Vüqar Dəmirbəyli. Praktika (HEKAYƏ)

Vüqar Dəmirbəyli. Praktika (HEKAYƏ)

Son vaxtlar bir neçə dəfə dalbadal alman qəzetlərinin redaksiyaları ilə mənim aramda anlaşımazlıqlar yaranandan sonra, qərara gəldim ki, jurnalist ixtisasartırma kurslarına gedim və bir də qəzetlərdən birində praktika, ya volontariat keçim. Mənim keçmiş sovet və postsovet jurnalist təcrübəm alman mətbuatına çox vaxt uyğun gəlmirdi, mən mövzularımı genişləndirmək istədikcə, daha çox qəzetlərə məqalələr təklif etdikcə, bunu daha güclü hiss edirdim. Biz yazılarımızı Azərbaycanda sovet dövründə də, postsovet dövründə də necə gəldi yazardıq; əsas o idi ki, məqalənin dili yaxşı, anlaşıqlı olsun, mövzu dərinliyi və problemin nə dərəcədə kəskin qoyula bilməsi də mühüm şərtlərdən idi. Amma alman redaksiyalarına məqalə göndərəndə, onlar birinci olaraq məqalənin formal tərəfinə və nə qədər aktual olmasına fikir verirdilər, həm də onun daxili quruluşuna. Bəzi qəzetlər yazılarımı artıq mütəmadi olaraq çap etsələr də, digərləri başlayırdılar: bu məqalə bizə uyğun gəlmir, onu çap edə bilmərik, çünki düzgün qurulmayıb, aktual mövzudan bəhs etmir və nə bilim daha nə. Bəzi redaksiyalardan isə belə cavab alırdım: məqaləniz maraqlıdır, onu çap etmək istəyirik, amma gərək onun quruluşunu bir az mükəmməlləşdirəsiniz, bəzi təkrarlar var, onları aradan qaldırasınız. Bu deyilənləri edəndən sonra, mən məqaləni yenidən işləyib həmin redaksiyaya göndərərdim, onlar da çox vaxt məhz bundan sonra məqaləmi çap edərdilər. 

Yenə də Miqrasiya İdarəsindən Ştefan Vimerə zəng edib ondan görüş aldım. Vimer məni həmişəki kimi gülərüzlə qarşıladı və qəzetlərdə çıxan məqalə və şərhlərimi maraqla oxuduğunu dedi. Sonra da məndən soruşdu:

– Womit kann ich Ihnen jetzt helfen? (Sizə indi nə köməklik edə bilərəm?) 

Mən məsələni ona necə var elə danışdım; dedim ki, düzdür, məni daim çap edən qəzetlər var, amma onlardan aldığım qonorar azlıq edir. Buna görə də daha çox qəzet üçün yazmaq istəyirəm. Burası da var ki, mənim yazı üslubumu bütün qəzetlər qəbul etmir, buna görə də bir qəzetdə jurnalist praktikası keçməyə ehtiyac duyuram.

– Ich kann Herrn Schäfer anrufen und ihn für eine Volontariatsstelle für Sie fragen: er ist der Leiter von unserer Grüntaler Zeitung (Mən cənab Şeferə zəng vurub ondan Sizin üçün bir volontyor yeri soruşa bilərəm: o bizim "Grüntaler Zeitung” qəzetinin rəhbəridir), – dedi Vimer və dərhal da telefona əl atdı.

Telefonla da həmin adamla qısa danışandan sonra Vimer mənə dedi: 
– Herr Schäfer werde auf Sie warten. Rufen Sie ihn an und machen Sie einen Termin mit ihm (Cənab Şefer Sizi gözləyəcək. Zəng edib onunla görüş təyin edin).

O mənə həmin adamın telefonunu da verəndən sonra Vimerlə əl verib sağollaşdım və geriyə qayıdaraq qaldığım mənzildən zəng edib Şeferlə danışdım. O da mənə üç gündən sonra görüş verdi. 

Şefer yaşlı bir adam idi. Vaxtilə qara rəngdə olduğu bilinən saçları indi xeyli çallaşmışdı. Özü də yorğun və həyatdan usanmış adam təsiri bağışlayırdı. Nə mənim özümə, nə də dediklərimə elə bir maraq göstərmədi. "Grüntaler Zeitung” daha böyük qəzet olan Koblenz-dəki "Hessische Post” (Hessen poçtu) qəzetinin filialı sayılırdı və ona tabe idi. Şefer dedi ki, baş redaksiya onlar üçün az pul ayırır, bu da ancaq konkret məqsədlər üçün. Volontyorluq üçün pul ayrılmasından isə heç vaxt söhbət getməyib. Sonra da dedi ki, mənə zəng edib indi bunun üçün imkan olub olmadığını deyəcək.
 
Düzü, bu görüşdən sonra redaksiya rəhbərindən müsbət bir cavab gözləmirdim. Belə də oldu: bir neçə gün keçmiş Şefer mənə məktub yazıb, "Grüntaler Zeitung”-da volontyorluq imkanının olmadığını bildirdi. 

Bundan sonra yenə də Koblenz universitetinə üz tutmağı qərara aldım. Əvvəllər həmin universitetdəki jurnalistika və publisistika institutlarına dəfələrlə müraciət etmiş, praktik seminarlarda iştirak etmək istədiyimi bildirmişdim. Amma hər dəfə bu seminarlarda yerlərin az olduğunu, bunların da ancaq rəsmi olaraq həmin institutlarda təhsil alan tələbələr üçün nəzərdə tutulduğunu deyərək, mənə etiraz etmiş və onların mühazirələrinə qulaq asmağı tövsiyə etmişdilər. Bununla belə mən ruhdan düşməyib, yenə də oxşar imkanları axtarmaqda davam edir, hər semestr üçün buraxılan seminar və mühazirə kataloqlarını alıb vərəqləyir, semestr cədvəllərini izləyirdim. Mühazirələrə də artıq getməyə başlamışdım; bunlar maraqlı olsa da, mənim istədiyim bu mühazirələrdə yox idi. Bir dəfə gözüm cədvəldə yenə də bir jurnalist məşğələ-seminarına sataşdı: "Qəzet məqaləsi: tədqiqat, məqalə, redaktə”. Cədvəldə məşğələni aparacaq şəxsin adı da yazılmış və onun yerli qəzetlərdən birində şöbə müdiri işlədiyi qeyd edilmişdi. "Mənimki elə bu olacaq”, deyə fikirləşdim. ”Gərək bu adamdan möhkəm yapışam”. 

Publisistika institutunda katibədən Qottlib Ştaynbaxın yerini soruşanda o mənə bildirdi ki, həmin adam bir saatdan sonra filan otaqda olacaq. Bir saat tələbə kafesində oturub qəhvədən-zaddan içib vaxtımı keçirdim, sonra da həmin otaqda Ştaynbaxı tapdım. O oturub publisistika institutunun dosentlərindən biri ilə söhbət edirdi. Qapını döyüb içəri girməyə icazə istədim, sonra da Ştaynbaxla qısaca söhbətim olduğunu dedim.

– Gut, ich habe dann fünf Minuten Zeit für Sie (Yaxşı, onda Sizin üçün beş dəqiqə vaxtım var), – Ştaynbax bunu deyib, məni oturmağa dəvət etdi. – Ja, worüber wollten Sie mit mir sprechen, sagen Sie bitte (Hə, Siz mənimlə nə barədə danışmaq istəyirdiniz, deyin, zəhmət olmasa)! 

Mən qısaca sükutdan sonra başladım, nə başladım. Dedim ki, mən keçmiş sovet jurnalisti və müəllifiyəm. Azərbaycanda doğulub böyüsəm də, fəaliyyətim bütün keçmiş Sovet İttifaqına aiddir. Gəncliyim sovetlərə qarşı mübarizədə keçib, o vaxtlar guya Siz bizi müdafiə edirdiniz, bizi sovet rejiminə qarşı mübarizə aparmağa təhrik edirdiniz. Bəs indi necə? İndi keçmiş sovet ölkələrində nə baş verdiyindən yazmaq lazım deyil? 

– Jede große deutsche Zeitung hat einen Korrespondent in Moskau, – dedi Ştaynbax. – Daher haben Sie wenig Chance für die deutschen Zeitungen von hier aus zu schreiben (Hər bir alman qəzetinin Moskvada müxbiri var. Bundan yana burada oturub alman qəzetləri üçün məqalə yazmaq imkanlarınız azdır). 

Mən amma cavabında dedim ki, Moskvada oturan alman müxbirləri Rusiya haqqında çox vaxt səthi məlumatlar verirlər; onlar Rusiyanın tarixini, mədəniyyətini bilmirlər, orada yaşayan milli azlıqlar haqqında çox yanlış təsəvvürə malikdirlər. Başqa keçmiş sovet respublikalarına qalanda isə alman müxbirləri onlar barədə Moskvanın mövqeyindən çıxış edib yazırlar, bu isə çox vaxt obyektivlikdən uzaq olur. 

Ştaynbax bu dediklərimə diqqətlə qulaq asandan sonra gülüb məndən soruşdu:

– Sie wollen sagen, dass Sie den deutschen Zeitungen die objektiveren Berichte über den ganzen postsowjetischen Raum anbieten können (Demək istəyirsiniz ki, Siz alman qəzetlərinə postsovet məkanı haqqında daha obyektiv məqalələr təklif edə bilərsiniz)? 
Mən bunu təsdiqləyəndən sonra isə köhnənin jurnalisti mənə belə dedi:

– Die praktischen Übungen sind nur für die Publizistik – Studenten. Ich mache für Sie aber eine Ausnahme. Kommen Sie übermorgen zu meinem ersten Seminar (Praktik məşğələlər ancaq publisistika tələbələri üçündür. Amma mən Sizin üçün istisna edirəm. Birisi gün mənim birinci seminarıma gəlin). 

