Vasif Əlihüseyn. Üzümün sağ tərəfi... (Şeirlər)

Vasif Əlihüseyn. Üzümün sağ tərəfi... (Şeirlər)

ƏN GÖZƏL RƏSMİNİ ÇƏKDİM...

qollarında öpmədiyim yerlər
keçirmədiyim gecələr var
o qədər qəribsəmişəm ki
hər şeyi qulağına pıçıldamağı

saçlarını yığarkən
gözlərimlə çəkdim ən gözəl rəsmini
bilirəm, alnımdakı qırışları yalnız
öpüşlərin hamarlaya bilər
ona görə hər gün şəklini öpüb
alnımın üstünə qoyuram.

darıxıram həm özüm,
həm də üzümün sağ tərəfi
peşmanam, kaş qollarım sınaydı
səni qucaqlayan yerdə
axı bilmirsən
heç kim tapa bilmir
köynəyimin düymə yerini
 

DODAQLARINDAN ÖPƏNDƏ...


müharibəyə gedən əsgər kimiyəm
bu dəmiryol vağzalında
təkcə ayrıla bilmədiyim
adam sənsən
gözüm arxada
ürəyim səndə qalacaq...

bir vaqon pəncərəsindən
sallanıb dodaqlarından öpəndə
dünyada sülh sazişi
imzalanmalıydı...

ayaqların yerdən üzüləndə
canın üzüləndə
yanağından gözyaşların süzüləndə
ayrılırdıq, utanmalıydılar
 
müharibə qayıdacağıma
söz vermədiyim təkcə yerdir
amma qayıtdım
sən yoxsan o gündən
darıxıram dəmiryol vağzalında

***  

sənin üçün çox uzaqlarda
bir kəndin, bir qayanın başında
bir qadının göz yaşında
darıxmaq istəyirəm.
 

***

heç olmasa bir dəfə də olsun
qarşıma çıx
yoxsa mən
belə bərkiyib gedirəm

***
 
uşaq yolunu gözləyən qadın kimiyəm
kaş bir dəfə görə bilsəm
o uşaq barmaqlarını

***

metro keçidindən keçən uşaq kimi
əyilib ömrün altından keçirəm
qocalmamaq üçün