"Yad qadının məktubu" əsərini niyə bəyənmədim?

Oğuz AYVAZ

Çoxdan oxumalı olduğum əsəri bu günlərdə başa vurdum. Stefan Svayqın "Yad qadının məktubu” əsərindən söz açacam. Daha doğrusu əsəri öz çapımda tənqid edəcəm. Əsərə keçməmişdən əvvəl sizə Sveyq haqda qısa da olsa məlumat verim. Sveyq Vyanada doğulub, əsli yəhudidir. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir. 

Həmin məktuba bir nəzər yetirək:

"Azad iradəm və açıq bir şüurla bu həyatdan ayrılarkən, son bir məsuliyyət yerinə yetirilməyi gözləyir: Mənə və işimi yerinə yetirməyimə dinc bir mühit bəxş edən ecazkar ölkə Braziliyaya səmimi təşəkkürümü bildirmək istəyirəm.

Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.

Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.

Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm”.

Qayıdaq, "Yad qadının məktublar”ına. Əsərdə məşhur yazıçı tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadının bir ömür boyu sevdiyi adam üçün qələmə aldığı bu məktubu "göndərənin" adı yoxdur. Məktubun başında bir ünvan var: "Sənə, məni heç tanımayan sənə.”

Yazıçı bir ömrü, qadın hisslərini, iztirablarını, ağrılarını əsərə köçürə bilib.

Məktubda qadın yazır: "Ey məni tanımayan və daima sevdiyim insan, sən"

Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Məktubun başlanğıcında qadın uşağının ölümündən yazır. Sonra bu günə kimi başına gələn bütün əhvalatı…

Əsərdə belə bir yer var: "Bütün insanlar məni xatırlayır, əzizləyirdilər, hamı mənə qarşı mehriban idi; sən, yalnız sən məni unutmuşdun, yalnız sən, təkcə məni xatırlamırdın!”

Əsər haqda fikirlərimə gəldikdə isə... aşırı sentimental, kədər dozası yüksək hekayədir. Təsəvvür edin ki, depressiyada olan bir insan bu əsəri oxusa bəlkə də intihar edər. Oxucuya amansız kədər bəxş edən əsərin əlbəttə yükü də ağırdı. Hər oxucu da bunun altına girə bilmir. Bir də onu deyim ki, novella süjet etibarı ilə mənə şablon gəldi. Qadın uşağını saxlamaq, ona daha yaxşı həyat vermək üçün özünü satır, fahişəlik edir və bir gün sevdiyi kişiylə rastlaşır, onunla sevişir. Bundan əlavə qadının ən incə detallara belə fikir verməsi, sevdiyi adamın yerə atdığı siqaret kötüklərini belə yığması mənə çatmadı. Məktubunda deyir ki, sənin çəkdiyin siqaretlər mənim üçün müqəddəsdir. Çünki onlara sənin dodaqların toxunub. Bəlkə də mən anlamıram. Qadınlar bu qədər dərin duyğular, hisslər içində yaşayır. Əsər mənə "Yeşilçam” filmlərini də xatırlatdı. Elə bəlkə də "Yad qadının məktubu” əsərindən təsirlənən çoxlu türk filmləri var.

Mənə görə, bu əsəri bir qadın daha dərin hiss edə bilər. Sanki Sveyq əsəri yazarkən qadın olub. Bu cür dərin duyğuları yazıda ifadə etmək çətindi. Ancaq bunu da bir yəhudi bacara bilərdi.
Əsərdəki qadın obrazı bəllidi ki, yazıçını platonik sevgiylə sevir. Qadının ümidsizliyə qapıldığını bu sözlərlə dilə gətirir:

"Tanrıya inanmıram, dua edilməsini də istəmirəm, mən yalnız sənə inanıram, yalnız səni sevirəm və yalnız səndə bir az daha yaşamağa davam etmək istəyirəm.”

Sveyq burda obrazını o qədər bütləşdirib ki, az qala yazıçını Tanrıya çevirib. Qadının həyatı da məhz sevdiyi adamla bağlıdır. O yaşayırsa mən də yaşayıram, o sevinirsə, mən də sevinirəm və ilaxır. Əsər həm də mənə "Leyli və Məcnun”u xatırlatdı. Məcnunun düşdüyü əzablı yollar, sevgisi uğrunda yaşadığı iztirablar "Yad qadının məktubu”ndakı qadın obrazıyla sanki səsləşir. Bilmirəm, siz necə düşünürsünüz. Amma onu deyə bilərəm ki, əsər ifrat dərəcədə kədərli, sentimental, duyğu doludur. Sanki Sveyq əsəri ağlıyla yox, bütün hissləriylə qələmə alıb.

Adalet.az