Həmin gün mən içəri girəndə seminar otağı tələbələrlə dolu idi. Ştaynbax özü isə masa arxasında oturub qeydlərlə məşğul idi. Sonra da o qeyd siyahısını yanındakı tələbələrə verib adlarını yazandan sonra onu o birilərinə ötürməyi xahiş etdi. Mən də özümə bir yer seçib oturdum və siyahı mənə yetişəndə öz adımı orada qeyd etdim. Siyahı dövrə vurub geri qayıdandan sonra Ştaynbax onu nəzərdən keçirdi, sonra bir də otaqda yığışanlara diqqət edəndə məni də onların içərisində görüb:

- Aha! Herr Safarov, – deyə sevinclə səsləndi. Sonra da üzünü tələbələrə tutub: – Dieser Mann kommt aus Aserbaidschan – aus ehemaliger Sowjetunion. Er sei ein alter Sowjetjournalist, – dedi. – Ihr müsst vorsichtig mit ihm sein (Aha! Cənab Səfərov! Bu adam Azərbaycandan – keçmiş Sovet İttifaqından gəlib. Dediyinə görə keçmiş sovet jurnalistidir. Siz onunla gərək ehtiyatlı olasınız). 

Bunu eşidəndə tələbələr hamısı ucadan gülüşdülər. Staynbax isə davam edib dedi:

– Er will für uns über die postsowjetischen Länder schreiben und sagt, dass niemand es so tun könne wie er. Zu den praktischen Übungen dürfen nur die Publizistik-Studenten. Ich habe aber für Herrn Safarov eine Ausnahme gemacht (O bizim üçün keçmiş sovet ölkələri haqqında yazmaq istəyir və deyir ki, bunu heç kim onun kimi edə bilməz. Praktik məşğələlərə ancaq publisistika tələbələri gələ bilərlər. Amma mən cənab Səfərov üçün istisna etdim). 

Tələbələrin çoxu dönüb yenə də mənə baxdı, mən isə özümü o yerə qoymayıb guya ki, qeyd dəftərimi və qələmlərimi qaydaya salmaqla məşğul olan kimi göstərdim.

Bu seminara düz dörd ay, bütün semestr boyu gedib-gəldim və orada çox şeyi öyrənib, xeyli yeni vərdişlərə yiyələndim. Ən birincisi isə məqalənin quruluşu, onu necə başlayıb necə qurtarmaq haqqında və bir də ayrı-ayrı məqalə formalarını necə hazırlamaq haqqında idi: aktual məqalə necə yazılır, tarixi mövzuya aid məqaləni hansı formada qurmaq lazımdır, reportaj yazmağın əsas məqamları hansılardır, müsahibə necə aparılır. 

Universitetdə mənim də qoşulduğum qış semestrinin qurtarmasına az qalmış Vimer mənə zəng etdi və mənim volontyorluq məsələmin nə yerdə qaldığını soruşdu. Mən isə yerli redaksiya rəhbərinin mənə rədd cavabı verdiyini ona demək istəmədim. Dedim ki, məsələ hələ tam dəqiqləşməyib, zəng edib bir də soruşacam və cavabını ona deyəcəm. Mən sadəcə dörd ay bundan qabaq bu rədd cavabını Vimerə bildirmədiyimdən yana bir az utanırdım və ona aktual bir cavab vermək istəyirdim. Nə olacaqdı ki, redaksiya rəhbərindən bunu bir də soruşacam.

Daha zəng etməyib elə birbaşa redaksiyaya yollandım. İçəri girib katibə qadından Şeferi soruşdum. Katibə mənə dedi ki, cənab Şefer daha burada işləmir, pensiyaya çıxıb. Onun yerinə isə indi cənab Henke redaksiyaya rəhbərlik edir. Bu vaxt qarşıdakı otaqdan bir səs eşitdim:

– Wer ist da? Wer fragt nach mir (Kimdir orda? Məni soruşan kimdir)? 

Bunun ardınca da otaqdan uca boylu, düz qamətli bir adam çıxdı. 

– Das ist Herr Henke – der neue Redaktionsleiter (Bu cənab Henkedir – yeni redaksiya rəhbəri), – dedi katibə.

– Hallo! – cənab Henke əlini mənə uzatdı. – Was kann ich für Sie tun (Salam! Sizə nə qulluq göstərə bilərəm)? 

Mən də özümü təqdim edib dedim ki, cənab Şeferlə bir söhbətim vardı, ondan həmin məsələni soruşmaq istəyirdim. Henke bunu eşidəndən sonra məni öz otağına dəvət edib, söhbəti orada davam etdirməyi təklif etdi. 

Mən yenə də başladım nə başladım: bir müddət bir alman xəbərlər agentliyində işləmişəm, indi isə sərbəst müəllif və jurnalist kimi fəaliyyət göstərirəm. Mənim sovet və postsovet iş təcrübəmin alman qəzetlərinə həmişə uyğun gəlmədiyindən müəyyən praktikaya ehtiyacım var. Universitetdə də indi praktik məşğələlərə gedirəm, amma bunu bir qəzet redaksiyasında tətbiq etmək lazımdır. 

– Wie haben keine Möglichkeit, Ihnen Geld dafür zu bezahlen. – dedi Henke. – Die Hauptredaktion stellt uns kein Mittel zur Verfügung für Volontariat (Bizim bunun üçün Sizə pul ödəmək imkanımız yoxdur. Bizə baş redaksiya volontyorluq üçün vəsait ayırmır). 

Elə suyum süzülə-süzülə yenə də redaksiyanı tərk etmək istəyirdim ki, Henke məni saxladı:

– Vielleicht machen wir es so: wir zahlen Ihnen kein Monatsgehalt, aber Honorar für jeden Artikel, wenn Sie einverstanden sind. Für diesen Fall kann ich Ihnen zwei Monate Volontariat anbieten (Bəlkə belə edək: biz Sizə aylıq maaş ödəmirik, amma hər məqalənizə görə qonorar veririk, əgər razısınızsa. Belə olarsa, Sizə iki aylıq volontyorluq təklif edə bilərəm).

Mən daha çox dərinə getməyib razılaşdım və sevinə-sevinə evə qayıtdım. Üç gündən sonra, həftənin birinci günündən etibarən praktikaya başlamalı idim. Vimerə də zəng etdim və bu şad xəbəri onunla bölüşdüm.

Bazar ertəsi tezdən redaksiyaya varanda həm sevincək, həm də həyəcanlı idim: görəsən məni necə qarşılayacaqlar, oradakılarla dil tapa biləcəyəmmi, redaksiya rəhbərinin etimadını doğrulda biləcəyəmmi? Alman qəzetlərinin redaksiyada işi necə qurduqları mənə məlum deyildi. Buna görə də biz az narahat idim və özümə tam güvənmirdim. 
Redaksiyanın qapısından içəri girəndə elə ilk qarşılaşdığım Henke oldu.

– Ja, Herr Safarov, – dedi redaksiya rəhbəri. – Schön, dass Sie schon hier sind. – Jetzt stelle ich Sie den Redaktion – Mitabeitern vor (Hə, cənab Səfərov, yaxşı ki, artıq burdasınız. İndi Sizi redaksiya işçilərinə təqdim edəcəm). 

Henke məni əvvəlcə yaşlı bir qadın olan katibəyə təqdim edəndən sonra bir otağa dəvət etdi. Otaqda hər birinin üstündə kompüter qoyulmuş üç masa və üç qoltuq qoyulmuşdu. Masalardan birinin arxasında gənc bir qız oturub komputerdə işləyirdi, onunla üzbəüz olan masa isə boş idi. 

Henke məni bu qıza təqdim edib:

– Melina, das ist Herr Ayaz Safarov. Herr Safarov, das ist Frau Melina Schräger. Herr Safarov hat zwei Monaten Volontariat bei uns. Er wird hier sitzen und arbeiten (Melina, bu cənab Ayaz Səfərovdur. Cənab Səfərov, bu Melina Şregerdir. Cənab Səfərov bizdə iki ay volontyorluq keçəcək. O burada oturub işləyəcək). 

Bundan sonra kişi məni oturmağa dəvət etdi. Masanın üstündəki kompüteri işə salıb mənim sərəncamıma verdi və bir saatdan sonra redaksiya konfransının başlayacağını da deyib getdi. 
Kompüterdə məqalə yazmaq üçün artıq hazır proqramlar və formatlar var idi. Mən isə bir Vörd səhifəsi açıb nə kimi məqalə yaza biləcəyimi düşünürdüm ki, birdən ağlıma bir fikir gəldi və Melinadan soruşdum:

– Schreibt jemand bei euch die Artikel über die Ausländer (Sizdə əcnəbilər haqqında məqalə yazan varmı)? 

Melina başını qaldırıb maraqla mənə baxdı və gülümsəyib dedi ki, hərdənbir qəzetdə belə yazılar gedir, amma konkret bu işlə məşğul olan redaksiya işçisi yoxdur. Sonra isə gənc qız mənim özümün əslən haradan olduğum ilə maraqlandı. Azərbaycan sözünü eşidəndə qaşlarını təəccüblə qaldırıb hələ indiyə kimi azərbaycanlı görmədiyini dedi. Saat ona az qalmış isə Melinanın müşayiətində redaksiya konfransı keçirilən otağa getdim. 

