“Özünü içki ilə ovutmağa çalışırdı” – Almas İldırım haqda

“Özünü içki ilə ovutmağa çalışırdı” – Almas İldırım haqda

Bu gün Almas İldırımın anım günüdür. Arxivimdə Almas İldırımın 1936-cı ildə "Tecelli Basımevi”ndə çap edilmiş "Boğulmayan bir ses” və 1947-ci ildə "Turan Basımevi”ndə (Elazığ) nəşr edilən "Bayatılar” ("Azerbaycan manileri”) kitabının ikinci basqısı var.

 İkinci kitabda Almas İldırım Elazığda yaşayan azərbaycanlılardan faydalanıb, onlardan topladığı bayatıları ön söz yazaraq çap edib. Ön sözdə Almas İldırım kədərli bir əhvalatı nəql edir: "Kitabdakı bayatıları toplayarkən, qürbətin qəhri üzündən saçları ağarmış, zavallı bir azəri anasının yaşlı gözlərini, məchul bir nöqtəyə dikərək söylədiyi bir bayatını yazdıqdan sonra o da, mən də susdum...susmaq...bəli...o da başqa bir cür fəryaddır...     

Əzizim vətənə sarı 
Yol gedər vətənə sarı 
Çıxaydım dağ başına 
Baxaydım vətənə sarı...”   

Almas İldırım Türkiyə vətəndaşlığını 1934-cü ildə qazanıb. Burada Azərbaycan Kültür Dərnəyinə üzv olub, "Çinaraltı”, "Orxun”, "Gökbörü”, "Boz qurd”, "Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə çap olunub. 

Bakının Qala kəndində doğulan şair 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişib. 

Ötən il Türkiyədə "Palet” yayınlarından qardaş ölkənin tanınmış idealist müəllimlərindən Ramiz Ardanın "O günlər – xatirələr, 1928-1945” adlı kitabı çap olunub. Bu xatirələr 1961-ci ildə Ramiz Ardanın yazarı olduğu "Yeni Konya” qəzetində ilk dəfə yayımlanıb. Kitabda xatirələr tam verilməsə də, həmin qəzetin arxivində maraqlı bilgilər var.  Ramiz Ardanın yazdığına görə, Almas ailəsi iki il İrandan qaldıqdan sonra, Türkiyə sərhədini keçir. Əvvəlcə Vana, oradan isə Elazığa gəlir. Elazığda xeyirxah bir vəkil Rusiyadan qaçan insanlara yardım etdiyi üçün onlara da kömək edir, dolanmalarına şərait yaradır. Almas tezliklə Elazığın İskan dairəsi katibliyinə təyin olunur. Bir neçə ay sonra Ağın nahiyə müdirliyinə təyin edilir. Ramiz Arda ilə Ağında üç-dörd il birlikdə olurlar, dostluq edirlər. Hər ikisi şeir yazdığına görə türkçü dərgilərdə dərc olunurlar. 

Ramiz Arda yazır ki, Almasın yalnız bir idealı vardı: Müstəqil Azərbaycan. Bu arzusunu reallaşdırmaq üçün Almas İldırım II Dünya savaşı başlayarkən vətəninə getmək, orada Azərbaycanın azadlığı üçün çalışmaq istəyir. Bu məqsədlə o, övladlarını Ramiz Ardaya əmanət etmək istəyir. Azərbaycandakı atasından qalan zəngin mülkünə sahib olacağı təqdirdə yarısını ona verəcək, istəyərsə, onu da vətəninə dəvət edəcəkdi. Çünki SSRİ zülmündən qaçan bütün mühacirlər kimi Almas İldırım da almanların SSRİ-yə qalib gələcəyini düşünürdü. 

Lakin Stalinqrad döyüşü onun bu arzularının üstündən xətt çəkir. 

Ramiz Arda yazır: "Almanlar gerilədikcə Almas İldırımın ağzını bıçaq açmırdı. Özünü içki ilə ovutmağa çalışırdı. Hər gün bir az daha əriyir, çökürdü. Nəhayət, o kiçik cüssə bu qədər böyük xəyal qırıqlığına dayana bilmədi və yatdığı yataqdan qalxmadan Tanrısına qovuşdu...” 

Müharibədən sonra Almas cəmi 7 il yaşayır, 44 yaşında həyatla vidalaşır.   

Almanların məğlubiyyəti isə təkcə Alması deyil, mühacirətdə olan bir çox Azərbaycan siyasilərinin də ümidlərini yox etmişdi... 

Dilqəm Əhməd

Kult.az