Uilyam Karlos Uilyams: Gücün tətbiqi - HEKAYƏ

Uilyam Karlos Uilyams: Gücün tətbiqi - HEKAYƏ

Onlar yeni xəstələrim idilər. Yanıma gələn adam haqda bildiyim yeganə şey onun adı idi: Olson

"Xahiş edirəm ki, bacara bildiyiniz qədər tez gələsiniz, qızım çox xəstədir”.

Çatanda məni üzündən qorxduğu sezilən ana qarşıladı, çox aydın şəkildə və üzrxahlıqla: " Həkimsiz? ”,- deyə soruşdu və məni içəri buraxdı. Arxadan dilləndi,- bağışlayın, həkim, mətbəx isti olduğu üçün onu orada saxlayırıq. Bəzən burda hava çox nəm olur”.

Altdan-üstdən nəyi var geyindirilmiş uşaq mətbəx stolunun yanında atasının qucağında oturmuşdu. Atası ayağa qalxmağa çalışdı, lakin mən o narahat olmasın deyə ona doğru getdim, paltomu çıxartdım və vəziyyəti gözdən keçirməyə başladım. Hamının çox əsəbi olduğunu görə bilirdim, onlar məni başdan ayağa inamsızlıqla süzürdülər. Adətən belə hallarda artıq bir söz deyilmirdi, söyləniləcək fikirlər məndən asılı idi; elə buna görə də, onlar mənə üç dollar ödəyirdilər.

Uşağın soyuq, davamlı baxışları açıq aşkar üzərimdə idi , nə baş versə də üzünün ifadəsi dəyişmirdi. O tərpənmirdi. Daxilən sakit, zahirən düyə kimi güclü görünən, qeyri-adi cazibədarlığı olan kiçik qız idi. Lakin üzü yanırdı, nəfəs alış-verişi sürətli idi, yüksək qızdırmasının olduğunu anladım. Gur, valehedici sarı saçları var idi. Belə görünüşü olan uşaqlara adətən reklam vərəqələrində və " Bazar günü ”  qəzetlərinin şəkil bölmələrində rast gəlinirdi.

"Onun üç gündür ki, qızdırması var, –deyə ata sözə başladı,-və biz bilmirik bunun səbəbi nədir.Özünüz də bilirsiniz, bir çox insanın belə hallarda etdiyi kimi arvadım da ona sağalması üçün bəzi vasitələr verib, amma bunların heç bir xeyri olmur. Hər tərəf cürbəcür xəstəliklərlə doludur. Ona görə biz fikirləşdik ki, siz onu daha yaxşı müayinə edərək nə baş verdiyini deyərsiniz”.

Həkimlərin adətən etdiyi kimi mən də başlanğıc üçün onu ümumi müayinədən keçirdim. "Boğaz ağrısı olubmu?”, –deyə soruşdum.

Valideynlərin ikisi də birdən cavab verdilər: " Xeyr… Xeyr. O deyir ki, boğazı ağrımır”.

"Boğazın ağrıyır?”,- anası soruşdu. Lakin balaca qızcığazdan səs çıxmırdı və o gözlərini məndən çəkmirdi.

Uşağın boğazına baxıb baxmadıqlarını soruşdum.

Ana cavab verdi: "Çalışdım amma görə bilmədim”.

Keçən ay ərzində bu uşağın oxuduğu məktəbdə difteriya xəstəliyi halları müşahidə edildiyi üçün hamımız açıq aşkar bu barədə düşünürdük, lakin heç kəs bir söz demirdi.

"Yaxşı, məncə biz birinci onun boğazına baxmalıyıq, -dedim. Ustalıqla gülümsədim və uşağın adını soruşduqdan sonra, – Matilda, gəl ağzını aç ki, boğazına baxaq”,- dedim.

Heç bir reaksiya vermədi.

