Vüqar Dəmirbəyli. Həkimin oğlu - HEKAYƏ

Vüqar Dəmirbəyli. Həkimin oğlu -
HEKAYƏ


Vüqar Dəmirbəyli

HƏKİMİN OĞLU
 
(hekayə)

Tanınmış alman yazıçısı, tarixi romanlar müəllifi Maria Regina Kaiserin Vüqar Dəmirbəyli-nin "Həkimin oğlu” və digər hekayələri haqqında yazdıqları:
"Çox hörmətli, əziz cənab Aslanov! Arada Sizin bir neçə hekayənizi oxudum: "Pambıq plantasiyaları”, "Süddaşıyan” və "Həkimin oğlu”. Mən onlardan çox, həddən çox təəssüratlanmışam. "Həkimin oğlu” öz çoxmənalılığı ilə olduqca narahatedici və düşündürücüdür. Mən onu hətta iki dəfə oxudum. "Pambıq plantasiyalarında” və "Süddaşıyan" hekayələri də çox gözəl və uğurlu nəsr nümunələridir... Mən sizdən indi daha çox oxumaq istəyirəm. İndi də sizin bir romanınızı oxumaq istəyərdim...

Bu gün üçün səmimi salamlar və tam bir həmkar heyranlığı ilə
Maria Regina Kaiser”.
                                                                       ***

Qəsəbədə həkimlər ən çox hörmət olunan və sevilən sənət sahibi idilər. Amma onların da içində sayılıb-seçilmişləri vardı və hamı çalışardı ki, məhz belə həkimlərə müraciət etsin. Bununla belə bir həkim də vardı ki, bütün ətrafda ən təcrübəli, təbabəti dərindən bilən bir adam kimi ad çıxarmışdı.
Bu həkim artıq uzun illər  idi ki, qəsəbə əhlini müalicə edirdi. Ən təəccüblüsü isə buydu ki, onun elə bir texniki imkanları olmaya-olmaya xəstələrə qoyduğu diaqnozu sonradan ən böyük şəhərlərdə, ən tanınmış xəstəxanalarda belə inkar edə bilmirdilər.

Bu həkim adətən xəstəni başqaları kimi uzun-uzadı müayinə etməzdi, amma o da əvvəlcə xəstənin ürəyinə qulaq asar, ciyərlərini dinləyər, dilinin və sifətinin rənginə diqqət edərdi.  Bundan sonra isə diqqətlə xəstənin gözlərinə baxaraq, onun şikayətinə qulaq asar, sonra da ona necə müalicə oluna biləcəyini deyərdi. Onun nə vaxt öz diaqnozunu elan edəcəyini xəstənin yaxın adamları gərgin intizar içində gözləyər, bunu bir hökm kimi qəbul edərdilər. Həkimsə heç vaxt tələsməzdi, xəstənin müayinə edib qurtarandan sonra da uzun-uzadı heç nə danışmaz, sanki insanın xəstəliyini daha dərindən anlamaq istəyərdi. Xəstənin yaxınlarının ən çox qorxduğu isə o idi ki, birdən həkim heç nə deməyib eləcə qüssə ilə başını bulamaqla kifayətlənər. Bu o demək idi ki, həmin xəstəyə kömək etmək daha mümkün deyil və o tezliklə öləcək. Amma bəziləri həkimin bu rəyi ilə razılaşmaq istəmir və xəstəni başqa, böyük şəhərlərdəki tanınmış xəstəxanalara aparmağa davam edirdilər. Çox vaxt belə, xeyli pul tələb edən müalicə doğrudan da xəstənin halının yaxşılaşmasına səbəb olurdu. Bunu görəndə həmin xəstənin qohumları şayiə yaymağa çalışırdılar ki, qəsəbədəki həkimin şöhrəti heç də həqiqətə uyğun deyil. Özünüz baxın, görün, onun ümidsiz hesab elədiyi xəstənin, o daha yaxşı həkimlərdən müalicə alıb evinə qayıdandan sonra, kefi necə durulub, heç xəstəlik daha yadına da düşmür. Amma bir az da keçmiş xəstənin halı yenə də pisləşirdi və adətən bu bədbəxti daha ona həyat vəd etmiş həkimlərin yanına aparmağa da imkan olmurdu: o tezliklə vəfat edirdi. Bu cür hadisələr qəsəbənin ən məşhur həkiminin şöhrətini illər keçdikcə daha da artırar, insanların ona inamını getdikcə çoxaldardı. 

