Vaqif Bayatlı Odər.

Vaqif Bayatlı Odər. "Bəy Atlı Şeirlər"

Gürcüstanın və Türkiyənin ən yüksək ədəbi mükafatlarını almış Vaqif Bayatlı Odərin yeni "Bəy Atlı Şeirlər” kitabı gəlir. Şeirlər türk dünyasının ünlü və rəngə amansız rəssamı  Məzahir Avşarın əsərləriylə yan-yana, can cana.

İlahi! Tanrım!
Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
sən qalxan göyləri də
bircə anlığa görməkçün
bu göyü də aşağı çək.

O Ruhunur, İlahinur qalxan göylər

                                        Tanrım! İlahi!
                                        Bu göyləri bir zamanlar
                                        göyüzünün son qatından
                                        aşağıya çəkdiyintək
                                        söz qalxan göyləri də
                                        bircə anlığa görməkçün
                                        son göyü də aşağı çək.

Sözün insan şeirindən 
Tanrı Şeirinə aşdığı an

Döz, döz, Sözsüz uçmayan, 
Uçmağa hər an, hər zaman 
Söz istəyən qanadım, döz,
Söz insan göyündən yox, 
Tanrı göyündən qanadlanar,
 İnsan göyündən Tanrı göyünə 
 Aşdığı andan da Söz
                    Göyüzü adlanar.

Cəhənnəmdə də haqq arayanlarçün odərlər nəğməsi

Dünya, dünya, biz də varıq,
bizi də Tanrı yaradıb,
lap elə cəhənnəmdə də 
haqq ararıq, eşq ararıq,
çox da ki, ayaqyalınıq,
ancaq özümüzü heç vaxt
ayaqyalın saymırıq,
baxın, ayaq dərimiz
ayaqlarımızda çarıq,
yeyilir, çarıq azalır,
demək biz varıq, azalır.

Çox ucalardan dönürük,
salavat çevirən əltək
göyün üzündən enirik,
günəş bizimlə qalanır, 
yanıb günəşə dönürük,
hər an, hər an sevinirik,
yanımızda bir-birinə
sarılan dostlar, doğmalar,
yaramızda, canımızda
yanan dost qucağından
sarılan sarıq azalır,
Daha da bərk qucun, dostlar!
Biz yandıqca, artır işıq,
baxın qaranlıq sozalır,
demək, biz varıq, azalır,

Azərbaycan, sən məni hamıdan dəli,
hamıdan suçlu, hamıdan güclü edəli

Sən Allahın ən sevimli,
ən dəli qızı Eşq sözütək,
sən Eşqin hər an yenidən Allaha
bir an öncəkindən daha gözəl, 
daha çiçək görünən üzütək.

Sən balaca, körpə suların
yumru-yumru axmağıtək,
o yumruların yumrulanıb, açılıb, 
hər an bir daha, bir daha göyə, Allaha
körpə su sevgisiylə baxmağıtək,

Sağ ol, mənim dəlidən də dəli yurdum,
nə  ayağın altındakı yumru torpağa,
nə başın üstündəki yumru göyə,
məndən başqa bir kimsəyə
aman vermədin sənə dəli deməyə,
sağ ol, mənim ağıllıdan ağıllı, dəlidən dəli, 
eşqdən də eşqli yurdum,
  ağlamalıdan ağlamalı,
         gülməlidən gülməli yurdum.
 
Çünki mən səni elə sevdim, elə sevdim
bu dünyada bir kimsəyə nə dəlilik,
nə ağıl, nə də eşq qaldı sevməyə,
sən beləcə, məni bu dünyada
hamıdan çox sevməkdə suçlu etdin hər an,
həm də hamını hamıya sevdirməkdə də 
hamıdan dəli, hamıdan gülməli,                      
hamıdan güclü etdin, Azərbaycan.

Tək bir dərəsiz, dağsız da 
Vətən yarım vətən demək

İllərdi Qarabağ sözünə, həm də dopdoğmaca Vətənimizi qoruyan dopdoğmaca əsgərlərimizə, əsgərlərimizin canındakı muğama, cəngiyə  tez-tez baş çəkən Aqil Abbasa

Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman 
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra 
Şuşanı qorumağa qalxan onlarla tar 
hamısı orada döyüşüb həlak olublar, 
düşmən hələ də qorxuyla yollara baxır, 
həm də onlar bizim qayıtmağımızdan çox, 
                  Tarın qayıtmağından qorxur

Sən də, sən də  hələ sağsan, sevgililər sevgilisi,
aşiqlər aşiqi, dəlilər dəlisi sultanım saz?
Mən elə bilirdim,  sən də Şuşada şəhid olmusan,
səni döyüşlərdə neçə yerdə şəhid olan,
bütün şəhid ruhlarımıztək elə vurulan an
yenidən qalxıb döyüşə atılan görüblər,
qardaşım saz, hər an, hər zaman
yenidən qılınctək sıyrıl, eşqtək şahlan.

Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım vətən demək,
əsgərləri yarım əsgər, generalları yarım general, 
hətta çiçəkləri yarım çiçək demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq,
hər an göyünə, qırmızına, yaşılına yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda aç, uç,
aç, uç, damarlarımızda bütöv Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan -
                                             Xəzərbəycan doğ.      

525.az