İçəridə on-on iki nəfər yığışmışdı. Mən içəri girəndə hamısı təəccüblə dönüb mənə baxdı: yəni bu kimdi belə, özü də əcnəbi? Henke məni təqdim edib iki ay burada volontyorluq keçəcəyimi dedi. Bunu eşidəndən sonra içəridəkilərin sifətində bir ehtiyatkarlıq, bir narahatlıq gördüm. Amma özümü o yerə qoymayıb diqqətlə konfransın gedişini izləməyə başladım. Henke səhər konfransını açıb "Grüntaler Zeytung”a baş redaksiya tərəfindən nəzarətin gücləndirildiyini və iş keyfiyyətinin qaldırılmasının mühüm olduğunu dedi. Bundan sonra Qrüntalın hər bölgəsi üçün cavabdeh olan redaksiya işçilərinə suallar verdi, qəzetin ayrı-ayrı şöbə müdirlərini dilləndirdi, kimin nə kimi planları olduğunu, tədbirlərlə bağlı kimdən nə kimi dəvət gəldiyi ilə maraqlandı. Hesabatı dinlədikdən və öz göstərişlərini verdikdən sonra Henke mənə keçdi və bir az özümdən danışmağımı xahiş etdi. Mən keçmiş jurnalist təcrübəmdən söhbət açdım, sovetlər dövründə qəzetlərdən birində işləməyə başladığımı dedim. Həmin vaxtda bizim hələ də linotip çap üsulundan istifadə etdiyimizi deyəndə redaksiya işçilərinin hamısı bir ağızdan: 

– Oh! – deyib içlərini çəkdilər.

Henke sonra məndən hansı sahə üçün məqalələr yazmaq istədiyimi soruşdu. Mən bayaq ağlıma gələn fikri bölüşdüm, dedim ki, əcnəbi qrupları haqqında yazı hazırlamaq istəyirəm. Onlar Qrüntalda və bölgənin başqa şəhər və kəndlərində necə yaşayırlar, hər əcnəbi qrupunun yaşayış tərzində nə kimi özünəməxsusluqlar var, onların alman cəmiyyətinə inteqrasiyası necə baş verir. Henke bunu eşidəndə mənim ideyamı alqışladı, dedi ki, indiyə kimi burada həmin mövzuyla konkret məşğul olan olmayıb. Sonra da məndən xahiş etdi ki, bu işi hansı şəkildə görmək istədiyimin qısa konsepsiyasını sabahkı redaksiya konfransında təqdim edim. Bununla da dağılışdıq, hərə öz yerinə gedib işinə davam etdi. 
Sabahısı gün Henke redaksiya konfransında bütün hesabatları, planları və kənardan gələn dəvət və təklifləri dinlədikdən sonra sözü yenə də mənə verdi. Mən də əcnəbilər haqqında hansı mövzuları işləmək istədiyim barədə qısa danışdım. Henke mənə bu işdə uğurlar dilədi və məni həm də əcnəbilərin tədbirlərinə reportaj hazırlamaq üçün göndərəcəyini dedi. Yenə də hamının gözündə ehtiyatkarlıq və qorxu gördüm. Henke isə bunu da qeyd etməyi unutmadı:

– Selbst in Grüntal bilden die Migranten nun fünfzehn Prozent. Im Grüntaler Kreis gibt es Orte, wo es schon zwanzig Prozent erreicht hat. Zum Beispiel im Brunnenfeld (Qrüntalın özündə miqrantlar indi on beş faiz təşkil edirlər. Grüntal bölgəsində elə yerlər var ki, orada bu artıq iyirmi faizə çatıb). 

 – Das ist schon schwarzes Verhältnis (Bu artıq qara göstəricidir), – bunu deyən kiçik boylu, daz başlı, qırx-qırx beş yaşlarında bir kişi idi. 
Henke daha heç nə deməyib redaksiya konfransını bağlı elan etdi və hamını iş yerinə göndərdi. Mən də öz otağıma qayıtdım. Deyim ki, mənə burada daha heç kim heç bir göstəriş vermir, məndən heç nə soruşmurdu. Henke məni özümün sərəncamıma vermişdi. Əcnəbilər haqqında məqalənin əvvəlcə planını hazırlayıb ona verməliydim, sonra isə məqalə ilə bağlı kimlər ilə görüşüb söhbət aparmağımı Henke ilə müzakirə etməliydim. Əcnəbi qrupları bölgədə çox oldu-ğundan bir məqalədə onların hamısına yer verməyin mümkün olmadığı qərarına gəldik. Beləliklə, mən bölgənin əcnəbi qrupları haqqında məqalələr silsiləsi hazırlamalı, məqalələr yazıldıqca da, onları redaksiya rəhbərinə təhvil verməliydim. O özü də məni yönləndirəcəyini, lazım gəldikcə kimlərləsə görüşə göndərəcəyini dedi.

Mən məqalələr silsiləsi üçün ilkin planda Qrüntal bölgəsində hansı əcnəbi qrupların olduğunu əvvəlcə qeyd etdim: Türkiyədən olan miqrantlar, keçmiş Sovet İttifaqından olan miqrantlar, Şərqi Avropadan olan miqrantlar, Afrikadan, Cənub-Şərqi Asiyadan olan miqrantlar. Amma Henke bu cür qruplaşdırma ilə razılaşmadı. Əvvəlcə dedi ki, Şərqi Avropa dövlətlərindən olan miqrantlar maraqlı deyil, çünki yaxın müddətdə onları Avropa Birliyinə qəbul edəcəklər və bu artıq başqa mövzudur. Sovet İttifaqından gələnlərə qalanda onların əksəriyyəti etnik almanlardır, yaxud Rusiya almanlarıdır, bir qismi də yəhudi mənşəlidir. Rusiya almanlarını əcnəbi qrupları ilə bir sıraya qoymaq olmaz, yəhudilər isə ayrıca qeyd edilməlidir. Bununla belə Rusiya almanlarının yeni vətəndə inteqrasiya məsələsindən yazmaq olar və bu mühüm mövzudur. O cümlədən yəhudi miqrantların bölgədəki həyatından və problemlərindən. Mən belə etməliydim: müxtəlif yaşda olan Rusiya almanları və miqrantlarla söhbətlər aparmalı, ekspertlərlə, uyğun təşkilatlarla görüşlər keçirməli və inteqrasiyanın dərəcəsini müqayisə etməliydim: Rusiya almanlarında bu necədir, başqa miqrant qruplarında necə. Mən Henkenin dediyi dəyişiklikləri etdikdən sonra məqalələri hazırlamağa başladım. Ən birinci məqalədə qrupların təsnifatını verməli və onların alman cəmiyyətində davranışını göstərməliydim.

İlk zəng etdiyim adam Brunnenfeld adlı yerin bürqermeysteri (burqomistri), yəni bələdiyyə rəisi oldu. Telefonda mən ona redaksiya rəhbərinin tapşırığı ilə bölgədəki miqrantlar haqqında araşdırmalar aparıb məqalələr silsiləsi hazırladığımı dedim. Səsindən bürqermeysterin mülayim və vicdanlı bir adam olduğu hiss olunurdu. Mənim sualımı eşidəndə daş atıb başını tutdu:

– Wir haben hier den Fall Wandalismus (Biz burada vandalizmlə üz-üzə qalmışıq), – dedi. 

Sonra da gənc Rusiya almanlarından çox yanıqlı şikayət etdi. Dedi ki, bu gənclər kriminal düşüncəlidirlər, nə oxumaq, nə də işləmək istəmir, eləcə oğurluqla, narkotik alveri və gənc qızları, qadınları yerli fahişəxanalara satmaqla məşğul olurlar. Mən bunları qeyd etdikdən sonra digər miqrantların orada nə etdiyini soruşdum. O da əvvəlcə türklərdən şikayət etdi ki, onlar inteqrasiya haqqında heç düşünmək belə istəmir, almanlarla təmasda olmurlar və özlərini tam izolyasiya ediblər. "Milli Görüşün” Brunnenfelddə də camisi var və bu cami də bütövlükdə "Milli Görüşün” özü kimi sırf islamçı mövqedə dayanır və oradakı türklərə çox mənfi təsir göstərir. Sonra da dedi ki, Brunnenfelddə böyük bir əfqan toplumu yaşayır. Onlar Əfqanıstandakı vətəndaş müharibəsindən, talibanın əlindən qaçıb Almaniyaya pənah gətiriblər. Namaz qılıb, oruc tutmaq bunlarda da var, amma əfqanlar almanlar ilə təmasda olmağa da meyl edirlər. O biri yandan bütövlükdə müsəlman icmasının get-gedə böyüməsi Brunnenfelddə və ona bağlı kəndlərdə vəziyyəti gərginləşdirir, burada sağ radikalların, əcnəbi düşmənlərinin sayı və nüfuzu getdikcə artır. 

Mən burqomistrə təşəkkürümü bildirib onunla sağollaşdım və dəstəyi asdım. Düzü, eşitdiklərimdən bir az çaş-baş qalmışdım. Mən məqaləni hazırlayıb, orada bələdiyyə rəisinin dediklərini əksərən saxlamağa çalışsam da, bir az onun ifadələrini yumşaltdım və məqaləni hazır edib, emeyl ilə Henkeyə göndərdim. 

