Van Qoqun məktubları

Van Qoqun məktubları

Məşhur holland rəssam Vinsent van Qoq 1853-1890-cı illərdə yaşayıb. O, öz həyatı və yaradıcılığı ilə ən çox müzakirə edilən rəssamlardandır. Hətta belə bir siyahı yaratsaq, Van Qoq ilk üçlüyə girər. Öz qulağını kəsməsi, özünü öldürməsi kimi məsələlər dəfələrlə müzakirə mövzusu olub. Ömrü boyu yalnız bir rəsm əsəri sata bilən Van Qoq qardaşının maddi dəstəyi ilə yaşayırdı. Onun həyatını, ən əsası, iç dünyasını bilmək istəyənlər üçün qardaşı Teoya yazdığı məktublar ən yaxşı mənbədir. 1873-cü ildən başlayaraq 1890-cı ilə, Van Qoqun  intihar etməsinədək davam edən bu məktublaşma rəssamın melanxolik iç dünyasını çox yaxşı sərgiləyir. O, ümumilikdə, qardaşına 600-dən çox məktub yazıb. Van Qoq öldükdən sonra da cibindən Teoya yazdığı məktub tapılıb.  

Rəssamın ömrünün son ilində yazdığı məktubları təqdim edirik.

Əziz qardaşım, gəl unutmayaq ki, kiçik və həyəcanlı şeylər, əslində, həyatımızın əsas idarəçiləridir. Heç fərqinə belə varmadan hər zaman onları dinləyirik. Bu günədək etdiyim və bundan sonra edəcəyim səhvlərə görə özümü toplamağım mənə çox çətin gəlsə də, unutmaq lazım deyil ki, nə qarşılaşdığımız çətinliklər, nə depressiyalar, nə də ağıl və yaxşı niyyət bizim bələdçilərimiz deyil. Qoruyucularımız heç deyil. 

Sən də bilməlisən ki, ağır məsuliyyətləri gözə almaq lazımdırsa, ən yaxşısı bir-birimizlə çox da məşğul olmamalıyıq. Çünki gənc yaşlarımızda sənətçi həyatı haqqında öyrəndiyimiz şeylərdən çox uzaq yaşamağımız bizi bir tale yolunda birləşdirir və istənilən halda qardaşlıq bağlarımızı daha da sağlamlaşdırır. Şəraitlərimiz də bir-birinə çox oxşardır. Burda da Parisdə olduğu kimi yeməklərin içindən həşəratlar çıxır. Yəqin, sən də orda eyni şeyləri fikirləşirsən. Bu, o qədər də önəmli deyil, amma nə də olsa, adama bir az inam qazandırır. 

Ona görə də ata olmağını bizim köhnə həyatımızın bir insanı kimi qarşıla deyirəm. Bil ki, böyük şəhərlərin parıltısı, gurultusu, çən-dumanı, depressiyası içində olsaq belə, keçmiş günlərə hər zaman sevgi ilə bağlıyıq. 

Demək istəyirəm ki, özünü mühacir, yad, kasıb bir adam bil. Ata olmağını da elə qəbul et. Kasıb adamın baxışları ilə vətənin həqiqi varlığına söykən. Həqiqi kimliyini hiss edə bilmirsənsə, həmin hiss içində hər gün bir az daha zəifləyirsə, xatirələrinə söykən. Axır-əvvəl alın yazımız gerçəkləşəcək, amma bu gün mənə çox qəribə gələn odur ki, Parisdə səninlə avara-avara gəzdiyimiz günlərin sevincini, qayğısızlığını unudub bugünkü sıxıntılarımızı ciddiyə alsaq, bu, bir az ikiüzlülük olar.

Bəli, burda arabir yeməkdən həşərat çıxsa da, sənin həyatını bölüşdüyün bir qadınının, uşağının olmasına elə sevinirəm ki... 

Volterin həmişə ağlımıza gələnə inanmaq məsələsində bizi tamamilə sərbəst qoymaması xeyirlidir. 

Tarixsiz

Dünən baş nəzarətçinin portretinə başladım. Bəlkə, arvadının da portretini çəkərəm. Xəstəxanadan bir neçə addım aralıda bir həyət evində yaşayırlar. 

