Yazıçı olmaq üçün 4 səbəb: O sizdə varmı?

Yazıçı olmaq üçün 4 səbəb: O sizdə varmı?

Daha çox Corc Oruell adı ilə tanınan ədəbi əfsanə Erik Artur Bler əvvəlki kimi hər şeydən artıq "Heyvanıstan” və "1984”-ün antiutopiyası ilə assosiasiya edilir.  
 
Əslində, Oruell gözəl esselər müəllifi idi. Onun kiçik həcmli əsərləri içərisində ən yaxşısı 1946-cı ildə nəşr olunmuş "Mən nə üçün yazıram” essesidir. Bu esse Kurt Vonnequtun "Böyük roman üçün 8 qayda”, Devid Oqilvinin "10 faydalı məsləhət”, Henri Millerin "11 vəsiyyət”, Cek Keruakın "30 qənaət və metod”, Con Steynbekin "6 göstəriş” və eləcə də digər məşhur ədiblərin sənətkarlığın sirlərindən danışan müxtəlif qiymətsiz məsləhətləri sırasında ən gözəl nümunə kimi dəyərləndirilir.
 
 
Necə etmək olar ki...    
 
 
Oruell dinclikdən uzaq olan uşaqlığının bəzi təfərrüatlarından – atasının yoxluğundan, məktəbdəki istehza və rişxəndlərdən, dərin tənhalıq hissindən və bütün bu həyati durumların onu necə yazıçılığa təhrik etməsindən başlayır. O, belə güman edir ki, insanın erkən uşaqlıq illərində aldığı zərbələr əsl yazıçı olmaq üçün çox böyük əhəmiyyət kəsb edir. Daha sonra müəllif bədii əsər yazmağın dörd əsas motivini şərh edir. Onları yaradıcılığın istənilən sahəsinə şamil etmək olar.    
 
Yazıçının mövzu və motivlərini dəyərləndirmək üçün bir şeyi bilmək vacibdir ki, hər şey ilk uşaqlıq çağlarından başlayır. İnsan labüd olaraq onun yaradıcılığına təsir edəcək emosional təcrübə toplayır. Sonra yazıçı sanki uşaqlıq emosiyalarına qapılıb qalmamaq, kamillik pillələrində ləngiməmək üçün temperamentini özünə ram eləyir, əsəb sistemini nizama salır. Ancaq əgər uşaqlıq çağlarındakı itifəhmliyi tamamilə itirsə yazıçılıq impulsunu məhv etmiş olar. "Çörək pulu” qazanmağı bir kənara qoysaq, yazıçılığın dörd başlıca motivi var. Bu motivlər hər bir yazıçıda müəyyən dərəcədə özünü büruzə verir və istənilən qələm sahibində onların nisbəti yaşadığı mühitdən asılı olaraq zaman-zaman dəyişir. Bu motivlər aşağıdakılardır:
 
 
Açıq eqoizm
 
İnsanlar səndən danışsınlar deyə, öləndən sonra da səni xatırlasınlar deyə, uşaqlıqda sənə tənə edən, inanmayan böyüklərə hər şeyə qadir olduğunu göstərə biləsən deyə, ağıllı görünmək arzusu... Bunun yazıçılığa bir səbəb olmadığını demək yalandır, bu, səbəbdən daha güclü bir təkandır. Yazıçılar bu arzunu alimlər, rəssamlar, siyasətçilər, hüquqşünaslar, uğurlu biznesmenlər, bir sözlə, insanlığın bütün "yuxarı təbəqələri” ilə bölüşürlər. İnsan varlığının əsas hissəsi kəskin eqoizmdən uzaqdır. Otuz yaşına yaxın insan fərdiyyətin itirilməsi ilə demək olar ki, tamamilə razılaşdıqdan sonra ya hamı kimi, yaxud da başqaları üçün yaşayır, çox vaxt da ətalət bataqlığında batıb qalırlar. Ancaq Tanrının elə istedadlı bəndələri də var ki, ömürlərinin sonuna kimi öz həyatlarını yaşamağa qətiyyətlidirlər və yazıçılar da belə insanların sırasına aiddirlər. Ciddi  yazıçılar pul haqqında daha az düşünsələr də, jurnalistlərə nisbətən bütövlükdə daha çox eqoist və eqosentrikdirlər. 
 