Sabah işə gələndə Melinadan isə bəzi şeyləri soruşdum və onun əcnəbi toplumu haqqında fikrini bilmək istədim. Melina bütün günü oturub kompüterdə yazırdı və mən ondan nəsə soruşmasam özü ünsiyyət üçün təşəbbüs göstərmirdi. Bununla belə onun mənə münasibəti redaksiyanın bir çox işçilərinə baxanda daha mülayim idi. Amma indi Melinaya əcnəbilər haqqında verdiyim sualla elə bil qızın yaralı yerinə toxundum. Təəssüflə dedi ki, əcnəbilərin inteqrasiyası indi bölgədə problemə çevrilib və qəzet də bunun həlli üçün bir iş görməlidir. Bunu deyəndən sonra da Melina mənim bu haqda silsilə məqalələr yazmaq təşəbbüsümü alqışladı. 

Elə bu vaxt dünən əcnəbilərin bölgədə çoxalmasından şikayətlənən həmin balacaboy, keçəl adam otağımıza gəldi. Mənə ağızucu salam verəndən sonra Melina ilə söhbətə başladı. Danışanda onun çox qəliz alman ifadələri və ibarələri, hətta bəzi yerli dialekt sözləri işlətdiyinin fərqinə vardım. Bir azdan isə redaksiyanın qocaman işçilərindən Qünter adlı biri bizi ziyarətə gəldi. Keçəli görən kimi:

– Was ist denn los in deiner Heimat (Sənin vətənində nə baş verir)? – deyə gülə-gülə soruşdu. 

Elə buradaca məlum oldu ki, keçəl özü xorvat imiş. Yəni, özü də miqrant olan bu adamın başqa əcnəbilərə nifrət etməsinin səbəbi də indi mənə aydın oldu: onlar bu adamın yerini dar edirdilər axı! Bir də o yəqin Almaniyada getdikcə artmaqda olan əcnəbilərə qarşı nifrətin bir gün ona qarşı çevrilə biləcəyindən də qorxurdu. Üçüncü Reyx dövründə slavyanlar əleyhinə olan siyasət heç kimin yadından çıxmamışdı. Xorvatiya Şərqi Avropa ölkələri ilə bir yerdə Avropa Birliyinə daxil olmalı idi, amma son günlərdə bu ölkənin hələ bir az gözləməli olduğu bəyan edilmişdi. Qünterin keçələ ironiya ilə verdiyi sual da bununla bağlı idi. Keçəl belə bir zərbəni, yəni Qünterin mənim yanımda onu xəcil edəcəyini qətiyyən gözləmirdi və bu suala heç cavab da verməyib, əvəzində anlaşılmaz bir-iki söz dedi. Qünter əli ilə onun çiyninə bir neçə dəfə vurub getdi. Keçəl isə bayaqdan Melina ilə apardığı və mənə nümayiş etdirmək istədiyi "iki alman arasındakı söhbətini” dayandırdı və işlə bağlı bir bəhanə gətirib otağımızı tərk etdi. 

Axşam evə qayıdanda Qrüntaldakı dostum Rudolfa zəng etdim. Rudi artıq volontyorluğa başladığımı bilirdi və bu münasibətlə məni bir daha təbrik etdi. Amma cavabında ona re-daksiyada mənə göstərilən soyuq münasibətdən, işçilərin quru və ehtiyatkar davranışından şikayət etdim. Henkedən başqa heç kimin mənimlə ünsiyyət qurmaq istəmədiyini dedim. Rudi dedi ki, redaksiya işçiləri qorxurlar ki, sən onlardan birinin yerini tutasan. Yeni mövzu təklif etməyim yəqin onları daha da ürküdüb. İnteqrasiya mühüm mövzudur, bunun əhəmiyyəti də getdikcə çoxalır, yerli qəzetdə isə bununla məşğul olan yoxdur. Həm də onların yazmağı ilə mənim yazmağım bir deyil ki! Mənim yazdıqlarım qəzet üçün də, bölgə üçün də mühüm əhəmiyyət kəsb edə bilər. Henkeyə qalanda isə o bilir ki, sənə, ən birinci elə miqrant olduğuna görə redaksiyanı həvalə edəsi deyillər, yəni sən onun üçün təhlükəli deyilsən. 

Rudinin dedikləri mənə bir az təsəlli oldu və sağollaşanda onunla yenə görüşüb söhbət etmək istədiyimi dedim. Rudi birisi gün işdən sonra yenə də kafedə görüşməyi təklif etdi. 

Sabahısı gün elə yenicə otağa girmişdim ki, Henke məni yanına çağırdı. Mənim dünən ona emeyl ilə göndərmiş olduğum məqalə redaksiya rəhbərinin qarşısında idi.

– Was schreiben Sie hier (Bu nədir yazırsınız)? 

– Ich habe das geschrieben, was der Bürgermeister von Brunnenfeld mir erzählt hatte (Brunnenfeldin burqomistri mənə nə danışıbsa, onu yazmışam). 

– Wissen Sie, die Integration der Russlandsdeutschen ist die Staatspolitik. Und sie beschreiben es übertrieben schwarz wie diese hier leben. Das ist auch gegen die Integrationspolitik unseres Kreises. Der erste Eingeordnete des Kreises kuriert die Integration der Russlandsdeutschen persönlich (Bilirsinizmi, Rusiya almanlarının inteqrasiyası dövlət siyasətidir. Siz isə onların burada necə yaşadığını olduqca qara rəngdə təsvir edirsiniz. Bu həm də bizim bölgənin apardığı inteqrasiya siyasətinin əleyhinədir. Bölgə başçısının birinci müavini Rusiya almanlarının inteqrasiyasına şəxsən rəhbərlik edir). 

Mən çiyinlərimi çəkdim: bəs nə etməli? Henke davam etdi:

– Außerdem sind die Menschen, die unsere Zeitung abonnieren, sehr konservativ. Solche Artikel können dazu bringen, dass mehrere von ihnen aufs Zeitungs-Abo verzichten (Bundan başqa bizim qəzetin abunəçiləri çox konservativ insanlardır. Bu cür məqalələr onlardan bir çoxunun qəzet abunəsindən imtina etməsinə gətirib çıxara bilər). 

Sonra da o məni birbaşa bölgə başçısının birinci müavininin yanına göndərmək istədiyini dedi: cənab Şneker mənə bu məsələ ilə bağlı bir istiqamət də verə bilər. Henke bunu deyən kimi zəng edib Şnekerin mətbuat xidməti ilə danışdı və Səfərov familiyalı volontyoru onunla inteqrasiya problemləri ilə bağlı bəzi məsələlər haqqında söhbətə göndərmək istədiyini bildirdi. Sonra da dəstəyi asıb mənə dedi ki, mətbuat xidmətindən mənə zəng edib görüşün vaxtını deyəcəklər. Mən isə redaksiya rəhbərinə təşəkkürümü bildirib otağa qayıtdım. Çaş-baş qalmışdım, dünən Brunnenfeldin bələdiyyə başçısının mənə dediklərini bir daha yadıma salmağa çalışırdım: bəlkə o doğrudan da məsələni bir az şişirdir? Mən məqaləni hansı istiqamətdə inkişaf etdirməyi düşünürdüm ki, telefon zəng çaldı. Şnekerin mətbuat xidmətinin rəhbəri idi, mənə dedi ki, sabah günortadan sonra saat dörddə bölgə başçısının birinci müavini məni qəbul etmək istəyir. Mən görüş vaxtının uyğun gəldiyini deyib təşəkkürümü bildirdim və deyilən vaxtda orada olacağımı ərz etdim. 

Sabah görüşün vaxtına bir neçə dəqiqə qalmış bölgə administrasiyasının böyük və təmtəraqlı binasına girdim, Şnekerin qapısını tapıb döydüm və içəri girməyə icazə istədim. Masa arxasında haradasa yaşı əlli beş olan, qıvrım qumral saçlı bir adam oturmuşdu. O məni içəriyə dəvət edib yer göstərdi, sonra da dedi ki, bu görüşə bölgə administrasiyasının mətbuat xidmətinin rəhbərini və bölgənin gənclər idarəsinin mətbuat xidmətinin rəhbərini də dəvət edib. 

Oturandan sonra Şneker məndən dərhal soruşdu:

– Sie kommen aus Aserbaidschan ja (Siz Azərbaycandansınız eləmi)? 
Mən başımla bunu təsdiq edəndən sonra söhbətə başladıq. İlk sualım Rusiya almanları ilə bağlı oldu.

– Integration ist keine Einbahnstraße, – dedi Şneker. – Dafür braucht man Zeit, Wille und Mitteln (İnteqrasiya birtərəfli yol deyil. Bunun üçün vaxt, iradə və vəsait lazımdır). 

Amma sonra gənc Rusiya almanlarından şikayət elədi: yəni, onlar alman cəmiyyətinə qaynayıb-qarışmaq istəmirlər, nə oxumağa, nə də sənət öyrənməyə həvəs göstərirlər. Əvəzində yığışıb, nə bilim, nə kimi işlərlə məşğul olurlar. Aralarında zorakılıq göstərməyə hazır olanları da var. Amma deyəndə ki, alman cəmiyyətinin üzvü olmaq istəmirsinizsə, onda geriyə, gəldiyiniz yerə qayıdın, buna heç biri razı olmur. 

