qoyub iri addımlarla hospitala tərəf səndərlədim. Valideynlərim arxamca gəlirdi.

 *   *  *

Təxminən iki saat məni o otaqdan bu birinə sürüdülər. Həkimlərin hərəsi bir yerimi yoxlayır, uzun-uzadı danışırdılar. Eşidirdim ki, nəsə mızıldayırlar, amma ayırd edə bilmirdim mənimlədirlər, yoxsa yanlarındaki "medçestralar” ilə. Bircə onu görürdüm ki, danışa-danışa hərdən mənə baxırlar. Aralarında bircəciyi fikirləşmirdi ki, bu yetim balasının 42 qızdırması var, canı od tutub yanır, bəlkə iynədən dərmandan verib uzadaq bir yerə, sonra öz laqqırtımıza davam eliyərik. Ürəyimdə düz qərar vermədiyimi, gərək birtəhər üzümə salıb valideynlərimə elə  hospitalın ağzında "qələt eləmişəm təkbaşına qərar vermişəm, məni qaytarın evimizə” deməyi canlandırırdım. Sonra birlikdə geri qayıdırdıq, evdə dörd-beş gün yeyib-içib oradan yollanırdım hərbi hissəmə. Ən azı bilərdim ki, xidmət vaxtı eşidəndə ağzımın suyu axan dolma, aş, paytaxt salatının əvəzini çıxmışam. Mənə lazım idi qızdırmanın içində özümü salım bu ağ xalatlıların çənəsinin altına? 

Peşman-peşman gileylənirdim ki, cavan, qaraşın bir "medçestra” əlində bir dəst pijamaya oxşar paltar ilə qarşımda dayandı. Yarı-açıq olsa da gözüm tibb bacısının qulaqlarının arxasına torba kimi yığılmış saçlarına sataşdı. Qadın dilləndi: 

- Əynindəkiləri soyun, bunları geyin. Sonra mənə xəbər elə palataya aparıram səni.

Cavab verməyin mənası yox idi. Ağ xalatlı xanımın dediyini elədim, sonra düşdüm dalınca, düz palataya. Yolda gedə - gedə fikrim saç topasında idi. Görəsən tibb bacısı saçlarını səhər tezdən, evindəki güzgünün qarşısında dayanaraq ehmalca qulaqlarına keçirmişdi, yoxsa mane olduqlarına görə onları işdə, tələm-tələsik, özü də fikir vermədən bir əli ilə arxaya edib qulaqlarının arxasında gizlətmişdi? Hər halda biz bunu heç vaxt bilməyəcəyik. Deyəsən qızdırmam hələ düşməmişdi, səy-səy şeylər fikirləşirdim. Heç bilmirdim valideynlərim haradadır. 

Palataya getmək üçün bir neçə korpusdan keçməli idik. Olduğum binanın yanından sıyrılıb çıxanda qarşımıza balaca park çıxdı. Parkda fəvvarə yox idi - eləcə iki-üç oturacaq, bir də yaş ağaclar. Ağacların gövdəsi, yerdəki otlar yenicə sulansa da onlar solğun görünürdülər. Parkı dövr eləyib qəbul məntəqəsinə oxşayan yerə çatdıq. Məntəqə həyətdəki digər binalar kimi böyük deyildi. Girişinə "Nəzarət şöbəsi” yazılmışdı. Bu balaca tikili 2000-ci illərin əvvəlində Bakıda yayılan məşhur butkalara oxşayırdı. O vaxt həmin butkalarda saqqız, çörək, siqaret, semiçka satırdılar. Yadımdadır bizim məhlənin yuxarısında da belə butka vardı. Hamı ona "Seymurun butkası” deyirdi. Seymur orada ancaq çörək satırdı. Özü də butkanın içində oturub satmırdı çörəyi; butkanı qoymuşdu binalarının qabağına, özü oturmuşdu evində. Çörək istəyən əvvəl Seymurgilə gedirdi, qapısını döyüb xahiş edirdi ki, Seymur onlara çörək satsın. İşə bax! Müştəri özü qapına gəlir ki, sən canı mənə çörək ver. Yəqin sovet hökuməti dağılandan sonra digər post-sovet ölkələrində də kapitalizmə, azad bazara keçid belə olub. O vaxt heç kim tələb-təklif, müştəri məmnuniyyəti, marketinq filan barədə düşünmürdü. Seymur da yəqin fikirləşirdi ki, çörəyi bu məhlədə ancaq mən satıram, müştəri də gəlib məndən alasıdır. Sonra Hacıbala bəy Abutalıbov mer təyin olunandan sonra butkaların hamısını yığışdırdı. Başqa sözlə butkaların eşşəyi öldü. Məncə, digər uğurları ilə yanaşı, Hacıbala bəyin ölkəmizin azad bazar iqtisadiyyatına keçməyinə verdiyi töhvələrdən biri də məhz butkaların birdəfəlik aradan qaldırılması idi. Yoxsa bəlkə indi də Seymurgilin qabağında idik. Nəysə, Seymurdan, Hacıbaladan, butkadan danışdıq, hospital yaddan çıxdı. Nəzarət Şöbəsinin içində iki dənə dörd nəfərlik oturacaq, bir də pəncərənin arxasında əyləşən polis işçisindən savayı heç kəs yox idi. Polis işçisi deyəsən seriala baxırdı. Hər halda, telefondan türkcə eşidilən dialoqa əsasən belə güman eləmək olardı. Böyük ehtimal bura hansısa keçid məntəqəsi idi. Hamı bu butka boyda yerdən keçib digər tərəfə – hospitalın daha böyük həyətinə adlayırdı. Biz də belə elədik. Amma bayaq dövr elədiyimiz park artıq nəzarət şöbəsinin arxasında qalmışdı. Təzə girdiyimiz böyük həyətdə çoxlu maşınlar var idi. Hospitalın işçiləri buranı deyəsən parkinq üçün istifadə eləyirdi. Maşallah, həyətdəki maşınlar həm böyük, həm də gözəl idilər. Düzü mənim maşın markalarından çox başım çıxmır, amma yerimə kim olsaydı özü də görərdi ki, bu maşınlar çox bahalıdır. Görəsən buradakı həkimlərin maaşı nə qədər idi ki, belə maşınları almağa pulları çatırdı. Həyətin yanından sağa burulan cığırdan keçib bir neçə mərtəbəli korpusun yerləşdiyi əraziyə keçdik. Yəqin ki, arxasına düşdüyüm qara saçlı tibb bacısı məni bu binalardan birinə aparacaqdı. Yenə haşiyədən qırağa çıxıb mütləq qeyd eləməliyəm: bayaqdan bu gənc xanım bir dəfə də olsun çevrilib mənə baxmamışdı. Olsun, bu mənim xətrimə zadıma dəymirdi. Əsgərlikdə zabitlərdən eşitmişdim ki "əsgərə çox üz vermək olmaz, yoxsa adamın boynuna minərlər”. Bu qaraşın tibb bacısı da az-çox əsgər psixologiyasına bələd idi. Bundan əlavə, böyük ehtimal gündə nə qədər əsgəri beləcə palatasına aparırdı. Hamı ilə çənə döyəsi deyildi ki.

