Özəl həyatımıza burun soxan şirkətlər

Özəl həyatımıza burun soxan şirkətlər

Rüfət Əhmədzadə
Özəl həyatımıza burun soxan şirkətlər

Artıq telefonuma gələn SMS-lərə baxmıram. Çünki gic-gic və mənə lazım olmayan reklam mesajları gəlir. "Azercell” və "Bakcell” mənim nömrələrimi "domaşni gəlin" nömrəsi kimi bütün respublikaya paylayıb. Artıq o qədər bezirəm ki, telefonumu tez-tez söndürürəm. 

Nömrəmi sönük görən tanışlar SMS yazır, amma mən oxumuram. Bəzən çox vacib məsələ olur,  gözdən qaçır. Həm də artıq mesaja baxan azdır, çox söhbətlər "Whatsapp”da edilir.  Bu şəbəkə heç də sosial deyil, özəldir. Şəxsən tanıdığım və ünsiyyətinə üstünlük verdiyim insanlar olur siyahımda... Di gəl ki, artıq həmvətənlərimizin "vaççap” dediyi bu zəhrimarı da bizə haram ediblər. Son günlər müxtəlif şirkətlərin eynək, ətir, pal-paltar reklamlarından təngə gəlmişəm.

Ola bilər ki, bu reklamlar kiməsə faydalı ola bilər. Amma mənə faydalı və ya gərəkli deyil. Əgər lazım olsa, heç onlar yadıma da düşməyəcək. Ən azından "google”da müxtəlif mağazaları tapmaq olar – bizdə bilmirəm, dünyada belədir. 

Mən əcnəbi tanışlardan da soruşmuşam, Avropada bir çox halda bu cür mesajlar həmin şirkətlərin köhnə müştərilərinə göndərilir. 

Yeniliklərdən daim xəbərdar etmək üçün...

Tanımadığın bir insanın şəxsi həyatına burun soxmaq tərbiyəsizlik deyilmi? Bəli, telefon şəxsi həyatdır. Mənim cinsimdən və peşəmdən asılı olmayaraq, eşitmək istədiyim və eşitmək istəmədiyim insanlar var. Ona görə də, hər adama vermədiyim telefon nömrəm var ki, mobil operatorları tərbiyəsizlik və qanunsuzluq edərək bu nömrəni kiməgəldi paylayırlar. Əminəm ki, narazı olan tək mən deyiləm...

Bəlkə bu şirkətləri hamılıqla məhkəməyə verək, ya da zəng edib mədəni yolla xahiş edək ki, bizim mobil nömrəmizi o mübarək siyahıdan silsinlər?.. Bir neçə dəfə etmişəm, amma faydası yoxdur. Nə edək? Kimin üstünə düşək?!