Yasmina Mixayloviç - Xəzərin sahilində ( Səbuhi Şahmursoy )

Yasmina Mixayloviç - Xəzərin sahilində ( Səbuhi Şahmursoy )

"Oxu Günü”ndə hədiyyə vermək üçün 5 kitab aparmışdım. Onların müqabilində bircə kitabla geriyə qayıtdım. Deməli, kitab dəyişmə masasında üz qabığına baxaraq heç kimin toxunmadığı 5-10 kitab vardı. Mən də onları nəzərdən keçirərkən bu adla rastlaşdım: YASMİNA MİXAYLOVİÇ. Doğrusu, qətiyyən tanış olmayan bu ismin kitabının adı mənə maraqlı gəldi. Onun Xəzər dəniziylə nə əlaqəsi ola bilərdi? Yəqin ki, sadəcə bir turist kimi səyahət etdiyi yer barəsində sadə bir təəssürat yazmışdı. Ya da bir yazıçı təxəyyülündən ibarət bir əsər… Tərəddüdlə bu kitabı öz kitabımla dəyişdim. Üz qabığı elə də zövqlə tərtib edilməmiş və daha çox rəng oyununu xatırladan bu kitabı evə qayıdarkən yolda oxumağa başladım. Kitabın sehrinə necə düşdüyümün heç özüm də fərqində deyildim. "Oxu Günü”m davam edirdi…

Kitab, dünya şöhrətli serb yazıçısı Milorad Paviçin dul arvadı Yasmina Mixayloviç tərəfindən yazılmışdır. Mərhum yazıçı Paviçin 36 dilə tərcümə edilmiş "Xəzər lüğəti” romanının ideoloji ardı təəssüratı bağışlayan bu xatirə ədəbiyyatı, həm də iki böyük sivilizasiyanın üz-üzə gətirilməsi mövzusunda bir serb qadınının məntiqi və irrasional nəticələridir. Heç vaxt Azərbaycanda olmayan və hətta dünyada "Kaspi” kimi tanınan dənizin azəricəsinin "Xəzər” olmasından bixəbər yaşayıb vəfat edən, lakin bu əzəmətli və qədim xalq barəsində möhtəşəm bir əsər yatmış olan Milorad Paviçin irsinə öz ölkəsində hörmətlə yanaşmadılar. Kitabda bu məqam da bir qadın incəliyi və eyni zamanda üsyankarlığı ilə qeyd edilmişdir. Bir serb yazarının Azərbaycanın qədim tarixinə heç özü də bilmədən bu cür həssas yanaşması və adı çəkilən mövzuda dünyaya çıxara biləcək bir roman yazması, əlbəttə ki, Azərbaycanın Serbiyadakı səfirliyinin gözündən yayına bilməzdi. Səfirlik işçiləri bu yazarın Bakıda düzəldilmiş tuncdan heykəlini Belqradın Taşmaydan parkında ucaldırlar. Yazarın hər ad və vəfatı günündə bu abidəni ziyarər edərək önünə əklillər qoyurlar. Bu da onun dul arvadı və eyni zamanda yazarın ədəbi irsinin yeganə mühafizəçisi Yasmina xanımın azərilərə qarşı xüsusi və qeyri-adi məhəbbətinin yaranmasına səbəb olur. Əsərdə bu məsələ dəfələrlə qeyd olunur ki, serb xalqının hörmətsizlik və etinasızlıqla itirdiyi bir inciyə azərilər sahib çıxdılar. Serbiyada hökm sürən dözülməz bürokratik şərtlər bu xanım yazarın təsvirində həqiqətin qəbul olunması üçün əsas əngəl kimi göstərilir.

Və nəhayət bütün bu ehtiramın məntiqi sonluğu olaraq, xanım yazar Azərbaycan dövlətçiliyi adından Bakıya fəxri qonaq kimi dəvət olunur. Bu hadisə 2012-ci ilin mayında, yəni Avroviziya mahnı müsabiqəsinin Bakıda keçirildiyi vaxta təsadüf edirdi. Bu xanım, ölkəmiz tərəfindən ucaldılan abidənin ətrafında əkilmiş gül ləklərinə basdırmaq üçün, elə həmin ölkədən çınqıl daşlar toplamaq arzusunu gerçəkləşdirmək şansı qazanır. Səkkiz günlük xüsusi qonaq qismində Azərbaycanda olmaq, Yasmina Mixayloviç üçün həyati əhəmiyyətli bir hadisəyə çevrilir. Serbiyaya qayıtdıqdan sonra qələmə aldığı bəhs etdiyimiz kitabda "Khazaria-Xəzəriyyə” adlandırdığı bu ölkəyə ruhən necə bağlı olduğunu izah etməyə çalışır. Qısa səyahəti dövründə onun başına gələn real və müəyyən mənada mistik hadisələr, bu xanımın həqiqətən də bir az şərqli olduğuna inanmağa əsas verir. Həyat yoldaşının öz romanında təsvir etdiyi artıq tarixdən silinmiş bir xalqla eyni coğrafi ərazini bölüşən və hələ də öz dənizlərini həmin xalqın adıyla çağıran azərilərin mahiyyətinə varmaq elə də asan olmur. Amma bu xalq hər addımında Yasminaya həmin Xəzərləri xatırladır, hətta Xınalıq kəndi barəsində eşidəndə o, heyrətini uzun müddət qova bilmir. Qobustan qayaüstü rəsmlərinə baxmaqla isə, mühüm şəxsi qənaətlərə gəlir. Qədimlik, çağdaş və hipermüasirliyin vəhdətini təşkil edən Bakı, onun xatirəsinə silinməz izlər qoyur. Əlbəttə ki, Yasmina Mixayloviç Serbiyaya qayıtdıqdan sonra da yenə Azərbaycana gəlmək və burada uzun müddət yaşamaq barədə arzular qurur. O, azəriləri özünə doğma hesab etdiyi üçün, onların kökünün xəzərlərlə eyni olması barədə xeyli "bəlkə”lər haqda düşünür. Və sonda Bakının müxtəlif hissələrindən topladığı çınqıl və məxsusi hədiyyələrlə (hətta ona Quba xalçası hədiyyə ediləndə oturub ağlayır ki, mən bunu qazanmaq üçün nə etmişəm) Milorad Pavıçın tunc bədəninin yanına qayıdır…

