Tural Turan. Qaranlığın cənnətinə inanırıq... (ŞEİRLƏR)

Tural Turan. Qaranlığın cənnətinə inanırıq... (ŞEİRLƏR)

İtkin dualar
(Ulu şaman Rüstəm Behrudiyə)

Əl açmaq –
göydən asılmış tanrının
ayaqlarına dirəncək olmaqdı...
...Əl açırıq,
nəfəssiz birinin ömrünü 
beş dəqiqəlik uzatmaq üçün.

...Dualar bitəndə 
qurtulur tanrılar insan yükündən – 
bükülüb rahat yatırlar
seçilmiş kitab varaqlarında.
İnanmasanız əl basaram alın yazıma...

Tanrının cənnəti 
yaratdığının ağzında başlayıb gözündə bitir.
Bizsə hələ də
gördüyümüz boyda 
qaranlığın cənnətinə inanırıq...

...Hər dünyaya gəlişimizdə küsdürdük deyə
Allah Adəmdən sonra insan yaratmadı..!
Əlinizi yumun adamlar,
bəlkə qayıdıb insan oldunuz.

...Yığın, sərgilərdəki uzunqol abır kürklərini,
soyunun əyninizdən 
rəngi solmuş kir basmış kentavr köynəklərini... 

Ayağını itirmiş şəkillər

...Hərdən 
ayaqlarını itirmiş şəkillərinə baxıram, 
günahlarım can verir baxışlarında,
uzaqların islandığı payız yağışlarında.
Gözlərimi o qədər döyüb ki, ayrılıq, 
göz yaşlarım yanaqlarımda büdrəyir... 

Yadındamı, 
son görüşümüzdə 
əllərinə söykəmişdim üzümü.
Öləndən sonra gördüm 
əllərin ayrılığın məzar daşıymış...

Ad günü notu

(Daha yetməz dodağının istisi,
Üzümün qırışını ütüləməyə...)

Bətnində boş qəbir,
yataq otağında lal beşik...
...Üşüyürsənmi bu axşam da, 
geyirsənmi 
bir qarabuğdayı kişini, 
bir sarışın qızcığazı əyninə...
Ölürsənmi 
otağının işıq düşən tərəflərində...

...Söndür!
Söndür gözlərindəki yiyəsiz işığı,
qoru özünü unutduğun küçələrdən.
Sən qadınsan axı..!