Tural Diridağlı. Tablo (HEKAYƏ)

Tural Diridağlı. Tablo (HEKAYƏ)

Tural Diridağlı (Həsənov) 1992-ci ildə Bakıda anadan olub. 2013-cü ildə Milli Aviasiya Akademiyasını bitirib. Fransada beynəlxalq biznes hüququ üzrə magistr dərəcəsinə yiyələndikdən sonra ikinci magistr təhsilini Avropa hüququ üzrə qitənin ən elitar akademik mərkəzlərindən sayılan "College of Europe”da alıb. Bir müddət Avropa Parlamentində hüquq üzrə təcrübə keçən Tural, hal-hazırda Fransanın Tuluza universitetinin doktorantıdır. O eyni zamanda dünyanın nəhəng təyyarə istehsalçılarından biri sayılan Fransanın "Airbus” şirkətində hüquq departamentində çalışır. 


Şarl de Qoll hava limanının ikinci mərtəbəsindəki iri lövhədə Parisdən Fransanın, eləcə də dünyanın müxtəlif şəhərlərinə təyin olunan reyslərin vaxtı, uçuş referansları əks olunmuşdu. Uçuş tablosundakı rəqəmlər, şəhərlərin adları təxminən bir dəqiqəlik intervalla dəyişir, növbəti üç saat ərzindəki reyslər üçün hava limanına gələn sərnişinlərə mütəmadi məlumat verirdi.

Bütün bu məlumatlar hava limanının D terminalının ikinci mərtəbəsində, düz ortada qoyulan iri, qara tablonun üzərində sarı elektron hərflərlə əks olunurdu. Tablodakı yazıların sarı rəngdə olmasına Fuad ilk dəfə idi ki, fikir verirdi. Hər il bir neçə dəfə Şarl de Qoll hava limanından istifadə etməyinə baxmayaraq, Fuadın özünə də qəribə gəldi ki, D terminalının düz ortasına qoyulan belə böyük tablo indiyə qədər onun diqqətini heç vaxt cəlb eləməyib.

Fuad bundan əvvəl bir neçə dəfə Şarl de Qoll hava limanının qonağı olmuşdu. Hər dəfə öz ölkəsinə, ya da oxuduğu şəhərə - Tuluzaya gedəndə biletini elə alırdı ki, Parisdə bir gün də olsa qala bilsin; Avropanın mədəniyyət paytaxtındakı muzeylərə, onun məşhur küçələrinə gedib həm tarixi biliklərini, həm də sevdiyi fransız yazıçılarının Paris haqqında yazdıqlarını xatırlaya-xatırlaya bütün günü şəhərdə gəzsin. Təhsil aldığı Tuluza şəhəri isə İspaniya ilə sərhəddən üç-dörd saatlıq məsafədə yerləşirdi. Fransanın cənubunda yerləşən bu şəhər əhalisinin sayına görə Paris, Lyon və Marseldən sonra ölkədə dördüncü böyük şəhər sayılırdı. Ölkəsində çoxları Tuluza barədə məlumatlı olmasa da, Fuad bilirdi ki, İkinci dünya müharibəsi zamanı Fransa Müqavimət Hərəkatının qəhrəmanlarından biri, həmyerlisi partizan Əhmədiyyə Cəbrayılov məhz Tuluza şəhəri yaxınlığındakı həbs düşərgəsində əsir saxlanılmışdı, sonra da birtəhər oradan qaçmağı bacarmışdı. Amma Fuadı Tuluzaya bağlayan təkcə tarix deyildi. Bura həm də onun xaricdə təcrübə etdiyi ilk tələbəlik xatirələrinin izlərini saxlayan şəhər idi. Magistr təhsili isə artıq bitmişdi. Fuad Fransanı tərk eləyib vətəninə qayıtmalıydı. Bəlkə də Tuluzaya bir də heç vaxt gəlməyəcəkdi. Ona görə də veş-vüşünü yığıb buradan birdəfəlik ayrılanda özü ilə bacarmayıb, gözündən çıxan bir gilə yaşın qabağını ala bilməmişdi. Həmin vaxt onun yanında olan fransız dostu Pascal "özünü sıxma, ağla, qoy ürəyin boşalsın” desə də, Fuad ona izah eləyə bilməmişdi ki, onun doğulub böyüdüyü cəmiyyətdə kişilərin ağlaması yaxşı qəbul olunmur,zəiflik, acizlik sayılır. Heç bir kişi isə özünə sığışdırmaz ki, ona "qadın kimi ağlayır” desinlər. Fuad təhsilini artıq bitirdiyi amma həddən çox öyrəşdiyi bu şəhərdən ayrılarkən fikir-zikrini ona verməyə çalışırdı ki, öz ölkəsinə qayıdıb xalqına xidmət edən layiqli hüquqşünas olsun, həm də normal məvacib alıb öz həyatını qursun. Sözün açığı, ailəsi üçün də bir az darıxmışdı. Xülasə, bu cavan oğlan iki il yaşadığı Fransanı tərk elədiyi üçün özünü bir qədər məyus hiss etsə də bütün diqqətini gələcək karyerasına, həyatın hələ bilinməyən, amma onu gözləyən xoş sürprizlərinə hazırlamağa çalışırdı. Gələcək onu həyəcanlandırırdı. Axı onun iyirmi beş yaşı yenicə, iyul ayının sonralarında tamam olmuşdu!