Binaların birinə yaxınlaşanda təxmini başa düşdüm ki, burada qalacam. İçəri girməmiş istəyirəm bir neçə gün qalacağım bu korpusun görünüşü barədə məlumat verim. Əsgər adamam, onsuz zamanım boldur, mənə də lazımdır ki, yazım-pozum, vaxtım getsin, təxris olum. Axı qarşıda məni uzun və gözəl ömür gözləyir!

Dördmərtəbəli bina hündür, yam-yaşıl şam ağacları ilə əhatə olmuşdu. Ağaclar yanvarın soyuğunu vecinə almadan qürurlu zabit tək şax, dim-dik dayanmışdılar. Onlar həm də hərbi hissənin xarakterinə uyğun bir cərgəylə düzülmüşdülər. Elə bil kimsə bu ağacları əkməzdən əvvəl yerə xətkeş qoyub düz xətt çəkmişdi, bağban da toxumları bir-bir bu xəttin arxasından torpağa basdırmışdı ki, ağaclar böyüyəndə bir sırada dayansınlar. Xəyalpərəst biri bu əraziyə havadan baxsaydı şübhələnə bilərdi ki, cərgədə düzülən ağaclar özlərindən hərbi "divizyon” yaradıb ortalarında qalan korpusu mühasirəyə alıblar. Bəlkə bu "divizyon” hətta binaya hücum eləməyi də planlayır, lakin içəridəkilərin azuqəsinin bitməyini gözləyir ki onlar taqətdən düşən kimi qəfil binaya soxula. Amma qiyamət söhbətdi ha! Təsəvvür elə belə xəbər yayılır: "ağaclar binaya hücum edərək içəridəki vicdansız həkimləri və hərbi xidmətdən qəsdən yayınan əsgərləri məhv eləmişlər!” Pəh! Diktor qızın qətiyyətli səsi radioda, şəhər sakinlərinin maşınlarında eşidilir: "Eyni zamanda onu da qeyd edək ki, özlərini vicdanlı, dürüst və həqiqi vətənpərvər adlandıran, lakin hərbi həyatın amansız, gerilikçi qanunlarına uyğunlaşa bilmədiklərini iddia edən bir qrup gənc əsgər ağacların gözlənilməz hücumu nəticəsində yaranan qarışıqlıqdan istifadə edərək xəstəxanadan qaçmışlar. Mediyaya sızan məlumata əsasən gənc əsgərlər bu qaçışlarına hələ bir ad da qoyublar:"Break for Humanity (İnsanlıq üçün qaçış)”. Ekspertlərin fikrinə görə gənclər bu adı məşhur serial "Prison Break”dən (Həbsdən qaçış) ilhamlanaraq götürüblər. Xatırladaq ki, sosial şəbəkələrdə artıq yüzlərlə istifadəçi öz profil şəkillərini "Break for Humanity” çərçivə başlığı ilə paylaşır, bununla da gənc əsgərlərə öz dəstəklərini bildirirlər. Qaçan gənclərin sosial şəbəkələr vasitəsilə yaydığı bəyənatda bildirilir ki, onlar qaçışlarını fərarilik deyil, əksinə, qeyri-intellektual, amansız, fiziki gücün hakim olduğu dünya düzəninə, müharibələrə, silahlanmaya qarşı etiraz əlaməti olaraq həyata keçiriblər”. Sitat: "Vətən adlandırılan sosioloji konstruktiv məfhuma xidmət yalnız avtomatla, şaqat vurmaqla, müharibəyə hazırlaşmaqla yox, həm də alternativ yolla ola bilər. Məsələn, ölkə və bəşəriyyət üçün səmərəli elmi fəaliyyətlə, insanların rifah halının yaxşılaşması, ədalətli hüquq sisteminin bərqərar olması üçün mübarizə və ya vətən üçün faydalı hər hansı digər fəaliyyətlə məşğul olmaqla. Bu mənada, məcburi hərbi xidmətin hələ də qalması, yaşından, istəyindən, əksər hallarda fiziki və əqli durumundan asılı olmayaraq 18 yaşlı kişi cinsindən olan vətəndaşlarımızı bir il yarım hərbi hissələrə məhkum etmək iyirmi birinci əsrdə sadəcə gerilikçi, lüzumsuz, mənasız hesab olunmalıdır. Təsadüfi deyil ki, hal-hazırda dünyanın ən inkişaf etmiş ordusuna malik ölkələrin əksəriyyəti peşəkar, yəni şəxsi seçim əsasında yüksək məvacib ilə ordu sıralarına qoşulan, məhz hərbi karyera qurmaq ambisiyaları olan fərdlərdən ibarət hərbi qüvvələrdən təşkil edilib. Hərbi xidmət icbari sayılan digər qabaqcıl ölkələr isə ən inkişaf etmiş hərbi sənayeyə, texnologiyalara sahib dövlətlərdir. Bu baxımdan, biz gənclər tələb edirik ki, "Alternativ Hərbi Xidmət” haqqında qanun qəbul olunsun və hərbi xidmət vətəndaşların şəxsi seçiminə verilsin. Əgər kimsə düşünür ki, müharibə vəziyyətində olan ölkəmiz üçün alternativ hərbi xidmətin mümkünlüyü sual belə oluna bilməz, onlar üçün bəyən edirik - əgər orduya sahib olmağın yeganə məqsədi Qarabağı geri almaq və ya real müharibə şəraitində hər bir vətəndaşın minumum hərbi hazırlığa malik