Ziya Balıyev - Mənim tanrım Tolstoydur

Ziya Balıyev - Mənim tanrım Tolstoydur


Tanrı deyəndə insanların ağlına gələn çox zaman yeri göyü yaradan, əbədi, əzəli bir varlıq olur. Məncə Tanrı tək bu deyil, Tanrı həm də insana bir əxlaqi yol cızandır. Mənimçün də bu əxlaqi yolu cızan Lev Nikolayeviç Tolstoy olub. İlk dəfə Mahatma Qandinin yazılarında diqqətimi çəkdi Tolstoy. Qandi Tolstoydan çox ağız dolusu, sevə sevə bəhs edir, ideologiyasının böyük hissəsinin ondan qaynaqlandığını deyirdi. Əvvəllər adını eşitsəm də bu qədər maraqlı gəlməmişdi mənə. Qandi kimi bir dahinin bu qədər təsirləndiyi Tolstoyu oxumaq qərarına gəldim. İlk oxuduğum əsəri "İlkgənclik” əsəri oldu və o zamandan bəri Tolstoy mənimçün hardasa qida kimi bir şey oldu. Daim onu oxumaq istəyi yarandı içimdə.
Lev Tolstoy o qədər ciddi, mənəvi, əxlaqi məsələlərə toxunur ki, ona peyğəmbər də deyə bilərik. Yaşadığı dövrdə bütün pislikləri tənqid edir, insanları doğru yola çəkməyə çalışırdı. Elə məsələlərə toxunurdu ki, Rusiyanın sonrakı inqilabında hardasa bir fikir atası olmuşdu. Vladimir İliç Lenin öz əsərlərində Tolstoydan çox bəhs edir, onun nə qədər ciddi məsələlərə toxunduğunu deyirdi. Kilsə fırıldaqları, təhkimçilik, həbsxanalarda özbaşınaçılıqlar, kasıbların əzilməsi Tolstoyun əsərlərində daima öz yerini tapmışdır. Tolstoy bütün bunları tək sözdə demir, praktikada da həyata keçirirdi. Varlı knyaz oğlu olan Lev torpaqlarının böyük hissəsini kəndlilərə bağışlamışdı. 
Lev Nikolayeviç Tolstoya ən böyük heyranlığı yaradan əsər isə "İblis” olub. Hələ də xatirimdədi, o povesti oxuduqca az qala nəfəsim tutulmuşdu. Ehtirasın insana nələr edə biləcəyini, insanın nə qədər vəhşiliklərlə yaşadığını, ehtirasa görə cinayət belə edəcəyini göstərir bu povestdə. "Serqiy Ata”da da eynən əsas problem ehtirasdır. Romanlarının içində ən yaxşısı olan "Dirilmə”də də bu problemə toxunulur, ehtiras ucbatından bədbəxt olmuş bir qadın və vicdan əzabı çəkən kişi təsvir edilir. Tolstoy yaradıcılığının zirvəsi saydığım əsər isə heç şübhəsiz "Kreyser sonatası”dır. Əsas məsələsi qısqanclıq olan bu povestdə Lev, ilk seksini elə üzüntüylə təsvir edir ki, bütün din kitablarının qadağalarından daha çox təsir edir. Tolstoyun bu yazıları mənim həyatımda inanılmaz bir cığır açıb. Qarşıma çıxan seks fürsətlərindən istifadə etməməyimin də başlıca səbəbi Tolstoydur. Tolstoyun yazıları mənim daxilimdəki, insanlığın ən böyük istəyi olan seksi istəyə hələki qalib gələ bilib. Düşünürəm ki, bütün dünya Tolstoyu oxuyub onun dediklərini dərk edə bilsə, utopik bir dünyada yaşaya bilərik.