Vüqar Dəmirbəyli. Pambıq plantasiyalarında

Vüqar Dəmirbəyli. Pambıq plantasiyalarında

Vüqar Dəmirbəyli

PAMBIQ PLANTASİYALARINDA

(hekayə)

 

 

Müəllifdən: "Pambıq plantasiyalarında” mənim ən məşhur əsərimdir. Həm rusdilli, həm almandilli məkanda bu əsər az-çox tanınır. Azərbaycan əhalisinin pambıq yığımı illərində başına gətirilən müsibət rus oxucularına belə dərindən təsir edir,onları qeyzləndirir:

http://lit.lib.ru/a/aslanow_w/

 

Men bu hekayəni Almaniyada Berlindən Münhenə, Halledən Limburqa kimi kitabxanalarda, universitetlərdə, məktəblərdə,mədəniyyət mərkəzlərindətəqdim etmişəm. Bu hekayə haqqında dəfələrlə alman qəzetlərində məqalələr yazılıb.

 

2004-cü ildə Bavariya radiosu bu hekayənin audio-kitabıni buraxıb.

 

2007-ci ildəBerlində yerləşən "Wostok" nəşriyyatı mənim bir neçə başqa hekayəmlə bir yerdə onu "Auf den Baumwollfeldern" ("Pambıq plantasiyalarında") adi altında çap edib:

http://www.buch.de/buch/14974/461_auf_den_baumwollfeldern__wostok_literatur.html

 

 

***

 


Evimiz qəsəbənin lap kənarında yerləşsə də, əvvəllər bizimlə pambıq tarlası arasında belədən — belə uzanıb gedən bomboş sahələr də var idi. Amma günlərin bir günü kimsə bu boş sahələrdə də pambıq əkmək fikrinə düşdü. Həm də bu kim olsa yaxşı idi — yerli hakim! Bu yerli hakimi buraya yollayan isə ölkə rəhbərinin özü idi. Ölkə rəhbəri deyəndə, o da sərbəst deyildi, onu kimi neçəsini əlində saxlayan dövlət başçısından asılı idi. Beləcə, yerli başbilən bircə günün içində bu boş sahələri şum altına verib pambıq üçün əkin sahəsinə çevirdi.

 

Atam bunu biləndə bulud kimi tutulsa da, bir söz demədi. Anamsa gileyləndi ki, pambıq tarlası indi az qala gəlib bağçamıza dirəndiyindən bundan belə ağ toz dərman səpən təyyarələrin əlindən zinhara gələcəyik.

 

Aradan bir qədər keçmişdi ki, bu dərmansəpən kiçik təyyarələr evimizin az qala lap üstündəcə cövlan eləməyə başladılar, həm də elə uğultu, gurultu saldılar ki, baş-qulağımız dəng oldu, səpdikləri ağımtıl toz dərman isə uzun zolaqlarla havada sallanıb qaldı, özü də bu təyyarələr uçub gedəndən sonra da xeyli vaxt çəkilmədi.


Mən əvvəllər də evimizdən aralı, qıraq yerlərdə təyyarələrin səpdiyi, tüstüyə bənzəyən ağımtıl tozu görmüşdüm, amma ağlıma da gəlməmişdi ki, bunun belə kəsif qoxusu, öyüməyə səbəb ola biləcək zəhər kimi acılığı ola bilər.

 

Dərmansəpən təyyarələrin buraxıb getdiyi «ağ tüstü» tarla üzərində yayılıb xeyli qalandan sonra tədricən harasa çöküb yoxa çıxırdı. Amma azacıq yel əsən kimi yenidən qalxıb yayılır, yaxınlıqdakı evlərə, bağ-bağçaya qonurdu. İndi bağçamızdakı mer-meyvə də bundan yana nazik ağımtıl örtüyə bürünürdü, özü də nə qədər yuyub — təmizləsən də tam çəkilib getmirdi. O qəribə toz dərmanın qoxusu havaya da çökdüyündən nəhəng «çəyirtkələr»uçub gedəndən sonra da bir müddət bağ-bağçada gəzib-dolaşmaq, ya da eyvanda oturmaq mümkün olmurdu, hətta bəzən nəfəs almaq belə çətinləşirdi.

 

Bu uçuşlar ancaq isti yay günlərində baş verərdi, tərs kimi nahar, ya da şam zamanı eyvanda oturub yemək yeyəndə bu təyyarələr daha çox peyda olardılar. Belə olanda süfrəmizi qoyub evə qaçar, bu təyyarələr uçub gözdən itincəyə qədər dışarı çıxmazdıq. Qayıdanda isə görərdik ki, süfrədəki xörəyimiz süd rəngində ağımtıl tozla örtülüb. Bizim evdə ərzaq ancaq bir günlük alınardı və ondan başqa daha evdə yeməyə heçnə tapılmazdı. Biz uşaqlar arada xörəyi bu tozdan təmizləməyə çalışar, yemək istəyərdik. Amma anamız bunu görəndə hirslənər, yeməyə əl vurmamağımızı tapşırardı.