Bu həkimin üç qızı vardı və onun ən böyük arzusu o idi ki, bir dəfə arvadı ona oğul doğsun. Doğrudan da dördüncü dəfə onun arvadı doğum evindən geriyə oğlan uşağı ilə qayıtdı. Həkimin sevinci yerə-göyə sığmırdı, təkcə o deyil, bütün qəsəbə buna sevinir və hamı onu təbrik etməyə tələsirdi. Həkim də oğlunun doğulması şərəfinə böyük bir ziyafət təşkil edib, xeyli adam çağırdı.

Bir az keçəndən və uşaq bir qədər böyüyəndən sonra onu görənlər deyirdilər ki, həkimin oğlu atasına çox oxşayır və yəqin ki, o da  gələcəkdə həkim olacaq. Amma uşaq nədənsə uzun müddət danışa bilmirdi, çox ləng tərpənir və az hərəkət edirdi. Nəhayət bir gün, uşaq beş yaşına çatandan sonra, həkim başa düşdü ki, oğlu anadangəlmə ruhi xəstəliyə düçardır. Bu yəqin ki, onun həyatında ən böyük sarsıntı idi. Bu həkim heç vaxt ruhi xəstələrlə məşğul olmadığından indi öz oğluna necə kömək edəcəyini bilmirdi. Amma qohumlarının təkidlərinə baxmayaraq, o oğlunu müalicə etdirmək üçün də heç bir tədbir görmədi: kim bilir, bəlkə də o hesab edirdi ki, bu cür xəstələrə kömək etmək mümkün deyil.

Bu həkimi həm də qəsəbədə müdrik və dünyanın gərdişindən baş çıxaran adam sayırdılar. Qəsəbədə keçən məclislərdə o, məşhur şairlərin şerlərindən misralar söylər, hikmət dolu kəlamları, keçmişdən, bu gündən elədiyi düşündürən söhbətləri ilə yığışanların könlünü feyzyab edərdi. Ona hamı diqqətlə qulaq asar, kişinin dedikləri sonradan bütün qəsəbədə yayılar, dillərə düşərdi. Qəsəbənin ən yaxşı həkimi adamları müalicə etməkdə davam edər və çoxlarına doğrudan da kömək edərdi. Öz sağalmaz dərdini isə o başqalarından gizli tutmağa çalışar, bu barədə heç vaxt danışmazdı. Amma qəsəbə içərisində belə bir şayiə gəzərdi: guya həkim gecə-gündüz Allaha yalvarır ki, bu ağılsız varlığı tezliklə onun həyatından rədd etsin. Yəni ki, qəsəbə sakinlərinin dediyinə görə, həkim indi oğlunun ölümünü arzulayırdı. Buna baxmayaraq uşaq yaşamaqda davam edirdi və çox güman ki, yaxın vaxtda onun həyatını heç nə hədələmirdi də. Amma həkim öz oğlunu ev dustağına çevirmişdi. Qəsəbədəki başqa ruhi xəstələr küçələrdə sərbəst dolaşıb veylləndikləri halda, onun oğluna, demək olar ki, bayıra çıxmağa belə icazə verilməzdi, uşaq da öz yeknəsəq həyatını hasar arxasında keçirərdi.

Qəsəbədəki ruhi xəstələrin həyatı, şübhəsiz ki, onun digər sakinlərinin həyatından fərqlənər və özünəməxsus bir tərzdə keçərdi. Onlar, bayaq dediyimiz kimi, vaxtlarının çoxunu küçələrdə avara-sərgərdan gəzməklə keçirər, ya da adamların çox olduğu yerlərdə yığışardılar. Bununla belə, sanki başqaları ilə öz aralarında məsafə saxlamağa çalışar, onlara çox da qaynayıb qarışmazdılar. Ruhi xəstələrə qəsəbədə heç də pis yanaşmazdılar: qəsəbə sakinlərinin əqidəsinə görə, Allahın özü tərəfindən nöqsanlı yaradılan bir insanı incitmək, ona istehza etmək ləyaqətsiz bir hərəkət, hətta günah sayılardı. Amma  qəsəbə əhli o biri yandan əmin idi ki, bu nöqsanın əvəzində Yaradan bu  adamlara nəsə qeyri-adi bir qabiliyyət verir. Buna görə də kim ürəyində nə niyyət tuturdusa, onun yerinə yetəcəyi təqdirdə "dəlilərdən” birinə nəzir verəcəyini vəd edirdi. Yaxud da "dəlilərə” pul verən adam inanardı ki, bununla günahını qismən də olsa yuyur. Bunu da qeyd etmək lazımdır ki, ruhi xəstələr hər cür mükəlləfiyyətlərdən, qəsəbəni idarə edənlərin yerdə qalan əhaliyə gördürdüyü məcburi işlərdən azad idilər. Əgər onlardan kimsə qətl belə törətsəydi, onu heç kim cəzalandırmaz, sadəcə bir neçə kilometr aralıdakı şəhərdə yerləşən xəstəxanaya müalicəyə göndərərdilər. Onlar heç çörək pulu qazanmaq haqqında da fikirləşməzdilər. Nəzir-niyazdan başqa bu adamlara, hansı yeməkxananın qapısından içəri girsəydilər, pulsuz yemək-içmək də verərdilər.