olmasını təmin etməkdirsə, bunun üçün bir neçə yüz kişini bir yerdə yatırdıb, gündə üç dəfə yedirdib, hər gün üzlərini qırxdırıb, batinka ilə tezdən qaçırtmağa ehtiyac yoxdur. Xatırlatmağı özümüzə borc bilirik ki, bütün bunlar loqistika və maliyyə baxımından dövlət büdcəsinə yüksək xərclər hesabına başa gəlməklə yanaşı, güclü və peşəkar orduya sahib olmaq üçün qeyri-effektiv və qeyri-optimal üsuldur. Problemi həll etmək üçün dünya təcrübəsinə müraciət eləmək kifayətdir: cinsindən asılı olmayaraq, qadınlı-kişili hər bir vətəndaş orta təhsil müddətinin tərkib hissəsi kimi icbari hərbi təlimlərdə iştirak eləməlidir. Bununla da qadınlar daxil olmaqla bütün vətəndaşlar nəzəri baxımdan müharibə vəziyyətinə hazırlıqlı vəziyyətə gətirilə bilər. Əlbəttə icbari təlim dedikdə biz az qala "türmə qanunları” ilə idarə olunan əsgərlər arası münasibətlər sisteminin hökm sürdüyü, dövlət əmlakını çapıb-talamağa cəhd edən zabitlərin az olmadığı hərbi sistemdən yox, sivil, keyfiyyətli, silahlanma, özünü müdafiə, fövqəladə hal zamanı hüquq və vəzifələrin icra olunması və s. önəmli məsələlər barədə vətəndaşlara praktiki və fiziki təlimləri nəzərdə tutan qısa müddətli tədris mexanizmini nəzərdə tuturuq. Belə icbari təlimlərin təşkil edilməsi dövlətə az resursla başa gəlməklə yanaşı, ölkə üzrə daha effektiv hərbi hazırlığın əldə olunmasına da gətirib çıxaracaq. Kim ki, fərdi seçim əsasında vətəninə məhz cəhbədə, əlində silah, peşəkar hərbi hazırlığı ilə xidmət eləmək istəyir, əlbəttə, buyurub milli orduya üzv ola bilər. Belə gənclərlə biz yalnız fəxr edə bilərik. Əlavə etməyimizə heç bir ehtiyac yoxdur ki, peşəkar orduya üzv olanları yuxarıda təklif olunan islahatlar nəticəsində qənaət olunan xərclər hesabına daha yüksək gəlirli və peşəkar hərbi karyera  gözləyəcək”  sitatın sonu - xanım aparıcı bir nəfəsə oxuduğu teksti bitirdi. Gənclərlə bağlı bu xəbərin ardından hadisəyə münasibəti öyrənilən vətənpərvər ziyalının səsi eşidildi: "Bilirsiniz, bu dəhşətdir! Sadəcə dəhşət! Elə bircə bu çatmırdı ki, hərbi xidmətin çətinliklərini dəf eləməyə qətiyyəti, gücü, iradəsi çatmayan bir yığın intellektual avara Bakının göbəyində dırnaqarası "hərəkat” yaradıb həm ölkədəki sabitliyi pozmağa cəhd eləsin, həm də digər gənclərimizə pis örnək olsun. Onlar öz xainliklərini, qorxaqlıqlarını insanlıq, humanizm, alternativ xidmət gəvəzəlikləri arxasında gizlədirlər. Bilirsiniz, bu gənclərin həyat təcrübəsi yoxdur, onlar elə bilirlər ki, həyat, dövlət təhlükəsizliyi, xalqın rifahı, oxuduqları humanizm nəzəriyyələri, bir-iki gün gəzib gördükləri təhlükəsiz, stabil Qərb dövlətlərindəki tək asan məsələdir. Onlar anlamırlar ki, sülhdən, qardaşlıqdan, bərabərlikdən, nə bilim alternativ xidmət xülyalarından bəhs edən, bunu təbliğ edən sözdə sülhpərvər ölkələrin əksəriyyəti tarix boyu digər xalqları istismar eləməklə məşğul olub. Kim ki, torpaq itirməyib, əksinə başqasının ərazisini özününkünə qatıb, ya da əsrlər boyu başqa xalqların sərvəti hesabına güclənib, onlar sülh, insan haqları, dünya xalqlarının qardaşlığı barədə çələnləyə bilərlər. Azərbaycan müharibə vəziyyətində olan ölkədir; xalqımız öz müstəqilliyini heç də asan eləməyib, bu torpağın insanları keçən əsrin əvvəlində yoxdan bir dövlət yaradıb; indiki halda isə haqlı olaraq bütün maddi, mənəvi, humanitar resurslarımız müstəqiliyimizi qorumaq, şərəf davamızda gələcək qələbəmizi təmin etmək üçün səfərbər olunur. Bu belə də olmalıdır. Biz bayrağımızı Şuşadan, Laçından, Xankəndindən asanda belə gənclər həmin vaxt hansısa xarici ölkədə öz qan qohumluqları çatan, üzr istəyirəm, o şərəfsiz millətin nümayəndələri ilə mazaxlaşmaqda olacaqlar. Bizim tutduğumuz yola narazı olanlar özü bizdən olsa da sapı başqasından olanlardır. Onlar getsin öz qanlarını, genetikasını yox...” Ziyalının səsi getdikcə aşağı düşürdü. Deyəsən onun efir vaxtı dolmuşdu. İndi isə reklamların zamanı idi. 