 
Estetik hiss
 
 
Xarici aləmdəki gözəlliyi qəbul etmək, o cümlədən sözlərdə və onlardan yaranan nitqimizdə gözəlliyi görmək bacarığı. Bir səsin digərinə etdiyi təsirdən, yaxşı nəsrin səslənməsindən və ya yaxşı bir hekayənin ritmindən zövq almaq. Dəyərli hesab olunan təcrübəni bölüşmək istəyi. Yazıçıların əksəriyyətində  estetik motiv o qədər də güclü deyil, ancaq hətta publisistika və cansıxıcı dərslik müəlliflərinin də, cədvəllərdən ibarət məlumat kitablarının da sevimli söz və ifadələri var. Deməli, estetik məzmundan xali bir kitab da ola bilməz. 
 
 
Tarixi impuls
 
 
Həqiqi faktları aşkara çıxarmaq və onları gələcək nəsillərə çatdırmaq üçün əşyaları olduğu kimi görmək arzusu.
 
 
Siyasi məqsədlər
 
"Siyasi” deyərkən, bu sözün ən geniş mənası nəzərdə tutulur. Başqa insanların cəmiyyət haqqındakı təsəvvürlərini dəyişmək üçün dünyanı müəyyən istiqamətə yönəltmək arzusu. Heç bir əsər, heç bir kitab siyasi meyildən tam azad ola bilməz. İncəsənətin siyasətlə heç bir əlaqəsi olamamalıdır - fikri özü özlüyündə siyasi mövqedir. 
     
Oruell kitabın yazışlması motivlərini təhlil etdikdən sonra öz mühakimələrindən nəticə çıxarır: çevrilib arxaya baxanda gördüm ki, sanki mənim motivlərim çox aydın və anlaşıqlıdır. Oxucularda məhz belə təəssürat buraxmaq istəməzdim. Bütün yazıçılar eqoist və tənbəldir, ancaq bu motivlərin lap dərinliklərində gizli bir sirr dayanır. Kitab yazmaq uzun sürən döyüş və ağır xəstəlik kimi çox ağır və üzücü bir mübarizədir. Əgər şeytan yoldan çıxarmasa, bu işdən yapışmazsan. Bu şeytana isə nə müqavimət göstərmək olur, nə də ki onu anlamaq. Hamıya məlumdur ki, şeytan instinkdir, ətrafdakıların diqqətini cəlb etmək üçün uşağı dəcəlliyə vadar edən həmin instinkt...  
 
Gətirdiyim səbəblərdən hansının daha güclü olduğunu qətiyyətlə deyə bilmərəm, ancaq hansına tabe olacağımı və hansının ardınca gedəcəyimi bilirəm. Çevrilib yaradıcılığıma baxarkən harada və nə zaman siyasi məqsədlərimin kasad olduğunu görürəm. Görürəm ki, bunlar tamamilə həyatdan uzaq kitablar, mənasız cümlələr, dekorativ təyinlər və bütövlükdə cəfəngiyyatdır.    
 
Əlbəttə, öz fərdi dünyagörüşündən, xarakter və ekzistensional seçimindən asılı olaraq yuxarıda göstərilənlərin hamısına tənqidi yanaşmaq lazımdır. Mən özüm çox böyük məmnuniyyətlə Rey Bredberinin modelinə imza atardım: 
 
Yazıçılıq ciddi iş deyil. Bu, sevinc və bayramdır. Siz şənlənməlisiniz. "İlahi, hansı sözü seçim?..” Bu, iş deyil. Əgər işdirsə, onda əl saxlayın və hansısa başqa bir işlə məşğul olun”.  

// axar.az