Beləliklə, gördüyümüz kimi, qəsəbədəki "dəlilər” xeyli imtiyazlara və azadlıqlara malik idilər. Yerdə qalan qəsəbə sakinlərininsə  - həm yerinə yetirilməsi az qala mümkün olmayan ağır əxlaq tələblərinin, həm də hakimiyyətdəkilərin etdiyi təzyiqin ucbatından - həyatının olduqca ağır olduğunu desək, yəqin ki, yanılmarıq. Buna görə də heç təəccüblü deyil ki, bəziləri zarafatla deyərdilər: yaxşısı budur ki, özünü "dəliliyə" vurasan və bütün dərd-sərini də ağıllı adam-ların boynuna qoyasan.

Amma zarafat bir yana qalsın, bir dəfə doğrudan da qəsəbə sakinlərindən biri gözlənilmədən özünü ruhi xəstə kimi aparmağa başladı. Belə şeylər burada hər saat olmazdı və adətən sonradan ağlını itirən adamı həmin bir az aralıda olan şəhərdəki xəstəxanaya müalicəyə göndərərdilər, oradansa onlar, demək olar ki, bir daha geriyə qayıtmazdılar.

Bunun da səbəbi birinci növbədə onda idi ki, qəsəbə sakinləri üçün sonradan ağlını itirmiş adamı ruhi xəstə kimi qəbul etmək çətin idi, onun qohumları isə həmin adamın bu vəziyyətdə geriyə qayıtmasındansa həmişəlik xəstəxanada qalmasını daha müqabil sayardılar.

Bir sözlə ruhi xəstələr üçün olan xəstəxanaya düşmüş adam ya müalicə olunub geri qayıtmalı, ya da ki, həmişəlik xəstəxananın divarları arxasında qalmalı idi. Bu xəstəxana isə oraya düşənləri onsuz da xoşluqla buraxmaq istəmirdi. Amma belələrini xəstəxanaya göndərməzdən əvvəl, bəzən onları sınağa da çəkərdilər: bu adamın həqiqətən də xəstə olub-olmadığını yoxlamaq üçün. Bunda məqsəd həm də onu digər xəstələr kimi qəsəbədə saxlamağın mümkün olub-olmamağını yoxlamaq idi.

Anadangəlmə ruhi xəstələri adətən xəstəxanaya göndərməzdilər, əgər onlar özlərini qəsəbə sakinlərinin istədiyi kimi sakit, sözəbaxan aparıb, təcavüzkar hərəkətlər etməzdilərsə. Xəstələrinsə çoxu doğrudan da  sakit, sözəbaxan idilər, əgər bəzən onlardan kimsə əndazədən çıxmaq istəyərdisə, xəstəxanaya göndərilməklə hədələyən kimi o dərhal özünü yığışdırardı. Belə çıxır ki, qəsəbədəki ruhi xəstələrə bir çox məsələlərdə güzəşt edilsə də, onlara qarşı müəyyən tələblər də olmamış deyildi.
Və əgər istəsəydin ki, səni də ruhi xəstə kimi qəbul etsinlər, onda gərək sənin də görkəmin o biri "dəlilərinki” kimi olaydı, özün də onlar nə etsəydi, ondan etməliydin. Onlar isə çimmək nədi bilməzdilər, üz-gözlərini qırxmazdılar, ta bəlkə bir Allah bəndəsi yenə bur-iki manatından keçib onları ya hamama, ya dəlləyə aparaydı. Qəsəbədə dolaşan ruhi xəstələrin içərisində belə bir qayda da vardı: onlar bəzən camaatın gur olduğu yerdə paltarlarını yandırardılar. "Dəlilərin" niyə belə etdiyini heç kim başa düşməsə də, belə hərəkət qəsəbə əhlinin xoşuna gəlməsə də, bunu da onlara bağışlayardılar.