Əlavə xərc çıxmasın deyə Tuluzadan Parisə olan bütün yolu avtobusla gələn Fuad hazırlaşırdı ki, üç saatdan sonra Parisdən İstanbula, oradan da Bakıya, Qafqazın Parisi adlanan doğulduğu, boya-başa çatdığı şəhərə qayıtsın.

Terminalın ikinci mərtəbəsindəki bu iri, qara uçuş tablosuna gözünü zilləyən Fuad birdən ayıldı ki, bayaqdan tablonun qarşısında dayanıb ona baxsa da, fikri başqa yerdədir. Amma nə qədər çalışsa da, bayaqdan nə fikirləşdiyini, zehninin onu hara apardığını xatırlaya bilmədi.

Tablonun qarşısında vurnuxan Fuad fikirləşdi ki, siqaret çəkmək, bir az da vaxt öldürmək üçün hava limanının bir küncündə, açıq havada bir yer tapsın, özü də elə yer olsun ki, uzaqdan olsa da Parisi bir az müşahidə eləyə bilsin. Onsuz da Tuluzadan Parisə çatan kimi birbaşa hava limanına gəldiyi üçün nə şəhərin mərkəz hissələrində gəzə, nə də bir yerdə əyləşib kofe ilə sevdiyi kişmişli çörəkdən (pain aux raisins) dada bilmişdi. Bəxtindən də "Şarl de Qoll” hava limanı şəhərdən əməlli-başlı uzaqda yerləşirdi. Amma buna da şükür! Heç olmasa, uçuşdan öncə pasport yoxlamasından keçməmiş siqaret çəkə-çəkə Parisə uzaqdan da olsa baxa biləcək.

Avqust ayının əvvəli olsa da Parisdə hava pis deyildi. Əslində Bakıda doğulub böyüyən bu qafqazlı gənc üçün avqustun bu cırhacır vaxtı buludlu-günəşli hava ideal sayıla bilməzdi. Amma adətən buludlu-yağışlı olan Paris üçün bu da qənimət idi. 

Fuadın heç ağlına da gəlməzdi ki, siqaret üçün açıq havada balaca bir yer tapmaq bu boyda aeroportda belə çətin olar. Çamadanları qıraqda bir yerə qoyub getmək də olmurdu; bu şəhərə hər yerdən min cürə insan gəlir; necə əmin olasan ki, biri gəlib çamadanını götürüb aradan itməyəcək? Gəl indi bu boyda yerdə polis şöbəsi axtar, fransızca dərdini izah elə. Əslində Fuad fransızca pis danışmırdı. Həm Tuluzada magistr təhsili üçün qaldığı iki il, həm də son altı ayı Brüsseldə keçirməsi ona kömək eləmişdi ki, ən azı dərdini izah eləyəcək qədər fransızca öyrənə bilsin. Amma xülasə, yayın cırhacırında ona əjdaha lazımdır?

Fuadın bəxti onda gətirdi ki, yanından keçən orta yaşlı fransız ondan nə köməyə ehtiyac olduğunu soruşdu. Yəqin ki, fransız vurnuxduğunu sezib ona yardım əlini uzatmaq qərarına gəlmişdi. Fuad ona yaxınlaşan fransıza dərdini izah edəndən sonra bu orta yaşlı, üzündə hələ tam codlaşmamış saqqal olan, qarayanız, tünd göy rəngli cins ilə bozumtul köynək, üzərindən də qara kostyum jaketi geyinmiş "Müsyö” dedi ki, elə o da siqaret çəkmək üçün yuxarı – üçüncü mərtəbəyə qalxır, istəyirsə onunla gəlsin. Özü də yuxarıdakı yer açıq havadadır. Fuad ürəyində fikirləşdi ki, görən bu "Müsyö” necə bildi ki, elə mənim də axtardığım yer açıq havadır?! Görəsən insanların bir-birinin daxilindəkini görmə, fikirlərini oxuma, hiss etmə, sezmə bacarıqları həqiqətən də var? Yəni hər hansı şəkildəsə enerji bir şəxsdən digərinə keçir və beləcə ikincinin beyninə siqnal gəlir ki, qarşıdakı adam bunu düşünür, hiss edir? Yoxsa hər şey təsadüfdən ibarətdir? Elə həyatın yaranması kimi?