– Wenn ich mit Ihnen Russisch spreche, habe ich Eindruck, dass sie eher russische Leute sind. Auf jeden Fall sehe ich keinen Unterschied zwischen den Migranten, die als Russlandsdeutsche hergebracht werden, und der Bevölkerung aus den russischen Provinzen (Mən onlarla rus dilində danışanda, belə bir təəssürat alıram ki, bu adamlar daha çox rusdurlar. Hər halda mən buraya "Rusiya almanları” kimi gətirilən adamlarla rus əyalətlərinin əhalisi arasında elə bir fərq görmürəm). 

Nəyə görə belə dediyimi özüm də bilmirdim; bəlkə sadəcə məsələnin məğzinə varmaq istəyirdim, ona görə? Bu dediyimdən hər üçü alındı. Əvvəlcə bölgə administrasiyasının mətbuat xidmətinin rəhbəri dilləndi:

– Sie sind Deutschen (Onlar almandırlar).

Sonra isə Şneker:

– Gut, dass Sie mit ihnen kein Aserbaidschanisch sprechen (Yaxşı ki, Siz onlarla Azərbaycan dilində danışmırsınız), – deyib məni sancdı. 

Mən özümü o yerə qoymayıb indi də digər miqrant qrupları ilə bağlı suallar verdim. Dərhal da hiss etdim ki, başqa əcnəbilər Şnekeri qətiyyən maraqlandırmır. O eləcə başı ilə Gənclər idarəsinin mətbuat xidmətinin rəhbərinə işarə etdi: yəni ki, bunu ondan soruşmaq lazımdır. Həmin adam isə – o yəqin, yaşda məndən də gənc olardı – bundan özünü bir az itirən kimi oldu. Sonra da dedi ki, əcnəbi gənclərin işinə onların əksəriyyəti türk olduğu üçün bir türk sosial işçi baxır – Mehmed Erkiner. Yaxşı olar ki, mən onunla sonradan ayrıca əlaqə saxlayım. 

Şneker onu daha danışmağa qoymayıb yenə mənə sual verdi:

– Wollen Sie morgen mit mir in die Werkstatt für die Berufschüler gehen? Das ist gerade am Bahnhof: ich werde schon um neun Uhr morgens dort sein. Dort können Sie auch mit den jungen Russlandsdeutschen sprechen (Sabah mənimlə peşə məktəbi şagirdləri üçün olan emalatxanaya getmək istəyirsinizmi? Bu elə vağzalın yanındadır: saat doqquzda mən orada olacam. Orada gənc Rusiya almanları ilə danışa da bilərsiniz). 

Mən məmnuniyyətlə gələcəyimi dedim və bundan sonra da Şneker görüşün sona çatdığını bildirib hamımıza təşəkkür etdi.

Axşam, redaksiyada iş günü başa çatan kimi, özümü Rudinin mənzilinə verdim. Bilirdim ki, Rudi bu saatlarda artıq işdən qayıdır və evdə olur. Rudi tək idi, gəlməyimə sevindi və məni içəriyə dəvət etdi. Şnekerlə görüşümün təəssüratlarını ona danışandan sonra Rudinin əsəbiləşdiyini hiss etdim.

– Arschloch! Reaktionerer Arschloch (Oğraş! Qaragüruhçu oğraş), – dedi Rudi eləcə. 

Sonra da Rusiya almanları mövzusuna qayıdıb dedi:

– Das ist die Politik! Diese, die man als Russlanddeutschen her bringt, sind die ganz normalen Russen (Bu siyasətdir! Rusiya almanları adı altında buraya gətirilənlər ən adi ruslardır).

Sonra da dedi ki, bu siyasət Almaniyanın birləşmə planı ilə bağlıdır. Sovetlərin süqut edəcəyini Qərb ölkələri qabaqcadan bilirdilər, orada siyasi və iqtisadi tənəzzüldən sonra ağır vəziyyətə düşəcək insanların bir qisminə Almaniyada iş yerləri təşkil etmək birləşmə planının tərkib hissəsi idi. Amma biz bu adamlara "Rusiya almanları” deməyə məcburuq, çünki onları rəsmən bu adla ölkəyə gətirirlər. Onların içərisində bəlkə bir-iki faiz etnik alman var, qalanları əsasən ruslardır. Həm də bunları Almaniyaya iki yüz il əvvəl ölkəni tərk etmiş almanların törəmələri kimi gətirirlər. Amma bu adamlarda almanlıq bir şey qalmayıb. 

Rudiyə sabah Şneker ilə peşə məktəbləri üçün olan emalatxanaya gedəcəyimi deyəndə o mənə bu adamla ehtiyatlı olmağı tövsiyə etdi. Daha Rudinin yanında çox ləngiməyib mənzilimə qayıtdım. Oturub sabah iş praktikası keçən peşə məktəbi şagirdlərinə nə kimi suallar verəcəyimi götür-qoy etdim, sonra da kəlləni qoyub yatdım.

Saat doqquza bir neçə dəqiqə qalmış emalatxananın qarısında idim. Az keçmiş Şneker də iki nəfərin müşayiətində orada peyda oldu və yanındakıları dərhal mənə təqdim etdi: onlardan biri 
Gənclər idarəsinin rəhbəri, digəri isə bölgə administrasiyasının şöbə müdiri idi. 

Emalatxana böyük idi, içəridə də iyirmi-iyirmi beş yeniyetmə gözə dəyirdi, hərəsi də bir dəzgahın yanında dayanmışdı: kimi taxta yonur, kimi nəsə bir dəmiri məngənəyə salıb sıxır, kimi də ki, metal məmulatda deşik açmağa çalışırdı. 

Şneker gənclərdən birinə yaxınlaşıb onu salamladı, kef-əhvalını soruşdu. Sonra da ona işarə ilə:

– Er ist Russlandsdeutsche (O Rusiya almanıdır), – dedi. 

Mənim gəncə təhsili, keçdiyi praktika və buradakı həyatı haqqında suallarıma və gəncin cavablarına qulaq verəndən sonra bölgə başçısının müavini emalatxananın içərisinə doğru irəlilədi, biz onu müşayiət edənlər də kişinin ardınca. Şneker birdən dayanıb qarşısındakı uca-boylu, sarışın, mavi gözlü, idmançı görkəmində olan bir gəncdən soruşdu: 

– Wo kommst du her (Sən hardansan)? 

– Ich bin Kosovo Albaner (Kosovo albanıyam), – deyə gənc cavab verdi. 

Şneker daha heç nə deməyib o birilərə tərəf getdi. Qarayanız gənclərin yanında o heç ayaq da saxlamır, ancaq sarışın yeniyetmələrə yaxınlaşıb onların haradan olduğunu soruşurdu. Beləliklə o daha iki gəncin Rusiya almanı olduğunu müəyyən etdi və onlarla söhbət aparandan sonra axtarışlarını davam etdirdi. Birdən gənclərdən biri:

– Er ist auch Russlanddeutsche (O da Rusiya almanıdır), – deyib yanındakı yeniyetməni göstərdi. 

Hamı birdən dönüb həmin gəncə baxdı, Şneker isə öz dəstəsi ilə, mən də içində olmaqla, dərhal həmin yerə yaxınlaşdı. Bu ortaboylu gəncin saçları qaramtıl, gözləri qonur, sifəti isə qarayanız idi. 

Şneker inamsız-inamsız gəncə baxıb:

 – Bist du Deutsche (Sən almansan)? – deyə yarı heyrət, yarı pərişanlıqla ondan soruşdu. 

– Ja, ich bin Deutsche (Bəli, mən almanam), – deyə yeniyetmə cavab verdi. 

– Wo kommst du her (Sən haralısan)? – yenə Şneker ona sual etdi.

– Aus Karaganda (Karaqandadan).

– Deine beiden Elternteile sind Deutschen (Valideynlərinin hər ikisi almandır)? 

– Ja, beide sind Deutschen (Bəli, hər ikisi almandır) 

– Und deine Großeltern? Sind Sie alle Deutschen, von den beiden Seiten auch (Bəs babanla nənən necə? Onlar da almandılar, hər iki tərəfdən də)?

Gənc yenə də onun suallarına müsbət cavab verdi. Şnekerin sifəti qıp-qırmızı olmuşdu: hiss olunurdu ki, kişi yeniyetmənin ona düzünü demədiyini başa düşür, amma buna qarşı heç nə edə bilmirdi.

Şneker daha burada çox ləngiməyib, yenyetmədən uzaqlaşdı, yanındakılardan biri ona sanki təsəlli verirmiş kimi yavaşca dedi:

– Er sagt keine Wahrheit. Es gibt unter ihnen viele, die mit den Russen, Kasachen, Tataren und was weiß ich mit wem gemischt sind (O həqiqəti demir. Onların içərisində ruslarla, qazaxlarla, tatarlarla, daha mən nə bilim kimlərlə qarışanları çoxdur), – dedi. 

Amma Şneker axtarıb yenə də bir sarışın gəncin Rusiya almanı olduğunu müəyyən etdi və ona da bəzi suallar verdikdən sonra emalatxananı tərk etdi, biz də onun ardınca. 

Bayıra çıxandan sonra da Şneker kefsiz görünürdü; ya bayaqkı gəncin rəftarı onu hələ də qııcıqlandırırdı, ya da ki, emalatxanada təcrübə keçən yeniyetmələr arasında Rusiya almanlarının az olması onun halını pozurdu. Birdən bölgə başçısının müavini mənə yaxınlaşıb:

– Wollen Sie mit mir auch die Diskothek in Linden besuchen? Das findet in zwei Tagen statt, – deyə soruşdu (Mənimlə Lindendəki diskotekaya də getmək istəyirsinizmi? Bu iki gündən sonra olacaq). 