Beləliklə bir gün, artıq dediyimiz kimi, bir gənc özünü "dəliliyə" vurdu, yəni özünü qəsəbədəki ruhi xəstələr kimi aparmağa başladı. Qışın ortasında o başını daz qırxdırdı, pencəyini astar üzünə çevirib əyninə taxdı, sonra da sağ çəkməsini sol ayağına, sol çəkməsini isə sağ ayağına geyindi. Amma bütün bunlar hələ qətiyyən bəs eləmirdi ki, başqaları onun ruhi xəstəlikdən əziyyət çəkdiyinə və onlar kimi olmadığına inansınlar. Həmin günə qədər isə bu gənc qəsəbənin adi sakinlərindən biri idi, tikintidə gözətçi işləyirdi, özünün də iyirmi beşi yenicə tamam olmuşdu. Onun ruhi xəstə olub-olmadığını yoxlamaq üçün qəsəbədə yaşayanlar həmin gənci sınaqdan keçirmək qərarına gəldilər. Bu gənc adamların çox olduğu yerdə paltarını çıxarıb yandırmalı, sonra oradaca bir ağacı islatmalı idi. Bundan sonra isə gənc başına yığışanların ona verəcəyi bütün göstərişləri yerinə yetirməli idi, özü də dinməz-söyləməz.

Dünənki gözətçi heç təfavütünü də pozmadan paltarını yandırdı, yəni birinci sınaqdan çıxdı. Ona gətirib yeni paltar verəndən sonra isə müvəffəqiyyətlə ikinci sınaqdan da çıxdı. Sonra da ona nə dedilərsə dinməz-söyləməz yerinə yetirdi. Amma birdən kiminsə dediyi söz gənci çox qeyzləndirdi; indi onun qığılcım saçan gözlərində həqiqətən bir çılğınlıq, bir divanəlik vardı. Bundan sonra da gənc bərkdən qışqıraraq ətrafına yığışmış kütlənin üzərinə hücum çəkdi. Baxmayaraq ki, istəsə də boş əllə o ətrafdakılara bir xətər yetirə bilməzdi, qəsəbə sakinləri qaçıb dağılışdılar və sınaqlarını dayandırmaq məcburiyyətində qaldılar. Yox, beləsi burada heç kimə lazım deyildi. Bir də ki, qəsəbənin sözəbaxan, ağıllı "dəlilərinin” arasında belə təcavüzkar birisinin peyda olması çox arzuolunmaz idi və beləsi burada hamı üçün təhlükə yarada bilərdi. Buna görə də qəsəbə əhli qərara aldı ki, bu gənci həmin dediyimiz ruhi xəstələr üçün olan xəstəxanaya göndərsin.
Onu da qeyd edək ki, bu yanlarda ruhi xəstələrin xəstəxanada müalicə oluna bilməsinə heç kim inanmırdı. Buradakılar fərz edirdilər ki, insanı ağıldan məhrum edən Allah-Taala özüdür və əgər kimsə qəlb həkimi olmaq istəyirsə, bu Yaradanın işinə qarışmaq deməkdir. Belə adamı da burada heç kim doğru yolun yolçusu saymırdı: beləsi ya elə əvvəldən özü xəstə olur, ya da ruhi xəstələrlə uzun illər boyu oturub-durandan sonra hökmən özü də bu xəstəliyə düçar olur. Amma buna baxmayaraq, qəsəbə əhli yenə də "dəlixanaların” və insan qəlbinə nüfuz etmək kimi əcaib işlə məşğul olan həkimlərin olmasını qəbul edirdi: bir halda ki, hökumət belə lazım bilir, qoy olsun.

"Dəli həkimi” olmaq istəyənlər də, haqq üçünə, az idi, bunu seçənlər də çox vaxt ya savadsız gənclər olurdu, ya da daha sanballı həkim peşələrində uğursuzluğa düçar olanlar. İşləyəndə də onlar nəsə öyrənmək, bu peşənin sirlərinə vaqif olmaq haqqında düşünmürdülər. Heç onlardan bunu gözləyən də yox idi. Bu "dəli həkimlərinin” işi-gücü xəstələrin qohumlarına təskinlik vermək, onlarla bir yerdə Allaha yalvarmaq idi ki, bu bədbəxtlərə kömək etsin. Amma əllərinə həmin haqqında danışdığımız gözətçi işləyən gənc kimi ipə-sata yatmayan birisi düşəndə, onunla nə edəcəklərini yaxşı bilirdilər. Belə olanda bir sakitləşdirici iynə vurmaqla həmin adamı tez yola gətirərdilər. Qəsəbədə gəzən söz-söhbətə görə həmin gözətçi oğlanı da xəstəxanada beləcə sakitləşdirəndən sonra onun üzünə qapını həmişəlik bağlamışdılar.

