""YUĞ"in sökülməsi Vaqif İbrahimoğlunun ruhuna həqarət deməkdir"

Ziyalılar "YUĞ" teatrının sökülməsinə etirazlarını bildirməkdə davam edirlər. 
Edebiyyat.biz onların mövqeyini təqdim edir: 

Cahangir Novruzov - teatr rejissoru, aktyor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru:

"YUĞ teatrı Azərbaycan səhnə sənətində xüsusi, təkrarolunmaz estetik dəyərə sahib olan, sənət dostum Vaqif İbrahimoğlunun dünya görüşü və bədii qavramı ilə yoğrularaq uzun illərin mənəvi və fiziki zəhməti sayəsində ərsəyə gəlmiş bir teatr məbədidir. 100 illik bir memari yapı olan köhnə hamamın içində bərqərar olan bu sənət ocağı son illərin etinadsızlığından kirlənmiş teatr sənətimizi az bir qismini də olsa pak olması üçün qurulmuş ərafı xatırladIr mənə. O binanı sökmək YUĞ teatrını evsız qoymaq deməkdir. Onu məhv etmək deməkdir. O binanı günümüzün texnaloqiyası ilə rahatlıqla şəhərimizin abadlaşmasına mane olmadan uyqun bir yerə çəkmək mümkündür. Bunun üçün mənəvi və mədəni dəyərlərimizi anlayan onların qiymətindən xəbəri olan adamlar lazımdır. Kəsinliklə YUĞ teatrı sökülməməlidir!

Bu teatr binasının sökülməsinə izin verilməsi sənət dostumuz Vaqif İbrahimoğlunun ruhuna həqarət etmək deməkdir".

Tehran Əlişanoğlu - tənqidçi:  



""Yuğ" haqqında nə deyim. Azərbaycan mədəniyyəti və teatr məkanında təkrarsız hadisədir. Bizdə modern teatrın ilk mükəmməl təzahürlərindəndir. Bütün 90-cı illər boyu ustad Vaqif İbrahimoğlunun "Yuğ"u necə yaratdığı və yaşatdığının şahidi olmuşuq. Təkcə yeni nəsil sənətçilərinin deyil, artıq üç nəsil azərbaycan insanının formalaşmasında, dünya baxışı və zövqünün kamilləşməsində "Yuğ"un əvəzsiz iştirakı danılmazdır. "Yuğ" müstəqil Azərbaycanla yaşıddır, sənət aləmində müstəqil Azərbaycanın ekizidir. Bütün bunlar bəllidir və o da bəlli və sevindiricidir ki, ustaddan sonra da onun sənət yetirmələri bu teatrı yaşadır. Ağrılı olan isə budur ki, indi deyirlər: Yuğ olmasın! Necə olmasın? Bu mümkünmü?".

Aynur

Edebiyyat.biz