Fuad təklif ilə razılaşdı. Fransız bəy hətta qollarını çırmalayıb Fuadın bir çamadanını da - özü də daha böyük və ağır olanını - özü ilə üçüncü mərtəbəyə qaldırdı. Onlar lifti gözləmədilər.
Deyəsən bəyin də ciyəri siqaret üçün yaman yanırdı. Yoxsa bu fransıza yayın istisində nə düşüb ki, bu qədər pilləkəni qalxıb, özü də tanımadığı birinin ağır çamadanını daşıya-daşıya, Parisi uzaqdan seyr eləmək üçün D terminalının üçüncü mərtəbəsinə çıxsın?

Saat 11-i yavaş-yavaş keçirdi. Günəş buludların arxasında gizlənmişdi, amma məqsədi özünün varlığını gizlətmək deyildi elə bil. Ara-bir başını buludların üstündən qaldırıb göz də vururdu yer üzünə. Bəlkə də məqsədi o idi ki, öz eqosunu yemləsin, insanlara "başa salsın” ki onsuz yay fəsli necə enerjisiz, bozumtul keçir, amma buralarda olduğunu, bizi hələki
sevdiyini də bizə bildirsin; biz insanlar da günəşin kölgəsi üçün belə sevinək, şükür edək, özünü görmək üçün isə Allaha yalvaraq, ya da kainatdakı enerji yığınağından istəyək ki günəş özünü bizə göstərsin, öz istisi, enerjisi ilə ruhumuzu doldursun, qanımızı qaynatsın, həyat eşqimizi oyatsın.

"Müsyö” ilə Fuad biraz gərnəşib, açılışandan sonra ciblərindən siqaretlərini çıxarıb
damaqlarına dürtdülər. Özü də Fuad həmişə fikir verirdi ki, əksər insanlar çox vaxt siqareti avtomatik olaraq dodaqlarının tən ortasına qoyur. İri, qara tablonun Şarl de Qoll hava limanındakı terminalın düz ortasına qoyulduğu kimi.

Siqaretdən qülləm ala-ala Müsyö söhbətə başladı:

- Siz hara gedirsiniz?

- İstanbula.

- Aha, lap yaxşı. Deməli, Türkiyədənsiniz?

- Yox, oradan da başqa yerə gedəcəyəm.

- Hə, lap yaxşı. Bəs burada, Parisdə nə işlə məşğulsunuz?

- Parisdə yaşamıram. Tələbəyəm, Tuluzada təhsil alıram. Hüquq üzrə magistr təhsili. Amma artıq təhsilim bitib.

"Müsyö”nün gözləri bir az bərəlir. Fuad həmişə fikir verirdi ki, kiməsə hüquq üzrə təhsil
aldığını deyəndə müsahiblərinin gözləri həmişə azca da olsa, bərəlir. Amma hələ cavab tapa bilmirdi ki, onlar gözlərini təəccübdən bərəldirlər, yoxsa bu bərəlmə hüquq təhsili aldığımı qiymətləndirmək jestidir.

- Lap yaxşı. Nə gözəl! Bəs özünüz fransız deyilsiniz deyəsən?

- Yox, fransız deyiləm. Azərbaycandanam.

Fuad ənənəsinə davam edərək Azərbaycan haqqında giriş nitqinə başladı,

- Bəlkə bu ölkə barədə eşitmisiniz. Rusiyanın yanında, Gürcüstan, Türkiyə ilə sərhəddə, Xəzər dənizinin sahilindəki kiçik Qafqaz ölkəsi. ?

"Müsyö” Fuadın sözünü yarıda saxlayıb müdaxilə eləyir,

- Hə, hə, deyəsən əvvəl Sovet Birliyinin tərkibində idi..

- Aha, bəli. 91-dən sonra müstəqil olmuşuq.