"Yaxşı, sadəcə ağzını böyük aç, baxım,-dedim. Hər iki əlimi geniş açaraq,-  Əlimdə heç nə yoxdur. Ağzını aç ki, baxım”,-deyə əlavə etdim.

Anası dedi:"Elə yaxşı adamdır ki.Gör sənə qarşı nə mehribandır.Gəl o dediyini et, səni incitməyəcək”.

Güclə gülümsədim. Əgər onlar " incitmək ” sözünü deməsəydilər ,yəqin ki, qızı yola gətirə bilərdim. Lakin mən nə tələsdim, nə də narahat oldum ,sakit, asta-asta danışaraq yenidən uşağa yaxınlaşdım.

Stulu bir az da yaxına çəkən kimi birdən o pişik cəldliyi ilə hər iki əlini qeyri-iradi olaraq gözlərimə uzatdı və onları tutdu. Əslində, o mənim eynəyimə toxundu və o uçaraq yerə düşdü, qırılmasa da mətbəx döşəməsinin üzərində məndən bir qədər aralıda idi.

Ana və ata utanc hissi və üzrxahlıqla içlərindəki bütün qəzəbi boşaltmağa başladılar. Anası onun bir qolundan tutub silkələyərək : "Pis qız, gör sən nə etdin,-dedi,- "elə yaxşı insan”…

"Allah xətrinə,-deyərək sözünü kəsdim,-onun yanında mənə yaxşı insan deməyin. Mən bura onun boğazına baxmaq üçün gəlmişəm, o difteriya xəstəliyinə tutulubsa,  bundan ölə bilər. Burda onun üçün heç nə yoxdur.Uşağa baxaraq dedim,- biz sənin boğazına baxmaq istəyirik. Sən mənim dediklərimi anlayacaq yaşdasan. İndi de görək ağzını açırsan, yoxsa biz məcbur açaq?”

Heç bir dəyişiklik olmadı. Hətta onun üzünün ifadəsi də dəyişmədi. Lakin o getdikcə daha sürətlə nəfəs alırdı. Sonra savaş başladı. Bunu etməliydim. Onun özünümüdafiəsinə qarşı mənim də müayinə üçün öz üsulum olmalı idi. Amma əvvəlcə valideynlərə hər şeyin tamamilə onlardan asılı olduğunu dedim.Təhlükəni onlara başa salsam da,  məsuliyyəti öz üzərlərinə götürməyənə qədər müayinə üçün təkid etməyəcəyimi bildirdim.

"Əgər sən həkimin dediyini etməsən xəstəxanaya getməli olacaqsan”,-anası sərt şəkildə xəbərdarlıq etdi.

"Doğrudan?”,- öz-özümə gülümsədim. Bütün olanlardan sonra mən bu dəlisov qızcığazı sevmişdim, valideynlərinin rəftarını isə bəyənməmişdim. Sonrakı mübarizədə valideynlər daha acınaqlı, əzik və yorğun vəziyyətə düşmüş, qızcığazın hədləri aşmış çılğınlığı ona qarşı qorxumu artırmışdı.

Ata əlindən gələni etdi, o güclü insan idi, lakin qızcığazın  onun öz uşağı olması, uşağın davranışına görə utanc hissi keçirməsi və onu incitməkdən qorxması demək olar ki, istəyimə çatdığım önəmli bir vaxtda atanın qızı buraxmasına səbəb oldu. Atanın ürəyi getmək üzrə idi, amma buna baxmayaraq, uşağın difteriya xəstəliyinə tutulmağından qorxduğu üçün məndən davam etməyimi istədi, eyni zamanda ana da qorxunun təsiri ilə qızın əllərini qaldırıb endirərək var-gəl edirdi.

"Onu qucağına al ,- dedim, –və hər iki biləyini tut”.

