Zahir Əzəmət. Sevinc Çılğının pırpız... hamar şeirləri

Zahir Əzəmət. Sevinc Çılğının pırpız... hamar şeirləri

Sevinc Çılğının "Alaçarpa" şeirlər kitabı üçün redaktor tanıtımı

Boz ay kimi tanıdığımız Qışın sonuncu ayına həm də ALAÇARPA deyilir. Fevralın 21-dən martın 20-nə qədər davam edən bu müddətdə qış ən dəyişkən və ərköyün üzünü göstərir. Gün boyu fəsillər bir-birini əvəz edir, havalar gah isti, gah soyuq, gah günəşli, gah da yağmurlu olur.

Mifologiyamıza görə, məhz bu ayda Xeyirlə Şərin döyüşü son mərhələyə daxil olur, çərşənbələr bu ayda qeyd edilir. Hər çərşənbə Xeyirin qələbəyə doğru atdığı bir addımdır. Bu dörd çərşənbənin hər birində Xeyir Şərin dörd ünsürə- oda, suya, havaya, torpağa hakimliyinə addım-addım son qoyur və bu qələbənin rəmzi kimi təbiətə, həyatımıza bahar gəlir.

"Qadınlar sizin tarlanızdır"...

... Təbiət kişilərdən daha çox qadınlara yaxındır. Qadın təbiət kimi, torpaq kimidir, tarla kimidir, kişilər bu torpağa söykənən, bu təbiətdən nəfəs alan qayalar, dağlar, sıldırımlardır. Diqqət yetirsək, hər qadın ilin hansısa fəslinə bənzəyir. Payız kimi, Yaz kimi, Yay kimi, Qış kimi qadınlar var.

Payız Qadınlar tənhalığa meyilli, ağır taleli olursa, Yaz Qadınlar şən, həyatsevər olurlar. Yay Qadınlar çalışqan, xeyirxah olursa, Qış Qadınlar bir az tənbəl, sərt və dəyişkən olurlar.

Dediklərim adi ümumiləşdirmələrdir. İncələməyə gəlincə, yalnız bir qadın tipi üzərində dayanacam: Qış Qadını. Mənim taleyimə yazılan qadın- Sevinc Çılğın məhz belə qadındır. O, qışda doğulub, xarakter və xasiyyət etibarı ilə ALÇARPAdır. Deməli məhz bu tipdə digər bütün Qadın Fəsilləri özünü dəyişkən hava kimi ifadə edir. O, bir anın içində həm həyatsevər, həm də depressiv ola bilir. O eyni gündə gah zəhmətkeş, gah tənbəl, gah gülərüz, gah da tutqun ola bilir. Şeirləri də belədir. Kitabı da "Alçarpa" adlanır...

... Təsadüfdürmü? Yox, mən təsadüflərə inanmıram.

Sevincin şeirləri gah həzin bir sevgi nəğməsidir, gah da ağır bir qadın taleyini anladır. Gah misralarında qadın eqosu hayqırır, gah da bu eqoya dur! deyir. Hərdən, "bir evin dörd küncünə sığmayan xatirələr" içində itib-batır, hərdən isə "başında inqilab havası" savaş meydanına atılır...

Bu şeirlər Sevincin özü kimidir: hisslərlə dolu, çılğın, hövsələsiz və... dağınıq.

Sözümə qüvvət

Sevinc özü şeirlərini necə anladır? "Alaçarpa" kitabının annotasiyasında müəllif yazır:

"Kitabdakı şeirlər ağlın tamamilə qeybə çəkildiyi anlarda doğulub. Adına sayıqlamalar da demək olar. Bu şeirlər bəzən pırpız, bəzən isə hamardır – qadın saçları kimi. Ağ divara çırpılmış boyalar kimi nizamsız, ərsiz bir qadının evi kimi dağınıq, qadınsız bir kişinin köynəyi kimi ütüsüzdür. Amma bir yavrunun baxışları kimi duru, əlləri kimi yeməli, ayaqları kimi mübarəkdir. Bu şeirlərin içində "evinin bir küncündə dörd künc qədər xatirə"si olan qadınlar, çarpayısındakı yad kişi qoxularını çörək ağacına çevirən mədinələr, bəzən üsyan qoxuyan, bəzən özünə heyran, bəzən də özünü unudan qadınlar var. Bu şeirlər qadınların yaralarına məlhəm deyil, duz səpir. Kim ağlasa, bizdən deyil...".

