“Yağ kimi” – bu dəfə Kənan Hacının təqdimatında!

“Yağ kimi” – bu dəfə Kənan Hacının təqdimatında!

"Bu ilin martında tamamladığım yeni əsəri avqust ayında "Qanun” nəşriyyatına təqdim etmişəm. Həmin romanda ədəbi prosesi əsərləriylə deyil, özü haqda yaranmış xoruz səsi eşitməyən lətifələrlə canlandıran bir sıra əhli-qələmlərə rast gələcəksiniz. Onlar bizim müasirlərimizdir, əsəri oxuyarkən hər birini tanıyacaqsınız. Düzü, bu ideya çoxdandı ki, beynimdə dolaşırdı, amma nədənsə, tərəddüd edirdim. Ötən ilin sonunda qəti qərara gəldim və əsəri yazmağa başladım, bu roman üç aya yazıldı. Məqsədim dövrümüzün acı gerçəkliklərini, bəzən yazılması mümkün olmayan detalları da təsvir etmək olub.”

Bu sözləri yazıçı-publisist Kənan Hacı yeni romanı haqda Kultaz.Com-a danışarkən deyib.

- Əsərin adı "Yağ kimi”dir. Niyə məhz "Yağ kimi”?

- Əsərin baş qəhrəmanının ən böyük arzularından biri də "Yağ kimi” verilişinə çəkilmək və bununla da məşhurlaşmaqdır. Buna qədər isə qəhrəmanınız məşhurlaşmağın müxtəlif yollarından istifadə etsə də hər dəfə fiaskoya uğrayır. Bütün bunlar hamısı mənim şahidi olduğum hadisələrdir. Bu romanda mən həm də "şair” ifadəsinə qarşı camaatda yaranmış allergiyaya diqqəti yönəltmək istəmişəm, bu cəmiyyət şairi məsxərəyə qoyur, stula çıxardıb şeir oxudur, meyxananı isə ciddi sənət növü kimi hər gün efirdən gözümüzə dürtürlər. Bu, bizim ümumi səviyyəmizin göstəricisidir. Efir məkanının qapıları ciddi ədəbiyyatın üzünə birdəfəlik bağlanıb. Mənim əsərimin qəhrəmanı ciddi ədəbiyyat adamı olmasa da onun çevrəsində baş verənlər söz adamlarının faciəsini əks etdirir. Mən düşündüm ki, bunu mən yazmasam heç kim yazmayacaq.

- Roman nə vaxt çıxacaq?

- Şahbaz bəy demişdi ki, sentyabra planlaşdırırıq, olmadı. Yəqin ki, bu ay işıq üzü görər, inşallah!

- Əsərinin uğur qazanacağına inanırsan?

-         Əvvəla, onu düşünürəm ki, əsəri oxuyanlar orda özlərini görüb qəzəblənəcəklər. Bəri başdan, özümü ittihamlar çələngini qəbul etməyə hazırlamışam. Sözsüz ki, bu sənədli deyil, bədii əsərdir, bunu özümü sığortalamaq üçün demirəm, mən bir neçə adamdan bir personaj yaratmışam. Ona görə də konkret demək olmaz ki, filan obraz filankəsin prototipidir. Sadəcə, heç bir daxili senzuraya yol vermədən yazmışam. "Çəhrayı qan”ı yazanda da bu prinsipi qoruyub saxlamışam. Düşünməmişəm ki, bunu yazıb hansısa jurnala verim və babat qonorar alım. Hərçənd, qonorara hamıdan çox ehiyacım var. Bunları fikirləşsəydim, özüm özümü redaktə etsəydim, əsəri yazmağa dəyməzdi.

Kultaz.Com