Yalçın Tələtoğlu. Elayya  yarımadasından olan balaca küçük (HEKAYƏ)

Yalçın Tələtoğlu. Elayya yarımadasından olan balaca küçük (HEKAYƏ)

            O,ağır pəncəsini mənim başıma qoyaraq gözlənilmədən  yuxuya getdi.Mən bütün bu vaxtı ona diqqətlə baxmaq arzumdan məhrum oldum.Mən yalnız onun burnunun ucunu görürdüm.Qapqara,selikli,zılıqlı.Həmin vaxt çox iyrənc görünən burun bütünlüklə  gözlərimin qarşısında idi.Mən də yalnız onu görürdüm.Atam isə  hələ də yatırdı…
Və görünürdü ki,məni burnu ile məcburi olaraq üzbəüz qoymasından  çox məmnun idi.Sanki mən burunu diqqətlə gözdən keçirməli,ancaq onun haqqında daha çox məlumatlı olmalı idim…

             Amma mən başa düşürdüm ki, bu uzun çəkməyəcək.Bir qədərdən sonra o,ayılıb özünə gəldi.Pəncəsini başımın üstündən çəkməyə çalışdı. Lakin çox zəiflədiyinə görə bunu etmək onun üçün çox çətin idi.Buna görə də ona kömək etmək qərarına gələrək başımı  pəncənin altından çəkməyə başladım.O isə başını birtəhər qaldıraraq, artıq sönməkdə olan ve ölüm oxunan gözlərini mənə  zillədi.Xırıltılı,xəstə,bir az da amiranə səslə  soruşdu:

            -Sən hələ buradasan,küçük?! Mən sənə nə tapşırmışdım? Yadında saxla ki,sən balaca, həm də çox balaca küçüksən.Amma  bu sənə bəzi tapşırıqları yerinə yetirməyə qətiyyən mane olmayacaqdır.Sən o vaxt xoşbəxt,azad  və firavan yaşaya bilərsən ki,itlərin rifahının  yaxşılaşmasından ötrü yazılmış kitabı tapasan  və onu  qəsəbədəki  itlərə qaytarasan.Möhtəşəm kitabdır.Mən onu oxumuşam.Onu hamı oxumalıdır.

             O məni heç bir yerə göndərməmişdi.Görünür ki, sayıqlayırdı.Mən bir az kənara çəkilib,nə edəcəyimi bilməyərək ona tamaşa etməyə başladım.

              Ona tamaşa etməyi bir nömrəli iş hesab edirdim.Yaxın zamanlarda məni tərk edəcəyini sövq təbii anlayırdım. Onun biz –biz dayanan tükləri tamamilə tökülmüşdü.Güclü əzələlərindən əsər- əlamət qalmamışdı. Qorxunc  çənəsinin  daha  elə  də qorxunc  olmadıgı,  həmişə  onun  qorxusundan  ancaq agacların  iri  budaqlarında ve  hasarların  üstündə  qəzən  pişiklərin  indi  onun  ətrafında  istədikləri  kimi gəzişməklərindən  görünürdü. Mən  bunu  yalnız  ən nanəcib  pişiklərdən  birinin lap onun yaxınlıgına gələrək , quyrugunu  onun  çənəsinə  sürtdükdən  sonra  sezdim. Bu  məni  çox  acıqlandırdı. Pişiklər  hələ məni  saya  salmırdılar. Amma  mən  bərk  mırıldadım. Pişik  təəccüb  dolu  həqarətli  baxışlarla  mənə baxaraq  əsəblə  belini  yuxarı  qatladı. Beləcə bir  neçə addım atıb yəqin ki, mənə  yanıq  vermək üçün, sevinclə  və xırıltılı səslə miyolduyaraq  yana  sıçradı,sakit  addımlarla  və  şəstlə  yoluna davam etdi. Mən qəzəblə  onu  axıra  kimi  izləməkdə  davam  etdim.

             -Bura bax,küçük! - birdən  atamın  səsini  eşitdim.-Ona  fikir  vermə. O səfehin biridir. Bunu  özü də bilir. Diqqətlə  bax. Onun  qulağının  biri  yoxdur. O çoxdandır ki, mənim qarnımdadır. Mən belə  zəif halda  onun  digər  qulagını  da  qoparardım. Mən  elə  indicə, o mənim yanımdan  keçəndə  bunu  etmək istədim. Əla olardı. Sonra da doyunca gülərdik. Lakin mənim gücüm çox tükənib...Son  gücümü sənə verməli  oldugum  tapşırıq  üçün  saxladım. İyrənc  bir qulaq  möhtəşəm  tapşırıqla  müqayisə  oluna bilməz! Bunu  deyərkən o, bərk  titrədi və ayaqlarını qeyri  təbii  olaraq altına  yığdı.Deyəsən o qıc olmağa başlamışdı. Mən  onun  üstünə  atılıb dişimlə  ayaqlarından  birini  dartmağa  başladım. Lakin bir şey çıxmadı.
             -Lazım deyil.-O, dedi.-Onlar artıq işləməyəcək…

           -Sən nə danışırsan!?  Necə yəni işləməyəcək! Onlara  ancaq  bir az kömək lazımdır.Mən bu saat…-
          - Dayan, mən ölürəm. Bu zarafat deyil. Mənə  qulaq  asmalısan. Çox az vaxtım qalıb.Qulaq as.-
Mən  tabe olub  dayandım və ona qulaq  asmağa başladım.O  başını  heç  qaldırmayaraq və mənə baxmadan danışırdı.
            -Sənin yəqin ki, yadındadır  bizim  qəsəbəmiz  harda yerləşir. Mən səni, sən lap balaca olanda, ora bircə  dəfə aparmışam. Ora  sənin yadında qalmalıdır. Bütün  agıllı və fərasətli küçüklər hər şeyi yadda saxlayırlar. Özu  də  bircə  dəfə, lap körpə olsalar belə,  gözləri  yumulu olsa da yadda saxlayırlar. Sənin isə  gözlərin açıq idi. Orda əminəm ki,məni hələ də xatırlayırlar. Ora  çox  gözəl  bir yerdir.Heyif  ki, orda ölmək mənə nəsib olmadı… Orda olan bütün itlər,köpəklər,hətta  küçüklər belə  mənə  çox doğma və əzizdir.
           Sən ora getməlisən. Onlara  kömək  etmək lazımdır. Mən sona yetirə  bilmədiyim bir işi sən sona çatdırmalısan. Onlara kömək  et. Onları ordan qacır! Yoxsa  məhv olacaqlar…  Sən bunu bacaracaqsan.Sən  güclü  küçüksən. Böyüyüb  güclü köpək  olacaqsan.Bütün köpəklərdən güclü.Yadında saxla. Sənin  anan  həmin  qəsəbənin  yuxarısında, amma  lap  yuxarısında  olan  bir  təpənin  başında uyuyur.O, çox  güclü  və  qorxmaz  idi.  Mənim  gözümün  qabağında üç  canavarı  parça-parça etdi. Sən də  edəcəksən. Sən  hökmən, elə bu gün yola düşüb qəsəbəyə  get. Onlar ,,uzun pəncə‘‘nin  əsiridirlər…-

          O, daha  danışmadı.  Bu  onun  son  sözləri  oldu. Gözlərim  yaşarmış  halda  onun  boynunu yaladım.Onun  nə  demək  istədiyini, həmin qəsəbənin  harda  olduğunu bilmirdim. Mən kimlərə,necə, nəyə  görə kömək etməli olduğumu  bilməsəm  də  yola düzələrək  hissiyyatımın  məni  aparacağı  yerə getməyə başladım. Nəsə məna kəsb edəcək bir iş görməli olduğumu anlayanda qəhər məni boğmağa başladı. Deyəsən  heyatın  mənasını anlamağa  başlamışdım. Atam  düz  deyir. Mən doğurdan da ağıllı küçüyəm. Amma  bir az da fərasətli  olmaq  lazımdır. Atam yəqin ki,boş yerə danışmırdı…
                Mən hey  gedir gedirdim…Nə qabağda,nə də ətrafda heç bir qəsəbə  görsənmirdi.Çox yorulmuşdum. Daha ayaqlarım  getmirdi. Şəfəq qaralırdı. Ay  çoxdan çıxmışdı.Göyün  üzü  sayrışan ulduzlarla  dolu idi. Onlar  gah böyüyür, gah da kiçilirdilər. Onlardan  biri  çox  xoşuma  gəldi. Yol  boyu elə hey onu izləyərək  getdim. Deyəsən  ulduz get- gedə  böyüyürdü. Bu ona  görədir ki, mən ona yaxınlaşıram. Birdən o intəhasız  böyüdü. Növbəti addımımı  atıb düz onun içinə yumallandım.Ağ- appaq, pərqu  kimi  bir yer idi. Daha heç nədən xəbərim olmadı…
               Yorğun  olduğuma  görə yamanca  bərk  yatmışdım. Yumşaq  otların üstündə idim.Hər iki  tərəfə uzanıb  gedən ensiz, əyri- üyrü  yarğanın  düşdüyüm  hissəsindən  başqa  heç  bir  tərəfində ot deyilən şey yox idi. Deyəsən yamanca bəxtim gətirib. Amma qarnımda  olan küt ağrılar başlayanda  bəxt  haqqında danışmağına da dəyməz. Bəxtim qarnımla axır vaxtlar heç düz gəlmir.Atam sağ  olan vaxtlarda o həmişə dolu olardı. Hər şey atamın yuvaya ağır yaralı halda  gəldiyi  gündən  sonra baş verdi.Bəxt bizdən birdəfəlik  üz  döndərdi. Atama nə olduğunu heç bilə bilmədim.Məncə  onu  bərk döymüşdüler.O, uzandığı  yerdən on gün tərpənmədi. Sonra birtəhər ayağa durub gəzişməyə,daha doğrusu, sürünməyə cəhd etdi. Nəhayət,  biz ikimiz də başa düşdük ki,o,daha ov edə bilməyəcək. Biz olan qalan sümüklərimizlə  dolanmağa  başladıq. Cəmisi  beş  ədəd sümüyümüz  var idi. İkisi çox iri olduğuna  görə mənlik deyildi. Qalan üç sümük isə hər gün mən tərəfdən növbə ilə sümürülürdü…