 

Atamız bir qayda olaraq evdən səhər obaşdan çıxar, çox vaxt da qaranlıq düşəndən sonra geri qayıdardı. Anam xörək bişirəndə birinci onun payını çəkər, yemək dolu kasanı aparıb otaqda münasib bir yerə qoyardı. Təyyarələrin həmləsindən sonra bizim xörəyimiz daha yeməli olmadığından,anam çalışardı ki, bizi birtəhər dilə tutsun: toxtayın, bir azdan yenə yemək hazır olacaq. Bu zaman o bizi bir yerə yığıb maraqlı nağıllar danışar, başımızı qatar, beləcə də aclığımız yaddan çıxardı. Atam yenidən ayın-oyun alıb evə qayıdana və anam yenidən xörək bişirənədək birtəhər dayanardıq. Amma bəzən elə acardıq ki, daha gözləməyə halımız qalmazdı. Onda anam gedib atam üçün saxladığı yemək dolu nimçəni gətirər və bizə verərdi. Atamızın buna görə bizə güldən ağır söz deməyəcəyini bildiyimizdən dərhal yeməyin üstünə cumardıq.

 

Mənim əmim həmin təyyarələrin «dincəldiyi», həm də toz dərmanla və yanacaqla doldurulduğu yerdə işləyirdi. O iri cüssəli bir adamdı, həmişə qaş-qabaqlı olar, bəzən də elə ucadan qışqırardı ki, səsi qulaqlarımdan neçə gün getməzdi. Arada o məndən bir söz soruşub eləyəndə də, qorxub çəkinər, az qala özümü itirərdim. Hamı deyirdi ki, əmim öz işinin ustasıdı, elə yəqin buna görə də bir az keçməmiş onu bu təyyarələrin bağlı olduğu idarənin başında duran adamın yerinə qoydular. Elə bundan sonra da kişinin qaş — qabağı açılmadı, işi ilə bağlı suallara isə cavab verməyi o heç vaxt xoşlamazdı. Amma bir dəfə özümü toplayıb ondan soruşdum ki, axı təyyarələrin səpdiyi bu ağ toz dərmanı nə üçündür və onsuz ötüşmək olmazmı? Əmim bir az da ciddiləşdi, bu toz dərmanın pambığın böyüməsinə əngəl törədən həşəratın kökünü kəsmək üçün olduğunu söylədi. Sonra da dedi:

 

- Elə dərmanlar da var ki,ziyanvericiləri qırır, insana isə zərər yetirmir, amma belə dərmanlar başqa ölkələrdə hazırlanır, bizdə onlardan yoxdu.

 

- Bu dərman adamı da öldürə bilər? — deyə bu dəfə soruşdum.

 

- Həşəratları o tez öldürür, adamları isə, nə bilim, bir az gec, bir az tez, — deyə əmim cavab verdi.

 

İlin yeddi-səkkiz ayını qəsəbə əhli pambıq tarlalarındakı işlərə cəlb olunurdu: yazın ortalarında alaq vurulması başlanır, yayın sonunadək davam edirdi, yayın sonundan payızın sonlarına qədər isə adamlarımız pambıq yığımına səfərbər edilirdilər.

 

Pambıq yığımının başlanması ilə də bütün idarələr bağlanır, küçələr tamam boşalırdı. Mərkəzi meydanda milislərin dövrəyə aldığı bir nəfər kətil çəkib oturur və ucadan:

 

- Tarlaya çıxın, hamı bir nəfər kimi pambığa! Pambığa, pambığa, pambığa! — deyib qışqırırdı.

 

Bu əsasən səhər vaxtları baş verirdi. Bundan sonra milis nəfərləri qəsəbənin hər yanında keşik çəkir, həm də dəstəylə küçələri gəzirdilər. Beləcə pambıq yığımından yayınanları yaxalayır və tutub dərhal tarlaya yollayırdılar.

 

On bir yaşım tamam olanadək bütün bu işlərin mənə dəxli yoxdu. On bir yaşa çatar-çatmaz isə uşaqları da burada ən vacib iş sayılan tarla işlərinə cəlb edirdilər.

 

Nəhayət, mənim də öz sinfimlə bir yerdə pambığa gedəcəyim vaxt gəldi. Bu o deməkdi ki, biz düz iki ay oxumağın daşını atmalı, səhər məktəbə gedib oradan da birbaşa tarlaya yollanmalı idik.

 

Şagirdləri tarlaya o qədər də böyük olmayan köhnə avtobuslarda daşıyırdılar. Avtobusa təpilən kimi oğlanlar salonun arxa hissəsindəki oturacaqlara sarı cumurdular, sonra bunları da öz «yerləri» elan edib orada başqalarını oturmağa qoymurdular. Şübhəsiz, zəiflər ayaq üstdə qalırdılar. Bu oturacaqlarda ancaq onun «sahibi» hansı səbəbdənsə gəlməyəndə əyləşmək olardı. Nə qədər çalışsam da mənə yer çatmırdı ki, çatmırdı. Çünki yer uğrunda mübarizə aparmalı olduqlarım məndən qat-qat güclü idilər, axı həm də oğlanlara salonun eləcə arxa hissəsi ayrılmışdı, qabaqda yer çox olsa da, burada ancaq qızlar və müəllimlər otura bilərdilər. Beləcə tarlaya çox vaxt ayaq üstə getməli olurdum. Avtobus da tarlaya sarı kələ-kötür, nahamvar yollarla getdiyindən, çala-çuxur yerlərdən keçəndə bərk silkələnir, boyum hündür olduğundan başım avtobusun "damına" dəyirdi. Amma xoşbəxtlikdən bu «dam» çox da bərk deyildi, başım ona dəyəndə içəri batırdı; hər halda xoşagəlməz işdi, başım dəyəndə həm bir az ağrıdırdı, həm də taqqıltı qopduğundan avtobusdakılar eşidib qəhqəhə çəkir,gülüşürdülər.

