Xan Abdulla- Cındırlar

Xan Abdulla- Cındırlar

 

    Biz cındırlara hər gün rast gəlirik, cındırlar dörd yanımızı sarıb. Hətta deyərdim ki, cındır əlindən nəfəs almaq olmur. Hara daş atırsan gedib cındıra dəyir. Kimdir onlar? Şəxsi mənafesini milli mənafelərdən üstün tutanlar, pul, vəzifə, şan-şöhrət üçün yalan danışıb, riyakarlıq edən, dondan-dona, cilddən-cildə girən, yaltaqlıqda sərhəd tanımayan zavallılardırlar. Onlar üçün heç bir dəyər, müqəddəs nəsə mövcud deyil. Mənim, həqiqətən də, onlara yazığım gəlir. Aşıq gördüyünü çaldığı kimi bu insanlar da lap körpəlikdən belə görüb, belə götürüblər. Bir adamın valideynləri cındırdırsa onun xilası çox müşkül məsələdi. Sarmaşıqların içində çətin qızılgül bitsin. Əslində hamının içində cındırlıq var. Sokratın dediyi kimi, "Mən insanam və insana xas olan heç bir şey mənə yad deyil.” Cındır o şəxsdir ki, daxilindən püskürən cındırlıq alovunu söndürə bilmir. Yəni öz nəfsinə, ehtiraslarına yenik düşür. Mən özümü cındır hesab etmirəm. Bacardığım qədər insanlara yaxşılıq etməyə çalışıram. Hələ indiyə kimi heç kəsə yaltaqlıq etməmişəm, dilimə haram tikə dəyməyib, yalan danışmamışam, riyakarlıq etməmişəm, kiməsə qarşı haqsız bir davranışım olmayıb, bircə gün istisna. Oxuyun nə demək istədiyimi anlayacaqsınız.  Bu o demək deyil ki, mən mələyəm. Yox. Mənim də içimdə cındırlıqlar var, hamıda olduğu kimi. İçimdən bir səs deyir: "Xan, ağlın olsun, yaltaq ol, gör necə qabağa gedəcəksən, hər işin yağ kimi gedəcək. İnsanları aldat, inan ki, bu ölkədə qabağa getmək çox asandı, təki bicliyin, oğraşlığın olsun. İnan mənə, Xan.” İstəyirəm o səsə qulaq asım, daxilimdə özümlə müharibə edirəm və çətin də olsa içimdəki səsə deyirəm: "Sox içinə”.

  

     Mən eksperimentlər etməyi sevən insanam. Bir gün yuxudan durdum və öz-özümə dedim ki, mən bu günü əsl alçaq kimi keçirəcəyəm. Açlaqlığın, cındırlığın necə bir hiss olduğunu ilmək üçün bunu etməli idim. Bütün gün müxtəlif cür alçaqlıqlarla, oğraşlıqlarla, naqisliklərlə məşğul oldum. Avtobusdan enərkən pul vermədim, metroda yaşlı insanlara öz yerimi təklif etmədim, işdə rüşvət aldım, gəlib gedəni acıladım və s. Həmin gün evə əlli manatla qayıtdım. Əclaf olmaq möhtəşəm hissdi. Əclaf olmaq üstünlükdü, əclaflığın sənin ən böyük kozerindi. Nə isə, həmin əlli manata gedib on bir dənə kitab aldım.   Yəni demək istəyirəm ki, çox insan əclaflığın, cındırlığın şirin şey olduğunu lap uşaqlıqdan dərk edir və narkotik asılılıq kimi bundan vaz keçə bilmir. Yenə deyirəm, mən onları anlayıram,müəyyən mənada haqq da qazandırıram. Ancaq, elə cındırlar davar ki, dərimə saman təpsələr də onlara haqq qazandıra bilmərəm. Onlar oxumuş cındırlardı. Söhbət ədəbiyyatdan gedir. Cındır yazıçılar, jurnalistlər, redaktorlar mənə çatmır. Gör,insandakı cındırlığın dərəcəsinə bax ki, bu insan ədəbiyyata rəğmən cındırdı. Ədəbiyyata rəğmən cındır olmaq böyük cındırlıqdı və bu böyük faciədi. Elə insanları görəndə insanın ədəbiyyatın gücünə şəkk etməyi gəlir. Bu adam qalaq-qalaq kitablar oxuyub, "Səfillər”-i oxuyub, "Cinayət və Cəza”-nı oxuyub, "Martin İden”-i oxuyub və nədənsə cındırlıqla məşğuldu. Təsəvvür edirsiniz? Axı bir yazıçı yaltaq, riyakar, xudbin və cındırdırsa o necə bədii əsər yarada bilər? Axı ədəbiyyat gözəllikdən yaranmalıdı. Yaltaq adam necə bədii əsər yaradır? Elə cındır yazıçılar da var ki, ədəbiyyat onlar üçün sadəcə qazanc mənbəyidi. Onlar kitablarında müğənni adları çəkirlər, az qala hər əsərdə kiməsə sabunluq edirlər, kitabın son vərəqində mebel mağazası reklam edirlər və s. Elə şairlər var ki, kiməsə pul və ya başqa nəsə qarşılığında mədhiyyələr yazırlar. Bu cındırlığın sərhədlərinin zorlandığı andır. İnsan yəni bu qədərmi, özünə hörmət qoymaz? Həmişə mənə elə insanların necə yatmağı maraqlı gəlib. Görəsən onlar yatanda nə düşünüb yatırlar? Yuxuları yerlərinə uzandıqdan neçə dəqiqə sonra təşrif buyurur? Özlərini necə belə ucuz tuturlar? Bir də redaktorlar var. Ədəbiyyat və ədəbiyyatın inkişafı onların veclərinə də deyil. Bu onları qətiyyən maraqlandırmır. Ədəbiyyat üçün özlərinə əziyyət verməyi sığışdırmırlar özlərinə.

