Yəhudi ravvinlərindən hikmətli pritçalar - TƏRCÜMƏ

Yəhudi ravvinlərindən hikmətli pritçalar -
TƏRCÜMƏ


Kult.Az saytı Rüfət Əhmədzadənin tərcüməsində üç məşhur yəhudi pritçasını oxuculara təqdim edir:

Ümid vaxtı 

Nasist  Almaniyasında iki ravvin öz din qardaşlarına mənəvi dəstək vermək üçün əlllərindən gələni etməyə çalışırdılar. İki il ərzində qorxu içində yaşaya-yaşaya, onlar təqibdən gizlənə bilmiş və bir neçə icmada öz fəaliyyətlərini qurmağı bacarmışdılar.

Amma gün gəldi, hər iki ravvin həbs olundu. Ravvinlərdən biri onu gözləyən təhlükədən dəhşətə gəlmişdi, durmadan dua edir, tanrıya yalvarırdı. O biri isə əksinə, günlərlə yatırdı. 

– Niyə sən hey yatırsan? – həyəcanlı ravvin vecsiz ravvindən soruşdu.

– Gücümü qoruyuram. Bilirəm ki, tezliklə bu gücə ehtiyacım olacaq, – ikinci ravvin cavab verdi.

– Məgər qorxmursan? Yoxsa, bilmirsən bizi nə gözləyir?

– Tutulana qədər qorxurdum. İndi qorxmağın nə faydası var ki, ikimiz də zindandayıq və artıq olan olub. Qorxunun vaxtı keçib, indi ümid etməyin zamanıdır.


Hamı ağlayır, bir nəfər sevinir

Ravvin Eliezer xəstələnəndə, tələbələri ona yoluxmağa gəlirlər. Ustadın əzablarını gördükdə, doluxsunub ağlamağa başlayırlar. 

Lakin bir nəfər – ravvin Akiva sevinclə gülümsəyərək durmuşdu

– Sən nəyə sevinirsən? – yoldaşları soruşdu.

– Bəs siz nəyə ağlayırsınız? – Akiva suala sualla cavab verdi.

– Biz necə ağlamayaq? Ravin Eliezerin simasındakı Tövrat kədərini görmürsənmi?

– Elə mən də o səbəbdən sevinirəm. İndiyə qədər ustadımızı gümrah və şux görəndə narahat olurdum ki, onun firavan dünya həyatı o biri dünyadakı mükafatının əvəzinə verilib. İndi isə ustada görə rahatam, onun bu dünyada əzab çəkdiyini görürəm.

Tanrıya inam

Ravvinin xeyirli iş görmək xahişinə rədd cavabı verən cavan bir oğlan bəyan etdi ki, o, belə işləri faydasız hesab edir.

– Bilirsiniz, axı mən tanrıya inanmıram, – deyə cava oğlan ravvinə xatırlatdı.

– Hə... Elə mən də sizin inanmadığınız tanrıya inanmıram, narahat olmayın. – deyə ravvin imansız gənci dəstəklədi.