Xuan Rulfo. Bizə torpaq verdilər (HEKAYƏ)

Xuan Rulfo. Bizə torpaq verdilər (HEKAYƏ)

"Yolüstü hekayələr” layihəsindən dördüncü hekayə

Biz artıq neçə saatdır yol gedirik, ətrafdasa nə bir ağac var, nə də bir kol.

Hardasa it hürdü.

Bizsə elə bilirdik bu yolun axırı olmayacaq. Yolla gedirdik, gedirdik və fikirləşirdik: bu yol bizi hara aparır? Bəlkə heç yolun axırında heç nə yoxdur? Həm də nə ola bilər ki? İstidən çaylar quruyub, torpaq cadarlanıb. Görünür, oralarda nəsə var hər halda. Hansısa yaşayış yeri. Yenə it hürdü, havadan da tüstü iyi gəlir. Həyat iyi. Biz havanı iyləyirik, tüstünü yenə duymaq istəyirik. Bu iydə əminlik, ümid var.

Amma yaşayış yeri uzaqdadır. Külək məsafəni qısaldır.

Yola sübh tezdən düşmüşdük. İndisə günorta saat dörddür. Kimsə başını göyə qaldırır, göyüzündən tərpənməyən günəşə baxıb deyir:
- Saat dörddür, çox olar ki az olmaz.

Bu Melitondur. Hamımız bir yerdə dörd nəfərik: o, Faustino, Esteban və mən. Sırayla gedirik: iki nəfər qabaqda, iki nəfər dalda. Mən dala baxıram, əmin olmaq istəyirəm ki, doğrudan da dörd nəfərik, başqa heç kim yoxdur. Düzdür, başqa adam yoxdur. Öz-özümə pıçldayıram: "Cəmisi dörd nəfər”. Təxminən saat onbirəcən iyirmi nəfərdən çox idik. Amma adamlar iki-bir, üç-bir müxtəlif istiqamətlərə dağılışdılar, dördümüz qaldıq. 

- Deyəsən yağış yağacaq. – Faustino deyir.

Hamımız bir yerdə göyə baxdıq, elə bil komanda verdilər. Başımızın üstündən qara, ağır bulud keçir. Və fikirləşirik: "Ola bilsin doğrudan yağacaq?”

Amma heç kim bir kəlmə də demir. Danışmaq həvəsimiz çoxdan ölüb. İstidən. Hardasa kölgəli yerdə oturmusansa – nə üçün də danışmayasan? Amma indi bu o qədər də sadə deyil. Ağzını açan kimi isti hava boğazına dolur, sözlərin quruyub dilinə yapışır. 

Yola böyük su damcısı düşür. Yerə düşən kimi qəhvəyi nöqtə əmələ gətirir. Bu hələ ki, yeganə damcıdır. Yola baxırıq. Elə çox istəyirik ki, damcılar dalbadal düşsün. Gözləyirik. Amma əbəs yerə: yağış yağmadı. Qara bulud artıq uzaqdadır, o da bu yerlərdən uzaqlaşmağa tələsir. Yaşayış məntəqəsindən əsən külək də onu bizdən dalda qalan dağlara tərəf qovur. Quru torpaqsa həmin yeganə damcını əmir.

Lənət şeytana, axı kim bu Dağlıq ərazini kəşf edib? Bu intəhasız quru torpaqları kim tapıb?

Biz yenə yolla gedirik. Çox az dayandıq, yağışın yağmağına baxmaq istəyirdik, amma yağmadı. Budur, yenə də irəliləyirik. Birdən mənə belə gəldi ki, biz getsək də heç yerə getməmişik. Bu fikri başımdan qova bilmirəm. Bəlkə yağış yağsaydı başqa şey fikirləşərdim. Belə baxanda elə uşaqlıqdan Dağlıqda yağış görməmişəm, yəni əsil yağış, yağış kimi yağış.

Yox. Bu Dağlığın xeyri keçi südü kimi bir şeydir. Burda heç dovşan da yoxdur. Quşlar da uçmur. Səhra kimi. Təkcə arabir görünən balaca tikan kolları var.

Bu səhrada addımlayırıq. Piyada. Əvvəlcə bizim atımız var idi, yəhərin yanından asılan karabinimiz də. Amma indi nə atımız qalıb, nə də karabinimiz.

Hər halda məncə karabini oğurlamaqla yaxşı iş görüblər. Buralarda silah gəzdirmək təhlükəlidir. Burda silahla gəzənləri xoşlamırlar. Görən kimi yerindəcə gəbərdirlər, xəbərdarlıqsız-filansız. Amma atlar heyif oldu. Heç olmasa atla gedərdik, indiyə yaşayış məntəqəsinə çatardıq, çaydan sərin su içərdik, yemək yeyərdik... Amma atlarımızı da karabinlərlə bir yerdə oğurladılar.

Gözlərimi ətrafda gəzdirirəm. Görməli, baxmalı heç nə yoxdur. Baxışlarım heç nəyə ilişib qalmır, elə hey uzaqlaşır. Bura elə yerdir ki, kərtənkələ yuvasından çıxsa, gün onu da yandırar, o saat gizlənməyə kölgəlik, daş altı axtarar. Burda necə işləmək olar? Biz hara girib günəşdən qorunacağıq? Buranı bizə nə üçün veriblər? İşlə görüm necə işləyirsən!

Bizə demişdilər:

- Yaşayış məntəqəsindən düz buracan bütün yerlər sizindir.

- Bura axı Dağlıqdır! – demişdik.

- Hə, Dağlıqdır. Bundan sonra bütün bu əzəmətli Dağlıq sizindir!

