“Psixoloji rəsm testləri” kitabı Bakıda
YENİ KİTABLAR
- 03.07.2019
- 0 Şərh
- 8139 Baxış
"Gənc Psixoloqlar” ictimai birliyi və "Köhlən” nəşriyyatının birgə əməkdaşlığı nəticəsində Rusiyada yaşayan Psixologiya üzrə elmlər doktoru, professor Aleksandr Vengerin "Psixoloji rəsm testləri: illustrasiyalı vəsait” kitabı işıq üzü görmüşdür.
Kitabda, çəkdiyi rəsmlərinə əsasən insan şəxsiyyətinin məzaçını müəyyənləşdirmək, eləcə də gerçəkliyin müxtəlif tərəflərinə münasibətini başa düşmək mümkündür. Rəsmlər psixoloji halı və əqli inkişaf səviyyəsini qiymətləndirməyə, psixi xəstəliyi təşxis etməyə imkan verir. Bütün dünyada rəsmli testlər praktik psixoloqların başlıca instrumentinə çevrilmişdir.
Bu kitab – ölkəmizdə rəsmli testlərin tətbiqinə və onların əsasında uşaq və böyüklərin "psixoloji portretinin” tərtib olunmasına dair ilk illustrasiyalı vəsaitdir.
Kitab psixoloqlar, pedaqoqlar və tələbələr üçün nəzərdə tutulmuşdur.
Həmçinin, Müəllif Azərbaycanlı oxucularına ön söz də yazmışdır. Ön sözü sizə təqdim edirik:
"Mənə çox xoşdur ki, azərbaycanlı məsləkdaşlarım "Psixoloji rəsm testləri” kitabı ilə tanış ola biləcəklər. Kitab həm ədəbiyyat məlumatlarına, həm də illərlə yığılmış uşaqlar və böyüklərlə keçirdiyim diaqnostika və psixoloji konsultasiya təcrübələrimə əsaslanır. Ümid edirəm ki, sizə də təcrübənizdə kömək edəcəkdir, belə ki, rəsm testləri – insanın şəxsiyyət və emosional xüsusiyyətlərinin aşkarlanmasına, eləcə də uşaqların əqli inkişaf səviyyəsinin qiymətləndirilməsinə bələdləşmə üçün olduqca faydalı vasitədir. Rəsm testlərinin üstünlüklərindən biri – müayinə olunana əyləncəli gəlməsidir. Bu, uşaqlar və yeniyetmələrlə iş zamanı xüsusilə vacibdir.
Kitabda çox sayda rəsm verilmişdir. Tövsiyə edirəm ki, kitabda verilən şərhi oxumadan öncə onları özünüz təhlil edəsiniz və sonra öz nəticələrinizi mənimkilərlə müqayisə edəsiniz. Bu, rəsm testlərini hələ təzəcə istifadə etməyə başlayanlar üçün yaxşı bir məşq olacaq, bu sahədə artıq təcrübəsi olanlar üçün isə öz şərhetmə bacarıqlarını təkmilləşdirməyə xidmət edəcəkdir.
Sizə öz işinizdə uğurlar arzu edirəm. Bunda kitabım sizə faydalı olarsa, çox şad olaram.
Oxucularıma ən səmimi duyğularla,
Aleksandr Venger"