"Yumurta" üçün İmza günü, yaxud şərikli reportaj

Çoxdandır, işsizəm. Baş vurduğum, CV verdiyim yerlərdən "Xəbər edəcəyik"dən daha yaxşı bir nəticə almamışam.

İşsizlikdən bezdiyim günlərin birində qrup yoldaşımdan mesaj gəldi:
 
"525-ci qəzet"in redaksiyasına gəl, Rəşad müəllimdən razılıq almışam. Nə yaza biləcəyini görmək istəyir. Sənə inanıram!"

Çox sevindim. Amma bir tərəfdən də "birdən bacarmasam?", "tapşırığın öhdəsindən gələ bilməsəm?" sualları beynimin içində at çapırdı. Rəşad Məcidlə şəxsən tanış olmasam da, jurnalistikada, ədəbiyyatda tutduğu mövqeyə, çəkisinə bələd idim. Ona nəyisə bəyəndirmək asan olmayacaqdı...

Səhəri gün daha bir mesaj:

"Fevralın 28-də Sevinc Çılğının "Yumurta" kitabının təqdimatı olacaq. Reportajı da sən yazacaqsan. Göstər özünü!"

Beynimin içində çapan atlar çoxalmışdı... Amma heç olmasa təsəllim vardı. Qrup yoldaşım yanımda olacaqdı. "Sahil" metrosunda görüşməliyik. "525-ci qəzet"in əməkdaşı Firəngiz də burdadı. Gülərüz, mavi gözlü, qəşəng bir qızdı. Gözüm ilk sataşanda ağlıma Nazim Hikmətin:

"O mavi gözlü bir devdi,
Minnacık bir kadın sevdi"

- misraları gəlir... Tanışlıqdan sonra təqdimatın baş tutacağı "Park Bulvar"a doğru addımlayırıq.

Cavid:

- Həyəcanlısan? - soruşur.

- Yox, həyəcan, filan yoxdu - deyirəm.

Gülür. Bu gülüşə bələdəm, inanmadı. Amma doğrudan həyəcan hiss etmirəm. Həyəcan nədir ee, heç nə hiss etmirəm. Yeridikcə elə bilirəm ki, ayağım rezindəndir, qəfil ağırlığıma dözməyib əyiləcək. "Sahil" kimi qələbəlik yerdə yıxılmaq fikrim yoxdu. Ona görə də qəddimi düzəldib, daha inamlı addımlamağa çalışıram.

Sükutu yenə Cavid pozur:

- Möminə, narahat olma, mənim ilk reportajlarımda redaktorumuz az qala hər cümləyə düzəliş edirdi.

Gülümsəyirəm. Ürəyimdəsə, sağ ol ee, vallah, yaxşı təsəlliydi  deyib, Cavidi asıb-kəsirəm.

Bu da Park Bulvar... Dərindən nəfəs alıb içəri girirəm. Təqdim olunan kitabın posterinin yanında Sevinc Çılğın gülərüzlə bizi qarşılayır. Misal var, "igidin adını eşit, üzünü görmə". Amma bu ifadə bu dəfə özünü doğrultmadı. Gənc, baxımlı, şən, bir az da dəcəl görkəmli Sevinc xanım elə ilk baxışdan ürəyimə yatdı. Amma deyəsən, burda həyəcanlı olan tək mən deyiləm. Sevinc Çılğının həyəcanının zərbə dalğası elə içəri girəndə məni vurdu. Tələm-tələsik, bizə xoşgəldin edir.

Əllərini qoymağa yer tapmayaraq:

- Görəsən, gələn çox olacaq? Sizcə, İmza günü baş tutacaq? Siz "525-ci qəzet"dən gəlmisiz, hə?- deyə sualları dalbadal yağdırır, cavabını da gözləmədən, hər tərəfə həyəcan və şaqraqlıq saçaraq başqa qonaqların yanına tələsir...

Kitab mağazasını gəzdikcə, tanışlarla rastlaşdıqca həyəcanım bir az azalıb. Qiyabi tanıdığım yazıçılar, şairlər, qələm adamları indi ətrafımdadı. Deyəsən, doğrudan da həyəcanlanmaq lazım deyilmiş.

Özümə ürək-dirək verib toparlanan an Cavid diktafonu mənə verir:

- Sevinc xanımdan kitab barədə fikirlər öyrən, mən də bir-iki şəkil çəkim.

İndi bayaqkı həyəcan toya getməlidi. Bir təhər özümü toplayıb Sevinc xanıma yaxınlaşıram. Kitabın ideyası və niyə məhz "Yumurta" adlandırılmasilə maraqlanıram. Müəllifin gülümsər siması, səmimi davranışı həyəcanımı azacıq da olsa azaldır.

Deyəsən, sualı çoxdan gözləyirmiş:
 
"Yumurta" bütün lax yumurtalara ithafdır. Yəni alınmayan, baş tutmayan, tamamlanmayan hər şeyə nəzərən yazılıb. Abort edilən uşaqlara, yarım qalan sevgilərə, boşanan ailələrə və daha kimlərə, nələrə… Siyahını çox uzatmaq olar".