 

Bizi tarlaya ilk dəfə gətirəndə, avtobusdan düşən kimi, sanki gözlərim önündə dalğalanan yaşıl bir dəniz açıldı, lakin ətrafda heç bir ağacın, kol-kosun olmadığı da nəzərimdən qaçmadı. Dərhal yadıma düşdü ki, elə bizim evin yanındakı tarlada da vəziyyət eynidir. Amma əvvəllər bu məni heç maraqlandırmırdı da. Yəqin bu ona görə idi ki, burada kimsə pambıqdan başqa heç nə haqda düşünməsin, yəni, ağac altına çəkilib dincəlmək fikrinə gəlməsin.

 

Bizə indi ancaq belimizə döşlük bağlayıb özümüzü pambıq tarlasının dərinliklərinə vurmaq qalırdı. Amma nahara yaxın elə isti olurdu ki,hərəkət etmək xeyli çətinləşirdi, bir yandan da ki, qurşağımıza çatan pambıq kollarına çökmüş toz dərmanın qoxusu.

 

Sonra nahar fasiləsi başlayırdı, bizə də yeməyə bir saat vaxt ayrılırdı. Yeməyi hərə evdən gələndə, bir qaba qoyub, əl çantasında özüylə götürürdü, sonra da qəzetdən, kağızdan düzəltdiyimiz «süfrəni» salmağa yer tapmaq qalırdı. Avtobusun kölgəsində ancaq müəllimlər dincələ bilərdilər, bundan yana da o kölgəliyə yaxınlaşmağa bir kimsənin cəsarəti çatmazdı.

 

Biz beləcə tarladan azca aralı əyləşib günün altında da nahar etməli olurduq, gündən qorunmaq üçün də başımıza yenə qəzetdən, ya da əlimizə keçən pal-paltardan atırdıq. Belə nahar eləmək çətin olurdu: yediyimiz canımıza sinmir, üz-gözümüzü tər götürüb gedir, tər damlaları yanağımızdan süzülüb ağzımıza axır, yeməyimizə qarışırdı. İçməli suyu, ya da termoslarda çayı da gələndə evdən özümüzlə gətirirdik. Bu gün altındakı «isti nahardan” sonra (yeməyi doğrudan da qızdırmaq lazım gəlmirdi, onsuz da günün altında həmişə isti qalırdı) bir də tarlaya yollanır, yenə də döşlüyü belimizə bağlayıb pambıq yığmağa girişirdik.

Əvvəlcə pambıq kollarında qozalar yetişirdi ki, az keçməmiş bu qozalar da açılır, səbət şəklini alırdı. "Səbət” yavaş-yavaş açıldıqca pambığın özü də gözə dəyirdi, amma pambıq hələ nəmtəhər, yaş olurdu. Vaxt ötdükcə istidən səbət quruyub çatlayır, beş-altı yerə ayrılırdı. Sonra pambıq da quruyub yüngülləşirdi. Biz pambığı yığmağa başlayanda o hələ tam açılmamış, çox iti ucları olan "səbətin” içində olurdu. Yığım vaxtı da pambığı əllə "səbətin” içindən dərmək gərəkdi; bu zaman nə qədər qorunmağa çalışsan da yenə əllərin, barmaqların cırmaq-cırmaq olur, qanayırdı. Pambığın yetişdiyi torpaq da çox narın olduğundan addımbaşı ayaqqabılarımızın içinə dolurdu. Arabir dayanıb ayaqqabını çıxarmaq, içini təmizləmək lazım gəlirdi, yoxsa ki, hərəkət etmək çətinləşirdi.

 

Dərmansəpən təyyarələr tarlanın üstündə gündə üç dəfə, əsasən nahardan sonra və axşama yaxın peyda olurdular. Bəzən o qədər alçaqdan uçurdular ki, qorxudan yerə sinir, onlar uçub gedənədək kolların arasında gizlənirdik. Əvvəllər çox görüb alışdığımdan belə hallarda mənhamıdantez özümə gəlir, tez də qalxıb üst-başımı çırpırdım.

 

Döşlüyü hər doldurduqca qapana gətirirdik, axşam evə getməzdən əvvəl müəllimlərimizdən biri yığılmış pambığın çəkilərini cəmləyir, kağızda nəsə yazıb pozur, sonra həmin gün kimin nə qədər pambıq yığdığını ucadan elan edirdi.Əlbəttə, çox pambıq yığa biləndə sevinirdik, axı təhvil verdiyimiz pambığın hər kiloqramına görə beş qəpik veriləcəkdi, deməli, gündə iyirmi kiloqram yığan bir manat qazanacaqdı. İki ay, evdə qaldığımız bazar günlərini saymadan, hər günə bir manat qazansaydıq, bu hesabla adama sonda haradasa əlli manat ala bilərdik. Məndən və digər şagirdlərdən ötrü bu böyük pul idi, bu pulu biz amma tarlada işin gedişində tədricən almalı idik. Gözlədiyimiz məbləğin ilk dəfə ancaq dörddə birini alanda bərk dilxor olduq. Müəllimlərimiz bunun səbəbini belə izah etdilər ki, yığdığımız pambıq qəbul məntəqəsinə aparılanda orda bunun həm yaş, həm də çirkli olduğu bəhanəsiylə ancaq dörddə birinə pul yazıblar. Etiraz etməyin yeri deyildi, çünki müəllimlər bizi onda səfeh sayar, ağzımızı açmağa belə qoymazdılar. Bizlərdən kimsə dilləndi ki, onda belə çıxır, əvvəlcə deyildiyi kimi, pambığın bir kilosuna beş qəpik yox, haradasa qəpik yarımdan bir az çox pul verilir. Beləcə mənim əvvəlki hesablamam düz çıxmadı. Birinci ona görə ki, iyirmi kiloqram yığmaq məndən ötrü son hədd oldu — ancaq üçcə dəfə bu qədər yığa bilmişdim — sonra da ki, yığımın sonlarında tarlalarda pambıq onsuz da qıtlaşırdı. Nəticədə bütün pambıq yığımı mövsümündəki işimə görə göz dikdiyim əlli manatın yerinə vur — tut yeddi manatdan bir az çox pul ala bildim.