Bəzən əhvalı, enerjisi olanda Fuad öz giriş nitqində Cümhuriyyət tarixi, coğrafi baxımdan Avropa və Asiya arasında olsa da, siyasi və iqtisadi sistem, mədəni və dini baxımdan Azərbaycanın daha çox Qərb sivilizasiyasına daha yaxın olduğu barədə bir-iki kəlmə deyərdi.

Amma indi bunun üçün enerjisi yox idi. Bütün gecəni Tuluzadan Parisə avtobus ilə yol gəlmişdi. Ürəyində istəyirdi ki, "Müsyö” ilə şablon tanışlıq söhbətini qurtarıb, Parisə baxsın, onun havasını içinə çəkib ruhunu sakitləşdirsin. Birdən aradakı sakitlikdən başa düşdü ki, ənənəvi tanışlıq diskussiyasına uyğun olaraq o da sual verməlidir ki, bəs "Müsyö” haradandır (aksentindən onsuz da fransız olduğuna şübhə yox idi), əgər fransızdırsa, onda Fransanın harasındandır, nə işlə məşğul olur filan. Axırda da olduqları məkanın məntiqinə uyğun olaraq "Bəs siz hara gedirsiniz” sualını verib cavabını alsın, sonra da sağollaşıb, bir-birilərinə gözəl gün arzulayıb ayrılsınlar. Fuad dilləndi:

Bəs siz? Siz fransızsınız deyəsən, yox?

- Aha, fransızam.

- Harasındansınız Fransanın?

- Bretan bölgəsindənəm (Fransızca " La Bretagne”). Fransanın şimal-qərbində yerləşir. "Müsyö” Bretan haqqında öz giriş nitqinə başlayacaqdı ki, bu dəfə Fuad müdaxilə elədi,

- Hə, tanıyıram Bretan bölgəsini. Tuluzadakı dostlarımdan biri məhz oradan idi. Həmin dostum Tuluzada muzeydə işləyirdi. Onların işi bir az qəribə idi. Deməli, bir şirkət ölü heyvan dərilərini və skeletlərini – məsələn, zürafə, canavar dərisi və kəlləsini muzeyə dondurulmuş şəkildə gətirir, onlar isə bu skeletlərin əsasında onlardan heykəl düzəldirlər. Bu əslində ənənəvi anlamda nə heykəl kimi heykəldir, nə də canlı heyvan. İkisinin qarışığından yaradılmış incəsənət. Amma açığı mən baş aça bilmirdim ki, bu incəsənət nəyə xidmət edir.

Müsyö gözünü Fuada zilləyib diqqətlə qulaq asırdı. Elə bil nəyisə anlamağa çalışırdı, ya da nə barədəsə düşünürdü. Fuad isə davam edirdi,

- Əgər kimsə heyvanat aləmini kəşf etmək istəyirsə, buyurub zooparka gedə bilər. Tuluzanın özündə də zoopark var. Yox əgər heykəltəraşlıq və ya rəssamlıq ilə bağlı həvəskardırsa, Tuluzada hər həftə muzeylərdə maraqlı sərgilər olur. Bu sərgilərin qiyməti isə elə də baha deyil. Amma ölmüş heyvan skeletindən və dərisindən heykəl düzəltmək mənə bir az qəribə gəlir. Elə həmin dostum da mənə deyirdi ki, bizim işimiz bəlkə də Tuluzadakı ən qəribə işdir.

Fuad birdən ayıldı ki, bütün bunlar barədə zəvzəmək ona lazım deyil, çünki heyvanların hüququ barədə müzakirə aparmaq bu dəqiqə onun axırıncı istədiyi şey idi. Özü də Şarl de Qoll hava limanının D terminalının üçüncü mərtəbəsində. Deyəsən elə "Müsyö” də bunun həvəskarı deyildi. Söhbəti bağlamaq üçün Fuad elə özü başladığı mövzunu bağlayıb həm özünü, həm də "Müsyö”nü heyvanların hüququ barədə müzakirədən xilas elədi:

- Nəysə, bu qəribə dostumun sayəsində sizin doğulduğunuz region barədə də öyrənmişəm. Bretan bölgəsinin çox maraqlı tarixi var. Özü də əla yerdə yerləşir. Yəqin ki, tez-tez gedirsiniz oralara. Atlantik okeanın sahilində olmağı kim istəməzki?

- Hə düzdür. Çox gözəl yerlərdir. Orada olmamısınızsa, bir gün mütləq getməlisiniz.

"Müsyö” bunları deyə-deyə cibindən ikinci siqareti götürüb yandırdı. Amma danışmağa davam elədi:

- İndi də elə Bretan regionuna gedirəm. Atamın yanına. Xərçəng xəstəliyi var. Son günlərində onun yanında olmaq istəyirəm.

