Ulucay Akif. Çox pis vərdişlərim var... (ŞEİR)

Ulucay Akif. Çox pis vərdişlərim var... (ŞEİR)

Çox pis
vərdişlərim var,
məsələn, bir yaz günü
aşiq olaram
tanımadığım qızın
əllərinə, ayaqlarına, sinəsinə... 

aşiq olaram
yarpaqların rəqsinə,
günəşin gülüşünə, küləyin əsməsinə... 

...Çox pis
vərdişlərim var,
məsələn, bir yaz günü
ümid dolar içimə,
məsciddən çıxıb kafeyə gedərəm,
doldurub badəmi deyərəm: 

- bunu da Tanrının sağlığına içirəm!

...Çox pis
vərdişlərim var,
məsələn, bir yaz günü
unudaram
adını, səsini, 
çıxarsan yadımdan... 

...məsələn,
bir yaz günü
keçərsən yanımdan,
yaxınlaşıb deyərəm: 

- Sevirəm!