Yolunu azmış musiqiçilər üçün

Yolunu azmış musiqiçilər üçün "Mayak"

"Musiqi mayakı” - rəssam Çingiz Mehbaliyevin yeni rəsmi belə adlanır

Rəssam Çingiz Mehbaliyev son dövrlərdə çəkdiyi ən yeni rəsm əsərini ictimaiyyətə təqdim etməyə hazırlaşır. Bu rəsm "Musiqi mayakı” adlanır və yağlı boya ilə kətan üzərində işlənilib.
Rəsmdə mavi dənizin kənarında hündür bir mayak təsvir edilmişdir. Azərbaycan milli musiqi alətlərindən tar, kamança və saz bu mayakın zirvəsinə 3 tərəfli pər şəklində birləşdirilmişdir. Rəsmə tamaşa etdikcə bu üç musiqi alətlərinin vizual olaraq neçə dövr etdiyini və sanki, musiqi səsinin tablodan ətrafa yayıldığını hiss etmək olar. Dənizdə üzən gəmilər isə sıralanaraq bu mayaka doğru istiqamət götürüblər.
Rəsmin insanlara nə barədə mesaj verdiyini və manasını isə rəssamın özü belə açıqlayır: - "Musiqi mayakı” dənizin kənarında məğrur şəkildə duraraq dərin və geniş musiqi dünyasında yolunu azmışlara düzgün yolu göstərir. Dənizdə üzən gəmilər isə musiqi aləmində baş vuran və düzgün istiqamətə ehtiyacı olan insanları simvolizə edir. Necə ki, real mayaklar qaranlıq gecədə işıq saçmaqla insanları özünə cəlb edir, eləcə də mənim çəkdiyim "Musiqi mayakı” milli musiqimizin gücü ilə insanlara düzgün istiqaməti göstərir. Təsadüfi deyil ki, dənizdə üzən bütün gəmilər məhz Mayaka doğru yol gedirlər. – deyərək rəssam öz fikrini tamamlayıb.