            Artıq atam bir aya yaxın idi ki, yerindən  tərpənə  bilmirdi. O da hərdən iri sümüklərə dişlərini batırırdı. Amma ölməyinə üç gün qalmış daha bunu da edə bilmədi. O,sümüklərə saatlarla,həm də kədərlə  tamaşa  edərdi. Yəqin keçmiş  günlərini xatırlayırdı. Onsuz  da sümüklərdə  heç  bir  şey yox idi. Onlar çaydakı  qəmbər  daşları  kimi tər-təmiz idilər…Açığını deyim ki, sümüklərdən  sarı  yaman darıxdım. Baxma,yenə başımızı qatırdılar. Bizim dolanışığımız  elə  də yaxşı  keçmirdi.O  sümükləri  mən gözümü  açandan  görmüşəm. Onlar mənə  çox əziz  idilər. Eh, gərək  birini  özümlə  götürəydim.
            Yenə mədəm bərk ağrayır. Durum gedim. Daha oturmaq olmaz. Həm də  tapşırığı yerinə yetirmək lazımdır. Qəsəbəni  tapmalıyam. Heç  bilmirəm necə tapacam. Amma daha belə olmaz. Əvvəlcə yemək lazımdır.Yarğandan çıxıb yola düzəldim. Bütün günü yol getdim. Heç bir hadisə  baş vermədi. Yeməyə bircə  tikə də bir şey tapa bilmədim. Artıq  qaş  qaralmaq üzrə idi. Uzaqdan ulduzlar kimi işıqlar görünməyə  başladı. Çömbəlib bir az yorğunluğumu  çıxarmaq  istədimsə  də  özümlə  bacarmadım. Birdən mənə yeni  güc  gəldi.  Atılıb yerimdən  götürüldüm. Bir başa işıqların  çox olduğu  yerə yüyürdüm.

                 Artıq  işıqlar  getdikcə yaxınlaşırdı.   Birazdan  birinci  işığın sayrışdığı  küçəyə daxil oldum. Rahat bir nəfəs alıb özümü ilk rast gəldiyim zibilliyə saldım. Nə qədər eşələndimsə  heç  bir şey tapa bilmədim. Gözlərimə  inanmayaraq  özümü bir də zibilliyin icinə atdım. Hər şeyi alt üst etdim.Yenə,yenə,yenə…Dişə  dəyməli,heç  olmasa çeynəyib içəri ötürməli  heç bir şey tapa bilmədim. Daha burdan gedim. Zibillikdən çıxıb  köhnə daş hasarların kənarı ilə qəsəbənin içərilərinə dogru irəliləməyə başladım. Bir iki tin burulduqdan  sonra  balaca, zibilliyə  oxşar bir yer tapıb eşələnməyə başladım.Heç nə yox idi.Bu nədir belə?! Elə bil  kimlərsə  buralarda  bütün  zibilliklərin  qeydinə  qalırdı.
            Ruhdan  düşmək  olmazdı. Yəqin  bir qədər də  axtarmaq  lazımdır. Burnumu  hər yerə  soxmağa başladım.

             -Heç nə tapa bilməyəcəksən.-kimsə  dedi. Doğurdanmı səs eşitdim?  Halımın belə pərişan vaxtında  hətta  bu cür incə səs belə az  təsirli ola bilir.Lakin artıq   o məndə  nəsə  başa düşə  bilmədiyim, mənə  tanış  olmayan incə duyğular oyada  bilmişdi. Hər halda cəld səs gələn tərəfə çevrildim. Bu, ağ rənqli gözəl bir samoyed  idi. Amma bir gözü yox idi. Üst başı  tamamilə çirkin içində idi. Çirkdən tükləri bir-birinə yapışmışdı. Burnunun  üstündə  hansısa yeni bir yara əmələ gəlmişdi.Belində üç yerdə  tükləri dairəvi olaraq tökülmüşdü. Yerində  isə nəsə  iyrənc bir şey yaranmışdi.   Onun gözlərində nigarançılıq və qorxu sezilsə də təmkinli görünürdü.Çox  vüqarlı olduğunu bildirmək  istədiyindən başını dik tutaraq amiranə bir görkəm almışdl.
            -Heç nə tapa bilməyəcəksən.-O,yenə təkrar etdi.Amma o doğurdan da gözəl bir dişi  Samoyed idi. Başa  düşürdüm ki, nəsə deməliyəm. Amma  sanki, dilim tutulmuşdu. Bu vaxt atamın əmr verməyə öyrəşmiş  iddalı, zəhmli, inadkar sifəti  gözlərimin önünə  gəldi. O,mənə sanki,- ,,nə durmusan,danış!‘‘-deyə,əmr etdi.Tez  özümü  yığışdırıb :
            -Deyəsən bu gün mənimki yaman gətirir.-deyə,-sözə başladım. –Sizin kimi gözəllə rastlaşa biləcəyimi  qabaqcadan  hiss  etməli  idim.  Deməli  buranın  çox  gözəl  sahibəsi  var imiş. Ərazinizə girdiyimə  görə  üzr diləyirəm. Məcburiyyət  məni  burda  bir qədər eşələnməyə  vadar etdi. Mən bu dəqiqə  buranı  tərk edəcəm.-

           -Narahat olmayın.Elə fövqəladə bir iş baş verməyib.Siz orada istədiyiniz qədər eşələnə bilərsiniz.Bura çox kasıb bir zibillikdir. Cəmi dörd yerdən bura zibil atılır. Çox vaxt  dişə dəyiləsi  bir şey də olmur. Ət  və ya qığırdaqlı  sümüyə heç vaxt ümid etmə.  Onlar onu  bizdən də yaxşı sümürürlər. Lap onların  yerinə  utanıram.  Sadəcə  olaraq    demek istəyirəm ki, ordan çox təəssüf  ki, bir şey tapa bilməyəcəksən. Bu saatlardan sonra  bura daha  zibil  atılmayacaq. Bir saat əvvəl  mən buranı  yoxlayıb ,,təmizləmişəm‘‘…-Sonra o mənə diqqətlə baxıb dedi:
             -Görürəm yaman ac və yorğunsan. Bu  günlük mənim  qonağım  ola bilərsən.
             -Bu əla oldu.Təşəkkürlər.-
             -Elə  isə ardımca  gəl. -deyə,-burnunu  dik  tutaraq  geriyə  çevrildi və yüngülcə yüyürməyə başladı. Mən  də onun ardınca  götürüldüm. Biz  bir- iki  dalan burulduqdan sonra  içinde  yəqin ki,   kimsəsiz, yarı  tikilmiş  ev olan, bir həyətə daxil olduq. Burada hələlik heç bir həyat əlaməti  görünmürdü.
            -Bura sakitlikdir.-O dedi.-Bu ətrafda bircə dənə də köpəyə rast gələ bilməzsən.-
            -Onlara rast gəlmək yaxşı əlamət deyil ki?-Soruşdum.
            -Sən özgəsən. Buranın qanunlarını bilmirsən. Burada  bəzi  məsələlər  sən fikirləşdiyin kimi deyil.-
            -Necədir ki?-
            -Bu haqda sonra.-
            -Yaxşı.Bəs yeməyə heç bir şey yoxdur?-
           -Var.Əlbəttə var.Özü də necə?!-O dodaqlarını yaladı ,-Arxamca gəl !-
Biz barının az hörülmüş  hissəsindən həyətə daxil olmuşduq. Elə ordan da çölə çıxıb sola burulduq. Barının  küncündə  dayanıb yenə də sol tərəfi izləməyə başladıq.
            -Biz nəyi pusuruq?-Soruşdum.
            -Onları görmürsən bəyəm?-
            -Nələri?-
            -Balaca,ətli cücələri.-
Mən diqqət  edib doğurdan da otların və kolların arasında beş on ədəd balaca cücə gördüm.