 

Tərs kimi ilk pambıq mövsümümüzün axırlarında yağışlar başladı və bu bizi ilk dəfə elə tarladaca yaxaladı. Müəllimlərimiz tarladan çıxmağa bizə izn vermədilər, dil töküb, məsləhət gördülər ki, pambıq yığımına davam edək. Amma indi tarlada işləmək çox çətinləşmişdi: yağış altında palçığa dönən torpaq ayaqqabılarımıza yapışıb əl-ayaq tərpətməyə imkan vermirdi. Arada hətta palçıq ayaqqabılarımızı büsbütün udur, topuqlarımıza çıxırdı. Bu palçıq yükündən qurtarmaq üçün də ayaqqabılarımızı daha tez-tez çıxarıb çırpmalı olurduq.

 

Müəllimlər bütün bu vaxt ərzində avtobusda olurdular, özü də tək yox: həmişə, pambıq yığımı başlayandan qurtaranadək, yerli hakimin adamı onların yan-yörəsindən əl çəkmirdi. O, ilk növbədə tarlada müəllimlərin pambıq yığımını necə təşkil etdiklərinə göz qoyurdu.

 

Bu yağışlı günlərdə ürək açan təkcə bu idi ki, belə havada dərman səpən təyyarələr gözədəymirdi, bu zaman yağış ağ toz dərmanın çökmüş olduğu havanın özünü də yuyub təmizləyirdi. Hiss edirdim ki, bundan sonra nəfəs almaq da asanlaşır, ciyərlərimdəki, indiyə kimi məndən əl çəkməyən ağrı da elə bil çəkilib gedirdi.

 

Nəhayət ki, pambıq yığımı bitdi və biz də məktəbə qayıdıb yenidən dərslərə başladıq. İndi pambıqda olduğumuz vaxtın yerini doldurmaq üçün bizə tapşırığın bir neçəsini birdən verirdilər. Şübhəsiz ki, bunları çatdırmaq o qədər də asan deyildi, amma hər halda yazın əvvəllərinədək bu işin öhdəsindən gələ bildik.

 

Yaz gələndə isə məktəbdə bizə bildirdilər ki, tezliklə tarlaya yeni yürüşə çıxmalı, bu dəfə də alağı təmizləməlisiniz. Baxmayaraq ki, dərs ilini başa vurmaq üçün biz hələ iki ay da oxumalı idik. Biz, necə deyərlər, saydığımızı saysaydıq belə, axı pambıq gözləyə bilməzdi; pambıq torpaqdan qidalanmaq uğrunda mübarizədə başqa ot — ələfin düşmən münasibəti ilə üzləşirdi ki, bu da onun tələf olması ilə nəticələnə bilərdi. İndi bu zəif, dəymə-düşər bitkini qoruyub saxlamaq üçün bu ot-alağın özünü məhv etmək lazım idi.

 

Bu dəfə iki aylıq materialı bir ayda mənimsəyib, sonra da alağa getməli, pambığı xilas etməliydik. Doğrudur, bizə söz vermişdilər ki,iki ay işləyib bu "yaşıl düşmənın" axırına çıxsaq, yeni dərs ilini və yeni pambıq yığımını gümrah qarşılamaq üçün yayın son ayı yaxşıca dincələcəyik.

 

Bir ay sonra dərsləri başa çatdırdıq, baxmayaraq ki, bu müddət ərzində iki aylıq materialı ancaq qismən mənimsəməyə macal tapmışdıq. Tarla yenidən yolumuzu gözləyirdi, amma oraya çatanda gördük ki, pambıq nə gəzir, sahə çıl-çılpaqdır, ucsuz-bucaqsız çöllərdə səpin izlərindən, gərəksiz otlardan savayı heç nə gözə dəymirdi. Dedilər ki,pambıq toxumu hələ cücərməyib, yerdədir, yan-yörəsindəki yaşıl nə varsa, hamısını məhv eləməklə cücərib üzə çıxmasına şərait yaratmalısınız. Bu yerdəsə artıq xüsusi alətdən — kətməndən istifadə etmək lazımdı. Onun uzun dəstəyi ayaq üstdə işləməyə imkan verirdi. Cərgələrin arasında, adətən yanlara kök atmış, cürbəcür otlar gözə dəyirdi. Bunların bəzilərini kətmənin köməyi ilə kökündən vurmaq olurdusa da, digərlərini, artıq boy atmış olduqlarından, əllə dartıb çıxarmaq lazım gəlirdi. Kətməni tez-tez qaldırıb-endirməkdən əllərimiz, barmaqlarımız qabar bağlayır, kökündən dartıb çıxardığımız otların yamyaşıl rəngi əlimizə, ovcumuza yapışıb qalırdı. Yay hələ düşmədiyindən ilk zamanlar bir elə isti duymurduq. Heç dərmansəpən təyyarələr də gözə dəymirdilər, çünki hələ vaxtları gəlib çatmamışdı.

