Tural Turan. Misedey (HEKAYƏ)

Tural Turan. Misedey (HEKAYƏ)

Atamdan fərqli olaraq mən onu ilk və son dəfə həmin qatarda görmüşdüm. Yaşıl və ağ rənglərin qarışığından kəlağayısı, uzun, qırçınlı qara donu, qolundakı gümüş kişi saatını indi də xatırlayıram. Hər dəfə kəndimizdən Gəncənin "Sərçəbazarı”na ayın-üyün almağa gedəndə atam həmin saatı qoluna taxır ki, bəlkə sahibi rastına çıxdı...

***

-Üzünüz tanış gəldi. Sizi haradansa tanıyıram, xanım.

Qadın gicgahını söykədiyi başını qatarın pəncərəsindən ehmalca qaldırıb sual dolu nəzərlərlə gözucu atama baxdı. Yanında boy sırası ilə əyləşmiş oğlanlarından ən kiçiyi anasının qoluna baş qoyub yatmışdı. Onu oyatmaq istəmədiyindən üzü tam olaraq bizə sarı dönmədi. 

Gözlərinin içi qızarmışdı. Tez-tez gözlərini qırpırdı.  Önündəki masanın üzərində üç-dörd dilim kolbasa və qırağı qarsımış təndir çörəyi vardı. Üç dilim çörək idi. Əllə kəsilmişdi. İkisi dişlənmişdi...

Beş dəqiqə idi ki, plaskart vaqonda üz-üzə oturmuşduq. Atamın beş dəqiqəlik qara susqunluqdan sonra söhbətə bu cür təlatümlü başlaması onu da qorxudurdu:

-Siz məni tanıya bilməzsiniz. Əzməli bir ləhcə ilə qırx-qırx beş yaşlarındakı qadın cavab verdi. Mən çeçenəm, Qroznıdanam. 

Atam təbəssümlə - hə, tanıdım, deyirəm axı, heç vaxt zənnimdə yanılmaram, adınız da Misedeydir – bayaqdan ölü nəzərlərə pəncərəmizdən arxaya doğru qaçan ağaclardan, naqilləri qırılmış işıq dirəklərindən gözlərini çəkməyən qadının gözləri böyüdü. Diksindiyini hiss etdim. Qorxu qarışıq nəzərlərlə iki dəfə ard-arda udqundu. Gözucu oğlanlarına və ikinci mərtəbədəki qızına baxıb ayaqlarını bir yerə yığdı, yançağını oturduğu yerdən bir qədər də küncə doğru çəkdi. Daha da küncə qısıldı. Xırıldadı:

-Xardan tanıysınız?

-Qroznudan... Mən Altayam.

Atamın ilıq təbəssümü qarşımdakı xalanın qaşlarını daha da düyünlədi. Gözünün qaraları qaşlarının yuxarısına doğru gizləndi. Açığı, bir anlıq uzunboylu, badamağızlı bu xanımın qartalabənzər baxışından çox qorxdum. 

..Biz tərəfdə kim hekayə danışsa, mütləq birini qoyub o birinə qaçar. Üzüm ayağınızın altına, mən də onlardan biri. Özündən basmaq kimi olmasın, atamın iti yaddaşı var, bir dəfə gördüyü simanı bir də heç vaxt unutmaz, adını xatırlamasa da, sizinlə haradasa, görüşmüşəm deyəsi adamdır. Amma mən hər dəfə bunu kişilərlə görmüşəm. Misedey adlı birinə, özü də xanıma "üzünüz tanış gəldi”deməsi açığı məni də çaşdırdı. Görək axırı nə olur...

-Altay? Kto eto? – Çeçen xanım rusca mızıldandı. Sağ əli ilə sol əlinin üstünü ovuşdura-ovuşdura Al-tay, Alll-tayy pıçıldaması "vallah xatırlaya bilmirəm” deməyə çox bənzəyirdi.
Atam təbəssümlə - Əhməd necədi? Yoldaşınızı deyirəm – gülümsədi. 

Qadının gözlərinə xəfif işıltı gəldi. Amma gözlərinin qarası hələ də tam olaraq aşağı enməmişdi. 