           - Onları iyirmi günə yaxındır  ki, izləyirəm. Hər gün səhərlər onları ta ki, axşamacan küçəyə buraxırlar. Heç  bir nəzarət  də yoxdur. Gün ərzində  bir və ya iki dəfə ancaq onları yoxlayırlar. O da elə belə. Mən onları  tək çırpışdırmaq  niyyətindəydim. Amma  indi ki,sən özünü yetirdin  çox  qonaqpərvər və mədəni olmağım bu işi tək görməyimə imkan verməz. Ancaq mütləq  çırpışdırmalıyıq. Çünki mən onları  düz  iyirmi  gündür ki, pişiklərdən qoruyuram. Heç  kimə borcum olmaya olmaya.Onları  yemək ləzzətini hiss etməyə haqqım var!-
Biz cücələrin hamısını  çırpışdırdıq. Onları  ləzzətlə yedik. Bu əsl keyf oldu. Sonra bu yeri  təcili  tərk etmək lazım gəldi. Çünki  bir neçə nəfər oralarda yaman  vurnuxurdu. Deysən cücələri axtarırdılar. Aradan çıxdıq.   Mən yiyəsiz bir yer tapıb iki gün dincəldim. İki gündən  sonra  Samoyed gəldi. O qan- tərin içində idi. Elə tövşüyürdü ki, elə bil bu saat ürəyi partlayacaqdı. Dili ağzından  bütünlüklə  çıxıb sallanmışdı.
              -Nə olub?  Niyə belə tövşüyürsən?-Soruşdum.
               -De görüm sən kimsən? Hardan gəlmisən?-
               -Nə isə baş verib?-
               -Sənin gəlməyindən xəbər tutublar.Mən gərək sənin gəlişin barədə onlara xəbər verəydim.,,Uzun pəncə‘‘ hər şey haqqında bilməlidir.-
                -,,Uzun pəncə‘‘?-
                -Bəli.-
                -Deməli o burda yaşayır.-
                -Sən onu tanıyırsan?-
                -Haqqında eşitmişəm.Mən bura onunla haqq-hesab  çürütməyə  gəlmişəm.-
                -Sən nə danışırsan?! Sən ki, hələ balaca küçüksən! Sən ona heç bir şey edə bilməzsən.O,çox güclüdür. Çox kökdür. Bilirsən onun nə   qədər sümüyü var?  Sayı hesabı  yoxdur. Onların  çoxu  heç  bircə  dəfə  de olsun  sümürülməyib. Deyirlər ki, bütün  sümüklərin üzəri ət və qığırdaqla doludur. Ətrafdakı  köpəklər  hamısı ondan qorxurlar. Hamısı  da onun üçün işləyirlər. Bütün kök,  güclü köpəkler ona qulluq edir. Onlar  özlərindən  çox  razıdırlar. Onların  da  sümükləri  həddən artıqdır. Hardan nə tapılırsa  onlar üçün aparılır. Onlar  hər gün ət yeyirlər.-
             -Biz də yedik…-
             -Onların  bundan  xəbərləri  yoxdur. Gərək  bunu  bilməsinlər. Onlar razı deyillər ki, biz çox yeyək.Yoxsa…-
            -Yoxsa nə?-
           - Yoxsa  bizi yox edərlər. Onlar hər şeyi  öz əllərinə alıblar. Hər şey haqqında  bir-birlərinə  məlumat ötürürlər…  Yaxşı,de  görüm, sən hardan  gəlmisən?  Qorxuram ki, sən çıxıb getməli olacaqsan.-
          -Mən,mən bir yarımadadan gəlmişəm.-
          -Yarımadadan?-
          -Hə,yarımadadan.-
            -O nə cür yerdir?  Harada yerləşir? Çox maraqlıdır. Adı nədir?-
            -Adı ,, Elayya’’dır.,,Elayya’’.-deyə,-cavab verdim.-
            -,,Elayya’’.-deyə, o, təkrar  etdi.-Nəsə eşitməmişəm belə bir yer haqqında.-
Əlbəttə ki, eşitməmişdi. Çünki  belə  bir yer yox idi. Mən onu özümdən uydurdum.

             -,,Elayya,Elayya,-deyə,-o yenə  təkrar etdi. Yox,  heç vaxt eşitməmişəm. Ora harada yerləşir?  Buradan  çoxmu  uzaqdadır?-Soruşdu.
Mən bir az ürəkləndim.Nə uydurub  danışacağımı  bilmirdim.Amma bu dəqiq idi ki, nə isə danışmaq lazımdır.
         -Doğurdanmı  heç  nə eşitməmisiniz? Çox  təəccüblüdür.,,Elayya’’ çox məhşur yerdir. Çoxları  oranı tanıyır. Füsnkar yerdir.Orda hamı  azaddır. Hamı  toxdur. Hər yer gül, çicəklərlə  örtülüdür. Orda  zibillik deyilən  məkan yoxdur. Hər yer müxtəlif yeməklərlə doludur. Hamı bir-birilə dostdur.Hamı bir-birinə kömək edir.Heç kim razı olmaz ki, kimsə ondan az yesin.-deyə,-mən ağzıma  gələni  danışdım.
          -Necə də gözəl yerdir!  Bəs sən bura niyə gəlmisən? Kim sənin yerinə  olsa  ordan heç yerə getməzdi.-
         -Hə elədir. Ancaq mən bunu etməliydim.-
         -Sən məni Elayyaya apararsanmı?-
         -Əlbəttə!  Əgər sən oranı  bircə  dəfə  görsən əsl  həyatın nə olduğunu  biləcəksən. Ümumiyyətlə hər yeri  Elayya kimi etmək mümkündür. Bunun üçün gərək qorxmayasan.-
         -Nə etmək lazımdır ki?..-
         -Hamımız  bir yerdə  gedib onlara  deyək ki, hal-hazırda onlarda olan sümükləri  bizimlə  yarı bölsünlər.-
         -Bu mümkün deyil!  Sən nə danışırsan!  Bizi öldürərlər…-
         -Bura  bax, heç kim bizə heç nə edə bilməz!-
         -Sən  onları  tanımırsan. Qəsəbədə  bizim ,,kürən,, adlandırdığımız  çox  iri  bir  köpək var idi. Onlar kürənə də tapdığı  bütün sümükləri  və digər hər cür zir- zibili  onlara  verməli  olduğunu  bildirmişdilər.O isə razı  olmadı. Onda  bilirsənmi  nə baş verdi? Onlar hər tərəfdən onun üstünə  tökülüb  onu  parça-parça etdilər. Əvvəlcə  qıçlarını  sındırdılar. Qulağını  tikələrə  ayırıb  kənara  tulladılar. Bədənində dişləyib  qoparmadıqları  yer  qalmadı. Sonra  daha  qorxunc  bir iş etdilər.-
          -Nə?-
         - Onu  sürüyüb  qəsəbənin  kənarına  apardılar. Ordakı  boş  sahələrdə  isə  çoxlu  çaqqallar yaşayır. Onlar  həmişə  acdırlar. Onu çaqqalların yaxınlığında bir yerə qoyub kənara çəkilib gözlədilər. Həmin vaxt biz  hamımız  orda idik. Hər şeyi öz  gözümüzlə  gördük. Çaqqallar  yaralı  kürənin  onların  yemi  olduğunu  bilirdilər. Çünki  bu  birinci dəfə deyildi. Onlar  hamısı  bir yerdə kürənin üstünə düşdülər. Kürən isə hec  ayaq üstə  dura da bilmirdi. O, yalniz  bir qədər sürünə  bildi. Lakin belə xilas olmaq mümkün deyildi…-
                 -Sən onları  mənə  göstərə  bilərsənmi?-
                 -Bu, çox qorxuludur.-
                 -Heç  nə olmaz. Elə  indicə gedək.-
                 -Yaxşı.Amma mən gəlmişdim  səni  xəbərdar  edəm ki…-
                 -Heç  nə  haqqında  xəbərdar  etmək  lazim deyil. Hər şey aydındır. Əyər biz onlara heç bir şey edə  bilməsək, mən səni və digərlərini  burdan qaçırıb  Elayyaya  aparacağam. Orda  siz  gələcəkdə nə etmək lazım olduğunu  öyrənəcəksiniz.-
                  -Sən doğrumu  danışırsan?-
                  -Əlbəttə.-
                 - Sən bunu edə biləcəyinə inanırsan?-
                 - Əgər inanmıramsa  burda nə gəzirem?-

