Yusif  Hansen - Monopoliyanın kökü

Yusif Hansen - Monopoliyanın kökü

Monopoliyanın kökü

 

Cəmiyyətimizin bəlası olan, bizi uçuruma aparan, fəsadlarının mütləq hiss edəcəyimiz başbəlamız monopoliya. Ağzı dolusu danışırıq bu barədə, lakin problemin kökünə gedib çıxmırıq. Nədir axı monopoliyanın səbəbi? Niyə yaxamıza yapışıb bu çirkab görəsən?

İlk olaraq qeyd etmək istəyirəm ki, insanlarımızın paxıllıq, göz götürməməzlik kimi pis xüsusiyyətləri var. Bunlar insanın gözünü o qədər kor edə bilər ki, digərlərinin həyatını belə öz mənafeləri üçün qurban etməyə başlayarlar. Həmçinin özündən razılıq, 5 manat pul görən kimi fərdin özünü bir böyük nəsə sayması da insanlarımızın başlıca pis xüsusiyyətlərindəndir. Sadaladıqlarım monopoliyaya aparan yolun əsas hissələrindəndir.

Monopoliya nədir bəs? Müəyyən bir sahənin bir və ya bir qrup şəxsin əlində cəmləşməsidir. Bu şəxslər rəqabət yaradacaq və yaxud ehtimal ola biləcək rəqiblərin hər hansı yolla olur olsun məhv etməyə çalışırlar. Qeyd edim ki, monopoliyaya hal-hazırda bütün sahələrdə rast gəlmək mümkündür. Satış, istehsalat, yazıçılıq, iş münasibətlərində və s. Satış, istehsalatda həmin sahənin müəyyən şəxs tərəfindən yekdilliklə idarə olunmasıdırsa, yazıçılıqda öz aralarında qruplaşma apararaq çevrə yaradanların öz ətrafında və yaxud çevrəsində olanların şəxsin öz mənafeləri üstün tutulmaqla onlara müəyyən şərait yaradılmasını göstərmək olar. Bir çox sayt redaktorlarının keçmişdə cırıq corabda gəzdiklərini unudub qonorarların öz dost, tanış, yaxın olan yazarlar arasında bölüşdürülməsi üçün yazılarının çap edilməsini misal kimi göstərmək olar. Onlar bazara yeni addım atmağa çalışanları isə müxtəlif yollarla ruhdan salıb geri çəkilmələri üçün əlindən gələni edir, süründürməçilik yaradır, yazılarını çap etmir və s. Biznesdə monopoliya yaradanları açıq-aydın seçmək mümkün olduğu kimi şişən, quduran sayt redaktorlarını da tanımaq elə də çətin məsələ deyil.

İş münasibətlərində monopoliyaya misal kimi çalışan şəxslərin öz tanış və qohumlarının öz ətrafına cəlb etməyini göstərmək olar. Onlar görüntü xatirinə müsabiqə və müsahibə keçirib istedadlı insanların ümidlərini qıraraq qeyd etdiyim yaxınlarına imkanlar yaradırlar. Bir təşkilatda çoxlu sayda tanış, qohumun işləməsi, işçi axtarılarkən müxtəlif şəkildə tanışlıqla tapılmasını görmək, eşitmək bizim üçün adi haldır.

Sonda belə nəticəyə gəlmək olar ki, monopoliya bizim hər addımımızdadır. Onu yaradanlar da, kökündə duranlar da məhz insanlardır. Əgər bu bəladan xilas olmaq istəyiriksə, o zaman mütləq özümüzdən başlamaqla dəyişməyə çalışmalıyıq. Əks halda bu bəla bizim sonumuza çıxacaq.

 

Yusif Hansen