     

     Özümdən deyirəm. Bir hekayəni yazmazdan qabaq həmin hekayəni yazmaqda mənə yardımçı ola biləcək kitabların siyahısını tuturam. On, on beş, iyirmi, bəlkə də daha çox. O kitabları tez bir zamanda oxuyub hekayəni yazıram. İki gün sonra redaktə edirəm və sayt redaktorlarına göndərirəm. Cavab nə olur? Vaxtımız yoxdu, işimiz çoxdu və bunun kimi onlarla yalanlar. İşləri olsa adamı yandırmaz, bütün gün gic-gic statuslar yazıb vaxtlarını keçirməklə məşğuldurlar. Ay cındır, ay oğraş, ay vicdansız, sənin boş zamandan çox nəyin var bu həyatda? Sən nə iş görürsən ki, zamanın yoxdu? Redaktor deyilsən? Sənin işin budu da elə. Niyə oxumursan? Çünki, Xan Abdulla adı onlara tanış deyil, nəyinə lazımdı oxumaq? Onlara bayağı, iyrənc mətnlər lazımdı ki, özləri kimi bayağı adamlar oxuyub orgazm keçirsinlər. Onlara ədəbiyyat lazım deyil. "Filankəs filankəslə necə öpüşdü, filankəsin tumuşunun rəngi qırmızı idi, yoxsa yaşıl? Filankəs yatanda neçə dəfə qaz buraxdı”. Sizə bu lazımdı. Bunu isə mən çətin ki, sizə verim. İnsanın əziyyətinin belə yerə vurulması, qiymətləndirilməməsi çox böyük faciədi. Mən demirəm dərc et, təpənə dəysin. Yox, ən azından oxu.

      Sizin kimi cındırlar həmişə olub. Siz Martin İdeni ac qoymusunuz. Martin sizin cındırlıqlarınıza görə intihar edib. Sizin cındırlıqlarınıza görə neçə-neçə ədəbiyyatsevər ədəbiyyatdan soyuyub. Sizdən çox-çox xahiş edirəm. Cındırlıqlarınızdan əl çəkin. İnanın ki, əlli ildən sonra kimsə xatırlamayacaq,xatırlasa belə cındır kimi xatırlayacaq. Dünən hekayəmi Xan Rəsuloğluna verdim. Beş səhifəlik hekayəni cümlə-cümlə təhlil etdi. Ondan artıqsınız? Ya zamanınız onun zamanından azdı? Adam olun. Mən həyatımı ədəbiyyata həsr etmişəm. Ən prespektivli fakultədə oxuyuram. Mən ədəbiyyata səft etdiyim enerjini o istiqamətdə yönəltsəydim və çox demirəm sizin cındırlığınızın bir faizi məndə olsaydı gələcəkdə milyonlarım olardı. Mən bunu çox gözəl bilirəm. Ancaq, o milyonlar mənə lazım deyil və mən bütün bunlara rəğmən sizin kimi cındırlardan belə münasibət görəndə əsəbimdən cəncir çeynəyirəm.