Radioda hətta hansı reklamın olacağını da xəyal eləyirdim ki, tibb bacısının laqqırtısı məni özümə gətirdi. O pilləkənlərdə deyəsən kolleqası, həm də rəfiqəsi ilə rastlaşmışdı. Ağaclardan ibarət divizyonun binaya hücumu barədə ağlıma gələnləri xatırlayıb yerimdə uğundum. Bax ha, deyəsən bu qızdırma xəyal gücümü də yaman alovlandırmışdı.

Amma zarafat bir qırağa, mən həmişə inanmışam ki, kainatdakı digər canlıların da dünyası, sinir sistemi, kini, nifrəti, hissləri, arzuları var. Ağac olanda nə olar? Gərək ancaq insanlar bir-birini qırıb, təbiəti də buna urcah eləsin? Qoy bir dəfə də çaylar, göllər, dağlar, yaşıl çəmənlər əsəbləşib insanlara hücum çəksin. Məsələn, Yaponiyanın Xirosima şəhərində neçə illərdir məhvə məhkum bitkilər, torpaq qırıntıları birləşib Pentaqonun binasına tornado göndərsin! Ya da ev-eşiyini qoyub qaçmağa məcbur olan azərbaycanlıların tezliklə qayıdacağı ümidilə Qarabağda torpağa basdırdığı kəsici alətlər, şəxsi istehlak malları, ləl-cəvahirat, yadigar sandıq dəstləri və digər əşyalar cana gəlib torpağın altından çıxsın, işğalçı qüvvənin hərbi bazalarına hücum çəksin. Necə söhbətdir? Deyəsən qızdırmam hələ düşməmişdi. Beynimin içində silkələnən qaynar top istini bütün bədənimə yayır, məni inildədirdi. Halım özümdə deyildi. Yoxsa normal, ağlı başında olan adam ilin, ayın bu günü ağacların insanlarla müharibəsi, torpağın Pentaqona hücumundan yazar?  

Nə qədər ki qarasaçlı "medçestra” rəfiqəsilə pilləkəndə laqqırtı vurur, binaya girməmiş istəyirəm hava barədə də bir-iki kəlmə deyim. Günəş buludların arxasından gizlən-paç oynayırmış kimi arabir boylansa da hava şaxtalı olmağa davam edirdi. Adətən yanvar ayı Bakı üçün belə soyuq keçmir, amma şəhər artıq neçə il idi ki, bədənində qışı əməllicə hiss edirdi. Deyəsən tez-tez qəzetlərdə, saytlarda, alimlərin, Hollivud ulduzlarının nitqində eşitdiyimiz "iqlim dəyişikliyi” ifadəsi reputasiya naminə ortaya atılmış termin yox, həqiqətən yer kürəsinin ekoloji tarazlığının pozulduğunu ifadə edirdi. Ən azı görə ki, Bakıda 10 illərdir qar topasına həsrət uşaqlar nəinki son vaxtlar yanvar ayında qar görürdülər, hətta bütün fəsil onlar üçün soyuq keçirdi. Nəysə, bax belə, Bakı şaxtalı günlərindən birini yaşayırdı. Mən isə iki gün əvvəlki qarın hələ də küncdə-böcədə ilişib qaldığı xəstəxana korpusunun qabağında, qarasaçlı medçestranın söhbətini bitirməyini, nəhayət palatama yerləşəcəyimi səbirsizliklə gözləyirdim. 

Bir neçə dəqiqə sonra otağın yerləşdiyi 3-cü mərtəbəyə çatdığımı xatırlayıram. Səhərdən dinməyən "medçestra” məni biraz dolu amma şirin ləhcəli kolleqasına tapşırıb aradan itdi. Yeni tibb bacısı soyadımı, ata adımı qeyd elədi, hərbi hissəmin nömrəsini öyrəndi, sonra qalacağım otağı göstərmək üçün oturduğu stuldan qalxdı. Ayağa qalxanda şirin dilli medçestranın bayaqdan əyləşdiyi diyircəkli stul cırıldadı. Yəqin bu həm stulun biraz köhnə olmasına, həm də medçestranın artıq çəkisinə görə idi. Tibb bacısı kabinetdən bayıra - dəhliz tərəfə çıxıb sol əli ilə kolidorun sonunu göstərdi. Onun göstərişlərini yadımda saxlayıb dəhlizin axırına tərəf heysizcə irəlilədim.

   *   *  *

Başımdan qopan ağrı bir yandan, qızdırma da o biri, otağa girən kimi özümü yatağa salıb ağır yuxuya getdim. Oyananda axşamüstü, saat beş olardı. Otaqdakı pəncərədən gördüm ki, hava artıq qaralıb. Yanvar ayının ortasında günəşin belə tez aradan çıxması məni təəccübləndirmədi. Gözlərimi açanda, gələndən üzünü ilk dəfə gördüyüm tibb bacısı rus allahı kimi başımın üstündə dayanmışdı. O, dərmanların, sistem şüşəsinin, iynə paketləri ilə dolu qutunun içində eşələnir, deyəsən sistem vurmaq üçün yerində vurnuxurdu. Yuxudan ayılandan sonra təxminən dörd-beş dəqiqə özümə gəlməyə çalışdım. Palata divarlarının çölündən küləyin vıyıltısı eşidilirdi. Key kimi idim. Mən haradayam? Bu qadın kimdir? Buradan niyə belə iy gəlir? Əynimdəki bu paltarlar nədir belə? 