 

Alaqdan qabaq tarlalar bir neçə yerə bölünürdü ki, bunların hər birində də məktəblərdən və idarələrdən səfərbərliyə alınmış dəstələr işləyirdi. Biz dəstəmizdəkilərin sayına görə bir neçə cərgənin başından birdən düşüb gedir, onları axıra çıxandan sonra yeni cərgələri alaqdan təmizləməyə başlayırdıq.

 

Amma bizə verilmiş sahəni tam arıtlayıb qurtardığımıza əmin olaraq, istirahətə buraxılacağımızı gözləyirdik ki, müəllimlərimiz əvvəl təmizlədiyimiz cərgələrə yenidən «əl gəzdirməyimizi” tapşırdılar. Burada isə heyrətlə aşkar etdik ki, həmin cərgələr, əvvəlki kimi sıx olmasa da, yenidən yaşıl otla örtülüb. Dəxli yoxdu, dedilər, buranı yenidən arıtlamalısınız. Yenə də kətmənə güc verdik və bunları ikinci dəfə arıtlayıb başa çıxdıq. Amma bu cərgələri arıtlayıb başa çıxmışdıq ki, indi də başqa cərgələrdə ot-ələfin təzədən boy atdığını gördük. Ən isti aylar düşənədək bizə ayrılmış sahənin üçüncü, dördüncü dəfə alağını vurub başa çıxmalı olduq.

 

Məktəblərin açılmasından qabaq, yeni tədris ili, daha doğrusu, yeni pambıq yığımı ərəfəsində dincəlmək üçün bizi iki həftəliyə evə buraxdılar. Tarladan qayıtdığımızdan ikicə gün keçməmiş isə yenə də yağışlar başladı. Sonra da müəllimlər qapı-qapı düşüb bizə səhər tezdən mühüm bir işlə bağlı məktəbə toplaşmağımız barədə göstəriş verdilər. Oradan da bizi yenə tarlaya apardılar: sən demə, yağışlardan sonra sahələrdəki ot — ələf yenə göyərib boy atıbmış. Artıq pambığın özü də xeyli dirçəlmiş, yarı açılmış qozalar gözə dəyməyə başlamışdılar. Bir neçə gün ərzində yenə də pambığın yan-yörəsində yaşıl rəngdə nə vardısa, hamısı kətmənlə vurulmalıydı. İndi kətməni qaldırıb-endirdikcə, onun tiyəsi arabir səhvən alağa deyil, artıq boy atıb şaxələnmiş pambığa toxunurdu ki, bundan da o, çırtıltı ilə sınıb bir kənara düşürdü. İşdi-şayət, müəllimlərimizdən biri bunu görüb-eləsə idi, məni ziyankar sayıb haray-həşir qoparardı. Əgər bu yerli başbilənin adamlarından birinin nəzərinə tuş gəlsəydi, onda yəqin ki, mənim vəziyyətim daha arzuolunmaz olardı. On görə də sındırmış olduğum pambıq şaxını təzədən «basdırar», yalandan da olsa ona əvvəlki görünüşünü verməyə çalışardım.

 

Dərslərin başlanmasına ikicə gün qalmış son dəfə alağa yollandıq. Baxırdın ki, yer-yerdən çoxlu qoza açılıb, dayanıb yığanını gözləyir. Doğrudan da məktəbə vur-tut üçcə gün gedə bildik. Dördüncü gün isə bizə dedilər ki, dərslər kəsilir, tezliklə yenə də pambıq yığmağa gedəcəksəniz.

 

Həmin gün bir sinifdə oxuduğum oğlanla məktəbdən qayıdanda yolda bizi saxlayıb dedilər ki, camaat yenə meydana yığışıb, siz də gedin ora, yerli hakim gələcək, camaata nəsə çox vacib xəbər çatdıracaq.

 

Yaşlılardan eşitdiyimə görə ölkəmizin rəhbəri yerli başbiləndən yığılan pambığın həcmini, özü də nə yolla olur-olsun, artırmağı tələb edirdi. Ağsaqqallar da deyirdilər ki, yəqin bunu onun özündən belə tələb edirlər, axı o birinci şəxs deyil, sözsüz, ona da təpinənvar.Tək bir məsələ qaranlıq qalırdı: yuxarılardan məhsulun artırılmasını nə üçün belə inadla tələb edirdilər? Axı burada torpaq bircə qarış da arta bilməzdi, məhsuldarlıq da son həddə idi. Bundan çox pambıq yığmaq qeyri-mümkün idi. Amma yuxarılarda, deyəsən, bununla hesablaşmaq istəmirdilər.