        Amma  açığı öz dediklərimə  özüm də inanmırdım. Bütün  bunları  necə  deyə bildiyimə  təəccüb etdim. Axı mənə nə olub? Mən dünənə  kimi  atasının əlinə baxan bir küçük idim. Baxıram ki, elə indi də küçüyəm. Birdən  birə  nə olduğunu  deyə bilmərəm. Ürəyimin dərinliklərinde  gizlənən iyrənc  qorxaqlıq namərdcəsinə  üzə  çıxmağa  can atırdı. Bu hər an baş verə bilərdi. Onun qarşısını  nə cür alacağımı bilmirəm. Gözümün ucuyla qizlicə  Samoyedin üzünə  baxdım. O mənə  elə inamla  baxırdı ki,sanki mən iri bir gərgədanı  təkcə ovlaya bilən bir  şir idim. Mən hələ heç bir  şey eləməmişdim.Bu qədər inamlı baxışlara  layiq  olmadığını  bilmək nə qədər agırdır! Ah,mən gör necə həyasızam. Hər an üzə çıxa biləcək murdar və ləyaqətsiz  olan,artıq  ged-gedə  monstra çevrilməkdə olan qorxaqlığım  məni  gülünc vəziyyətə  qoyanda,rica edirəm həmin hissələri oxumayasınız… 

               Yəqin  onlar  üçün  dəhşətli  dərəcədə  əzablı  günlər keçir. Fikirləşdiyini mənim kimi dilinə gətirməyi  bacarmaq  da burda böyük bir şeydir. Deyəsən bu bədbəxtləri   kimlərsə  yaman bərk qorxudublar.Bunlar da əsl suda boğulanlardır  və saman çöpündən,yəni ki, hətta məndən yapışmağı özlərinə  sığışdıra  bilirlər. Eh,qorxaqlıq nə  pis şeydir! Bəlkə mən qorxmayım,nəsə bir iş  görüm. Hansısa axmaq  qüvvələrin təsiri  altında  bura,özü də atamın deyəsən  tapşırdığı yerə gəlib çıxa bilmişəm.O da ölənə yaxın ağzına  gələni  danışırdı. Nəyi düz deyirdi nəyi yox heç bilmirəm. Hər halda sakit həyatımı buraxıb bura gəldim. Amma cücələr yaman dadlı idi. Axır zamanlar sür-sümük  sümürməkdən  başqa  bir şey bilmirdik. Başqa yerlərə  də baş çəkmək lazımdır. Amma doğrusu  məni  maraq da basır ki,bir elə sümüyü yığıb  özündə  saxlayan o qorxunc  köpəklər necə sheydirler. Onsuz  da mən istədiyim vaxt aradan çıxa bilərəm. Balaca küçüyəm.Kiçik bir deşik tapıb sivişməyə nə var. Bir az da cəsarət bildirən görkəm alıb dedim:

                 -Hə,ne oldu?  Nə deyirsən,gedək?-
                 -Gedək.-deyə,-o,mənə  elə məhəbbətlə  baxdı  ki,lap xəcalət  çəkdim. Elə indicə ürəyimdən kecirdiklərimi yaxşı ki, bilmir. Çox qəribədir. Deməli bəxtin gətirsə oturduğun yerdə  qəhrəman da olarsan.Ee,mənə  belə  baxma  təkqöz  gicbəsər Samoyed. Hələ bilmək olmaz.Bəlkə  bu  firildaqçıdır. Hər halda  ehtiyatlı olmalıyam.

           Biz dolanbac  yollarla yüyürməyə  başladıq.Acmış  mədəm yenə  başlamşıdı  mənə  dinclik verməməyə. Mədəm boş olanda məni elə günə qoyur ki, ancaq onun haqqında  fikirləşirəm. Samoyed qabaqda , mən isə  arxada yüyürürdük.Fikirləşirəm ki, bəlkə imkan tapan kimi elə indicə aradan cıxım.Axı orda mənim nə işim var!
                -Budur onlar .-Samoyed dedi.

Başımı  kolların  arasına  soxub irəli baxdım. Aşağıda  çoxlu miqdarda  heç vaxt görmədiyim, cürbəcür rənglərdə və növlərdə  köpək görünürdü. Heç  vaxt  belələrini  görməmişdim. Orda hər tərəf sür- sümüklə  dolu  idi. Onlar  tənbəl-tənbəl oturur, gəzişir,özlərini  günə verirdilər. O dəqiqə hiss olunurdu ki,yaxşı  bəsləniblər. Hələ  ömrümdə  belə  kök, güclü və laqeyid  baxışlı itlərə rast gəlməmişdim. Onlardan hər hansı   biri elə bircə həmləylə məni tikə parça edərdi.İkimizin  də  acından qarnımız quruldayırdı. Köpəklər məni elə qorxutdular ki, qurultunun  səsinin  onlara çatacağından ehtiyat edərək özümü sıxdım. Amma orda əla yeyib içmək var.Ezü də nə qədər!
           -Bu qədər yemək görəsən onların nəyinə lazımdır. Axı hamısını onsuz da yeyə bilmirlər.-dedim.
           -Bununla belə usanmırlar,daha çox ələ keçirmək istəyirlər.-
           -,,Uzun pəncə‘‘ hansıdır?-soruşdum.
           -Onu heç  kim görməyib,ancaq adını eşitmişik.-
           -Qulaq as.-dedim;-Cücələrin  başına  gətirdiyimiz  oyunlardan  bəlkə  sümüklərin də başına gətirək.Onların üstündə o qədər ət var ki, bir neçəsi məni dəqiq doyurar.-
                Samoyed  heç bir cavab vermədi. O gözlərini sümüklərdən çəkə bilmirdi. Aşağıda, bir az arxa tərəfdə,xarabalıq  başlayan yerdən solda da bir qalaq sümük və çoxlu ət parçaları   görünürdü.Onların sahibi  zorbalığından və harınlığından nifrət  yaradan, növü məlüm olmayan  eybəcər bir it idi. Uzaqdan da olsa yeyib möhkəm yatdığı sezilirdi.

               Xarabalıq başlayan yerdən sağda  köhnə dəmir boru uzanırdı. Onun bir ucu taxta hasarın arxasında idi. Digər ucu isə düz sümüklərin yanında  nataraz və tərbiyəsiz  şəkildə düşüb qalmışdı. Yan-yörəsi  qurumuş  kol-koslarla, cürbəcür dəmir qalaqları  və  digər zir-zibillə dolu idi. Birdən ağlıma dahiyanə bir fikir gəldi.Dönüb Samoyedə dedim:
             -Bura bax dostum,məni burda gözlə,heç  yerə  getmə. Elə et ki, gözə dəyməyəsən. Mən bu saat deyərək-götürüldüm.

Bura  qəsəbənin  kənarı  idi. Agac və kollardan başqa heç bir şey yox idi.Onların arası ilə şütüdüm.Yaxın məsafədən də  fırlanmaq  olardı. Arzu olunmadan  kiməsə  rast  gələ bilərdim. Ona görə də daha uzaqdan  fırlandım. Borunun hasardan  kənarda olan hissəsini  tapdım. Amma ora girmək elə də asan olmayacaqdı.Ağzı  torpağa  girərək tamamilə görünməz olmuşdu. Heç  fikirləşmədən  torpağı  eşməyə başladım. Bu çox çətin iş oldu.Üstəlik məni görə bilərdilər.Eh nə olur olsun deyə davam etdim.Torpaq yaxşı ki,yumşaqdır. Balaca çınqıl daşlar da var.Burnumu  yaralamışam. Bərk incidir. Deyəsən nəsə iti bir şey kəsdi  burnumu. Diqqətli  olmalıyam. Görəsən nə idi kesən?  Ah! Şüşə…Özü də nə qədərir! Qoy bir az ehtiyatlı olum.Tələsmək  lazım deyil. Hə, bax belə. Borunun içinə  girəcək qədər torpağı eşdim.Borunun içi də torpaqla dolu idi. Amma onları çıxarmaq asan oldu.Yaxşı ki,balaca küçüyəm.Yoxsa borunun içinə sığışmaq çətin olacaqdı.
               Başladım  irəli sürünməyə. Bir qədər süründükdən sonra düz qarşımda bərk səs küy başladı. Elə bil kimsə mənə tərəf sürünürdü.Yerimdəcə  dondum. Ayaqlarım tutuldu.Burada-,, axı bu necə ola biler?"-sualını  verməyin yeri yoxdur.Çünki niyə də ola bilməsin.Içində ne ola biləcəyi haqqında heç bir məlümatın olmadığı naməlum bir borunun içinə girəndə belə olar.   Birtəhər geriyə qayıtmaqdan başqa yol yoxdur. Geriyə qayıtmaq istəyəndə xəfif bir yel çiy ətin iyini burnuma soxdu.Deyəsən səs də  kəsildi.  Bu məni ürəkləndirdi.Bir az gözlədim.Səs gah peyda olur gah da yox olurdu.Sonra birdəfəlik yox oldu.Mən isə daha heç nəyə baxmadan irəli  sürünməyə  başladım. Daha nə qədər süründüyümü deyə bilmərəm.Birdən burnum yumşaq bir şeyə toxundu.Nə qədər gülməli də olsa onu o saat yeməyə başladım.Mən axtardığımı tapmışdım.Borunun içi ət və sümüklərlə dolu idi.Mən az qala bihuş olmuşdum.Yəqin harınlığından səfehləmiş  it  xoşuna gələn tikələri bura doldururmuş.Lap yaxşı!  Sakitcə oturub yeməyə  başladım.Ömrümdə  belə  kef eləməmişdim.Lap gülməyim gəlirdi. Mədəmi ağız- buğuz doldurdum.Daha gözləmədim.  Bir iki ət parçası götürüb aradan çıxdım.