Sevinc xanım oxucuların kitabda fərqlilik, rəngarəngliklə qarşılaşacaqlarını da dilə gətirdi:

"Oxucular çoxlu rəngbərəng, fərqli obrazlar görəcəklər. Kitabda hər şey dəyişkəndi. Əksəriyyəti də alınmayan, sona çatmayan məsələlərdi".

Xanım yazar kitabın ideyası haqqında da maraqlı fikirlər səsləndirdi:

"Kitabın üz qabığında içərisində hələ doğulmamış uşaq olan yumurta təsvir olunub. Hələ bilmək olmaz bu uşaq doğulacaqmı, ya yox. Bundan başqa, mündəricatda "Kitabın içindəkilər" yox, "Bətnindəkilər" yazmışam. Kitab özü iki hissədən ibarətdir, cift və döl. Buna belə izah verə bilərəm ki, kitabda yaradıcılığımın ilkin dönəmindəki alınan və alınmayan yazılarım toplanıb. Qadın məsələlərini, ginekoloji terminləri bədii-estetik donda çatdırmağa çalışmışam".

Sevinc Çılğın qeyd etdi ki, bu kitab hələ başlanğıcdır:

"Ümumiyyətlə, "Yumurta"nı nəsr yaradıcılığımın yumurta dönəmi hesab edirəm. İnşallah, bundan sonrakı kitablar daha canlı, necə deyim, daha insan olacaq".

***

Möminə mənə iş axtardığını deyəndə, bir neçə tanış adamdan soraqlamışdım. Real bir təklif olmamışdı. Sonda ağlıma elə özümüm çalışdığım "525-ci qəzet" gəldi. Baş redaktor Rəşad Məcidin gənclərə verdiyi dəstək çoxlarına bəllidir. Vəziyyəti Rəşad müəllimə yazdım, çünki həmin vaxt SOCAR-ın gənc jurnalistlər üçün təşkil etdiyi Qış məktəbində idim, redaksiyaya getmirdim. Həmişəki kimi, artıq suala yer buraxmayacaq işgüzar tonda bir cavab aldım:

"Gəlsin, bir söhbət edək, yazılar tapşıraq".

Təşəkkür edib, tez Möminəyə yazdım. Deyəsən, o da gözləmirdi. Amma sevindiyi açıq idi.

Səhəri gün yeniliklərdən xəbərdar olmaq üçün saytları izləyəndə bir xəbər diqqətimi çəkdi:

"Sevinc Çılğının imza günü olacaq".

Rəşad müəllimə yazıb reportaj hazırlamaq üçün icazə istədim. Əlavə etdim ki, reportajı Möminənin yazmasını istəyirəm. Razılaşdı. Möminəylə əlaqə saxlayıb olanları bildirdim. Əməllicə həyəcanlanmışdı.

Bacarığına, istedadına əmin olduğumdan hər şeyin alınacağına inanırdım. Bir az bu barədə söhbətləşib sağollaşdıq...

... Qış məktəbi başa çatdı. Şəhərə qayıtdım... Və fevralın 28-i... İş yoldaşlarımdan Firəngiz də təqdimata gedəcəkdi. Xahiş etdim ki, fotoaparatını da götürsün. Vədələşib "Sahil" metrosunda görüşdük. İndisə burda - "Park Bulvar"dayıq. Sevinc Çılğın bizi gülər üzlə, mehriban şəkildə salamlayır. Yaman həyəcanlıdır:

- Çox adam gələr, görəsən? Heç bilmirəm necə olacaq. Heç olmasa sona qədər qalın, məni tək qoymayın.

Möminənin də həyəcanı təqdimatın gedişatında bir az azalıb. Diktafonu ona verib Sevinc xanıma yönəldirəm:

- Səni maraqlandıran suallara cavab axtar. Çalış təqdimatdakı maraqlı nüansları da gözdən qaçırmayasan.

Deyəsən, sözlərim Möminənin təqdimatın gedişatında azalan həyəcanını pik həddə çatdırıb. Dinməzcə başını yırğalayıb diktafonu alır. Bir dəqiqə sonra artıq Sevinc xanımı sorğu-suala tutub. Həyəcanı tam keçməsə də işə marağı olduğu aydın görünür. Fotoaparatı çıxarıb bir neçə şəkil çəkirəm, obyektivi çox böyükdür deyə, çox da yaxşı alınmır. Firəngizdən "sən də bir-ikisini çək" xahişim nəticəsiz qalır. Deyəsən, şəkil çəkməməkdə israrlıdır. Üstəlik, zarafatından da qalmır:

- Sən diktafonla rahatca tədbirləri yazanda gör mən nələr çəkirdim.

Çəkdiyim şəkillərə baxdıqca özümə ürək-dirək verirəm. Deyəsən, bir-iki maraqlı kadr tuta bilmişəm. Sevinc xanım da öz həyəcanını tədbirin yumurta tsiklində buraxıb. Deyib-gülür, bir ucdan kitab imzalayır, müsahibə verir, şəkil çəkdirir...

Biz də öz növbəmizdə kitab alıb imzaladırıq. Getmək vaxtıdır. Səbəbkarı təbrik edib sağollaşırıq. Deyəsən, Möminənin də həyəcanı hardasa kitab rəflərinin arasında azıb qalıb. Amma həyəcanın ikinci tsiklini unudur: reportajı yazmaq lazımdır...


Möminə HUDULOVA,
Cavid ŞÜKÜROV

525.Az