 

Biz meydana yenicə çatmışdıq ki, yerli başbilən uzun, qara plaşlı, başına həmin rəngdə də

şlyapa qoymuş, əlcək taxmış köməkçilərinin müşayiəti ilə gəlib çıxdı. Başbiləni hamı görsün

deyə iki taxta yeşiyi üst-üstə qoyub onun üçün "kürsü” düzəltdilər, bir oturacağı də gətirib bu yeşiklərin yanına qoydular, o da yanında dayanan köməkçisinin çiyninə söykənib "kürsüyə” çıxdı. Başbilən əvvəlcə toplaşanları diqqətlə süzdü, sonra əlcəyini çıxarıb əlini qabağa uzatdı, pambığın həyatımızdakı xeyrindən danışmağa başladı. Onun dediyinə görə bizdə olan-qalan nə varsa — bizdə isə elə bir şey yoxdu — hamısına görə pambığa minnətdar olmalıydıq.

 

- Məhz, onun sayəsində, — deyirdi yerli hakim, — bizi çox yerdə tanıyırlar və bu nəcib bitkini becərməklə yaşayışımız üçün zəruri olan pulu qazanırıq. Yoxsa pambıqsız həyatımız çox-çox ağır keçərdi, hətta idarə işçilərinə belə maaş vermək mümkün olmazdı. Deməli, pambıq həyatımızın əsasıdır, ona qarşı münasibətimiz pis olsa, dövlət başçısı onu əlimizdən alıb başqa ölkəyə verər. Bu isə bizdən ötrü çox pis nəticələnə bilər. Amma hələ ki, pambığın taleyi öz əlimizdədir. Ölkəmiz indiyədək pambığın uğurlu becərilməsinə və yüksək məhsuldarlığına görə beş qələbə çələngi qazanıb. Bunda bizim əyalətin də payı var. Bu çələngləri başqaları ilə müqayisədə məhsuldarlığı daha yüksək olan ölkəyə dövlət başçısının özü təqdim edir. Odur ki, yeni çələnglər qazanmaq üçün pambıq əkinini artırmağımız çox vacibdir.

 

Bu zaman hamı bir nəfər kimi onu alqışlamağa başladı. Mən isə bu ötən vaxt ərzində başbilənin irəli uzanmış əlinə diqqətlə göz qoyurdum. Onun əlləri ağappaq, həm də xeyli ətli və yumşaq idi. Yəqin ki, ömründə pambıq yığmadığına, kətmən tutmadığına görə belə əlləri varıydı.

 

Elə bu vaxt onun yanında dayanan adamlardan biri pəncələri üstə qalxdı, başını yerli hakimə sarı uzadıb qulağına nəsə pıçıldamağa başladı. Onun nə demək istədiyini bilmək üçün başbilən də başını azca əyib sol ovcunu qulağına tutdu. Birdən o özünü yığışdırıb mil durdu, görkəmi dəyişdi, şəhadət barmağını silkələyə-silkələyə dedi:

 

- İndicə mənə çatdırdılar ki, bəzi-bəzi adamlar ötən il yığdığımızdan artıq pambıq toplaya bilməyəcəyimizi ərz edirlər, guya ki, torpaqlarımızın hamısından tam istifadə eləmişik. Qulaqlarınızı yaxşıca açın və eşidin: bu deyilənlər qətiyyən doğru deyil, çünki hələ bizim istifadəsiz torpaqlarımız çoxdur. Bunu siz bilmirsinizsə, mən bilirəm və bir daha yadınıza salıram, — bunu deyəndə onun sifəti, yəqin ki, daha çox qəzəbdən, qıpqırmızı qızarmışdı. — Sizin hər birinizin həyətyanı sahəsi var və unutmayın ki, biz bunun azı-azı yarısını pambıq sahəsi üçün ayıra bilərik. Bundan əlavə bizim hələ nə qədər çaylarımız,gölməçələrimiz,yar- ğanlarımız,həttadərələrimiz var! Bütün bu çala-çuxurların hamısını torpaqla doldurub pambığın əkin sahəsini artırmaq mümkündür!

 

Sözünü bitirən kimi başbilən yenə də əlini yaxınlığında durmuş adamlardan birinin çiyninə dayayıb, "kürsüdən” yerə endi, birlikdə gəldiyi adamlarla bərabər tez-tələsik də uzaqlaşıb getdi.

 

Pambıq yığımı ərəfəsində dincəlmək üçün biz məktəblilərə bir gün ayrılmışdı. Mən səhər tezdən durub sinif yoldaşım, dünən meydanda da yanaşı dayandığım oğlangilə getdim. Onlarda bir qədər oturandan sonra gəzməyə çıxmaq fikrinə düşdük. Amma ayağımızı darvazadan bayıra qoymağa macal tapmamışdıq ki, əllərində yarımmetrlik qara zopalar olan milislər bizi əhatəyə aldılar. Bilirdik ki, idarə işçiləri pambıq yığımına dünən başlayıblar, amma biz məktəblilər yığıma sabahdan başlamalı idik. Mən bunu qarşımızda durmuş milis nəfərinə və onun arxasında şəstlə dayanmış mülki paltarlı, uzun saçlı taygöz kişiyə izah etməyə çalışdım. Milis nəfəri çevrilib bu taygözə baxdı. O isə bunun cavabında qışqırdı:

- Basın bunları avtobusa!