              Samoyed ət parçalarını  təəccübümə  rəğmən bir anın içindəcə aşırdı.Baxışlarımızdan  aydın oldu ki,bundan sonra necə hərəkət etməli olduğumuzu bilirik.
            - Hamını qonaq etmək pis olmazdı.-Samoyed dedi.
            -Sonra bunu həmişə  etmək lazım gələcək.-mən dedim.
            -Elədir.Bəs nə edək?-
            -Hamını qonaq edək.-
            -Sonra da bunu həmişə edək.-
            -Onsuz da bu əvvəl axır baş verməlidir.-
            -Elədir.-
            -Yaxşı ki, mən sənə rast gəldim.-
            -Mən də sənə.-
            -Sənsiz bütün bunlar mümkün deyildi.-
            -Həmçinin sənsiz də mümkün olmayacaqdı.-
Biz özümüzə  yeni və rahat  bir yuva  tapdıq. Bu çox yaxşı oldu. Mən cox sevinirdim.Həyat gözəldir.Deyəsən o yenidən üzümə  gülməyə başlayırdı…

                 Biz elə səhəri günü  işə girişdik.Sehirli boru boşalmaq bilmirdi.Çox firavan yaşamağa başlamışdıq.Bütün itlər özlərinə gəlməyə başlamışdılar.Küçüklər oynaşır və görünürdü ki, tez böyümək istəyirlər.İtlər bir neçə həftənin içərisində   əsl güclü köpəylərə oxşamağa başlamışdılar.Hətta onlardan bir neçəsinin hardansa   nə vaxtsa dalaşqan olduqları  da yadına düşməyə başladı.Biz onları güclə sakitləşdirdik.

         Hər gün bir dəfə ət vaxtı idi.Az da olsa hamıya bölüşdürülürdü.Müntəzəm olaraq qidalanmaq yaxşı effekt verir.Biz onları güdürdük.Her şey qaydasında olanda içərimizdən seçdiyimiz ən çevik  və qorxmaz olanlardan bir neçə nəfərimiz ət üçün gedirdi.  Ət  lazım olan qədər gətirilirdi.Bütün bu həngamə o vaxta qədər  davam etdi ki, itlərdən biri özünü saxlaya bilməyib bərkdən,kişi kimi,qorxunc səslə hürdü.Bu o qədər gözlənilməz oldu ki, hamımız donub qaldıq.Təsəvvür edin həmişə zingildəyən,  yeməzlikdən  az qala küçüyə oxşayan,qarn qarına keçmiş  bu it özü də özünə məəttəl qalmışdı.O dili dolaşa-dolaşa dedi:
           -Mən,mən, inanın,heç özüm də gözləmirdim bunu.Bağışlayın…Amma doğrusu bu mənim  çox xoşuma  gəldi.Özünü əsl  it kimi hiss etmək əladır.Hürməyi az qala yaddan çıxarmışdım.Açığı etiraf edirəm ki, mən yenə də hürmək istəyirəm.
            -İstədiyin vaxt hürmək sənin hüququndur.-Mən dedim.-Axı sən itsən və sən istədiyin vaxt hürməlisən.İt qanununa görə hər bir itin istədiyi vaxt hürmək,yemək,qaçmaq,yatmaq və sair hüquqları var.Amma onlar bizim bu hüquqlarımızı əlimizdən alıblar.
            -Hardan bilək ki,bizim belə qanunlarımız var?-Artıq çox yaşlanmış bir köpək soruşdu.-Mən əməllicə qocalmışam.Həyatda çox şeylər görmüşəm.Elə  sümüklər sümürmüşəm ki,elələrini heç biriniz görməmisiniz.Amma mənim hürmək hüququmun olduğunu indi eşitdim.Axı mənim atam da heç bunu bilməyib.Yoxsa mənə öyrədərdi.Doğurdanmı belə bir şey mövcuddur?
           -Əlbəttə.-Mən dedim.-Mövcuddur.Mən  bunu dəqiq bilirəm.Onu bizdən  gizlədirlər.Biz onu tapmalıyıq.Bizim xilas yolumuz İt qanunlarını bilməyimizdir.Onda heç nədən qorxmayacağıq.
Bu söhbət onlara fantastika kimi görünürdü.Heç cür anlaya bilmirdilər ki,onların bir başa həyatlarına aid ola biləcək bele bir sehirli qanunlar külliyyatı  var.Belə bir kitabın var olduğunu mənə atam demişdi.O,bunun  kiçik bir kitabça olduğunu və ,,Uzun Pəncə,,nin boynundan asıldığın demişdi.Hansısa bir itin hürməsini eşitmək onlar üçün təhlükə olduğunu göstərən bir siqnal ola bilərdi.İndi bərkdən hürmək nəinki tez idi,hətta səhv idi.
            Artıq olan olmuşdu.Milyonlarla sümükləri olan milyonçu  köpəklərin  hamısı  sakit dayanaraq qulaqlarını şəkləmişdilər.Təkcə bizim,, tədarükçümüz’’ borunu doldurmaqdan usanmırdı.O, ət  özündə qurtaranda digərlərinin  sərvətinə  girişirdi. Onlar da heç bir söz demirdilər.Bu uzun muddət  davam elədi. Biz də öz ,,işimizdə,,  idik.Boru bir tərəfdən dolur bir tərəfdən də səliqə ilə boşalırdı.Artıq hamı özünə gəlmişdi.Daha heç  kim gizlin gedib çırpışdırmaq  istəmirdi. Birbaşa gedib onlardan tələb etmək istəyirdilər.Onlara  güclə başa saldım ki, bunu etmək hələ  tezdir.Biz azıq onlar isə çox.Həm də  bizdən dəfələrlə  güclüdürlər.Beş on küçüklə,artıq qocalmış bir neçə köpək və iyirmiyə yaxın arıqlıqdan ayaq üstündə birtəhər duruş  gətirən,hətta bərkdən hürməyi belə bacarmayan  itlərlə bir az oğurluq  qidalanıb-bu  birbaşa bizim haqqımız olsa da mən bunu oğurluq adlandırırdım,əksəriyyət mənimlə razı olmasa belə- cana gələn kimi bunu etmək olmaz.Biz burdan getməliyik.Güclənib qayıdarıq.Onlarla haqq hesabı çürüdərik.Onlara da zəhmətkeşliyin nə olduğunu öyrədərik. Sakit həyatımız bərqərar olar.Həmişə bu cür qidalanmaqla həyat qurmaq olmaz.Biz bunu müvəqqəti olaraq güc yığmaq üçün edirik.Samoyed də mənim dediklerimi təsdiqlədi.Biz yenicə razılığa gəlmişdik ki,aşağıda baş verən çaxnaşma mənim sözlərimi təsdiqlədi.

             Tez  onları izləməyə başladıq.Orda aləm  dəymişdi bir-birinə.Deyəsən köpəklər borunu ət ilə doldurana öz narazılıqlarını bildirirdilər.Bir tərəfdən baxanda bədbəxtlərin daha heç nəyi qalmamışdı.Onlar bütün sərvətin borunun içinə doldurulmağının əleyhinə  idilər.İndi istədikləri qədər yeyib içə bilməyəcəklərindən qorxuya düşmüşdülər.Onlar borunun ağzına doluşub bərk mırıltı qoparmışdılar.Deyəsən borunu dolduran ,,Uzun pəncə ‘’özü  idi.O onlara nə  isə başa  salmaq istəyirdi.Amma onlar hamısı birləşib bərkdən hürməyə başladılar.Elə  bir hürüşmə  başladı  ki, gəl görəsən.Yanımda olanlar qorxularından bir-birlərinə  qısılıb durmuşdular.Birdən gözlənilməz bir hadisə baş verdi.Onlar hamısı  birdən ,,Uzun pəncə’’nin üstünə atıldılar.,,Uzun pəncə,, görünür onların hamısından qüclü   idi.O ,qətiyyən geri çəkilmədi.İlk üstünə hücum edən qara rənqli,eybəcər,artıq çoxdan vəhşiləşmiş və  bəlkə  də  quduzlaşmış  bir  Rotveliyer  oldu.Amma ,,Uzun pəncə’’şir kimi onun üstünə  atıldı. Elə göydəcə  başını  əyərək  çənəsini  Rotveliyerin irəli uzanmış  ayaqlarından  birinə  keçirərək  yerində  fırlandı.  O, sanki it deyildi əsl timsah idi.