Mən məmnuniyyətlə dəvəti qəbul etdiyimi bildirəndən sonra Şneker onun Lindenin harasında, nə vaxt olacağını mənə çatdırdı, sonra da özü, ardınca da yanındakılar əlimi sıxıb məndən ayrıldılar.

Qrüntal bölgənin mərkəzi şəhəri olsa da, on kilometr aralıda yerləşən Linden bəlkə ondan daha böyük olardı. Bu həm də qədim qrafların məskəni idi: onun çox yerində əzəmətli, gözəl qəsrlər ucalırdı. Diskoteka axşam saat yeddidə, Lindenin kənarındakı bir klubda başlamalıydı. Bir az şəhəri dolaşandan sonra həmin yerə üz tutdum. İçəri girməyib Şnekerin gəlməyini gözlədim. Bir azdan o yenə də həmin iki nəfərlə – Gənclər idarəsinin rəhbəri və bölgə administrasiyasının şöbə müdiri ilə bərabər qarşımda peyda oldu. Mənimlə goruşəndən sonra Şneker hamımızı içəriyə çağırdı. 

Burası dairəvi, olduqca geniş bir zal idi. İçəridə gənclərin əlindən tərpənmək olmurdu: bəziləri musiqi ritmləri altında atılıb düşür, bir qismi cütləşərək bir küncə çəkilib öpüşür, qalanı da bir yanda pivə içib siqaret çəkirdilər. 

Bu vurhavuru görən Şneker yanındakılardan:

 – Was für eine Wilderei ist das (Bu nə vəhşilikdir)? – deyə soruşdu. 

Bir də narazılıqla bizim gəlişimizə etina etməyən yarımkefli cavanları süzəndən sonra isə mənə müraciət etdi:

– Waren Sie auf den Diksoteken in Deutschland (Siz Almaniyada diskotekada olubsunz)? 
Mən başımla təsdiq edəndən sonra kişi alman diskotekalarıındakı ədəb-ərkandan, səliqə-səhmandan, alman gənclərinin özlərini necə mədəni, nəzakətli aparmağından danışdı və Rusiya almanlarından olan cavanların niyə belə rüsvayçılıq etdiyini başa düşmədiyini dedi. Sonra da gənclərdən birini yanına çağırıb onunla söhbətə başladı: özlərini necə hiss edirlər, onlara böl-gədə verilən bu sərbəstlikdən sui-istifadə etmirlər ki? Almaniyada gələcək həyatlarını qurmaq üçün ya sənət öyrənməli, ya təhsil almalı olduqlarını da deyəndən, alkoqolu çox içməməyi, diskotekada çox vaxt keçirməməyi də tövsiyə edəndən sonra Şneker gəncə uğurlar dilədi. Elə bu vaxt düz yanımızda dayanan başqa bir oğlan başladı bayaqdan bəri söhbət etdiyi qızı bas-marlamağa. Qız müqavimət göstərir, oğlanın qolları arasından qurtulmağa çalışırdı, oğlan isə onu zorla öpür, ora-burasına əl atırdı. 

– Was ist das? Was ist das denn (Bu nədir? Bu nədir axı)? 

Bunu deyəndə mən Şnekerin sifətində qeyzdən daha çox qorxu gördüm. Hələ iki gün əvvəl təcrübə emalatxanasında olanda bölgə başçısı müavininin "rus almanları” deyilən gənclərdən çəkindiyini hiss etmişdim. Rus gənclərinin sərt davranışı, saymamazlığı, içkiyə, zorakılığa, kriminala meyli Şnekeri həm əsəbiləşdirir, həm də qorxudurdu.

İndi Gənclər idarəsinin rəhbəri qapıda dayanmış əmniyyət keşikçilərini çağırmaq istəsə də, Şneker buna imkan vermədi və diskotekanı tərk etməyi təklif etdi. Bayıra çıxan kimi də Şneker: 

– Sie wollen nicht Deutsche werden, – deyib şikayətləndi. – Das macht aber nichts: wir haben vorher schon viele Aussiedler in die deutsche Gesellschaft integriert. Das schaffen wir auch diesmal (Onlar alman olmaq istəmirlər. Amma eybi yox: biz əvvəllər də köçkün almanları cəmiyyətimizə uyğunlaşdırmışıq. Bu dəfə də bunun öhdəsindən gələcəyik). 
Mən yenə də bu gənclərin tipik rus gəncləri olduğunu demək istədim, amma Şnekerin bundan yenə də əsəbiləşəcəyini düşünüb susdum. 

Ertəsi gün mən redaksiya konfransından sonra Henkenin otağına getdim və həm Şneker ilə şəxsi görüşdə, həm də emalatxana və diskotekada baş verənləri danışdım. Özü də bunları danışanda bölgə başçısının birinci müavinini, onun gözlədiklərinin baş tutmamasını komik vəziyyətlərdə təsvir edib, onun dardüşüncəliliyinə və köməksizliyinə güldüm və bütün bunları növbəti məqalədə vermək istədiyimi dedim. Amma dediklərim redaksiya rəhbərində heç bir təəssürat oyatmadı. Mənə sakitcə qulaq asdıqdan sonra isə Henke dedi:

– Ich sagte Ihnen doch, dass die Menschen, die unsere Zeitung abonnieren, sehr konservativ sind (Mən Sizə demişdim axı: bizim qəzetin abunəçiləri çox konservativdirlər). 

Henkedən belə bir cavab gözləmirdim; belə çıxırdı ki, hakimiyyəti tənqid etmək olmazmış! Bir də qəzetin abunəçiləri konservativ olduqlarına görə onların təsəvvürləri ilə üst-üstə düşməyən bir yazı yazmaq olmazmış. Bunlar məni çox məyus etsə də, deyəcək bir söz tapmadım.

Sabahkı redaksiya konfransında Henke Koblenzdəki baş redaksiyanın buraxdığı qəzetin üz qabığındakı, bütün səhifəni tutan şəkli bizə göstərdi. Bu NATO-nun İraq müharibəsinə hazırlıq planı ilə bağlı idi. Şəkildə müharibə başlanacağı təqdirdə hansı silahlardan istifadə olunacağı haqqında məlumat verilirdi. Henke yenə də konfransın sonunda mənə xüsusi tapşırıq verdi: bölgədə yaşayan bir neçə müsəlman əcnəbi ilə danışıb onların bu müharibə planı ilə bağlı fikrini öyrənmək. 

Elə həmin axşamı bir iranlı, bir türk, bir ərəb tapıb onlarla bu barədə söhbət etdim: Suriyadan olan ərəb tərcüməçi idi, türk taksi sürürdü, iranlı isə kiçik bir İran ərzaq dükanında işləyirdi. Türk dedi ki, İraqı çoxdan vurmaq lazım idi, çünki Səddam Hüseyn terror qruplarına, o cümlədən kürd terrorçularına, PKK-ya dəstək verir. İranlı dedi ki, İraqa qarşı müharibə başlayarsa, bu İranın da vəziyyətini çətinləşdirəcək, bütün ətrafdakı ölkələri bir-birinə vuracaq. Bu müharibəni başlamaq doğru deyil. Ərəblə isə söhbətim uzun çəkdi. Kişi daş atıb başını tutdu. Dedi ki, bu müharibə bütün ərəb dünyasını silkələyəcək, hamısında qarışıqlıq yaradacaq, terror çoxalacaq, qaçqınların da sayı xeyli artacaq. Onlar dedikləri kimi də hamısını qeyd etdim.

Məqalə sabahkı nömrədə getməli idi. Evə qayıdıb yazını tamam elədim və emeyl ilə Henkeyə göndərdim. 

Sabah redaksiyaya gələndə həyəcanlı idim: həmin gün ilk məqaləm çıxmalı idi. Otağa girəndə Melina məni bu qəzetdə ilk məqaləmin çıxması münasibəti ilə təbrik elədi, sonra da qarşısındakı təzə nömrəni mənə verdi. Qəzeti vərəqləyib məqaləmi tapdım və oxumağa başladım. Onu bitirəndə isə donub qalmışdım: mən məqalənin müəllifi kimi göstərilsəm də, yazı kökündən dəyişdirilmişdi. Mən guya türkün adından yazmışdım ki, İraqda terrorçu rejim fəaliyyət göstərir və buna son qoyulmalıdır. İranlı guya nə vaxtsa onun ölkəsində də demokratiya və insan hüquqlarının bərqərar olacağına ümidini bildirir, antidemokratik rejimlərin sıradan çıxması vaxtının gəldiyini deyirdi. Ərəbə qalanda isə o guya ki, İraq hakimiyyətinin başqa ərəb ölkələrində sevilmədiyindən, onun təcavüzkar və bütün ətraf üçün təhlükəli olduğundan dəm vururdu. Melina mənim halımı görüb:

– Achte nicht darauf: die Namen schreibt man nicht immer richtig bei uns, besonders, wenn das die ausländischen Namen sind. Selbst bei den deutschen Namen macht man auch manchmal Fehler (Fikir vermə, bizdə adları heç də həmişə düz yazmırlar, ələlxüsus da bu əcnəbi adları ola. Alman adlarını da bəzən səhv yazırlar). 

Amma əgər doğrudan da tək adlar səhv olsaydı!.. Adlara qalanda isə mən onları söhbət apardığım şəxslərin istəyi ilə dəyişdirmişdim, heç birində səhv getməmişdi. 

