Xalid Mahmud. Ümid doğulduğu yerdə güllələnirsə... (ŞEİRLƏR)

Xalid Mahmud. Ümid doğulduğu yerdə güllələnirsə... (ŞEİRLƏR)

HƏQİQƏTLƏRİN ÖLÜM VAXTI


Xəyal qurmağın vaxtı çoxdan yıxılıb
aynəbəndli evlərin pəncərələrindən...

Arzuları sözə,
sözü həyata çevirməyin
vaxtını hesablamaq lazımdı
insan bazarında...

Bəlkə də bir az soyuq görünür,
bir az acı,
bir az tünd,
bir az şirin...
Uda bilmək gəlməsə də əlimizdən...

Bir az əvvəl ayrıldığın adamın
dar ağacından asıldığı
boğazındakı kəndirin bir ucunda
sənin əlin varsa,
məmləkətinə yazıq...

Bax,
həqiqətlərin intiharı deyil,
ölümü öldürər içindəki azadlığı.
Bütün ölümlərsə eyni olar,-
bir küçənin ölümü,
bir adamın ölümü,
bir dödağın ölümü...



SUSACAQSAN


Bu hələ son deyil, cənablar!
Və ümid doğulduğu yerdə güllələnirsə,
və adamlar
adam olmağın dışındaykən
zaman 
nəfəs-nəfəs adamsızlıqdan boğulursa, 
bu yaşamaq deyil, 
bir başı
bir bədənin üstündə gəzdirməkdi əslində...

Biz adamların adam olduğu deyil, 
adamı olduğu dünyanın sakinləriyik...

Susacaqsan,
ailən var...
Susacaqsan,
övladın var...
Susacaqsan,
qonşun Fatma xalanın oğluna
bir əl borcun var...
Və susacaqsan,
arxanca bir adamlığın var deyilməyəcəksə...

Bax,
inqlablar başlandığı tarixdən hesablanır,
eynən sənin
şəxsiyyət vəsiqənə yazılmış
doğum tarixi kimi...



GEDƏSƏN


Üz döndərəsən hər kəsdən,
Düşəsən eşqdən, həvəsdən.
Ömür adlı bu qəfəsdən
Darıxıb, çıxıb gedəsən.

Arzu dolu bu damı da, 
Yıxasan, sönə şamı da...
Ən sevdiyin adamı da
Buraxıb, çıxıb gedəsən.

Nə qəm, düş arxasınca qaç,
Ümid var, amma qarnı ac...
Çıxa yoluna ehtiyac
Əlini sıxıb gedəsən.

Söz verdiyin adamların
Quruya, düşə əlləri...
Hönkür-hönkür ümidləri
Sındırıb, yıxıb gedəsən...