Turgenevdən iki  qısa hekayə

Turgenevdən iki qısa hekayə

Məşhur rus klassiki İvan Sergeyeviç Turgenyevin "Mənim ağaclarım" və "Sərçə" hekayələrini oxucularına təqdim edir.
 
 
"Mənim ağaclarım"
 
 Varlı mülkədar, zadəgan olan keçmiş universitet yoldaşımdan məktub aldım. O, məni öz malikanəsinə dəvət edirdi. 
Bilirdim ki, o, xeyli vaxtdır xəstədir, gözləri tutulmuş, iflic olmuşdu, zorla yeriyirdi... Yanına getdim. 
 
Onu böyük parkın xiyabanlarından birində tapdım. Yay olduğuna baxmayaraq kürkə bürünmüşdü, sısqa, zəif idi, beli bükülmüşdü, gözlərinin üstünə yaşıl günlük taxmışdı, o, arxadan iki zəngin geyinmiş lakeyin itələyib sürdüyü kiçik arabada əyləşmişdi. Mənim gəldiyimi bildikdə sanki qəbirdən çıxan boğuq bir səslə dedi:
 
- Mənim ata-baba torpağıma, mənim qocaman ağaclarımın kölgəsinə xoş gəlmisiniz!
 
Onun başı üzərində min illik əzəmətli palıd öz budaqları ilə çadır kimi dayanmışdı. 
 
Mən fikirləşdim: "Ey min illik nəhəng, eşidirsənmi? Köklərinin yanında sürünən taqətsiz bir soxulcan səni öz ağacı adlandırır!”
 
Xəfif meh nəhəng ağacın sıx yarpaqları arasından keçərək xışıltı saldı... Və mənə elə gəldi ki, div palıd mənim fikirlərimə də, xəstənin lovğalığına da nurani, əzəmətli bir qoca kimi yavaşca, səssiz-səmirsiz gülür.
 
 
"Sərçə"
 
Mən ovdan qayıdır, bağın xiyabanı ilə gedirdim. İt qabaqda qaçırdı. 
 
Birdən o, addımlarını yavaşladı və quş duymuş kimi yerə yatıb gizlincə irəli yeriməyə başladı. 
Xiyabanı diqqətlə süzüb, dimdiyinin yanında sarılıq və başında pərqu olan körpə bir sərçə gördüm. Yuvadan düşmüşdü (külək xiyabanın toz ağaclarını bərk yırğalayırdı), təzəcə çıxan qanadlarını aciz halda açaraq hərəkətsiz oturmuşdu. 
 
İtim yavaş-yavaş ona yaxınlaşırdı. Birdən qara döşlü qoca sərçə yaxındakı ağacdan daş kimi qopub düz itin qabağına düşdü və tükləri pırtlaşmış, eybəcərləşmiş bir halda, ümidsizcəsinə və yazıq-yazıq civildəyə-civildəyə iki dəfə itin iri dişli açıq ağzına tərəf atıldı. 
 
O xilas etməyə cummuşdu, o, öz bədəni ilə körpəsini qoruyurdu... Lakin xırdaca vücudu büsbütün dəhşətdən titrəyir, səsi cırlaşıb xırıldayırdı. O taqətdən düşür, özünü fəda verirdi!
 
İt ona necə nəhəng bir heyvan kimi görünürdü, yəqin! Buna baxmayaraq, o, öz uca təhlükəsiz budağında otura bilməmişdi... İradəsindən qüdrətli olan bir qüvvə onu budaqdan qoparıb yerə atmışdı.
Trezorum  dayandı, geri çəkildi... Görünür, bu qüvvəni o da duymuşdu...
 
Çaşmış iti çağırdım və böyük ehtiram hissilə oradan uzaqlaşdım.
Bəli, gülməyin. Mən o kiçik, qəhrəman quşa, onun  məhəbbət coşqunluğuna pərəstiş edirdim. 
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür, - deyə mən fikirləşirdim. Həyat yalnız sevgi ilə ucalır və ondan qüvvət alır. 
 
Tərcümə: Cəlal Məmmədov
 
Kultura.az