                 Toz aləmi bürümüşdü .Heç  nə  görmək olmurdu.Birdən elə  bir zingilti eşidildi ki,ətim ürpəşdi.Hamımız  qorxu  və  maraqla  gözlərimizi  döyüş  gedən  səhnəyə  dikmişdik. Toz yavaş-yavaş çəkildi. Bərk zingilti isə səngimək  bilmirdi.Hə r şey aydın  görünməyə  başladı.,,Uzun pəncə’’ağzında  bir tüklü  ayaq  məğrurcasına  dayanmışdı. Rotveliyer isə  zinqildəyə-zinqildəyə  üç  ayaq üstündə  gah yıxılır gah da dururdu.Daha hücum etmək fikri yox idi.Hamımız dəhşətə  gəldik. Onlar bir qədər dayandılar.Öz aralarında ora- bura vurnuxdular.Deyəsən  Rotveliyerin belə  ani  məhvi onları  qorxuda  bilməmişdi. Artıq  hamısı  çoxdan  iddialı  idilər.Belə  şeylərin  ola biləcəyini  əvvəlcədən hesablayıb  nəzərə  alana oxşayırdılar. Yox, onlar qətiyyən  qorxmurdular. Necə  deyərlər lap dibinəcən qudurmuşdular.Onları  bu qədər  qudurtmaq lazım deyilmiş.Aralarından bir Doberman heç  nədən qorxmayaraq  vəhşicəsinə ,,Uzun pəncə’’nin üstünə atıldı. Amma o əsl usta döyüşçü  kimi  biclik etdi.,,Uzun pəncə’’yə  çatmağa az qalmış ayaqlarını  geriyə  yığdı və onlar çənələrini  bir-birlərinin  boynuna  keçirdilər.Qalanları  elə  o saat ,,Uzun pəncə ,,nin üstünə  atıldılar.Toz  duman yenidən   hər yeri bürüdü.  İyrənc,acıqlı  və  vəhşi  mırıltıdan qulaq tutulurdu.Az  müddət  içərisində  hər şey sakitləşdi. Yenə  də  tozun çəkilməsini  səbirsizliklə gözlədik.Bir azdan hər şey aydın görünməyə  başladı. ,,Uzun pəncə’’nin parça-parça olmuş cəsədi yerə sərilmişdi.  Onlar öz işlərini görmüşdülər…

                 Bırdən məni dəhşət bürüdü.Daha bu alladıcı  sakit həyat bitdi.Onlar axır ki,  ,,Uzun pəncə’’ni məhv etdilər.İndi,, sehirli boru,, da nələr  baş  verdiyini bilsələr bizə aman  verməyəcəklər.Biz hamımız dəhşətli ölümün  ağuşundayıq.Deyəsən bunu hamı hiss etmişdi.Onlar nə  etmək  lazım gəldiyini  bilməyərək gözlərini mənə  zilləmişdilər.Guya mən bilirdim nə etmək lazımdır.,, Boru əməliyyatı,,na  hamını  cəlb  etdiyimə  görə  bərk peşiman oldum.Gör necə  səfehəm  deyə  ürəyimdə  özümü  danlamağa başladım. Gərək  onları bu işə qoşmayaydım. Heç nə də bilinməyəcəkdi. Ac  qalsalar da bir təhər  kecinirdilər.Indi hamımız  zibilin içindəyik. Onsuz da özümüzün  olanı  oğurlasaq  da onlar bizə  aman verməyəcəklər.
             -Indi  nə  edəcəyik?-Samoyedin səsini  eşitdim.
             -Hamı  hazırlaşsın.  Hamımız   qaçmalıyıq.-dedim.
             -Hara qaçacağıq?-kimsə  soruşdu.
Nə  cavab  verəcəyimi bilmirdim.Bu vaxt onlardan biri dedi.
            -Qaçmağa  burda heç  bir yer yoxdur.Hara qaçsaq  bizi  taparlar.Təkcə  qəsəbənin  əks  tərəfində  ən  hündür  bir  təpə  yerləşir. O da  bizi  gizlədə  bilməz.  Onlar   təpəyə   bizdən  də  yaxşı  dırmanırlar.-
            -Bəs  təpnin  arxasında  nə var?-mən  soruşdum.-Həm  də   başa   düşdüm  ki,orda  mənim  anam uyuyur.
            -Ordan bir az kenarda cox enli,coşqun bir çay axır.Hec  kim qorxusundan  ora  girməyə   cürət etməz.Deyirlər  cox dərindir.  Çayın o biri tərəfinə  hələ  heç  kim  keçə   bilməyib. Oraların ne cür yer olduğunu bilmirik.-
Ağlıma   elə  bir fikir gəldi ki, sevincdən  az  qala  qışqıracaqdım.
          -Elayya   ordadır.-dedim.-Biz  gərək  çayı  keçək. Mən  sizə  bunu   çoxdan   demək  istəyirdim. Amma  bunun  üçün xüsüsi  bir  gün seçərək  həyata  kecirmək  istəyirdim. Çox təəssüf ki, işlər  belə xarakter aldı.  Daha gözləməyinə  dəyməz.  Onlar hər şeydən xəbərdar olmamış  biz  aradan çıxmalıyıq. Bir dəqiqə  də  vaxt  itirmək  olmaz. Mənə  inanın.  Elayya xoşbəxtlik  yarımadasıdır.  Biz orda  hamımız xoşbəxt  və  firavan  yaşayacağıq.  Bir müddətdən  sonra  artıb,  çoxalıb  geri  qayıtmaq  olar. Gəlib hər işi yoluna  qoyarıq.-
       -Ay   səni,  balaca  küçük! Sən  bizim  xilaskarımızsan!-onlar dedilər.-Sən  bura  gələn  gündən  hər şey dəyişdi.Sən bacarıqlısan.Eşq olsun Elayya yarımadasından gələn balaca küçüyə!Hamımız gedək oraya.Elayya çox gözəl yer olacaq.Biz xoşbəxt  yaşayacağıq. Nə  yaxşı  ki , balaca küçük var! Nə yaxşı ki, Elayya  yarımadası  var!-
        -Necə  olub ki,biz, Elayya kimi bu cür ğözəl bir yarımadanın  lap  yaxınlığımzda olduğunu indiyə kimi bilməmişik.O ki,lap yaxında imiş! Əlini  uzatsan çatar! Xoşbəxtlik yanımızda ola-ola illərlə zülm çəkmişik.Biz nə qədər axmaq imişik.Yaxşı  ki  sən gəldin  balaca küçük.- onlardan  biri  dedi.
         -Yaxşı, tez hazırlaşın.İşimiz çoxdur.Biz çayı keçmək üçün sal düzəltməliyik.Yoxsa onu qət etmək mümkün olmaz.Balaca küçüylər,qocalar,xəstələr çoxdur.Hamı təpəyə.-
           Hamı  bir başa təpəyə tərəf yüyürməyə başladı.Hərənin də  ağzında bir necə sümük var idi.Kim nə qədər bacarırdısa götürmüşdü.
          -Dayanın!-deyə,-qışqırdım.-Siz nə edirsiniz?!  Hamınız  sümükləri  atın!  Onlardan  Elayyada çoxdur. Siz çalışın təpəyə  taxta - şalban daşıyın ki,sal düzəldə biləsiniz.-
Onlar  sümükləri  qətiyyən  tullamaq  istəmirdilər.Amma  görəndə  ki, başqa  çıxış  yolu yoxdur hamısı sümüklərdən  imtina edə  bildi.Hamı  ağzında  müxtəlif  taxta parçası, uzun  ağac  götürüb  təpəyə dırmaşmağa başladı. Aşağıda  isə  kef  məclisi  qurulmuşdu. Onlar  öz  qələbələrini qeyd edərək doyunca yeməyə  girişmişdilər. Hamısı  borunun ağzına  yığışıb bərk  mırıltı  salmışdılar. İri –iri ət  tikələrini bir dəfəyə  ötürürdülər. Mən  bilirdim ki, bu  belə  davam  etməyəcək.  Bir  azdan  bu  qurtaracaq. Çünki onlar  artıq  borunun  içinə  girərək əti dartıb  ordan çıxarırdılar.
               -Bir az cəld olun!-deyə,-qışqırdım.-Vaxt  çox azdır.-
              Özüm  də  onlara  kömək  edirdim. Biz  axır ki,təpənin  başına  dırmaşdıq. Elə  bir tərəfində dayandıq  ki, görünməz ola bilək. Sərin meh əsirdi.Çay  doğurdan  da  çox möhtəşəm  idi. Ömrümdə  bu qədər  suyu bir yerdə  görməmişdim. Sakitcə,qürurla  axırdı. O  biri  sahil  duman  olduğuna  görə  güclə görsənirdi. Duman  get-gedə  biz  tərəfə  də  irəliləyirdi. Əyər  suya  tez  girə  bilsəydik  bu  bizim xeyrimizə  olacaqdı. Çünki  o  biri  sahili  tez  müəyyənləşdirmək  lazım  idi. Duman hər  yeri  tez  bürüsəydi  biz hara   üzdüyümüzü   görməyə  bilərdik. Suda  bir  neçə  dəfə  fırlandıqdan  sonra  istiqaməti   itirər,əvvəlki sahilə  çıxardıq ki, bu  da  bizim  sonumuz  olardı. Amma   duman  çayın  ortasında  bizi haqlasa bu bizim xeyrimizə   olacaq.  Həm  gedcəyimiz  sahili  artıq  müəyyənləşdirmiş   olacağıq, həm də  düşmən dumandan bizi görməyəcək.