Üzü çox qəribədir. Yəqin, Leqrosun yaşlı ispan əsilzadəsi portretini xatırlayırsan. Onun çox yaxşı üz quruluşu var. Adam ona çox bənzəyir. Vəba epidemiyaları vaxtı Marsel xəstəxanasında olub. İnsanların əzab içində ölmələrinə şahidlik edib. Ona görə üzündən içinə dönük bir ifadə oxunur. İstər-istəməz adamın ağlına Qizonun fiquru gəlir. Çünki bir az fərq olsa da, ümumilikdə ikisinin də üzündə eyni hava var. 

Ancaq bu adam xalqın içindən biridir, daha sadə insandır. Nə isə əgər bunu bacara bilsəm, Qizonun yenisini də hazırlayaram. 

Axır ki, "Oraqçı”nı da bitirdim. Bu rəsm sənin evindən asmaq istəyəcəyin bir rəsm olub, məncə. Deyəsən, bu, ölümün bir simvoludur, böyük təbiət kitabında ölüm necə təsvir olunubsa, elə. Ancaq mən onun haradasa bir az gülər üzlü olmağını istədim. Rəsm başdan aşağı sarıdır. Yalnız bir sıra bənövşəyi təpələr var. Tamamilə sarı və ya sarımtıldır. Qəribədir, bilirəm. Belə görmüş olmağım qəribədir. Bunun üçün bir xəstəxana hücrəsinin dəmir barmaqlıqları arasından baxmaq lazımdır...

Qırx ildə ilk dəfə içimdə bir ümid doğub. Bilirsən nə istəyirəm? Təbiət mənim üçün nə ifadə edirsə, ailə də sənin üçün eyni şeyi ifadə etməsini istəyirəm. 

Yəni mən, torpağı, çəməni, sarı buğda zəmilərini, kəndlini necə sevirəmsə, sənin də həm insanlara, işləməyə, təsəlli tapmağa və həm də lazım olduğu zaman özün-özünü tamamilə yenidən yaratmaq gücü əldə etməyini istəyirəm. 

Tarixsiz

Fikir ver, indiki dövrdə öz əsərləri ilə ortalığa çıxmayıb, başqalarının işlərini yenidən işləyən və yayan adamlar var. Kitab tərcümə edənlər və yaxud qravüra hazırlayanlar kimi, məsələn. Vernet kimi, Lerat kimi və s. Onu demək istəyirəm ki, mən sürət çıxarmaqdan çəkinmirəm.

İtaliyaya gedib Cotto di Bondonenin əsərlərinin sürətini çıxarmağı çox istəyərdim. Digər primitiv rəssamlar arasında o çox başqa rəssamdır. Primitiv olmasa, Ejen Delakrua kimi modern bir rəssam sayılardı. Primitiv rəssamların əsərlərini çox görməmişəm, amma Cotto aralarında ən yaxşısıdır. 

Onore Domenin "İçki düşkünləri” və Reqaminin "Zindan” qravüraları əsasında yağlı boya rəsmləri çəkmək istəyirəm. 

Hələlik Millenin əsərləri üzərində işləyirəm. Yəni işləməyə hələlik xeyli mövzum var. Yarı məhbus olsam da, uzun müddət işləməyə mövzu tapa bilərəm. 

İmressionistlərin rəng sahəsində açdıqları cığır daha da inkişaf edəcək, amma bunun keçmişlə bir bağlantısı var. Bu, bir çoxlarının gözündən qaçır. Mən çalışacağam ki, impressionistlərlə digər rəssamlar arasında kəskin bir fərq olmadığını göstərim.

İndiki yüzillikdə Delakrua, Jan Lui Ernest Mesone kimi rəssamların olmasını böyük xoşbəxtlik hesab edirəm.

Jan Lui Ernest Mesone bəzi rəssamlar qədər sevməsək də, "Oxuyanlar”, "Dayanacaq” və daha bir neçə əsərlərinə deyiləcək heç nə yoxdur. Bunlar yaxşı əsərlərdir. Əlavə söz ola bilməz. Ona görə də onun hərbi mövzuda işlədiyi əsərlərini, tarla rəsmləri qədər sevmirik deyə, bir kənara qoya bilmərik.