Bir neçə dəqiqə bəs elədi ki, hospitalda olduğumu, əsgərliyimin bitməyinə 172 gün qaldığını, artıq qaranlıqlıq çökmüş bayırda kəskin qışın hələ də davam elədiyini dərk edim. Qəlbimə qəribə məyusluq çökdü. Özümü qaranlıq qutunun içində ilişib qalan, nəfəsi daralmış pişik kimi hiss elədim. Bədənimi rahatca irəli verib qoluma şprisi soxmağa dəhşət həvəsli görünən medçestraya tabe oldum. Atam kimi mən də iynədən qorxan olmuşam. Amma bu dəfə ağrını hiss eləmək üçün tərəddüdsüz buna razı idim. Ümid eləyirdim ki, bəlkə iynənin təsirindən ayılam, sıxıcı məyusluğum keçib gedə. Zamanın ironiyasına bax ki, iynədən qorxmağıma baxmayaraq bu soyuq qış axşamında, palatanın bir küncündə qoluma şprisin girməyinə yerində donquldanan medçestra qədər mən də həvəsli idim. 

İşini bitirəndən sonra tibb bacısı dedi ki, bir saat yerimdən tərpənməyim. Onsuz bu keyliklə hərəkət eləməyə nə halım nə istəyim vardı.  Üzümü tavana zilləyib bir neçə dəqiqə beləcə qaldım. Özümdən asılı olmadan fikrim tavandakı lüsturun ətrafına vurulan ay-ulduz formalı alçıpana yönəldi. Əsgərlərin qaldığı otağı milli ruhda bəzəmək üçün lüsturun ətrafına ulduza bənzər naxışlı dairələr də əlavə olunmuşdu. Dairələri saymağa başladım. Bir, iki, üç, dörd, beş...

- Bayraqdakı ulduzun niyə 8 güşəli olduğunu bilirsən? 

səs məni özümə gətirdi. Elə bil bayaqdan gözünü tavana zilləyən mən yox, başqasıymış. Başımı yuxarıdan ayırıb sola, səs gələn tərəfə çevirdim. Küncdə, pəncərənin qabağındakı çarpayıda yarı-uzanalı əsgər gözüylə məni sezirdi. Aramızda boş çarpayı da var idi. Çarpayının üstü səliqə ilə yığılmışdı. Elə bil üstünü başını təmizləyib evə gələcək qonağı gözləyən uşaq kimi bu çarpayı da həvəslə yeni xəstəsini gözləyirdi. Gözümü aramızdakı boş yataqdan çəkib oğlana çevirdim. O qəfil yenidən dilləndi:

- Bayrağı deyirəm. Bilirsən niyə ulduzun guşəsi səkkiz dənədir? Türklərdə beş, bizdə səkkizdir. Heç sənə maraqlı gəlməyib niyə? 

Cavab üçün çox fikirləşmədim. 

- Açığı ulduz ilə bağlı konkret cavab yoxdur. Hərə bir söz deyir. Bəzilərinə görə Rəsulzadə dövləti qurarkən 8 prinsipə əsaslanmışdı, bayraqdakı ulduzlar da ona görə səkkiz dənədir. Başqa fikir də budur ki, guya köhnə əlifbada Azərbaycan sözü səkkiz hərfdən ibarət olub, biz də ulduzun guşəsini buna görə səkkiz eləmişik. Üçüncü versiya isə tarixdə mövcud olan qədim səkkiz türk tayfası ilə bağlıdır. Bəlkə başqa versiyalar da var, mən bilmirəm..
 
- Hə, mən ancaq əvvəlki əlifbayla olan izahı eşitmişəm. Amma adama maraqlı gəlir görəsən niyə türklər beş guşəli ulduz götürüb. Əgər səkkiz tayfa söhbəti düzdürsə onda gərək onlarda da səkkiz olaydı. Axı biz ikimiz də türkük. Yox, əvvəlki əlifba məsələsi doğrudursa görən türklər hansı məntiqlə beş guşə seçib? 

- Hə, bəlkə də sən deyən düzdür.  Əlifba söhbəti daha ağlabatan görünür.

Mənasız yerə söhbəti uzatmamaq üçün ala-yarımçıq cavab verdim. 

Açığı, ulduzdakı guşənin niyə beş yox səkkiz guşəli olması məni maraqlandırmırdı. Məni daha çox bu sual düşündürürdü – tavandakı dairələri saymaq yaxşı olardı yoxsa bu qaqaşla tarix, ulduz, həqiqət barədə biraz gəvəzələmək?