Yaxşı, bəs haqqında danışdığımız həkimin oğlunun axırı necə oldu? Dediyimiz kimi, həkim onu ev dustağı etmişdi və heç yana buraxmırdı. Amma bir dəfə bir dələduz onu görmək üçün həkimin evinə getməyi qərara aldı. Sonradan danışdığına görə, kişinin fikri ancaq öz vədini yerinə yetirmək imiş; guya ki, həkimin oğlunun cəddinə nəzir deyibmiş, arzusu yerinə yetəndən sonra da onu mükafatlandırmaq istəyirmiş. Amma onun bu hərəkəti həkimin çox böyük qəzəbinə səbəb olmuşdu və kişi bu dələduzun nə üçün gəldiyini biləndən sonra onu söyüb-yamanlayaraq həyətindən qovmuşdu. Həmin adam, dediyinə görə, bunu heç gözləmirmiş və həkimin belə qəzəblənməyi onu çaş-baş salıbmış.

Burası da var ki, həmin vaxta qədər həkimin oğlunun cəddinə nəzir demək heç kimin ağlına gəlməmişdi. Tək bu dələduz belə bir fikrə düşmüş və sonra özü də bundan çox güman ki, peşman olmuşdu. Bu hadisə haqqında xəbər qəsəbədə yayılmış və onun sakinlərini çox təəccübləndirmişdi: hər halda o vaxta qədər hələ heç kim həkimin qəzəbləndiyini görməmişdi. Çoxları bunda həmin dələduzu günahlandırırdılar: nədi, onun başına qəsəbədə ”dəlimi” qəhətiymiş, gərək həkimin oğlunamı nəzir deyəydi? Amma o adam deyəndə ki, həkimin oğlunda olan cədd qəsəbədəki "dəlilərin" heç birində yoxdur, həkim də bundan yana onu gizlədir, hamı dərindən köks ötürmüşdü: doğrudan da beləsinə nəzir deməklə daha çox şeyə nail olmaq olarmış. Həmin dələduz da işi belə görüb demişdi ki, gəlin ürəyimizdə bir niyyət tutanda həkimin oğluna nəzir deyək, amma niyyət baş tutanda onu başqa "dəlilərə” verək. Göydən Allah da baxıb görür ki, həkimin oğluna nəziri vermək mümkün deyil. Amma gərək həkimin oğluna nəzir deyəndə bunu heç kimə deməyək ki, gedib atasının da qulağına çatmasın. Yəqin ki, qəsəbə sakinləri bu razılaşmaya həqiqətən də ciddi əməl edirdilər, çünki həkimi bundan sonra da daha heç kim qəzəblənmiş görmədi.

Taleyin hökmü ilə mən xeyli müddət qəsəbədən kənarda yaşamalı oldum və geriyə ancaq uzun illərdən sonra döndüm. Uzun və yorucu yoldan sonra gecəni dincəlib, həmyerlilərim ilə görüşmək və burada olmadığım müddətdə baş vermiş dəyişikliklər haqqında öyrənmək üçün səhər tezdən parka getdim. Səhərlər orada ancaq qocalara rast gəlmək olardı; onlar taxta skamyalarda əyləşib, qəsəbədə və dünyada baş verənləri müzakirə edər, sakitcə ömürlərinin sonunu gözləyərdilər. Qəsəbə sakinləri üçün yeganə istirahət yeri olan, hər tərəfdən alçaq kərpic divar ilə əhatə olunmuş park o qədər də kiçik deyildi. Burada hündür ağaclar bitmişdi, tir atmaq üçün taxta evcik, bilyard masaları və başqa oyunlar üçün masalar qoyulmuşdu. Burada həm də bir neçə çayxana da var idi.
İşdən dönən qəsəbə sakinləri axşamlar bütün skamyaları zəbt edərdi. Çayxanalar da bu vaxtlar dolar, masaüstü oyunları oynayanların səs-küyü bütün parkı başına götürərdi. Bu oyunlar bəzən gecə saatlarına qədər çəkərdi, demək olar ki, çayxanalar da elə bu vaxta kimi açıq olardı.
İndi illər keçəndən sonra bu parka bir də yolum düşəndə orada bir skamyada oturmuş dörd-beş qocadan başqa heç kəsi görmədim. Köşkdən təzəcə aldıqları qəzeti ortada oturmuş, saçları tökülmüş, xırda şüşəli eynək taxmış arıq bir qoca əlində tutmuşdu, hamısı da bir yerdə ondakı yazıları maraqla gözdən keçirməkdə idilər.
Qəsəbədə, demək olar ki, hamı bir-birini tanıyırdı, buna görə də burada kənar adamın görünməsi geniş maraq oyadırdı. İndi də bu qocalar onlara yaxınlaşmağımla qəzet oxumağı buraxıb məni gözdən keçirməyə  başladılar.

- Bu kimdir? - deyə onlardan biri məni zəndlə süzüb ucadan soruşdu.
O birilər də indi mənə daha diqqətlə baxırdılar; yəqin ki, məni əvvəllər qəsəbədə görüb-görmədiklərini yadlarına salmaq istəyirdilər.
 - O yəqin gəlmədir, - deyə başqa bir qoca bildirdi.