             ArtIq  sal  hazır idi.  O qədər  yaraşıqlı   olmasa  da  möhkəm  idi.  Amma  hamını  götürə biləcəyinə   şübhə   edirdim.
           - Hamı  buradadırmı  -  soruşdum.-hamınız   doluşun  salın  üstünə.   Görək  hamını  götürəcəkmi.-Hamı   salın üstünə  doluşdu.  Sal  güclə  davam   gətirirdi.  Amma  bir-birinin  üstündə  də  olsa  yerləşə bildilər.  Axırıncı  mən  qalmışdım. Hoppanıb   Samoyedin yanında  özümə   yer elədim.  Mənə  elə məhəbbətlə   baxdı ki, lap  bağrım yarıldı.  Nəhayət:
           -Kəndiri aç!-deyə,-əmr  etdim.  Hamı  kəndirin  açılmasına  tamaşa edirdi.Hamını   qəribə  qüssə bürümüşdü.  Öz  doğma  yerindən  ayrılmaq, bəlkə  ömürlük,  zarafat   deyil. Kəndirin  axırıncı  ilgəyi açılmaq  üzrə  idi. Bu vaxt  yanımızda  olan bir köpək  dedi:
            -Dayanın.Bəs mənım ən sevimli küçüyüm hanı? –
           -Mə..yər o burda deyil?-mən kəkələyərək soruşdum.
           -Qoy bir də sayım.-O dedi və saymağa başladı.-Bir,iki,üç,dörd,beş…Bəs altıncı?  Bəs mənim Zolaqlım?   Mənim Zolaqlım yoxdur!  O mənim ən sevimli küçüyümdür.Mən onu olduqca çox sevirəm.O ən çox  mərhum  atasına oxşayır. Atası  çox yaxşı it idi. Mən onu on güclü itin içindən seçmişdim. Mən Zolaqlım  burda  olmasa  heç  yerə gedən deyiləm!  Əyər kəndiri açsanız  özümü  çaya ataram.-
Kəndiri  açmayıb  dayandıq. Vaxt  da  heç yox idi. Mən bunu hiss edirdim.
              -İndi nə edək?- Sevimli  Samoyed  məhəbbət  dolu  tək gözünü  mənə  zillədi. İki gözündə  olan məhəbbət  işığı  bir gözünə  toplanaraq onu daha  çox atəşli  etmişdi. Məhəbbətin alovu  yeganə gözünü cazibədar etmişdi. Mən gözlərimi onun gözündən  çəkməyə  məcbur oldum.İçərimdən  nəsə  isti, alovlu bir gizilti keçdi. Deyəsən  bu  sevgi idi. Məni  küçüyün dalınca göndərmək  üçün  Samoyedin tək gözündən  çıxan qığılcım da bəs elədi. Bir də  gördüm ki, artıq saldan düşmüşəm.
            -Mən gedirəm Zolaqlının dalınca.Onu orda qoya bilmərik. Heç  kim saldan düşməsin.Təkcə  bir it  düşüb  mən ve  Zolaqlı  gələnədək  kəşik çəkərək yola baxsın. Biz gələnə  qədər  gözləyin.Qaş qaralana  kimi  gəlməsək  hökmən  gedin. Daha  bizi  gözləməyin.-
           -Bəs  siz  nə edərsiniz?  Sizi öldürərlər.-sısqa  bir  köpək  zingildədi.
           -Bizdən  sarı  narahat olmaya bilərsiniz. Mən iki nəfər üçün uyğun olan başqa bir yol da tanıyıram.Axı mən bu yolu bir dəfə  gəlmişəm.-Deyə,-təşəxxüslə  və  mənalı-mənalı  Samoyedə  baxdım  və  qəsəbəyə tərəf  götürüldüm.

             Qəsəbəyə  çatanda günortadan  xeyli  keçirdi. Hər yeri ələk- vələk etməyə başladım. Küçük heç bir  yerdə  görünmürdü. Köpəklər  olan  tərəfdən  bərk  hürüşmə  səsləri  gəlirdi. Gizlincə  ora baxdım. Onlardan  biri  borunun üstündə  dayanmışdı. Yəqin  onu  başçı  seçmişdilər. Deyəsən borunun sirrini anlamışdılar. Bir neçəsi  borunun o biri  tərəfindən çıxaraq  hər yeri  iyləyir və bərkdən  hürürdü. Daha vaxt  itirmək olmazdı. Mən yenə  axtarmağa başladım. Heç  cürə onu tapa bilmirdim. -,,Bəlkə  köpək  səhv  salır. Elə  onun beş  küçüyü  var.-‘’deyə,-fikirləşdim. O  qədər  küçüylüyürlər ki,sayını  da itirirlər.Daha  onu  tapmağa  ümidim  qalmamışdı. Eh,daha gedim.Yox, bəlkə  bir az da axtarım.Yenə başladım  axtarmağa. Birdən  çürümüş  taxta qalaqlarının  arasında  gözümə  boz  zolağa bənzər nəsə  dəydi. Başımı  uzadıb  ora diqqətlə  baxdım. Qəşənq  boz zolaqları  olan lap balaca küçük başını  özündən gözlə görünəcək qədər iri olan bir sümüyün  üstünə  qoyub şirin-şirin yatmışdı.

               -Aha,ay səni dələduz! Demək sən buradasanmış! Mən də səni  haralarda axtarmıram. Gəl,gəl bura  görüm.-deyə  onu dartmağa  başladım. Balaca caynaqlarıyla  sümükdən  elə  yapışmışdı  ki, qətiyyən  qopmaq  istəmirdi.- Ay səni,acgöz! Burax, burax  deyirəm  sənə  o lənətə  gəlmiş  sümüyü!-  Axır  ki, ayaqları  sümükdən üzüldü. O  hele  oyanmamışdı.-Lap div kimi  yatağansan! Yaxşı, sən yat.-

Onu   dişlərimə  tutub yüyürməyə  başladım. Elə  bu vaxt  çoxlu it ayaqlarının səsini  eşidərək  geri qayıtdım.  Ayaqlarım iri bir dəmirə ilişdiyindən  səntirləyib yıxıldım. Balaca  bir  dərənin içinə sürüşdüm.  Bura   çirkli  su və müxtəlif zir-zibillə  dolu idi. Zibillərin içinə  girib boğazıma qədər suyun içində gizləndim.Bu lap yaxşı oldu. Zolaqlını da əllərimlə bərk sıxaraq tutmuşdum.Yazıq nə baş verdiyini anlamadığından  çaşmışdı.Bütün günahları yəqin  ki,suda gördüyü üçün suyu dişləmək istəyirdi.

