Tural Sahab – Oğurlanmış şeir (hekayə)

Tural Sahab – Oğurlanmış şeir (hekayə)

 

Nə zamandır şeir yaza bilmirdi yaşlı şair. Qəlbindən oğurlamışdılar onun şeirini.
Ağ saçları, qurumuş dərisi ilə əslində özü bir şeir olmuşdu. Hər zaman təravətli olan bir sevgi şeiri. Yazdıqları dillər əzbəri olmuşdu...Gənc oğlanlar, qızlar onun şeirlərində tanıyırdı sevgini. Lakin indi o şeir yaza bilmirdi, sevgilisini itirmiş bir gənc kimi acı içində qıvranırdı.
Heç evlənməmişdi bu qoca. Uzaq və kimsəsiz bir qəsəbədə yalnız başına yaşayırdı.Gəncliyində sevdiyi,lakin ona qismət olmayan sevgilisinin xatirəsinə xəyanət etməmişdi bir ömür. Sadiq idi sevgisinə hələ də... Şeirlərində o günəş saçlı qız vardı. Ömrünün son baharında onu isidən günəş rəngində saçlar...Göz yaşları ilə keçən bir ömür... Milyonların sevgilisi olmaq, hər zaman doğrunu, gözəli anlatmaq...Bax, belə bir insandı yaşlı şair.
İndi düşünürdü: "Axı o heç kəsə pislik etməmişdi, kim oğurlaya bilərdi ki,onun qəlbindən sevgini? Belə bir pisliyi kim edərdi ona?”
Düşüncələr onu qəhərləndirir, lakin qoca çinarı yıxa bilmirdi.
Beynindən süzülən fikirlərlə yol boyu gedərkən birdən gözləri günəş qədər gözəl olan bir qızın ağlaya –ağlaya ona tərəf gəldiyini gördü. Qız onun yanına çatanda daha da hönkürdü. Gözləri ilə sanki şairə yalvarmağa başladı.
-Sənə nə olub qızım?
-Mə dünyaya gec gəlmişəm, onu üçün ağlayıram.
-Heç elə bir şey olarmı? Hər kəs zamanında gəlir bu həyata -dedi şair.
Lakin bu sözlər gənc ürəyi sakitləşdirmədi. Daha da alovlandırdı içindəki atəşi:
-Yox ,yox mən düz əlli il gecikmişəm bu həyata. Sən dünyaya gələndə gəlməliydim mən də. O sevdiyin qız mən olmalıydım, o zaman bir ömür acı çəkməzdin. Sənin də üzün gülərdi, şeirlərin bu qədər hüzün dolu olmazdı. Və mən də sənsiz bir ömrə məhkum olmazdım.
Şair artıq anlamışdı şeirini qəlbindən kim oğurlayıb. İçi yanırdı, bu gənc qızın sevgisi qarşısında tükənirdi. Axı bu nə işdi gəlmişdi, ömrünün son günlərini yaşadığı bir zamanda onun başına?
-Qızım sənin bu qocaya olan sevgin eşq deyil, sadəcə keçici bir həvəsdir.Sən sevə bilməzsən bu yaşlı insanı, sən özün kimi gənc birini sevəcəksən zamanı gəldiyində.
Qızın göz yaşları isə daha da artmışdı. Onun bu halı qocanın ürəyini parçalayırdı. Bilirdi qızın sevgisinin yalan olmadığnı. Ancaq qıza yazığı gəlirdi.Bir ömür onun kimi acı çəkməsini istəmirdi.
Lakin bunu ona necə anladacaqdı? Dağlardan axan sular kimi saf olan bu qızın qəlb yarasını necə sağaldacaqdı?
Bir anlıq keçmişə qayıtdı...Nə qədər yalvarmışdı sevdiyinə...Lakin onu istəməmiş,onu bir ömür zəlil qoyub getmişdi. İndi bu balaca qızın gözlərində özünü, gəncliyini görürdü. Ürəyində: "Ah, bə qızım, sən, həqiqətən, gecikmisən bu dünyaya gəlmək üçün, ya da ki, mən tez gəlmişəm”-dedi...
Artıq o da ağlayırdı. Qız yaşlı sevdiyinin göz yaşlarını incə barmaqları ilə silə-silə:
-Ağlama, sənin göz yaşların mənim sonum,ölümüm olar. Nə olar ağlama, mənim gecikdiyim baharım, ağlama-dedi.
Bir xeyli birlikdə ağladılar. Rüzgar onların göz yaşlarına üsyan edib özünü qarşıdakı qayalara elə bərk vurdu ki, qayalar param- parça oldu. Buludlar günəşin qabağını kəsdi, günəş parlaqlığından utandı. Heç bu qədər aciz qalmamışdı yaşlı çinar. Solğun barmaqları ilə qızın saçlarını oxşadı, ona ürəyini vermək, onu sevgi dənizində boğmaq istədi...Lakin ola bilməzdi. O yaxında öləcəkdi... Qızı isə qarşıda qocaman bir ömür gözləyirdi.
Sadəcə sevilmək istəmişdi bu yaşlı bədən. Həyat isə bunun qarşılığında ona əzab dolu bir ömür yaşatmışdı. İndi niyə bu qıza sevdirdi ki ,onu?
Aacısını artırmaq üçünmü?
-Bu ölümə yaxınlaşdığı vaxtda onu ölmədən məzara qoymaq üçünmü?-suallar ürəyində cığır açırdı acıdan...
İkisi də bilirdi, bu sevginin imkansız olduğunu... Onlara əzabdan başqa bir sey verməyəcəyini... Lakin sevirdilər, bu sevginin onların sonu olacaqlarını bilə- bilə.
Şairin dilində bu sətirlər dolanmağa başladı: "Sən yaşlı şairin son şeirisən ........” Sadəcə bu sətir... Sonu gəlmədi bu şeirin.
Yaşlı sevgilisinin gözlərində dünyanı gördü gənc qız. Heç bir yaşıdının gözlərində görmədiyi sevgi dolu bir dünyanı. Ancaq o dünyanın sonuna az qaldığını o da görürdü, bunun üçün də göz yaşlarını dindirə bilmirdi.
O da sevgisiz bir ömür keçirəcəkdi, daha doğrusu, sevgilisiz.

Tural Sahab