Elə o birilər də bu deyiləni təsdiq etmək istəyirdilər ki, birdən əlində qəzet olan qoca dilləndi:

 - Mən onu tanıyıram: o, o neçə il bundan qabaq atın vurub öldürdüyü dəmirçinin oğludur.

O biri qocalar bunu eşidəndə indiyə kimi məni tanımadıqlarına və qəsəbədə görmədiklərinə təəccübləndilər. Amma atama rəhmət oxumağı da unutmadılar; atamı doğrudan da xeyli əvvəl, hələ mən yeniyetmə olanda, nallamaq istədiyi at vurub öldürmüşdü.

Elə həmin gün mən bu qocalardan eşitdim ki, qəsəbəmizin ən hörmətli həkimi üç aydır ki, vəfat edib. Qəfildən eşitdiyim bu xəbərdən sarsılmışdım, baxmayaraq ki, həkimlə heç yaxından tanış deyildim və çoxdan onu görməmişdim. Həkimin adını eşidəndə gözümün qabağında onun sakit, təmkinli sifəti canlanır, bir neçə dəfə, xəstələnərkən baş çəkdiyim otağı yadıma düşürdü. Hər dəfə o mənə sirli-sehrli təsir bağışlayırdı ki, bu təsirdən bəzən günlərlə qurtara bilmirdim. Amma həmişə də, onun dediyi müalicəyə əməl edərək, tez bir vaxtda sağalırdım. İndi qəsəbəni bu adamsız təsəvvür etmək nə qədər çətin idi; o illər boyu qəsəbə sakinlərinin ümidi olmuşdu.

Qocalardan mənə həkimin evini tapmaqda kömək etməyi xahiş etdim. Bunu eşidəndə onlardan biri yavaşca yerindən qalxdı və yolunun həmin istiqamətə olduğunu bildirdi. Sonra məlum oldu ki, mərhum həkim elə onun qonşusu imiş. Bütün yolu bu qocanın həkimlə bağlı xatirələrinə qulaq asmalı oldum. Mən özümsə demək olar ki, danışmır, sadəcə qocanın dediklərini təqdir edirmiş kimi hərdənbir başımı tərpədirdim. Yolumuz uzun çəkdi; qoca yavaş yeriyir, üstəlik bir az da axsayırdı, aradabir də dayanıb dalbadal bərkdən öskürür, boğazını təmizləyirdi. Nəhayət biz əvvəllər həkimin yaşadığı küçəyə - bu əslində dalan idi – çatanda, qoca, sanki növbəti dəfə parkdan evinə olan yolu qət etdiyinə sevinirmiş kimi dərindən nəfəs aldı.  

Sonra da:
- Bax o qabaqdakı göy rəngli darvaza mənimkidir, qırmızı darvaza isə həkimin, - deyə əli ilə qarşını göstərdi və mənimlə xudafizləşmək istədi.
- Bəlkə siz də mənimlə gedəsiniz. Mən həkimin ailəsindən heç kimi tanımıram, - deyə xahiş etdim.
- Siz onun ailəsinə başsağlığımı vermək istəyirsiniz? – qoca soruşdu.- Hə... Amma mən belə başa düşdüm ki, həkimin yası çoxdan çıxıb. Ona görə bilmirəm oraya indi nə adla gedim.

Qocanı çox da dilə tutmaq lazım gəlmədi və o mənimlə mərhum həkimin evinə getməyə razılıq verdi. Küçə bomboş idi, yalnız həkimin darvazasına yaxın yerdə bir adam qaraltısı gözə dəyirdi. Biz oraya çatanda isə qoca mənə həmin adamı göstərib dedi ki, bu həkimin oğludur. O da atası kimi hündürboylu idi, amma ondan bir az daha cüssəli görünürdü. Onun əynində köhnə bir pijama vardı, özü də küçənin ortasındaca dayanıb bizi seyr edirdi. Qoca ona yaxınlaşıb, əl-zad vermədən, evdə adam olub-olmadığını soruşdu. Mərhumun oğlu heç nə demədən sakitcə nəzərlərini ata evinə tərəf yönəltdi; mənə elə gəldi ki, bu nəzərlərdə ağrı-acı, həsrət və kədər vardı. Mən ona yaxınlaşıb görüşmək, atasının ölümünə görə baş sağlığı vermək istədim. Amma əlim havadan asılı qaldı; belə çıxırdı ki, bu gənc mənim salamıma cavab vermək istəmir. O sadəcə dayanıb diqqətlə mənə baxırdı: mən ondan boyda xeyli alçaq olduğumdan həkimin oğlu öz dərin və susqun nəzərlərini  yuxarıdan aşağıya mənə doğru yönəltmişdi.