Redaksiya işçiləri arasında mənə qarşı olan qısqanclıq məqaləm çıxandan sonra daha da artdı. Onlar guya ki, Melinanın əhvalını soruşmaq üçün aradabir otağımıza gəlir, mənə yanpörtü baxıb, dilucu salam verməklə kifayətlənir, Melinaya isə vaxtı ilə özlərinin də volontyorluq keçdiklərindən danışırdılar. Məndə belə təəssürat yaranırdı ki, onlar daha çox mənə nəzarət et-mək, mənim nə ilə məşğul olduğumu bilmək üçün buraya gəlirlər. Yəqin bununla əmin olmaq istəyirdilər ki, mən onların yerini əllərindən almaq iqtidarında deyiləm. 

İndi qalmışdım belə: bir yandan istəyirdim ki, Henkenin yanına gedib məqaləmi niyə bu hala saldığını onda sual edim. O biri yandan fikirləşirdim ki, onsuz da mənimki burada iki aylıqdır.

Qərara aldım ki, hələ susam, görüm axırı nə olur. 

Bizim şöbəyə gələn dəvət və keçiriləcək tədbirlər haqqında xəbərləri Melina çap edəndən sonra əcnəbilərlə bağlı olanlarını seçib mənə verirdi. Mən də başqaları kimi mənə aid olan xəbərləri özümlə redaksiya konfransına götürür, orada onlar haqqında məlumat verirdim. 
Növbəti redaksiya konfransında bu tədbirlər haqqında məlumat verəndə Henkenin diqqətini alman və əcnəbi gənclərin İraqa qarşı müharibə planı ilə bağlı birgə yığıncağı haqqında məlumat cəlb etdi. Bu tədbir üç gündən sonra baş tutmalı idi, qəzetdən oraya jurnalist göndərilməsini də xahiş etmişdilər. Henke dedi ki, gərək mən oraya gedib həmin tədbirdən yazı hazırlayam. 

Üç gündən sonra axşam mən həmin yığıncağa gəldim. Bu bir kafedə, arxadakı ayrıca otaqda keçirilirdi. Mənim "Grüntaler Zeitung”dan olduğumu biləndə içəridəkilər sevindilər.     Onlardan biri irəli gəlib əl verdi və:

– Ich heiße Holger (Mənim adım Holqerdir), – deyə özünü təqdim etdi. Sonra da başqa bir gəncə işarə ilə:

– Das ist Said (Bu da Səiddir), – dedi. 

Səid də yaxınlaşıb mənə əl verdi və əslən İraqdan olduğunu dedi. 

NATO-nun İraqa qarşı hazırladığı müharibə hər yanda "Kein Krieg ums Öl!” (Neft uğrunda müharibəyə yox deyirik) şüarı altında etiraz nümayişlərinə səbəb olurdu. Alman gəncləri ilə əcnəbi gənclər bu nümayişlərdə bərabər iştirak edir, bu onların arasında ünsiyyəti artırırdı. 

– Wir sind hier um Said zu unterstützen (Biz gəlmişik ki, Səidə dəstək verək), – deyə Holqer davam etdi. 

Məlum oldu ki, Səid bir neçə iraqlı və başqa ölkələrdən olan ərəb gənclərlə bir yerdə İraq müharibəsinə qarşı imza toplayır və özü də etiraz nümayişlərinin əsas təşkilatçılarından biridir. 

İçəridəkilərin əksəriyyəti əcnəbi gənclər idi, amma almanlar da az deyildi. Holqerlə Səid qarşıda masa arxasında yer tutdular və Holqer yığıncağı açıq elan edib sözə başladı: 

– Wir wollen nicht, dass Deutschland am Krieg gegen den Irak beteiligt wird. Wir sind überhaupt gegen diesen Krieg, der ein Eroberungskrieg ist (Biz istəmirik ki, Almaniya İraqa qarşı olan müharibədə iştirak etsin. Biz ümumiyyətlə bu müharibəyə qarşıyıq və bu işğalçı müharibədir). 

Səid də öz tərəfindən İraqa qarşı müharibə başlanıldığı halda bunun digər qonşu ərəb dövlətlərinə də keçə biləcəyini və regionda uzunmüddətli müharibə təhlükəsi yarana biləcəyini dedi. Sonra da dedi ki, bundan əziyyət çəkənlər isə birinci növbədə sadə insanlar olacaq: insanlar evlərini, ailələrini itirəcək, müharibədən baş götürüb qaçacaqlar. Avropaya da qaçqın axını getdikcə güclənəcək. 

İçəridəkilərin əksəriyyəti Səidin dediklərinə qüvvət verib, yerbəyerdən öz fikirlərini bildirir, ona və Holqerə suallar yağdırırdılar. Yığıncaq növbəti nümayişin iki gündən sonra Qrüntalın mərkəzi meydanında olacağını elan edəndən sonra sona yetdi. 

Evə qayıdıb, gecə saat ikiyə kimi yığıncaqdan reportajı hazırlamaqla məşğul oldum. Bir neçə şəkil də çəkmişdim və hamısını bir yerdə Henkeyə göndərdim. 

Bu dəfə işimi ehtiyatlı tutmuş, məqaləni daha mülayim yazmağa çalışmışdım. Göndərməmişdən əvvəl isə məqaləni təkrar gözdən keçirəndə onu bir az da hamarladım, bəzi ifadələri daha yumşaqları ilə əvəz etdim. Daha Henkenin buna iradı olmalı deyildi və o məqaləni bu dəfə olduğu kimi verməliydi. 

Məqalə iki gündən sonra çıxdı. Həmin gün redaksiyaya gələndə o artıq mənim masamın üstündə idi. Melina gülümsəyib mənə maraqlı məqalə yazdığımı dedi. Amma mənim ilk nəzərimə çarpan məqalədə şəkillərin heç birinin getməməsi oldu. Sonra isə... Məqalədə yenə də hər şey baş-ayaq verilmişdi. Guya Səid deyirdi ki, İraqın vurulması başqa ərəb ölkələrinə azad-lıq və demokratiyaya yol aça bilər. Qəddar Səddam rejiminin vaxtı da çoxdan çatıb. Holqer isə Almaniyanın və bütövlükdə Avropanın ərəb ölkələrində azad, demokratik inkişafa dəstək verməsinin mühümlüyündən danışırdı.

Yerimdən qalxıb birbaşa Henkenin otağına yollandım. Bunu belə qoymaq olmazdı axı! Gərək onun özündən izahat tələb edəm ki, mənim məqaləmi niyə bu günə salırlar. Hanı bəs gecə-gündüz dəm vurduğunuz demokrtaiya, söz azadlığı? 

Redaksiya rəhbərinin otağının qapısı açıq idi, bir az da yaxınlaşandan sonra onun kiminləsə telefonla danışdığını eşitdim. İçəri girməyib bir az gözləməyi qərara aldım. Birdən ondan "Ya, Herr Schnecker” (Bəli, cənab Şneker) eşidib istər-istəməz danışığa diqqət etdim. 

– Ja, das ist heute, die Kundgebung, ich weiß, – dedi Henke telefonda. – Nein, wir berichten darüber nicht, wir hatten schon gerade ein Bericht über diese Leute. Ja, ja! Ich habe verstanden, natürlich (Bəli, bu gündür nümayiş, bilirəm. Yox, biz bu barədə məlumat ver-məyəcəyik, bu adamlar haqqında qəzetimizdə yenicə bir yazı gedib. Bəli, bəli, başa düşdüm, əlbəttə). 

Təsadüfən eşitdiyim bu qısa telefon söhbətindən mənə çox şey aydın oldu. Deməli, qəzeti Şneker öz nəzarəti altında saxlayır. Onun istəmədiyi bir yazı isə qəzetdə gedə bilməz, ya da ki, ona uyğun olmayan şəkildə gedə bilməz. Bunu yəqin edəndən sonra belə qənaətə gəldim ki, Henke ilə pis günə salınmış məqaləm haqqında danışmağın da daha mənası yoxdur. 

Həmin axşam evə qayıdanda yolum yenə də Qrüntalın mərkəzi meydanının yanından düşdü. Meydanda alman və əcnəbi gəncləri yığışmışdılar, nümayiş keçirir və İraqa qarşı müharibə planını aradan qaldırmağa çağırırdılar.

Mən onlardan bir neçəsini tanıdım: iki gün əvvəlki yığıncaqda da onları görmüşdüm. Səidlə Holqer də onların arasında idi. Özümü görməməzliyə vurub yan keçmək istədim, amma nümayişçilər məni gördülər və tanıdılar. Birdən Holqer ucadan:

– Schämt ihr euch, die käuflichen Journalisten (Utanın bir, satılmış jurnalistlər)! – deyə yeni bir şüar qışqırdı. 

Nümayişçilər də bunu ucadan hamısı bir yerdə təkrar etdilər, özü də bir neçə dəfə...

Qəzet bu nümayiş haqqında heç nə vermədi: guya ki, heç belə şey yox imiş. Mən bu baş verənlərdən məyus olsam da, volontyorluğa davam edirdim. Artıq olanlarla barışmışdım: volontyorluğu başa vurum, onsuz da mən bu redaksiyada işləməyəcəyəm ki! 

Henke məni yenə də əcnəbilərlə bağlı, ya onların özlərinin keçirdikləri tədbirlərə göndərir, sonra da məqalələrimi çap edirdi. Siyasi məqamlara toxunmayan məqalələrdə dəyişikliklər də az edilirdi, amma məqalələrim heç vaxt mən yazdığım kimi getmirdi.