Çevrilib atama baxdım. Qatarımız Gəncə Dəmiryol Vağzalından təzəcə tərpənmişdi. Heç on dəqiqə keçməmişdi. Yəni, Zazalı postuna da çatmamışdıq. Bir anlıq atamın Çeçenistanda üz-üzə gəldiyi, üstəlik ərini də tanıdığı bir xanımın Gəncədə nə işi var? – sualı beynimi qurdalamağa başladı. Bu kəlağayılı qadın dörd azyaşlı uşaqla hara gedir – deyə düşündüm. Uşaqlarının böyüyü məndən iki-üç yaş balaca olardı. Qatardakı züryətlərdən kiçiyi qız idi. Görsə-görsə dörd-beş Novruz görmüşdü. Mən də on beş yaşımı üç gün əvvəl tamamlamışdım. Bığ yerim qaralmağa başlamışdı. 

Atam təbəssümünü kişmişi gülüşə çevirməklə qadının içinə saldığı xofu "pambıq odu” ilə götürməyə çalışırdı. Əvvəlcə mənim başımı sığalladı. Misedey xalanın oğlanlarına və ikinci mərtəbədə yatan qızcığazını süzə-süzə anamın daradığı saçlarımı dağıtdı:

-Onda bu uşağın üç yaşı vardı (çənəsini sola tərəf çevirib məni işarə etdi), bacısı, yəni qızım tələf olmuşdu. Onun da iki yaşı var idi. Doxsan dördüncü ilin dekabrın 27-i , ya da 28-i olardı. Vaqonla Kişinyovdan Bakıya yağ gətirirdik. Ruslar sizin torpaqlara təzəcə girmişdi. Çeçen döyşçülər də vaqonlarımızın qabağını kəsmişdi. Bütün yolları bağlamışdı. Əhməd də, sizin yoldaşınız da mücahidlərin içərisində idi. 

Qadın gözlərini atamın gözündən çəkmədən qulaq asırdı. Elə uşaqlar da. Atam isə plaskart vaqonun pəncərəsindən arxaya doğru qaçan telsiz köhnə dirəklərə baxa-baxa söhbətinə aramla davam edirdi:

-Evdən teleqram almışdım. Qızımın rəhmətə getdiyi yazılırdı. Teleqramı qaynım göndərmişdi. Təcili icazə alıb təyyarə ilə evə gəlməyimi yazırdı. Teleqram Moskva Dəmiryol İdarəsinə vurulmuşdu. Oradan da dayandığımız stansiyaya yönləndirilmişdi. Kağızı mənə rus milisi gətirib vermişdi. Soyadı Bastuyev idi. Onu sizinkilərdən mühafizə etmək üçün bizə gözətçi olaraq təhkim etmişdilər. Hirsimdən başımı rerejator vaqonunun pəncərəsinə döyürdüm. Pulum da bitmişdi. İki gün idi ölüm təhlükəsinə görə Bastuyev mənə və mexanikimə bayıra çıxmağa icazə vermirdi. 

Birdən atam yuxudan ayılmış kimi qadına sarı çevrilib sözünü yarımçıq qoydu:

-Başağrısı döyül ki?!.

Qadın başını yelləyənə kimi mən – yox ata, danış, maraqlıdı- dedim. Kişi gülüməsədi. Misedeyin oğlanları da mənə baxıb üzlərinə təbəssüm hopdurdu. Uşaqlarınınn təbəssümlərinə gözucu baxan xanım kəlağayının bir ucunu dodaqlarının üstünə çəkib – Gəncə ləhcəsi ilə - danışın- dedi. Atam qaldığı yerdən davam elədi:

-Qəfil qapını açıb aşağı düşdüm. Sizin mücahidlər üstümə tökülüşdülər. Pul istədilər. Cibimdəki 900 rublu çıxarıb yoldaşınıza uzatdım. Dedim ki, avtomatını ala bilərəmmi? Çeçenlər təəccübləndilər. Qayıtdım ki, qızım ölüb, dəfninə gedə bilmirəm. Təcili Bakıya getməli olduğumu söylədim. Gözlərimin qızartısını görüb içlərindən bir nəfər məni qucaqladı. Rusca – möhkəm ol- dedi. Sonra Əhməd, yoldaşınız avtomatının darağını yoxlayıb mənə uzatdı. Sandıqcadakı güllələri havaya boşaldıb sakitləşdim. Elə bil, təzədən doğulmuşdum. Əhmədlə bir neçə dəqiqə sonra dostlaşdıq. Məni evinizə apardı. Yuyundum. Gecəni sizdə qaldım. Qabağıma yemək qoydunuz. Həmin günləri heç vaxt unutmaram. 