Lakin ata mən dediyimi edən kimi uşaq qışqırmağa başladı: " Etməyin, siz məni incidirsiniz, əllərimi buraxın. Deyirəm ki, buraxın əllərimi,- sonra o qorxu ilə, dəhşətli fəryad qopardı,- dayanın, dayanın! Məni öldürəcəksiniz”

"Həkim, sizcə o buna dözə bilər?!”,-ana soruşdu.

Ər arvadına dedi: "Çölə çıx. Bəlkə sən onun difteriyadan ölməsini istəyirsən?”

"Davam et,tut onu”,- dedim.

Sonra mən sol əlimlə uşağın başını tutdum və taxta dil basacağını onun dişlərinin arasına qoymağa çalışdım.O dişlərini qıcayaraq məyus halda mübarizə aparırdı.Lakin indi uşağa qarşı qəzəbim artmışdı.Mən sakit olmağa çalışırdım, amma bacarmırdım. Boğazı necə açmalı olduğumu bilirdim.Və əlimdən gələni etdim. Axır ki, taxta basacağı onun arxa dişləri arasında  yerləşdirərək ucunu ağız boşluğuna qoymuşdum ki, o ağzını ani olaraq açdı , amma mən baxa bilmədən yenidən bağladı . Mən taxta ülgücü onun ağzından cıxarmağa fürsət tapmamış o, onu azı dişləri arasında sıxaraq hissələrə parçaladı.

"Utanmırsan?”,-anası üstünə qışqırdı,-sən həkimin yanında özünü belə aparmağa utanmırsan?”

"Mənə düz qulplu bir qaşıq verin,-anaya dedim,-biz ağzını o qaşıqla açacağıq”.Uşağın ağzı artıq qan içində idi. Onun dili kəsilmişdi ,şiddətlə ağlayırdı.Ola bilsin buna bir saat və ya daha çox müddətdə ara verməli, sonra yenidən davam etməliydim.Şübhəsiz ki, bu daha yaxşı olardı. Mən ən azı iki uşağın belə hallarda müayinədən imtina etdiyi üçün öldüyünü görmüşdüm. Ona görə də elə hiss edirdim ki, bunu ya indi edəcəyəm ya da heç vaxt. Amma ən pisi o idi ki, bunu etmək üçün mənim tam başqa bir səbəbim vardı. Qəzəbimdən uşağı parçalara ayıra bilərdim və bundan məmnun qalardım. Onun üzərinə cummaq lap ürəyimdən olardı.Üzüm əsəbdən qızarmışdı.

Belə vaxtlarda insan öz-özünə fikirləşir ki, lənətə gəlmiş bu balaca qızcığazı  öz dəliliyindən qorumaq lazımdır. Başqa insanlar da bu uşağın özündən qorunmalıdır. Bu sosial zərurətdir.Və hamısı həqiqətdir. Lakin qəzəbin gözümü bürüməsi, bir yetkin insan kimi keçirdiyim utanc hissi, əzələlərimi buraxmaq istəyimin artması davam etməkdə idi. Hər şey sona doğru yaxınlaşırdı.

Düşünülməmiş son cəhddə uşağın boğazını və çənəsini tutmağa müvəffəq oldum. Ağır gümüşü qaşığı səsi kəsilənə qədər onun dişlərinin arxasına basdım və boğazına itələdim. Boğazda hər iki badamcıq membranla örtülmüşdü. O öz sirrini məndən gizlətmək üçün şücaətlə mübarizə aparmışdı. Olacaqlardan canını qurtarmaq üçün ən azı üç gün boğaz ağrısını gizlətmiş və valideynlərinə yalan demişdi.

İndi o ,həqiqətən, qəzəbli idi.Əgər əvvəlcə özünü müdafiə edirdisə, indi artıq hücuma keçmişdi. Gözlərindən məğlubiyyət yaşları axdığı bir vəziyyətdə o, atasının qucağından düşərək üstümə cummağa çalışırdı.

Tərcümə etdi:Arzu Mehralı

literary.agta.az