Mən özümü az qala itirəcəkdim və düşdüyüm bu vəziyyətdən necə çıxacağımı bilmirdim. Bizim qəsəbədə sənə doğru uzanmış əli sıxmaqdan imtina etmək – əgər bunun ciddi bir səbəbi yox idisə – ayıb sayılırdı. Amma yenə də ruhi xəstəlikdən əziyyət çəkən adamı heç kim buna görə danlamaq fikrinə düşməzdi.
Məni müşayiət edən qoca bu səhnəyə fikir vermədən dirsəyimdən yapışıb məni yüngülcə mərhumun evinə tərəf itələdi və bununla da məni bu düşdüyüm vəziyyətdən qurtardı. Biz həkimin oğlunu küçədə qoyub həyətə girəndə qarşımıza gənc bir qadın çıxdı; o xalatda idi, yaxşı daranmamış saçları arıq çiyinlərinə dağılmışdı. Gənc qadın qonşusunu salamlayandan sonra mənə baxdı: yəqin, mənim kim olduğumu və onlara nə məqsədlə təşrif gətirdiyimi bilmək istəyirdi. Qoca cavabında dedi ki, mən onun atasının xatirəsi qarşısında öz borcumu yerinə yetirməyə gəlmişəm. Həkimin qızı bunu eşidəndə mənə baxıb yüngülcə gülümsədi və bizi içəriyə dəvət etdi. Evə girməmişdən qabaq mən həyət-bacaya nəzər saldım; həyət böyük deyildi, ortasında isə tək bir tut ağacı vardı. Evin özü isə böyük idi, amma hiss olunurdu ki, çoxdan təmir görməyib. Hətta iki-üç pəncərədə şüşə belə çatışmırdı. Ot basmış, bellənməmiş bağçada da bir neçə ağac gözə dəyirdi; onun torpağında hələ də gözə çarpan nazik, qırıq-qırıq cığır izləri burada nə vaxtsa dirrik olduğundan xəbər verirdi.

Qocanın arxasınca içəriyə girəndə özümü kiçik bir otaqda gördüm; bu otaq həm də evin kandarı rolunu oynayırdı. Burada bir inci gözə dəyən yenə də dağınıqlıq, səliqəsizlik idi. Bir küncdə, döşəmənin üstündə üç-dörd yaşında bir uşaq oturmuşdu və içəri girənlərə fikir vermədən qarşısında  səpələnmiş oyuncaqlar ilə oynamaqda davam edirdi.

- Bu onun nəvəsidir, - qoca mənə tərəf dönüb dedi. – Böyük qızının oğlu.

Mən başa düşdüm ki, söhbət bizi qarşılayan gənc qadından gedir. Qoca dedi ki, həkimin iki başqa qızı da köçüb, amma qəsəbədən kənara, ona görə də buralarda az-az görünürlər. Onların anası isə iki ilə yaxındır ki, vəfat edib.

Həkimin böyük qızı bizə köhnə örtüyü olan masanın arxasında yer göstərib, özü yandakı mətbəxə keçdi. Bir az keçməmiş isə güllü məcməyidə bizə armudu stəkanlarda çay və gül mürəbbəsi gətirdi. Elə bu vaxt otaqda həkimin oğlu da peyda oldu. O qapını birdən-birə yox, çox yavaş-yavaş açdı; sanki içəri girib-girməyəcəyini götür-qoy edirdi. Sonra da bizə tərəf bir neçə addım atıb, oturduğumuz masanın yanında dayandı. Bir neçə dəfə gah qocaya, gah da mənə nəzər salsa da, bir söz belə danışmadı və beləcə dayanıb durdu. Qoca mənə yenə də ev sahibi ilə bağlı xatirələrini danışmaqda idi, mən birdən onu saxlayıb həkimin oğlunun nitqdən məhrum olub-olmadığını soruşdum: hər halda bayaqdan bəri ondan bir kəlmə də olsun söz eşitməmişdim. Sualıma bələdçim belə cavab verdi:
- O danışa bilir, amma çox az danışır, ancaq kefi istəyəndə.

