Özümlə müsahibə - Nicat Həşimzadə

Özümlə müsahibə - Nicat Həşimzadə

- Salam, Nicat bəy, Azərbaycanda yazıçıya münasibət necədir?

- Xahiş edirəm, bəy deməyin, sadəcə Nicat. Azərbaycanda yazıçıya münasibət birmənalı deyil. Həddən artıq çoxmənalıdır. Bu çoxmənalı münasibət hallarındə həddən artıq qeyri –səmimilik var. Ölkədə ciddi oxucu problemi var. Televiziya kanallarımız ancaq pul qazanmaq haqqında düşünür. Bu ölkədə pul insanları, əsasən də ziyalıları yeyir. Həftədə 5 dəqiqə kitab reklamına zaman ayırmayan TV kanal rəhbərləri əminəm ki, öz övladlarını sevmirlər. Ya da bu sevgi saxtadır. Onlar gənclərin, azyaşlı uşaqların gələcək taleyi haqqında düşünmürlər. Bir dostum deyir ki, dövlət kitabdan qorxur. Bəlkə də qorxur. Bunu dəqiq deyə bilmərəm. Gustav le Bon da " Kütlə psixologiyası ” əsərində bu və bu kimi məsələlərə toxunub. Ola bilər ki, dövlət bizə kitab oxu demir. Amma kitab oxuma da demir axı. Dəfələrlə şəhərin görkəmli yerlərində kitab oxumuşam. Heç bir dövlət işçisi mənə kitab oxuma deməyib. İnsanlar öz axmaqlıqlarına və tənbəlliklərinə haqq qazandırırlar.

- Oxucular hesab edir ki, siz həddən çox aqressivsiniz?

- Azərbaycanda yaşayıb aqressiv olmamaq mümkün deyil. Amma düşünmürəm ki, çox aqressivəm. Yazı prosesi zamanı dəyişik hallar yaşayıram. Bu da təbii haldır.

- Sizə qarşı kəskin antipatiya var. Bunun səbəbini deyə bilərsiz?

- Əlbəttə deyə bilərəm. Azərbaycanda həqiqəti deyən adamlar heç vaxt sevilməyib. Biz o xalqıq ki, Axundov kimi dahini dəfn etməyə ləyaqətimiz çatmadı. Çünki mollalar insanlara demişdi ki, Axundiv kafirdir, insanlar mollalara inanıb Axundovu düşmən hesab edirdilər. Çünki Axundov onlara həqiqəti deyir, yazdığı əsərlərlə murdar üzlərinə tüpürürdü. Azərbaycan xalqı xoşbəxtliyə layiq deyil. Müəllimini süpürgə pulu yığmağa, ziyalısını kartof satmağa məcbur edən xalq xoşbəxt ola bilməz. Bizim insanlar ədəbiyyatdakı aşiq- məşuq, gül- bülbül kimi gic – gic şeirlərə o qədər aludə olublar ki, real əsər onlara yaddır. Onlar reallıqdan qorxurlar. Əksər yazıçılar, ziyalılar Əkrəm Əylislini tənqid və təhqir etdilər. Çünki vəzifəli şəxslər "Daş yuxuları” sözün əsl mənasında daşa, nəinki daşa hətta yumurtaya tutdular. Həmin insanların ovcunu yalayan aktyorlar, ziyalılar Əkrəm Əylislini sevə bilməzlər. Bu, mümkün deyil.

- Azərbaycan oxucusunu niyə həmişə tənqid edirsiz?

Çox ağır məsələdir. Bu zamana qədər başımızı aldadıblar. Deyiblər ki, biz ən əxlaqlı millətik. Milli mənəvi dəyərlərimiz Avropa xalqlarının gözünü çıxarır. Təsəvvür edin ki, sayı 9 milyonu ötmüş xalqın cəmi 9 %- i kitab oxuyur. Bəs hanı dəyərlərimiz ?

- Gənc yazarlara münasibətiniz necədir?

Ədəbi mühiti kənardan izlədiyim zaman yazarlara xüsusi hörmətim var idi. Lakin ədəbi mühitə aktiv qoşulandan sonra necə saxtakar, necə egoist olduqlarını anladım. İstedadıma güvənirəm. 22 yaşım var, 3 min kitab oxumuşam. Ölməsəm 100 min kitab oxumağı düşünürəm. Eqoizm həddən artıq çoxdur. Bir yazarın kitabı ilə şəkil çəkdirib facebook da paylaşırsan, digər yazar səni dostluqdan çıxarır. Sonrasa kitab təqdimatına dəvət edir. Bu qədər rəzil, saxtakardırlar. Nisbətən yaşlı yazarlar arasında Rasim Qaracaya, Kənan Hacıya, Nəriman Əbdülrəhmanlıya  və Xan Rəsuloğluna yüksək hörmətim var. Çünki hər zaman gənclərə dəstək olurlar. Rasim Qaraca ədəbi müxalifətə xidmət edən dəyərli ziyalımızdır. Bunu AYO- çu olduğuma görə demirəm. Tanıyanlar necə səmimi insan olduqlarımı bilir. Mən yalan danışacaq qədər gücsüz adam deyiləm. Deyəsən çox danışdıq. Nicat, bəlkə gedək kofe içək.

- Hə, Nicat, içək, amma sənin hesabına.

Nicat Həşimzadə