«Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» kitab oldu

«Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» kitab oldu

«Elm və təhsil» nəşriyyatında AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərlinin «Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar» adlı kitabı çapdan çıxıb.

Müəllifin AzadlıqRadiosunun «İz» proqramına bildirdiyinə görə, nəşrin elmi redaktoru Paşa Kərimovdur.

Fərid Ələkbərli 2011-2014 illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətdə olub. 
 
Səfərlərin əsas məqsədi Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması vəaraşdırmaya cəlb olunması idi.

Nəticədə Vatikan Apostol kitabxanasında və Məxfi Arxivdə saxlanan Azərbaycana aid çoxlu sayda əlyazmalar və tarixi sənədlər aşkarlanıb.

Vatikan Apostol Kitabxanasından tapılan 400-dən çox qədim əlyazma tədqiqata cəlb olunub.

Kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma və çox sayda xəritə tapılıb.

Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəverdi və b.), eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var.

Azərbaycan əlyazmaları Vatikan tərəfindən bərpa olunub. yüksək keyfiyyətli rəqəmsal surətləri hazırlanıb.

Azadliq.org