Bu gənc bununla məni daha da təəccübləndirdi. İndiyə kimi gördüyüm ruhi xəstələr həmişə əksinə həm də çox danışmaqları ilə fərqlənirdilər.
Mən həkimin oğluna bir də nəzər salmaq istəyirdim ki, içəriyə yaşlı, amma gümrah bir qadın girdi, hamımızla salamlaşıb masanın arxasına oturdu. Sonrakı söhbətdən isə mən bu qadının qocanın arvadı olduğunu bildim. Qəsəbədə kimsə öz həyat yoldaşını qonaqlara və xüsusən də yad kişilərə təqdim etməzdi. Amma uzun müddət burada yaşamış bir adam kimi bu qoca ilə qarının arasındakı münasibəti başa düşmək mənim üçün o qədər də çətin deyildi.
Burası da vardı ki, ruhi xəstələr müəyyən hörmətə və imtiyazlara malik olsalar da, bütün başqa canlılar kimi onların da düşmənləri yox deyildi. Küçədə rastlarına çıxan uşaqlar ruhi xəstələrin müdafiəsizliyini və cavab vermək imkanı olmadığını hiss edəndə, onları daşa basar, ya da ki təhqir edib alçaldar, başlarına yüz oyun açardılar. Belə hallarda onlar çox vaxt qaçmaqla, ya da yoldan keçən birisinin köməyinə sığınmaqla canlarını qurtarmağa çalışardılar.
Amma bəzi böyüklər də bu ruhi xəstələrə xüsusi münasibət bəsləyərdilər. Onlar bu bədbəxtlərə necə acıdıqlarını ucadan bildirər, Allahdan onlara rəhm etməsini rica edər, həm də bu dərbədər həyat keçirən insanlara necə yaşamağı öyrətməyə çalışardılar. Əgər ruhi xəstələri uşaqlardan qoruyan həmişə tapılardısa, "dəlilərin tərbiyəsi” ilə məşğul olan böyüklərə mane olmağı heç kim düşünməzdi.

Həkimin oğlu bayaqdan sakit görünürdüsə, qocanın arvadı içəri girən kimi mən onun halının dəyişdiyini, narahat olmağa başladığını və üz-gözünü turşutduğunu sezdim. Amma qarı gəncə mehribanlıqla baxırdı və gülümsəyib ondan niyə bir yerdə dayandığını soruşdu. Həkimin oğlu ona cavab vermədi. Sonra qarı ona nə səbəbdən üzünü qırxmadığını sual etdi. Gəncdən yenə heç bir cavab çıxmadı. Bundan sonra qocanın arvadı dedi ki, onu kimi hörmətli bir adamın oğluna qonaqları yataq libasında qarşılamaq yaraşmaz. Sonra da gəncə məsləhət gördü ki, yaxşısı budur, gedib bacısına kömək eləsin. Həkimin oğlu isə əvvəlki kimi yerində dayanmışdı və heç yerə tərpənmək fikrində deyildi. Qarı isə işi belə görəndə, gəncə daha burada dayanmamağı, həyətə gedib qonaqlar gedənə kimi bir işlə məşğul olmağı tapşırdı. Amma gənc yenə də yerindən tərpənmədi. Bunu görəndə qarı ona bərkdən qışqırdı:

- Eşitmirsən, nə deyirəm? Get həyətə, orda bir işin qulpundan yapış!

Həkimin oğlu bu dəfə deyəsən, bizləri tərk etmək qərarına gəldi və axır ki, yerindən dəbərdi. Amma bayıra çıxmamış qarıya bir nəzər salmağı da unutmadı. Bu baxışda nə qədər qınaq vardı! Amma yox, o qocanın arvadını günahlandırmırdı. Gəncin baxışında kədərlə qarışıq bir təəssüf var idi: insan qəlbində bu qədər naqisliyin yer tapa bilməsiylə bağlı təəssüf. Sanki bu baxışıyla gənc demək istəyirdi ki, ona qarşı necə yanlış, ikrahdoğurucu bir hərəkət etdiyini qarı özü başa düşməlidir. Bir də ki, qarının öz "ağlını” nümayiş etdirmək istədiyi adamların fikri onun üçün əhəmiyyətsizdir. Sonra da gənc dönüb gəldiyi kimi də asta addımlarla qapıya tərəf yönəldi və otağı tərk etdi. Qoca isə onun arxasınca baxa-baxa Yaradanın işlərinə təəccüb etdiyini dedi:
- O cür gözəl, nəcib insana tək bir oğul verəsən, o da belə ağıldan kəm ola...

Mənsə heç nə demədən çayımı içir və aradabir də dadlı mürəbbədən qaşıq dolusu ağzıma aparırdım.

Hər ikimiz, ev sahibəsi ilə vidalaşıb həyətə çıxanda gözlərimlə istər-istəməz həkimin oğlunu axtardım. Amma o heç yerdə gözə dəymirdi. Ola bilsin o, haradasa gizlənib bizim ardımızca nəhayət o qarının da nə vaxt atasının evini tərk edib gedəcəyini gözləyirdi.
                                                                                                                                                                                                  Bakı, 1998-1999