 

Anladıq ki, müqavimət göstərməyin və nəyisə bu adamlara izah etməyə çalışmağın heç bir mənası yoxdur — bunun ancaq zərəri ola bilərdi — odur ki, milisin işə qarışmasını gözləmədən özümüz sakitcə avtobusa mindik. İçəridə artıq aralarında yaşlı qadınlar, qızlar, həmçinin ahıl və cavan kişilər olan xeyli adam vardı. Qeyri-adi görkəmi və narahatlığı ilə diqqətimi çəkən orta yaşlı bir kişidən başqa hamı sakit dayanmışdı. Bu kişinin əynindəki köynəyin yaxası və qolları cırılmışdı. Onun sağ yanağında, çənəsində və boynunda artıq qurumuş qan izləri gözə dəyirdi; kişi beş çörəyi əlində bərk-bərk sıxmışdı, lap üstdəki çörək də yarıyadək qana bulaşmışdı. Bu adam sakitləşmək bilmir, qanlı çörəyi başının üstünə qaldırıb yerli hakimi də, ölkə rəhbərini də, lap elə dövlət başçısını da söyür, ucadan qışqırıb fəryad edirdi. Milis nəfəri ilə taygöz kişi yəqin belə hesab edirdilər ki, bu adamın dərsini artıq veriblər, on görə də onun dediklərinə əhəmiyyət vermirdilər. O isə qışqırmaqda davam eləyib deyirdi ki, evdə ac onu gözləyən bir çətən külfətinə çörək almaq üçün çıxıb, amma bu adamlar onu araya alıb zorla pambığa aparmaq istəyiblər. O, evdə ac uşaqlarının qaldığını söyləyib müqavimət göstərəndə isə buna məhəl qoymadan onu zopa ilə əzişdirib avtobusa basıblar.

 

Avtobus yerindən tərpənib pambıqdan yayınan adamları aşkar etmək üçün yenə də o küçəni, bu küçəni dolaşdı. Amma küçələr bomboşdu, avara itlərdən, pişiklərdən savayı heç bir canlı gözə dəymirdi. Sonra avtobus tarlaya sarı yol aldı, xeyli gedib axırda bizi evimizdən çox uzaq olan tarlaya çatdırdı. Sinif yoldaşımla pambıqdan az-çox yığmışdıq ki, bizim kimi iki başqa gənc "əsirlə” qarşılaşdıq. Məlum oldu ki, onlar gözdən oğurlanmaq və tarladan birtəhər sivişib evlərinə dönmək istəyirlər, daha doğrusu, qaçmaq niyyətindədirlər. Bu fikri biz də alqışladıq.

 

Tarladan azacıq aralıda dəmir yolu keçirdi, oradan adlayıb boş bir sahəyə çıxdıq. Bu sahədə ins-cins gözə dəymirdi, o özü də ağımtıl nə iləsə örtülmüşdü. Yay vaxtı olmasaydı, deyərdik bəlkə qar yağıb, hərçənd ki, bizim yerlərə qar nadir hallarda, bir neçə ildən bir düşürdü. "Qaçaqlardan” biri dilləndi ki, bu torpaq şorandır, o dərəcədə şorandır ki, hətta duzu üzə də çıxır, özü bir şeyə yaramasa da. Özü də şoran torpaqda heç nə bitmir, elə buna görə də indiyə kimi bomboşdur.

 

Beləcə uzun müddət bu "qarlı çöllə" getdik, o qurtarmaq bilmirdi ki, bilmirdi. Birdən ayaqlarımı nəyinsə yandırdığını duydum. Yay vaxtı həmişə yüngül, yanları açıq ayaqqabı geyinərdik, həm də bütün yeniyetmələr kimi corabsız gəzərdik. Yol yoldaşlarım da bir azdan deyinməyə başladılar ki, ayaqlarını nəsə dalayır, nəhayət başa düşdük ki, buna səbəb həmin heç nəyə yaramayan duzdu. Axşama yaxın birtəhər gəlib evə çatdıq. Ən çox təəssüf etdiyim oydu ki, pambıq yığımına başlamazdan qabaq bir hovur da olsun dincələ bilmədim.

 

Bu ilki pambıq yığımı isə əvvəlkilərdən heç bir cəhəti ilə fərqlənmədi, üstəlik də yığım müddəti xeyli uzanıb getdi. Yenə yağışlar başladı və bu yenə də yığımı çətinləşdirdi. Amma bizdən yerin deşiyindən də olsa pambıq tapıb təhvil verməyi tələb edirdilər. Pambıqdansa əsər-əlamət tapmaq çətin idi. Amma onu da deyim ki, yağışlardan sonra gözdən oğurlanıb «torpaqda» gizlənən də var idi, düzdü, belə pambığı axtarıb tapmaq üçün xeyli əlləşməli olurduq. İşdir, birdən tapsaydıq belə toz-torpağa bulaşdığından onu təmizləmək çətinlik törədirdi, onda biz əldə etdiyimiz pambığı elə beləcə — tozlu-torpaqlı aparıb qapanda çəkdirirdik. Müəllimlərimiz bu «qara pambığı» çəkəndə deyirdilər ki, xeyri yoxdu, onsuz da bu hesaba alınmayacaq — bu o demək idi ki, bizə bunun əvəzində heç nə verilməyəcək — yığdığınız, pambıqdan çox torpağa bənzəyir. Getdikcə pambığı yerin altından da tapıb üzə çıxarmaq çətinləşirdi. Buna baxmayaraq bizi yenə də tarlaya pambıq dalınca yollamaqdan əl çəkmirdilər. Amma onlar da handan-hana anladılar ki, daha pambıq axtarışını davam etdirməyin xeyri yoxdu.