Hərbi xidmət zamanı normal diskussiya edə bildiyim bir ya iki nəfər var idi. Onlardan biri əvvəlki komandirim idi. O savadlı, mərifətli, qanacaqlı biri olduğu üçün bizim hərbi hissədə çox qala bilmədi. Bəlkə də ona görə ki, insanlarla münasibətdə üstün tutduğu dəyərlər işlədiyi sahə üçün tam uyğun deyildi. Bu da normaldır. Dağlıq – Qarabağ ilə sərhəddən cəmi 25 km uzaqlıqda yerləşən hərbi hissədə daha vacib məsələ fərdə, şəxsiyyətə verilən dəyər, humanist prinsiplər yox, dövlətlər arasındakı münasibətlərin hazırki vəziyyəti, münaqişə, hər an yarana biləcək müharibə riski, yüksək rəhbərlikdən gələn əmirlərin vaxtında və tam icrası, intizamlılıq, ordunun döyüş vəziyyətinə hazır olması və.s idi. Fərdin azadlığı, ona şəxsi müstəvidə verilən dəyər onsuz hər zaman cəmiyyətin daha vacib hesab elədiyi ideallar naminə heçə sayılmayıbmı? Axı insanlıq tarixi elə fərdlərin qurduğu dövlətlər arası müharibələr ilə doludur. Bu savaşlarda milyonlarla fərdin həyatı, arzusu, ləyaqəti, şərəfi, azadlığı elə bu müharibələrin baş verdiyi məkanların özü ilə birgə yerlə yeksan olmayıbmı? Tarixin şərəf yaddaşına isə başqalarına hörmət edən mədəni, vicdanlı, və ya insanpərvər (humanist) komandirlər yox, ölkəyə qələbə gətirən hərbçilər düşüb. Xalqların, dövlətlərin mövcudluğu isə belə qələbələrin hesabına mümkün olub. Bu anlamda, bəlkə də səhv mənim komandirimdə idi ki, altından qalxa bilməyəcəyi işi boynuna götürüb, hərbi həyatın ümumi qanunauyğunluqlarını tam dərk eləmədən bu sənəti seçmişdi. 
Xidmətim dövründə sözüm üst-üstə düşən ikinci şəxs isə əsgər yoldaşım Mikayıl idi. Mikayıl energetika sahəsində təhsil almışdı. Mühəndis olmaq istəyirdi. Hərbi xidmətə gəlməzdən əvvəl bir il iş təcrübəsi də toplamışdı. Fizika, kimya, riyaziyyat ən sevdiyi fənlər idi. Boyu balaca olsa da bədəni nisbətən iri idi. Hər hansı mal-qara onun fiziki formasına malik olsaydı, deyərdilər ki, balaca olsa da ətli-qanlı heyvandır. Mikayılın bütün dinlərdən zəhləsi gedirdi. Dindar kişi və qadınları görməyə gözü yox idi. İddiası bu idi ki, dinlər hamısı uydurmadır. Həmişə dediklərini onunla müdafiə eləyirdi ki, dünyanın hansı ağıllı adamına, aliminə baxsan, demək olar hamısı ya ateistdir ya da aqnostik. Sonra sözünü belə bitirərdi: "Bu adamlar çox savadlı olduqlarına görə həqiqəti bizdən daha tez dərk edə bilərlər. Əgər Allahın, dinin varlığını başa düşüb qəbullanmaq bu qədər asan, aşkar məsələ olsaydı, gərək onlar hamıdan əvvəl dindar olaydı”. Mikayıl həm də qatı türk millətçisi idi. Dayısı 90-cı illərin əvvəlində Elçibəyin Türkiyəyə oxumağa göndərdiyi azsaylı gənclərdən biri olub. Ona görə, yəqin dayısının da müəyyən təsiri ilə Mikayıl radikal türk millətçiliyinə uyğun düşüncəyə sahib idi. O həmişə dayısının söhbətlərindən sitat gətirərdi, ondan fəxrlə danışardı. Eyni zamanda, Mikayıl qədim türklərin adət ənənələri, mərdliyi, qadın azadlıği barədə də xeyli çələnləyirdi. Mikayıl düşünürdü ki, əgər kimsə milliyət olaraq türkdürsə, deməli o hər hansı şəkildə, bəlkə də genetik bağlar, ya da elmə məlum olmayan hansısa bioloji səbəblərdən başqalarına nisbətən daha mərd doğulur, heç vaxt kasıbın haqqını almır, zəifi incitmir, ədalətsizliklə barışmır. Mən Mikayıla sataşmaq üçün deyəndə ki, sadaladığı dəyərlərə malik olmağı altı-üstü bütün dinlərin əksəriyyəti, elə İslamın özü də ideal müsəlmandan tələb edir, o əsəbləşib deyirdi ki, dinlər insanın dərrakəsini yontulaşdırmaq, onları manipulyasiya eləmək üçün elə insanların özü tərəfindən yaradılıb. Mikayıl Ağstafadan olduğuna görə danışanda dəhşət söyüş söyürdü; iki cümlədən bir "ay qa, ay qa” deyirdi.  Ona qulaq asmaq mənə hədsiz zövq verirdi. Fikirləri ilə razı olmasam da, bəzən ondan çox şey öyrənirdim. Xüsusilə dəqiq elmlər sahəsində.

Qaldığım palatanın sol küncündə mənə gözünü zilləyən bu gəncin bayraqla bağlı sualı indi mənə həm komandirimi və Mikayılı xatırladırdı, həm də içimə qəfil çökən məyusluğun keçib getməsi üçün başımı qatmağa kömək edirdi.  

Onunla səhər 3-ə qədər söhbət elədik. Sözsüz ki, sizi yormaqdan çəkindiyim üçün söhbətimizin bütün detalını, həmin gecə otağa girib-çıxan gic əsgərləri, yuxulu medçestraları, dəhlizdən gələn əcaib hırıltı səslərini və digər hadisələri özümə saxlayıb bu cavan oğlan – Əkbər barədə bir iki söz deyəcəm.

Əkbər orta boylarda, sarışın, rus qarışığı olan azərbaycanlılara xas görünüşə sahib idi. Üzü saqqallı olmasa da tam qırxılmış da sayılmazdı. Sifətinin bəzi hissələri, məsələn alt çənəsinin qıraqları, yanağının burnuna tərəf olan tərəfi və üst dodağının burnunun altına düşən küncü tüklü olsa da yerdə qalan hissəsi yeniyetmələrə xas təmiz qalmışdı. Əkbər kök deyildi. Boyuna uyğun çəkisi, yaraşaqlı deyilə biləcək sifəti var idi. Üz cizgilərinə nəzər salanda, əksər adam o dəqiqə anlayardı ki, Əkbər hərbi sahədə qulluq eləmək üçün bu dünyaya gəlməyib. Amma heç kim də cürət edib deyə bilməzdi ki, əgər Əkbərin üz cizgiləri belə olmasaydı o hərbi sahədə işləməyə uyğun sayıla bilərdi. Çünki onun xarici görünüşündən əlavə ad verə bilmədiyim başqa nəsə var idi ki, onu dinləyən hər kəsi Əkbərin tamam başqa sahə üçün doğulduğuna tam əmin edərdi. Sözsüz ki, bunlar mənim Əkbər barədə fərziyyələrim, müşahidələrim idi. Bəzən insan hiss elədiyi, inandığı bir məsələdə yanıla bilər. Ona görə yaxşı olar ki, biz hansısa mövzu barədə son nəticəyə gəlməmişdən qabaq iki dəfə fikirləşək, dəqiqləşmə aparaq, məsələyə müxtəlif tərəfdən yanaşmağa çalışaq, sonra qərar verək. Bu minvalla Əkbəri sorğu-suala tutmağa başladım. Əkbərin ürəyi deyəsən dolu idi. Söhbətimizin əksəriyyətini o özü danışdı. 