Bunu eşidəndən sonra Fuadın təəccübdən gözləri bərəldi. Açığı bunu eşitməyi gözləmirdi. "Müsyö” isə ciyərinə çəkdiyi tüstünü buludlu-günəşli Paris havasına buraxa-buraxa, səsində, üz cizgilərində azacıq da olsun dəyişiklik hiss olunmadan sakit tərzdə danışmağa davam edirdi. Fuad özünü məcbur hiss elədi ki, heç olmasa "Sizin üçün üzgünəm” desin, amma, "Müsyö”nün təmkinli, hər şeyi qəbullanmış duruşu Fuadı heyrətləndirmişdi, bilmirdi nə desin ki, pis çıxmasın. Bircə pıçıltıya bildi:

- Sizin üçün üzgünəm..

- Yox, üzgün olmağa dəyməz. Həyat onsuzda hər kəsi bir gün aparır. Fərqi nədir bu boğaz xərçəngi olsun və ya maşın qəzası. Mən özüm elə bu aeroportda taksi işləyirəm. İstənilən hal məni də həyat apara bilər. Özü də heç xəbərim də olmadan.

- Hə düzdür.. Amma istənilən halda insan..

- Yox, məncə bunun heç bir hala dəxli yoxdur, "Müsyö” Fuadın sözünü ağzında qoydu. Onsuz da hər kəs bir gün öləcək. Bu həqiqət hər kəsə aydındır. Əgər belədirsə onda üzgün olmağın nə mənası var. Axı üzgün olmaq nə rəhmətə gedəcək yaxınını nə də özünü həyatın bu həqiqətindən xilas eləmir?

- Hə düzdür.. Fuad "Müsyö”nün soyuq düşüncə tərzindən təsirlənə-təsirlənə dedi. Ürəyində fikirləşdi ki, bu soyuq yox lap buz kimi düşüncə tərzidir. Axı insan nələr yaşamalıdır ki, bu qorxunc həqiqəti belə rahat qəbul edə bilsin! Elə bu an "Müsyö” yenidən dilləndi:

- Mənim qardaşım da keçən ay rəhmətə getdi. Hələ onun "gediş”inə öyrəşməmiş indi ailə olaraq bacım və anam ilə atamın yaxında.. Fuad özü də bilmədən birdən,

- Çox üzgünəm.. dedi.

Bu dəfə "Müsyö” heç bir söz demədi. Başını sallayıb "rəhmət diləklərini qəbul elədim” deyirmiş kimi yuxarı qaldırdı. Sonra da siqaretindən sonuncu tüstünü alıb havaya buraxdı.
Fuad donmuş halda ona baxırdı. Onun yaxınlarını itirməsini bu qədər sakit, soyuqqanlı qəbul eləməsi Fuada güclü təsir etmişdi. Bəlkə də "Müsyö” sadəcə qıraqdan belə görünürdü. Əslində isə onun qəlbində fırtanalar əsirdi, tufanlar qopurdu. Biz bunu heç vaxt bilə bilməyəcəyik. 

"Müsyö” siqaretin kötüyünü yerə atıb (Fransada əksər insanlar siqareti çəkib bitirdikdən sonra eləcə yerə tullayırlar) əlini Fuada uzatdı. Onunla sağollaşıb "Sizə İstanbulda gözəl istirahətlər” dedi, sonra da uzaqlaşdı.

Fuad da siqaretini bitirib aşağıya, ikinci mərtəbəyə düşdü. İri, qara tablonun qarşısında dayanıb adları bir dəqiqə interval ilə dəyişilən şəhər adlarına, uçuş vaxtlarına, reyslərin nömrələrinə baxdı. Sarı hərflər qara tablonun içində oynaşırdı. O gözünü tabloya zilləsə də, özü də hiss eləmədən deyəsən fikri başqa yerdə idi. Görəsən bu an nə fikirləşirdi? Bəlkə o fikirləşirdi ki, görəsən tabloda adları yazılan şəhərlərə uçan minlərlə sərnişindən hansının həyatı "Müsyö”nünkindən daha çətindir? Və ya, görən bu sərnişinlərin arasında "Müsyö” qədər həyatın qorxunc, qaça bilməyəcəyimiz qanunlarına hazır, onun kimi güclü insan varmı? Bəlkə də Fuad "Müsyö”nü çoxdan unudub öz gələcəyi barədə fikrə dalmışdı ya da heç nə fikirləşmirdi, sadəcə tabloda gedəcəyi şəhərin adını axtarırdı...