Başqaları nə deyir?

"Onun misraları adi hərflərdən, bildiyimiz və eşitdiyimiz adi sözlərdən ibarətdir, amma yaranmış kəlamların ətrafında, arxasında, sətiraltında insana xas olan, insanı narahat edən duyğu-ehtiraslar gizlənir". Bu sözlər məşhur yazıçımız Çingiz Hüseynovun Sevinc Çılğının "Alaçarpa" kitabına yazdığı rəydən götürülüb.

"Şeirlərində böyük cəsarət, böyük həqiqət və böyük SEVGİ var Sevincin və bu sevgidən mənim musiqimə də böyük pay düşüb". Bunu isə tanınmış bəstəkar Aygün Səmədzadə deyir. Aygün xanım həm də Sevincin bir neçə sərbəst nəğmələrinə mahnı bəstələyib.

"Bu günün Azərbaycan şeirini araşdıran gələcək tədqiqatçılar yəqin ki, onun "çılğınlıq dövrü” yaşadığını qeyd edəcəklər. Düşüncə qəliblərinin tək-tək, biri-birinin ardınca qırıldığı, sındırıldığı, ovulub heç olduğu bir aşamadan keçir çağdaş şeirimiz. Sevinc onun ən ön sıralarındadır..." Bu da şair Rasim Qaracanın dəyərləndirməsi.

Sənətşünas Aydın Talıbzadə isə düşünür ki, "Sevincin şeirləri çılğın şeirlərdir, ehtiraslar çığında, emosiyalar uçqununda, ifadə çılğınlığında boğulub təngənəfəs olan şeirlərdir..."

Vaqif Bayatlı Odərin poetik təəssüratı da maraqlıdır: "Onun şeirləri qanadlanmaq, uçmaq, ucaldığın göy üzünün nə qədər uzaqlarda olduğunu duymaq kimidir. Həm də uzaqlıqdan qalxdığın yerin sənə nə qədər doğma, balaca, körpə, bəbə olduğunu duymaq kimidir."

Niyə mən yazdım?

Sevinc Çılğının "Ən yeni ədəbiyyat-Poeziya" seriyasından çap olunan "Alaçarpa" kitabı hələ çap olunmamışdan onun haqqında peşəkarlar haqqında qısa da olsa, bir neçə rəy yazılıb və bunlar yığcam formada kitabda yer alıb. Yəqin ki, bu yazıların ardı da gələcək.

Amma kitab çıxan kimi ilk tanıtım yazısını özüm yazmaq istədim. Həm kitabın redaktoru kimi, həm Sevinci hamıdan yaxşı tanıyan dostu, yarısı kimi, həm də bir yazar kimi borcum idi. Ən əsası, dostlar bilir, çoxdandır yazı prosesindən uzaqlaşmışdım. Əlimdə tutduğum kitabın siqnal nüsxəsi mənə öz kitabım qədər doğma gəldi və yenidən yazı masasının arxasına keçməyə stimul verdi.

Hesab edirəm ki, "Alçarpa" kitabını, ruhunu az-çox oxucuya tanıda bildim. Qalanı oxu prosesinin işidir. Əvvəl-axır oxucu ilə müəllif arasında hər kəs artıqdır.

Sevinc, səni və oxucularını təbrik edirəm.

P.S.: Kitab bu gündən Bakının kitab mağazalarında satışdadır.