Əsərdən bir neçə maraqlı hissəni qeyd etmək istərdim ki, xatiratın mahiyyətinin bu hissələrdə gizləndiyi qənaətindəyəm:

"…axı, mən Xəzər sözlüyündəki həmin o xəzərlərdən biri idim…”

"Azərbaycan birbaşa nə Avropadır, nə də Asiya – amma hər ikisidir. Eynən o cür də nə sırf islam ölkəsidir, nə sırf xristian – hər ikisidir.”

"Azərilərin mədəni irsində ekstravaqantlıq yoxdur. Hər şey normasında, hər şey gözəl, yüksək dərəcədə estetik və zərifdir.”

"Bu daxili estetikanın arxasında tarixi yüz illərlə, min illərlə ölçülən müxtəlif sivilizasiyaların mədəni təsiri, təhsil və maarifçiliyi, hazırda qoca Avropanın (Serbiya istisna) xeyli illər qabaq itirdiyi hansısa optimizm, ruh yüksəkkliyi durur.”

"Azərbaycanda köhnə və ya yeni dünya anlayışı, rus iddiası, Amerika rəhmsizliyi, Avropa sıxıntısı, zəngin Ərəb Əmirliyi parıltısı, yaxud Serbiya təkəbbürü yoxdur.”

"…bizdə su nə qədər boldursa, Azərbaycanda da neft bir o qədər boldur. Amma gələcəkdə bunların hansı daha vacib və qiymətli olacaq – mən bunun bilmirəm. Hər halda, hazırda onlar bütün dünyada bizdən fərqli belə bir üstünlüyə mülikdirlər.”

"Özlərinin yüksək səviyyələrinə və tam müstəqilliklərinə baxmayaraq, hər cəhətcə müdafiə olunmuş bu qadınlar, hər necə olsa, yenə də kişilərin diqqət və qayğısından pişik kimi xumarlanan görünürdülər – belə şeylər uzun müddətdir ki, Avropadan, o cümlədən Serbiyadan yoxa çıxıb…”

"Başa düşə bilmirəm ki, nəyə görə media bizi qədim həyatın yalnız bir bölgədə – Misirdə (Mayas, İnkas, hansısa növ mumiyalar cərgəsində) olması barədə informasiya atəşinə tutur. Halbuki, Qobustanda bizim heç bir sərvətlə müqayisə edə bilmədiyimiz çox qədim bir xəzinəmiz var – misli-bərabəri olmayan nəhəng, qiymətli və eradan əvvəlki qaya xəzinəsi!”

"Əgər bir millətin özünü qorumaq üçün institutu olsaydı, bu çox yaxşı olardı. Biçarə xəzərlər də elə bu səbəbdən yoxa çıxıblar. Onlar özünü qoruya bilməyiblər. Onların mövcudluğunun, həyat tərzlərinin, qəbirlərinin nişanəsi yoxdur… "Onlar yoxa çıxıblar”. Yəqin bu bir tarixi ədalətdir ki, Azərbaycan dilində Kaspi dənizinin adı – Xəzərdir. Bəli, məhz Xəzər dənizi.”

"Pavıç tarixin və zamanın girdabında yoxa çıxmış, nəsli kəsilmiş insanların hekayəsi olmaq üçün mövzunu təsadüfən seçməmişdi. Belə bir mövzu ətrafında bütün xalqlar metaforik olaraq eyniləşə bilər.”

Tərcüməyə görə, Aynur Təbrizliyə minnətdarlığımı bildirirəm! Professionallıq başqadır! Sentimental bir xatirə ədəbiyyatı oxumaq istəyənlər üçün bu əsər gözəl seçim olardı. Xoş mütaliələr!