Məni təəccübləndirən o oldu ki, Əkbər sən demə əsgər yox, kursant imiş. Onun heç 18 yaşı tamam olmamışdı. 9-cu sinifi bitirəndən sonra valideyn və qohumlarının təkidi ilə Əkbər sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə vermişdi, son iki ili də orada təhsil alırdı. Amma nə bu liseydə oxumağa, nə də ümumiyyətlə hərbi karyera qurmağa Əkbərin özü yox başqaları qərar vermişdi. Başqaları deyəndə biz xüsusilə onun anası Lyudmila xanımı və hərbçi dayısı Rasim bəyi nəzərdə tuturuq. Əkbər həmin gecə atası barədə bir kəlmə belə danışmadı. Mən özüm də cürət eləmədim ki, ona bu haqda sual verim. Amma valideynlərinin çoxdan ayrıldığını və ya atasının rəhmətə getdiyini güman edirdim. Yenə də deyirəm, bu sadəcə mənim gümanım idi. Ola bilsin, həqiqət mənim düşündüyümdən fərqli idi. Atası sağ olsaydı bəlkə heç vaxt imkan verməzdi ki, oğlunun hansı peşəni seçməsinə onun özü yox başqaları qərar versin. Ancaq təbii ki, Lyudmila xanım və dayısı Rasim bəyi də anlamaq olar. Lyudmila xanım düşünə bilərdi ki, qardaşı neçə illərdir bu sahədə işləyir, azdan-çoxdan ölkədə sözü keçən bir-iki çinli zabiti tanıyır, bəlkə Müdafiə Nazirliyində də salam-aleyküm elədiyi kimsə var. İndi olmasa da Əkbər sağ-salamat hərbi təhsilini başa vurandan sonra yavaş-yavaş bu peşəni sevməyə başlayar, böyüyüb müstəqil fərd olanda əlində bir sənəti olar. Əlbəttə, heç kəsə sir deyil ki, insan ipə-sapa yatan varlıq deyil, o heç vaxt qane olmur, həmişə hər şeyin daha yaxşısını istəyir, bunun üçün mübarizə aparır. Amma elə ki, şərait onu məcbur eləyir, insan hər şeyə alışa, adaptasiya ola bilir. Özünü rahat hiss eləmək, qəlbini aram saxlamaq üçün o hətta özünü elə yalanlara inandıra bilir ki, nəinki vicdanı ilə barışa, hətta xoşbəxtlikdən uça da bilər. Bu mənada, Əkbər zamanla, rütbələri artdıqca, cibinə pul gəldikcə, ətrafında ondan daha problemli, gərgin, miskin həyatı olanları gördükcə öz halına şükr eləyəcək, günün birində isə anasına rəhmət oxuyub ürəyində belə deyəcək: "yaxşı ki, əlimə sənət verdin, məni aralıqda qalmağa qoymadın!” İndi elə dövrandır ki, insan qocalanda ac, başlı-başına qalmamaq və ya başını daşdan-daşa dəyməkdən xilas eləmək üçün üçün gərək özünə vaxtında samballı peşə seçsin. Həyatdır, onsuz hər birimiz bir gün qonaq olduğumuz bu dünyadan köçüb gedirik; anası, dayısı həyatda olmayanda Əkbər hansı məvaciblə, hansı şəraitlə özünə həyat quracaq? Lap deyək, cavan olanda gənclik təravətinin, gücünün hesabına orada-burada işləyib birtəhər dolandı, bəs yaşlananda? Axı o elə bir ölkədə yaşamır ki, sığorta, pensiya sistemi qocalanda Əkbərin imdadına çatsın. Bədbəxtlikdən, qardaş-bacısı da yoxdur ki, dar gündə bir-birilərinə dayaq olalar. Bu mənada Əkbər özünə elə bir iş seçməlidir ki, nə qədər çalışmağa, tər tökməyə bədənində qüvvət var qırağa üç-beş manat ata bilsin, özü cəhənnəm, heç olmasa gələcək uşaqlarına bir gün ağlaya bilsin. Bu mənada, Lyudmila xanım bəlkə də öz oğlunun gələcəyi ilə bağlı narahat olmaqda haqlı idi.

Kimsə düşünə bilər ki, Lyudmila xanımın yerinə öz anası olsa, o da eyni cür fikirləşər – Əkbər hərbi sahədə, və ya hər hansı hüquq mühafizə orqanlarından birində sistemə girib bir yerdən işə başlasa, ən azı acından ölməyəcək, heç kimə ağız açmayacaq, pensiya yaşına çatanda dolanışığına bəs edən qədər, hələ ondan da artığı hər ay maaş kartına yatacaq. Şükür olsun, ölkədə elə sahələr var ki, bir ucundan yapışanda heç olmasa qocalana qədər birtəhər dolana bilirsən. Əlbəttə, söhbət maddi rahatlıqdan gedir. Məsələnin mənəvi tərəfi Əkbərin özünə qalıb. O ki qaldı dayısına, bu yerdə qeyd eləməyi özümüzə borc bilirik – biz Rasim bəyi də anlamağa çalışmalıyıq. Axı o bacısının bircə balasını necə başsız buraxa bilər? Hətta öz ciddiliyini qorumağa, Əkbərin həyatına müdaxilə eləməyə, mızıldananda ona qulaqburması verməyə ehtiyac varsa, Rasim bəy buna da hazırdır; təki bacısı oğlu bir yerə çıxsın. Onsuz bu yaşda uşaq nə bilir həyat nədir, hansı peşəni seçmək strateji baxımdan daha düzgündür, onu gələcəkdə hansı çətinliklər gözləyə bilər və sair və ilaxır. Axı gənc olanda hamımız fikirləşirik ki, hər zaman cavan, enerjili qalacayıq, valideynlərimiz, sevdiklərimiz ömür boyu ətrafımızda olacaq, günəş hər səhər bizi öz işığı ilə isidəcək və biz bu istiliyi həmişə qəlbimizdə hiss edib hər günü sevinclə, məhəbbətlə yaşayacağıq. Bu mənada, məsələyə Əkbərin valideyni və dayısı tərəfdən baxanda onların səhv düşünmədiklərini fikirləşənlər ola bilər. 