Misedey xala bir anlıq özünü unudub "Kalxiyta... voy zar...”- kimi sözlər çıxdı ağzından. Səhv yadımda qalıbsa, çeçenlər məni bağışlasın. Sonra qeyri-ixtiyari olaraq, bağışlayın, indi yadıma düşdü, tanıdım” – dedi:

-Hə, yeni il ərəfəsi, cümə günü idi. Gəldiyiniz günü xatırladım. Bağışlayın ki, qabağınıza quru çörək qoydum. O vaxt heç kimin evində ağ çörək yox idi. Bir həftənin çörəklərini yeyirdik. İşıqlarımız da yox idi. Xarab olmasın deyə, çörəkləri adyala büküb həyətdəki ağaclardan asırdıq. Çünki quru şaxtalı hava evin temperaturundan daha etibarlı idi. 

Misedeyin utana-utana dediyi bu sözlər deyəsən, atama maraqsız gəlirdi. Misedeyin sözünü qəfil ağzında qoydu:

-Bir il sonra Əhmədi Qroznuda gördüm. Maykopa gedirdik. Müharibə hələ də bitməmişdi. Şəhər tamam dağılmışdı. On kilo yağ, iki tay da un verdim. Hər kəsin vaqonunu yağmalamışdılar. Bircə mənimkinə dəyməmişdilər. 

Birdən atam diksindi:

-Əhməd indi hardadır, siz burada neynirsiniz?

Qadın yanındakı oğluna söykənib kobud Gəncə ləhcəsi ilə danışmağa başladı:

-Əhməd doxsan doqquzuncu ildə yaralandı. Ayağının ikisini də kəsdilər. Maşhadovun cangüdəni idi. Ayılar hər yerdə onu axtarırdı. Dostları bizi və bir neçə yaralını gecə ilə Qroznıdan çıxardı. Əvvəlcə Tiflisə, oradan da Gəncəyə gəldik. Artıq altı ildir ki, burada yaşayırıq. 

-Bəs Bakıya nəyə... xeyirdimi?

-Gəncədə üçotaqlı bir ev tutmuşuq. Kirayə qalırıq. Üç ailə bir evdə cəm olmuşuq. İndi də Qroznıdakı qonşumuz Bakıya gəlib. Ərini öldürüblər. Onu yanımıza aparmağa gəlmişəm. Əhmədin üstünə yazdıracağam. 

Atam duruxdu:

-Necə yəni?

-Yad ölkədi. Ərsiz qadındı. Pisə yola düşər. Ona ər lazımdı. Küçədə qalmasına göz yuma bilmərəm. Əhməddən xahiş etdim ki, evlənsin. Həm də sayımız artsın. Ölənlərin yerini indi şikəstlərlər doldurmalıdır. Uşaqlar böyüsün, yenə qayıdacağıq Qroznıya. Əhmədin məndən və başqa bir çeçendən yeddi uşağı var indi. Əgər Əhməd ölsəydi, mən də kiminsə üstünə yazılacaqdım. Kökümüzün kəsilməməsi indi bizim üçün daha önəmlidir, qardaş.

Atam gözlərini qıyıb Misedey xalaya baxır, sakitcə dinləyirdi. Birdən mən dilləndim:

- Bəs o qadını necə tapacaqsınız? Axı nə bilirsiniz indi o hardadır?

Deyəsən atamdan qabağa düşmüşdüm. Sual xoşuna gəlmişdi. Yenidən əlləri ilə saçlarımı dağıtdı.

Misedey xala qolundakı saatı və içindəki şəkili göstərdi:

- Bununla. Cohar Dudayevdir. Bizim böyüyümüzdür. Tələyə salıb öldürdülər. İndi Çeçenistandan çıxan hər adamda bu saatdan var. Bununla xəbərləşib tapşırıq. 

Birdən qadın atama baxıb narahatlıqla soruşdu:

- Uşaqların da üzü yadınızdan çıxmır ki...

Atam, təbəssümlə - gözlərindən tanıya bilərəm – dedi.

O gecə atam gözlərini qatarın tavanına zilləmiş Misedeyin azyaşlı oğlanlarından birinə 3 "şirvan” verib yuxuya getdi. Mən də səhərə yaxın mürgüləməyə başladım. 

Biz oyananda artıq onlar yox idi.  Atamın balışının altından on nəfərlik rəngli bir ailə fotosu çıxdı. Şəkildəki beş nəfəri o saat tanıdım. Atam çevirib arxasına baxdı, dümağ idi... 
Misedeyin saatı isə stolun üstündə qalmışdı.