12 fevral 1890


Albert Orenin yazısı özümü boşluğa buraxıb reallıqlardan daha da uzaqlaşmaq və Adolf Montiçellinin bəzi rəsmlərində olduğu kimi rənglərlə bir növ musiqi yaratmağa girişməyim üçün mənə kömək dəstək ola bilərdi. Ancaq reallıq mənim gözümdə elə dəyərli, reallığı əks etdirmək mənim üçün elə çəkicidir ki, rənglərlə musiqiçi olmaq yerinə pinəçi olmaq mənə daha yaxşı fikir kimi gəlir. 

Həm də nə olur olsun realist olmaq məni hələ də ürküdən xəstəliyə qarşı mübarizə aparmaqda bir növ silah rolunu oynaya bilər.

May 1890

Parkdakı təzə çəmənliyin iki rəsmini çəkdim. Biri çox sadədir. Təxminən tələsik çəkilmiş bir eskiz 

Bənövşəyi, çəhrayı bir şam ağacı gövdəsi, sonra da ağ çiçəklərlə, yabanı çobanyastığı çiçəkləri ilə bəzədilmiş bir çəmənlik... Lap dibdə, tablonun ən üstündə xırda bir gül fidanı və daha bir neçə ağac gövdəsi var. Mən də nə vaxtsa orada olacağam. Əminəm ki, işləmə həvəsi məni tamamilə ağuşuna alacaq və başqa hər şeyə qarşı tamamilə hissiyyatsız qalıb, eyni zamanda daxili xoşbəxtliyimi yaşayacağam.

O zaman da özümü tamamilə boşluğa buraxacağam, amma təbii ki, fikirləşmədən deyil, ola bilmə ehtimalı olduğu halda olmayan şeylər üstündə çox dayanıb şikayətlənmədən... Deyirlər ki, rəsmdən nəsə axtarmamalı, gözləməməli, mükəmməl əsər, xoş söhbət, dadlı yemək və daha çox xoşbəxtlik istəməmək lazım imiş. Təbii ki, arada da bir az parlaq olan şeyləri də buraya qatırıq. Bəlkə də, dedikləri doğrudur. Hətta xəstəliyi də bu yolla aldadıb başını qata bilərik.

29 iyul

Əziz qardaşım,

Gözəl məktub və içindən çıxan 50 franka görə çox təşəkkür edirəm. Madam, hər şey yaxşıdır, elə ən vacibi də odur və daha lazımsız mövzuların üstündə dayanmağa dəyməz. Baş-başa oturub iş danışmağa gəldikdə isə, yəqin ki, o gün hələ çox uzaqdır. 

Digər rəssamlar nə düşünürlərsə, düşünsünlər. Onlar instinktlərinə uyaraq günlük alış-verişdən uzaq qalırlar. Düzü, rəsmlərimizi müzakirə etməkdən başqa əlacımız da yoxdur.

İndiyə kimi çox dediyim sözü bir daha deyirəm. Əlindən gələnin ən yaxşısını etmək üçün bütün səylərini göstərdikdən sonra əldə edilən  bir ciddiyyətlə sənə bir daha deyirəm. Sən sadəcə satıcı deyilsən, sən mənim vasitəmlə bir çox rəsm əsərlərinin yaradılmasında bilavasitə iştirak etmisən və bu rəsmlər xaosun içində belə öz hüzurlarını qoruyacaqlar. 

Nəhayət, buraya gəlib çatdıq. Bu dəqiqə içində olduğum nisbi depressiya anında sənə deyə biləcəyim söz də məhz budur. Bəli, hal-hazırda ölmüş sənətçilərlə yaşayan sənətçilərin rəsmlərini satan satıcılar arasında vəziyyət çox gərgindir. 

Mənim işləməyim həyatımı təhlükə qarşısında qoyur. Üstəlik, bu işdə beynimin yarısını əritmişəm. Yaxşı ki, sən mənim bildiyim qədəriylə insan satıcıları arasında deyilsən və məncə, həqiqətən, humanist davranaraq tərəf tuta bilərsən, amma nə faydası?

Kult.az