Üzümüzü turşutmuşduq. Demək istəmişdik ki, neyləyirik Dağlığı? Bizə əsil torpaq verin. Bax, o çayın yanındakını, və ya bu ağaclı çöllüyü. Yoxsa ki, Dağlıq nəyimizə lazımdır?
Amma bizə qulaq da asmadılar. Məsul şəxs bizimlə danışmağa gəlməmişdi. Kağız-kuğuzu ovcumuza basıb dedi:

- Baxın görün sizə nə qədər torpaq veriblər!

- Hə, amma axı bura Dağlıqdır, cənab məsul şəxs...

- Burda ən azı min Yunt torpaq var. (Yunt – öküzlərin otlamağı üçün ayrılan ərazi.)

- Su yoxdursa, torpağı neyləyirik? Orda toyuq da içməyə su tapmaz.

- Bəs yağış nə üçündür? Heç kim sizə söz verməmişdi ki, sizə suyu olan yerdə torpaq verəcək. Oralarda yağış başlayan kimi bitkilər boy atmağa başlayır. Elə bil əllə çəkirsən.
- Yağış! Cənab məsul şəxs, orda yağış yağan kimi torpaq daşdan da bərk olur. Oranı necə şumlayacağıq? Biz o Dağlığı tanıyırıq. Hər dən üçün ayrıca deşik açmaq lazım gələcək. Tutaq lap əkdik, bəhər verməyəcək axı. Orda heç vaxt heç nə yetişməyib, bundan sonra da yetişməyəcək. Nə qarğıdalı, nə də başqa bir şey.

- Onda ərizə yazın. Hələliksə gedə bilərsiniz. Şikayətinizi Latifundistlər İttifaqına bildirin, onlarla da vuruşun. Burda hakimiyyətin günahı yoxdur, sağ ol deyin ki, sizə torpaq verib.

- Qulaq asın, cənab məsul şəxs. Hakimiyyətdən narazılığımız yoxdur. Amma bizə verdiyiniz torpaqdan var. Əgər narazılığımız varsa, onda torpaq yoxdur. Başa düşdünüz? İndi sizi başa salarıq. Hesab edin ki...

Amma o bizə qulaq asmadı.

Beləliklə Dağlığın sahibi olduq. Gəl indi bu tavada qovrul! Buranın necə yaşıllaşacağına, bəhər verəcəyinə baxmaq istəyərdim. Bəhər verəcək, gözlə! Burda heç kim yaşamaz. Nə heyvan var, nə ağac. Gedirsən, gedirsən, amma elə bil yerindən tərpənməmisən.

- Bu torpaq artıq bizimdir, - qəfildən Meliton deyir.

- Nə? – Faustino soruşur.

Mən susuram. "Nə var üstünə düşmüsünüz? – öz-özümə fikirləşirəm. – Görürsünüz ki, o özündə deyil. İstidən ağlı çaşmağa başlayıb. Şlyapası gündən qızışıb, bu da özünü itirib. Gic-gic danışır. Bizim torpaq! Bu nə torpaqdır, Meliton? Burda nəinki torpaq, heç toz da yoxdur! Külək də sovurmağa bir şey tapmır.”

Melitonsa öz danışmağındadır:

- Bu torpaq nəyəsə yarayar. Ən azı at saxlamağa.

- Hansı atları? – Esteban başa düşmür.

Bayaqdan Estebana baxmırdım. O danışanda əməllicə baxdım, başdan-ayağa süzdüm. Əynində gödəkçə var, yaxasındansa quş başı çıxıb, deyəsən toyuq başıdır.

Elədir. Estebanın gödəkçəsinin altında sarı toyuq var. Gözlərini yumub.

- Qulaq as, Teban, - deyirəm, - bu toyuğu hardan çırpışdırmısan?

- Heç yerdən. Özümündür.

- Əvvəl heç onu görməmişdim. Almısan?

- Yox. Evdən götürmüşəm.

- Özünlə götürmüsən ki, darıxmayasan?

- Nə darıxmaq? Onu evdə tək qoya bilmərəm axı. Tək yaşayıram. Harasa gedəndə qapı bağlı olur. Bunun yemini, suyunu kim verəcək? Hər dəfə evdən uzağa gedəndə onu özümlə aparıram.

- Gödəkçənin altında ona istidir. Bax ki ölməsin. Çıxart onu, nəfəs alsın bir az.

Esteban onun boğazından tutur, dimdiyinə üfürür. Sonra birdən deyir:

- Enişə çatırıq.

Yenə nəsə deyir, amma daha eşitmirəm: bir-birinin dalınca enişi düşürük. Mən Estebandan sonra düşürəm. İndi o toyuğun ayaqlarından tutub. Əlini də yuxarı qaldırıb ki, toyuq daşlara dəyməsin.

Aşağı düşdükcə torpaq yumşaqlaşır. Addım atdıqca toz qalxır. Amma bu bizi sevindirir. Ürəyimizcədir! On bir saat daşlaşmış Dağlıq yoluyla gələndən sonra bu tozun qalxıb üzümüzə qonmağı xoşumuza gəlir.

Aşağıda axan çay da xoşumuza gəlir.

İt də daha yaxında hürür, səsi ətrafa yayılır. Külək yaşayış məntəqəsindəki səsləri də bizə çatdırır.

Birinci evlər görünür. Esteban yenə toyuğu yaxasına soxur. 

- Mən bura gedirəm. – Esteban deyir.

Biz yaşayış məntəqəsinin içərilərinə gedirik.

Bizə verilən torpaq yuxarıda, arxada qalır.

Tərcümə: Həmid P.