O ki qaldı Əkbərə, təəssüf ki, həqiqətin rəngi bir deyil. Həqiqətin müxtəlif rəngləri var. Hər bir məsələyə, situasiyaya bir neçə yandan baxmaq mümkündür. Hər kəs öz-özlüyündə haqlı olsa da, həm də başqasına nəzərən haqsızdır. Əkbər də belə düşünürdü. O tam əminliklə deyirdi ki, hərbi adamı deyil, olmaq da istəmir. Hərbi rejim, bu sahənin özünəməxsus cəhətləri Əkbərə əzab verməklə yanaşı, onu həm də iyrəndirirdi. Əkbər deyirdi ki, iyirmi birinci əsrdə, insanın Marsa tətqiqat üçün raket göndərə bildiyi dövrdə özünü qorumaq səbəbini bəhanə gətirərək qalkstuklu, əli-ayağı təmiz, üzü təraşlı, yağ-bal içində üzən varlı siyasətçilərin qələmin ucu ilə bir kağıza atdığı imza bir neçə minlik ordunu başqa insan qrupunu məhv eləmək üçün hazır vəziyyətə gətirə bilirsə, mən bunun bir parçası olmaq istəmirəm. Əkbərin həqiqəti müharibəni inkar edirdi, onun düşüncə bucağından baxanda vətən adlandırılan əraziləri, orada yaşayan insanları qorumaq üçün başqalarını öldürmək təkamül keçməyən varlıqların vəhşi mübarizəsindən fərqlənmirdi. O deyirdi: "Hə, mən başa düşürəm ki, dünyanın öz qanunları var. Sən yeməsən səni yeyərlər. Güclü olmayan sağ qala bilməz. Təbiətdə də onsuz belədir. Heyvanların arasında da həyat üçün mübarizə hər an davam edir. Amma biz ki insanıq! Biz ki insan olmağımızla həmişə fəxr edirik. Hətta bir-birimizi təhqir edəndə hər hansı heyvanın adını çəkirik ki, həmin adama bildirək - bax sən heyvansan, mən isə insanam. Bəs niyə biz heyvanlar kimi bir-birimizi öldürürük? Biraz dərin fikirləşəndə heç heyvanlar da bizim kimi eləmir. Ən azı onlar öz cinsindən olanlarla mübarizə aparmır, əksinə, digərləri ilə vuruşurlar. Heç onların azad düşüncəsi də yoxdur. Heyvanlar öz iradəsi ilə seçim edə, qərar verə bilmirlər. Vuruşmaqlarının səbəbi isə sadəcə sağ qalmaq, acından ölməməkdir. Biz insanlar leş ilə qidalanmırıq axı. Bizim sağ qalmağımız üçün başqasının ölümünə ehtiyac yoxdur. Başa düşürsən məni? Məsələn bir ceyran digər ceyrandan özünü qorumaq haqda fikirləşmir. Onun dərdi aslandır. Ya da bir qoyun digər qoyunu öldürmək üçün özünə ordu yaratmır, onun düşməni qurddur. Biz isə müxtəlif irqlərə malik olsaq da əslində eyniyik. Rəngimiz, fiziki görkəmimiz, kültürümüz fərqli olsa da fundamental məsələlərdə eyni hiss edirik. Məgər, hər birimiz təhlükəsiz yaşamaq, xoşbəxt olmaq, sevmək, sevilmək istəmirik? Axı dünyada çox az adam tapılar ki, heç bir günahı olmadan bomba altında qalan üç yaşlı uşağın videosunu görəndə özünü pis hiss eləməsin, gözündəki bir gilə yaş heç kimdən soruşmadan axıb yanağına süzülməsin. Ya da kimsə istəməz ki, valideynləri heç kimə zərər vermək, öldürmək istəmədiyi halda başqaları onu qətlə yetirsin. Əgər biz insanları birləşdirən bu qədər səbəb varsa, bir-birimizi öldürməyə vadar edən səbəblər nə qədər önəmlidir?”

Əlbəttə mən inanmıram ki, oxucular arasında Əkbərlə təxminən eyni fikirləri bölüşənlər olmasın. 

        *   *  *

Bir neçə gün sonra qorxduğum başıma gəldi. Hospitalın həkimləri məni sağaldıb hərbi hissəmə yola saldılar. Məzuniyyət vaxtımdan əlavə xəstəxanada cəmi bir-iki gün qala bildim. Hospitalı tez tərk eləsəm də, Əkbər barədə, onun düşdüyü çətin vəziyyətdən necə çıxacağı haqda elə hey düşünürdüm. Sağollaşmazdan əvvəl Əkbərə hətta telefon nömrəmi də vermişdim ki, işti-şayət bir gün ananı və dayını hərbi liseydən çıxıb universitetə hazırlaşmağına razı sala bilsən, mənə mütləq zəng elə, səninlə sivil həyatda görüşək, ehtiyacın olarsa xarici dil öyrənməkdə, hansısa ixtisas seçməkdə sənə kömək edim. İllər, aylar keçdi, unudulan hər şey kimi, Əkbər də mənim xatirəmdə uzaq, gec yada düşən izə çevrildi. O vaxta qədər ki, mən bu hadisədən bir neçə il sonra, evə getdiyim avtobusun arxa şüşəsinə söykənib əllərimin arasında yenicə bitirdiyim "Hərb və Sülh (Lev Tolstoy)” əsərininin 4-cü hissəsini sıxaraq islanmış pəncərədən yağışlı Bakı səmasını seyr edəndə telefonuma qəfil, tanımadığım nömrədən bu mesaj gəldi:

"Salam. Necəsən? 
       Əkbər.”