             Bir dəqiqədən  sonra  bura  köpəklərlə  doldu. Zolaqlı  səs çıxarmasın  deyə  mən onun ağzını  tutmuşdum.
Köpəklər ora bura vurnuxur,dilxor-dilxor,mənasız yerə  hürürdülər.  Deyəsən  bir-birlərilə  də  düz gəlmirdilər.
            -Öz böyük it təcrübəmdən  istifadə  edərək yüz iri,ətli və qığırdaqlı  sümükdən  mərc  gəlirəm ki,onlar bir az bundan əvvəl burda olublar.-şir kimi nəhəng  olan birisi dedi.
            -Özünü  elə çəkirsən ki, guya buradakilar it deyillər, qoyundurlar!  Biz  də sən deyəni  bilirik.Onları təcili tapmaq lazımdır.-
            -Buralara  bir  fikir  verin hər yer bizim var  dövlətimizin acı nşanələrilə  doludur.-
            -Hər yer sümürülmüş  sümüklərlə  doludur.-
            -Onlar  bizi  qarət ediblər.  Buna görə  də cavab verməil olacaqlar!-
            -Lənətə  gələsiniz! –deyə,-köpəklərdən  ən  iri  və  qorxuncu dedi.-Onlar  heç  sümüyün  nə olduğunu  da  bilmirmişlər. Məyər  sümüklə  belə  rəftar edərlər. Ağalar,siz mənimlə  razı  olarsınız, sümük  sümürməyin  də  öz  qaydası  var. Sümüyü  elə  birinci  dəfədən  elə  sümürmək  lazımdır  ki, üstündə  bir  qətrə  də ət deyilən şey  qalmasın. Mən bunu atamdan o da öz atasından  öyrənib.-deyərək, sümüyün  birini  qabağına  çəkərək  onu  yaladı  və  uc  hissəsini  bircə  dəfəyə  sındırıb  ağzında  xıncım-xıncım  edərək  uddu. Mən  qorxumdan elə  sakit  dayanmışdım  ki, sanki  heç  yox idim. Sümüyü  belə sındıra  bilən  köpəyin  nə demək  olduğu  göz  qabağında idi.
           -Yaxşı  indi  nə  edək?- köpəklərdən  biri  dedi.-Hamımız  müflis  olmuşuq. Bunlar da  sümükləri  götürüb  aradan çıxıblar. Bundan  sonra  nə  edəcəyik?-
            -Panikaya  düşməyin.-seçdikləri  yeni  başçı  dilləndi.- Əvvəlcə  axtarıb  onları  tapmalıyıq. Öz yerlərinə  qaytarmalıyıq. Sonra  da  hər  birini növbə  ilə  cəzalandırarıq. Onlar  hara  gedəcəklər ki. Yəqin zibilliklərdə  eşələnirlər. Tez  zibillikləri axtarın. Hamı  üç-üç, dörd-dörd bölünsün.-
          Onlar çıxıb getdilər. Mən  bir  az  da  gözləyib  yavaşca  gizləndiyim  yerdən  çıxdım.  Zolaqlını  yerə qoyub  bir az dincimi aldım. Çırpınıb  üstümün  suyunu  dağıtdım. Yenidən  Zolaqlını  dişimə  tutub getmək  istəyirdim ki, birdən  arxamda  kimsə  dedi:
             -Bravo,bravo,bravo!- Bu birinci  danışan  qorxunc  köpək  idi.-Bravo!-deyə,-o daha bərk  qışqırdı.-İndicə  buranı  tərk edən qoyun sürüsünü  gördünmü?  Yox ,mən  onlara  qoyun  sürüsü  deməzdim. Onlar  daha  çox  dovşan  sürüsünə  oxşayırlar. Mən canavarları, kaftarları , çöl itlərini demirəm, hətta çaqqallar da onlardan ağıllıdırlar.  Neçə  illik it təcrübəmə  inanaraq  mərc  gəlirəm ki,sən də onların hamısından  ağıllısan. Amma  bir  dəqiqə. Mən səni heç  vaxt görməmişəm. Yüz,yox min ən ətli və qığırdaqlı  sümükdən  mərc  gəlirəm ki, sən buraların  itinə  oxşamırsan.-deyə,-o, yaxınlaşıb məni iylədi. Dili  ilə  qulaqlarımı  yalayaraq;-hə  buraların  iti  deyilsən.- dedi.-Də  görüm onları  harda  gizlətmisən? Onu  hara  aparırsan?  Mən  bilirdim ki, burda nə isə var. Ona  görə də  getməyib  gözlədim. Elə  buna görə  də  iddialıyam. Bilirəm  ki, onların  hamısından  ağıllıyam. Onlar isə  yenə də  başqasını  seçdilər...- O, dilxor və  əsəbi  olduğu  üçün var gəl etməyə  başladı. Gəzişdikcə  hərdən dönüb  mənə  diqqətlə baxırdı.
                -Bir dəqiqə.-deyə,-o,birdən  dayanaraq  danışmağa  başladı.-Bura dörd ya da beş ay bundan əvvəl də bir köpək gəlmişdi.O  guya hamını  xilas  edəcəkdi. Mən öz üsullarımdan  istifadə  edib  onun içini elə əzdim ki,yəqin ki, indiyə  çoxdan gəbərmiş olar.İndi sən də onun kimi olacaqsan.-deyib üstümə atıldı. Mən zolaqlı ağzımda  olduğu üçün heç  yerə  tərpənə  bilmədim. O məni  tutaraq  zolaqlını  ağzımdan qopardı  və  yerə  tulladı.  Məni isə  dişlərilə  tutub divara çırpdı. Az qala huşumu itirəcəkdim. Amma  tez  özümə  gəlib  növbəti  hücumdan  bir  sıcrayışla xilas oldum.
            -Ha,ha!  Bax  buna varam. Səy göstərirsən. Xilas olmaq üçün. Bu təbiidir.-
                 O  yenidən üstümə şığıdı .Bu dəfə xilas ola bilmədim.O ,caynaqlarıyla hər iki böyrümə  ağır zərbələr  endirdi.Elə  bil  içərimdə nələrsə  qırıldı. Qarnımdan  ağzıma  tökülən isti qanın tamından ürəyim  bulandı. O,məni  yenə  divara  çırpdı. Növbəti dəfə  üstümə  atılanda var gücümü  toplayıb kənara  sıçradım. Bunu əsl  vaxtında  edə  bildim. Çünki  köpək üstümə  atılanda  çürümüş  bir dəmir parçasını  yerindən oynatdı. Və  göydən asılı  qalan,hərəsi  bəlkə  də  bir ton olan üç  nataraz  dəmir düz onun üstünə  düşdü  və  yəqin ki,belini sındırdı. O, heç  zingildəyə  də  bilmədi. Dəmirlərin altında ayaqları  qabağa  uzanılı  şəkildə  qaldı. Hər yerindən qan qəlirdi;gözlərindən,burnundan,qulaqlarından və ağzından da. Mən geri qayıdaraq onun qarşısında dayandım və dedim:
               -Dörd ay bundan əvvəl rastlaşdığın  mənim atam idi və məni bura o göndərib.Sən uduzdun.-Sonra onun boynundan  zəncirlə  asılmış,üzərində ,,Dünyadakı bütün itlər üçün yekdilliklə qəbul olunmuş  demokratik  qanunlar toplusu,,.yazılmış  kitabçanı dartaraq qopartdım.
O,dəhşət  andıran gözlərini  mənə  zilləmişdi. Mən onu heç vecimə  də  almayaraq  zolaqlını götürdüm.Artıq  qaş  qaralmaq üzrə  idi, gecikmək olmazdı. Amma mən yüyürə  bilmirdim.Atamın mənimlə  etdiyi axırıncı  söhbətlər  yadıma  düşdü. Deməli  bütün  mənə  danışdıqları  onun üçün  gör nə qədər  çətin imiş.Amma o,öhdəsindən  gəldi. Mən də öhdəsindən gələcəm. Mən bunu edəcəm. Darıxma,zolaqlı.Qorxma, mən səni  anana  çatdıracam. Biz bunun öhdəsindən gələcəyik.Mən bütün qüvvəmi  səfərbər  etdim. Var  qüvvəmlə  üzü  yuxarı, təpəyə  qalxmağa  başladım. Mən qalxmalıyam. Hamı mənı gözləyir. Mən bacaracam!
              Axır ki,təpənin  başına  qalxdım. Samoyedi  gördüm.O,mənim  qabağıma qaçıb  üstümə  atıldı. Məni  elə qucaqladı  ki..Bu elə  mənə  bəs idi. Bu sevginin özu idi. Heyatda elə  şeylər olur ki,o baş verəndən  sonra  az, lap az ömür də mənalı olur. Zolaqlını  anasına  verdilər. Artıq şəfəq qaralırdı.
            -Daha gecdir.Siz getməlisiniz.-Samoyedə  dedim və kitabçanı ona uzatdım.
            -Necə yəni getməlisiniz?! Məyər sən getmirsən bizimlə?-
            -Yox.İndi  bu mümkün deyil. İşi axıra kimi görmək lazımdır. Duman artıq çayın bu tərəfinə də keçib. Siz istiqaməti itirmədən  o biri sahilə üzün. Yaxşı  ki, duman var. Onlar gəlsələr sizi görə bilməyəcəklər.Mən istəmirəm ki,onlar Elayya yarımadası  haqqında bilsinlər.-
        -Bəs sən?-
        -Gedin, orda yaxşı heyat var.-
        -Bəs sən?-
       - Qoy hamı sevsin.-
       -Bəs sən?
       -Orda yemək çoxdur.-
      -Bəs sən?! Sən! Sən məyər məni eşitmirsən? Bəs mən nə edəcəm? Sənsiz nə edəcəm?-
      - Gecdir,getməlisiniz.Bir az da keçsə hamını  güdaza verərik. Mən axı demişəm. Mən başqa bir yol bilirəm. Birdən onlar görünsələr  mən onları  azdıracağam.Sonra isə həmin yolla da gələcəm. Bəlkə  də sizdən də  tez çatacam…-
Samoyed  daha  gözləyə  bilməzdi.O,salın üstünə atıldı..Kəndiri kəsdilər.Sal çayın  ortasına  tərəf  itələndi və yavaş-yavaş  üzməyə  başladı.  Samoyedin səsi  eşidild:
        -Mən səni gözləyəcəyəm! Eşitdinmi,gözləyəcəyəm!  Mən səni sevirəm. Həmişə  də  sevəcəm!-Sal bir qədər də  getdikdən sonra dumanın içinə girdi.Duman salı  sanki   öz köksünə  sıxdı  və onu isti bir yorğana bürüyərək görünməz etdi…
              Mən təpənin başında oturdum.Artıq qaranlıq çökmüşdü. Duman olmağına baxmayaraq göyün üzü  ulduzla dolu idi. Uzaqdan çoxlu köpək hürüşməsi  eşidilirdi. Səslər get-gedə daha yaxından eşidilməyə  başlayırdı.Yəqin artıq  təpəyə  dırmaşırdılar.  Hiss etdim ki,ayaqlarım qıc olmağa bashlayır.Bu vaxt ulduzlardan biri getdikcə  böyüməyə  başladı və mənə daha yxın oldu.Anam ağappaq   ulduzun içindən mənə əl elədi. Sonra ulduz daha da yaxınlaşdı.O,ulduzun içindən çıxmadan əllərini uzadaraq məni öz ağuşuna aldı…
              
 
                                                                                              29 sentyabr 20016ci il