Bunlarla yanaşı mən bölgədəki əcnəbi qrupları haqqında silisilə yazılarıma davam edir, bunun üçün miqrant gənclərlə, cürbəcür yerlərdə işləyən əcnəbilərlə söhbətlər aparırdım. 

Bununla bağlı mən Vimerlə, polisin mətbuat xidməti, şəhər merinin birinci müavini ilə də görüşmüşdüm. Ən çox müzakirə olunan yenə də "Rusiya almanları” mövzusu idi. Vimerə görə bu rus gəncləri öz valideynləri ilə bərabər Almaniyaya əsasən ona görə gəlirdilər ki, Qazaxıstanda, Rusiyada hərbi xidmətdən qaçsınlar. Yoxsa ki, onlar bəlkə də heç buraya gəlməzdilər. Polisin mətbuat xidmətinin yanına məni yenə də Henke göndərmişdi; həmin adam mənə hansı əcnəbi qruplarından olanların hansı cinayətkar işlərdə yaxalandıqları haqda geniş məlumat verdi. Amma sonra da dedi ki, bunu açıq yazmaq olmaz ki, ruslar bu cinayəti edirlər, türklər də bir basqasını. Çünki nə qədər ruslar və türklər var ki, bu cür cinayətlər etmirlər. Şəhər merinin birinci müavini yaşlı bir professor idi. O da mənimlə əsasən Rusiya almanları haqqında danışdı və onların əslində rus odluğunu dedi. 

– Sie haben russisches Gesicht (Onların sifəti rus sifətidir), – bu, kişinin həmin miqrant qrupuna qarşı olan əsas iddiası idi. 

İndi mənim istədiyim bölgənin Gənclər idarəsinin sosial işçisi Mehmed Erkinerlə görüşmək idi. Mən Erkinerə zəng etdim, dedim ki, türk gəncləri haqqında onunla danımaq istəyirəm. O da buna məmnuniyyətlə hazır olduğunu deyib iki gündən sonra, günortadan sonraya görüş təyin etdi. Mən bunu Henkeyə bildirəndə redaksiya rəhbəri Gənclər idarəsinin mətbuat xidmətinə də bu görüş barədə məlumat verməyimi xahiş etdi. Mən belə də etdim və səbirsizliklə görüş üçün suallarımı hazırlamağa başladım. 

İki gün sonra, görüşün vaxtına üç saat qalmış Gənclər idarəsinin rəhbəri mənə redaksiyaya zəng etdi. Biz onunla bərabər Şnekeri peşə məktəbləri şagirdləri üçün olan emalatxanada və Lindendəki rus diskotekasında müşaiyət etmişdik. Kişi əvvəlcə məni köhnə tanışı kimi salamalayıb kef-əhvalımı soruşdu. Mən ona təşəkkürümü bildirəndən sonra isə Gənclər idarəsinin rəhbəri dedi: 

– Ich habe gehört, dass Sie sich heute mit Herrn Erkiner treffen wollen. Das können sie aber nicht tun (Eşitdim ki, Siz bu gün cənab Erkiner ilə görüşmək istəyirsiniz. Amma bunu edə bilməzsiniz). 

– Warum? Ich habe doch den Termin mit ihm schon vereinbart für heute (Niyə? Mənim bu gün onunla görüşüm var axı)! 

Gənclər idarəsinin rəhbəri dedi ki, qayda belədir: mətbuat nümayəndəsi onun işçisi ilə birbaşa görüşüb danışa bilməz. Nə sualım varsa, göndərim ona, o da mənə cavab yazacaq. 

Beləcə mənim Erkinerlə görüşümün qarşısı alındı. Bu məsələdə şübhəsiz Şnekerin də barmağı olmamış deyildi. Bəlkə onlar mənim Erkinerlə görüşümdə bölgədəki türk və Şərq ölkələrindən gəlmiş digər gənclərə olan ögey münasibətin, onların həll ediməyən problem-lərinin üzə çıxmasından və sonra da mətbuata yol tapmasından qorxurdular? Ola bilsin.

Volontyorluğumun son günü, elə evdən çıxmaq istəyirdim ki, Rudi mənə zəng vurub dedi:

– Ayaz, du kannst nicht glauben: ich habe die Stelle in Kongo bekommen (Ayaz, inana bilməzsən! Mən Konqoda iş yeri almışam).

Dostumun sevinci mənə də təsir göstərdi və onu ürəkdən təbrik etdim. Rudi dedi ki, bu axşam onun mənzilində bu münasibətlə yenə də adamlar yığışacaq və mən də gələ bilsəm çox sevinəcək. Mən ona məmnuniyyətlə gələcəyimi dedim. 

İşin sonunda redaksiyada hamıya bu iki ay müddətindəki bərabər işimizlə bağlı minnətdarlığımı bildirdim və onlarla vidalaşdım. Henke məni yola salarkən dedi ki, kim bilir, bəlkə yollarımız nə vaxtsa yenidən goruşəcək.

Redaksiyadan çıxandan sonra birbaşa Rudinin mənzilinə yollandım. Rudinin qohumları, qonum-qonşusu, dostları yenə də içərini doldurmuşdular. 
Rudinin gözlərində fərəh vardı, böyük sevinclə mənzildə o baş bu başa gəzişir, hamını bir-bir qucaqlayıb öpürdü. Masa arxasında oturub pivə içəndə Rudi gələnlərə məndən danışdı: 

– Ayaz ist Schriftsteller und Journalist. Er hat gerade heute die Volontariat bei der Grüntaler Zeitung abgeschlossen (Ayaz yazıçı və jurnalistdir. Məhz bu gün o "Grüntaler Zeitung” qəzetində volontyorluğunu başa vurub). 

Burada Rudinin qonşularından və bir-iki dostundan başqa məni tanıyan yox idi. Gələnlərdən bəziləri mənim fəaliyyətimlə bağlı suallar verdilər. Mən də cavabında bir az məyusluqla dedim:

– Ich bin alter Sowjetjournalist und Autor. Ich arbeitete noch unter der offizieller staatlicher Zensur. Das war schwer, ich konnte aber dagegen kämpfen und etwas trotzdem erreichen. In 
Deutschland gibt es keine offizielle Zensur. Es wird aber hier dein Text ohne dich zu fragen geändert. Dagegen kann ich nicht kämpfen (Mən keçmiş sovet jurnalisti və müəllifiyəm. Mən rəsmi dövlət senzurası altında da işləmişəm. Onda çətin idi, amma mən buna qarşı mübarizə apara bilirdim və nəyəsə nail ola bilirdim. Almaniyada rəsmi senzura yoxdur. Amma burada sənin mətnini səndən soruşmadan dəyişdirirlər. Buna qarşı mən mübarizə apara bilmirəm). 

– Sie wollen sagen, dass es in Deutschland keine Pressefreiheit gibt (Siz demək istəyirsiniz ki, Almaniyada söz azadlığı yoxdur)? – deyə bir qadın məndən təkəbbürlə soruşdu.

– Ich habe nur das erzählt, was ich selbst erlebt hatte (Mən ancaq öz gördüklərimi danışdım), – deyə sakitcə cavab verdim. 

Rudi söhbətə qarışıb dedi: 

– Übrigens, in einer Woche sind die Landratswahlen. Schneker gewinnt, ich bin sicher. Dann wird es hier das Leben noch schlimmer und die Freiheit noch weniger. Zum Glück muss ich bald nach Kongo (Yeri gəlmişkən, bir həftəyə bölgə başçısı seçkiləri keçiriləcək. Şneker qalib gələcək, mən buna əminəm. Sonra burada həyat daha da pisləşəcək, azadlıq daha da məhdudlaşacaq. Xoşbəxtlikdən mən tezliklə Konqoya yola düşməliyəm). 

Bir həftədən sonrakı seçkilərdə Şneker doğrudan da yeni bölğə başçısı seçildi. İndi Qrüntaldan başqa neçə-neçə başqa şəhərlər, qəsəbələr, kəndlər də onun sərəncamında idi. 

İki həftə keçmiş isə Rudinin mənzilində yenidən yığışdıq: onu Konqoya yola salmaq üçün. Həmin gün Rudinin mənzilində əvvəlkindən də çox adam toplaşmışdı. Hamı deyib-gülür, yeməklərdən, məzələrdən, içkilərdən dadır, Rudisiz darıxacaqlarını bildirirdilər. Rudi isə ancaq nəhayət ki, yenidən Afrikaya yola düşə biləcəyi üçün xoşbəxt olduğundan danışırdı. 

Bu vurhavurda birdən gözüm bir küncdə "Grüntaler Zeitung” qəzetinin yeni nömrəsinə sataşdı. Çox yerdə Şnekerin iştirak etdiyi tədbirlərdən reportajlar, şəkillər verilmişdi. Birdən bir yazıya da diqqət etdim: "Wilderei am Stadtplatz ("Şəhər meydanında vəhşilik”). Burada deyilirdi ki, nə isə bir rus bayramı münasibəti ilə şəhər meydanına yığışan gənclər bütün gecəni orada araq içib, rəqs edib və oxuyublar. Mənə ən qəribə gələni isə məqalənin sonunda bu gənclərin "Deutschrussen” (Almaniyada yaşayan ruslar) adlandırılması idi. Bayaqdan bu gənclərə Russlanddeutschen (Rusiya almanları) deməyi tələb edən və onların gec-tez alman olacağına inanan Şnekerin görünür daha səbri tükənmişdi və onlara inamı da itmişdi. 

Frankfurt, 2017