 

Pambıq yığımından bir az keçmiş yerli qəzeti gözdən keçirəndə öyrəndik ki, bu il pambığın məhsuldarlığı ötən ilkinə nisbətən nəinki artıb, hətta bir az aşağı düşüb.

 

Bir müddət sakitlik oldu. Amma qışın ortalarında bir gün səhər obaşdan küçədə qopan səs-küyə oyandıq. Həmin o taygöz özünə oxşar daha iki nəfərlə (düzdü, o birilərin hər iki gözü yerindəydi) gəlib qapımızı bərkdən döyür, var səsiylə atamı çağırırdı. Biz uşaqlar tez-tələsik bayıra qaçdıq. Bütün qonşularımız artıq küçəyə yığışmışdılar. Qadınlar, uşaqlar ağlaşırdılar, saçını yolan, hətta pal-paltarını cırıb şiltə-şiltə edən də vardı. Evimiz küçənin qurtaracağında olduğundan, bizə gəlib çatanadək, yerli hakimin göndərdiyi bu adamlar bütün qapıları artıq döymüşdülər.

 

Taygöz hansı bir kağızısa əlində tutub ucadan qışqırırdı ki, camaat, bir sakitləşin görək, səs salmayın, qoyun, yerli başbilənimizin əmrini oxuyum.

 

- Sakit olun, qulaq asın! — deyə taygöz yenə də çığır-bağır saldı. — Yetər belə tənbəllik elədiyiniz, sizin ucbatınızdan biz altıncı çələngi almaqdan məhrum olduq, o çələng əlimizdən çıxdı.

 

- Niyə axı bizə görə? — qadınlar narazılıqla bir ağızdan soruşdular.

 

- Bəli, sizə görə, bəs axı kimə görə? — taygöz səsini yenə də qaldırmışdı. — Pis işləyibsiniz, vəssalam! İndi bircə aram olun, mən sizə yeni əmri çatdırmaqistəyirəm.

 

Bunu deyib kişi qovluğundakı kağızları eşələməyə başladı:

 

- Yox bu lazım deyil, o birinə də ehtiyac yoxdu, aha, tapdım, budu təzə əmr: «Şəxsi həyətyanı sahələr iki yerə bölünsün, tən yarısı pambıq əkini üçün ayrılsın. Bu gündən bütün çayları, dərələri, arxları, gölməçələri, həmçinin yarğanları torpaqlamalı, heç bir örüş yeri saxlamayıb torpağın hamısını pambıq becərmək üçün hazırlamalı».

 

Bunu eşidəndən sonra bir müddət hamı susdu. Az keçmiş yenə də arvadlar dilləndi:

 

- İnsafın olsun, biz məhlə yerimizin yarısını necə verə bilərik, axı? Nəyimiz var, ondan başqa?

 

Gözümüzü ona dikmişik: yarısında toyuq-cücə, mal-qara saxlayırıq, o biri yarısı da bağ-bostan yerimizdir.

 

Taygöz and-aman elədi:

 

- Bir Allah bilir, nəyə desəniz and da içim, mən hamınıza bir gözlə baxıram.

 

Taygözün bu dedikləri əvvəlcə elə bil hamını sakitləşdirdi, bir müddət yenə də bütün qonşular susdular. Amma qəfildən arvadlardan biri qışqırdı:

 

- Sən bir buna bax, köhnənin yaramazına! Ay əclaf, sənin onsuz da vur-tut bircə gözün var, istəsən də o biri kor gözünlə camaata baxammazsan!

 

Elə bu sözləri eşitcək, hamı taygözün andına başqa məna verməyə başladı, arvadlardan bir şaqqanaq qopdu ki, gəl görəsən!

 

- Yaxşı, neynək, gülün, — taygöz xırıltılı səslə qışqırdı, — Gülün, baxarıq axırda siz güləcəksiniz, yoxsa mən!

 

Onunla gələn o iki nəfər kişinin əsəbiləşib əl-qol atmasından yöndəmsiz hala düşmüş pencəyini, köynəyini, qalstukunu düzəldə-düzəldə cürbəcür sözlərlə onu sakitləşdirməyə çalışırdı. Biri də ona dedi ki, buradakılar onsuz da tezliklə öz paylarmı alacaqlar. Bu elə bil taygözü sakitləşdirdi və hər üçü bundan sonra aralanıbgetdilər.

 

Bundan sonra iki gün yenə heç nə eşitmədik, küçəmizin sakinləri hətta deyirdilər ki, daha yerli hakimin adamları bir də buralara çətin ayaq basalar. Amma üçüncü gün səhər tezdən yenə səs-küy qopdu, hay-haray aləmi başına götürdü. Biz uşaqlar pəncərəsi küçəyə açılan otaqda yatdığımızdan yenə də səs-küyü ata-anamızdan əvvəl eşitmişdik, eşidən kimi də yenə dərhal bayıra qaçdıq.

 

Məsələ burasında idi ki, ancaq qəsəbənin kənarında yerləşən həyətyanı sahələr qismən pambıq üçün ayrıla bilərdi. O kəslərin bəxti gətirdi ki, evləri, bağçaları kənarda yerləşmirdi, buna görə də onların yerlərini almaqmümkün deyildi.

 

Küçəyə yenicə çıxmışdıq ki, o vaxtadək görmədiyimiz, haqqında belə eşitmədiyimiz dəmir nəhənglə qarşılaşdıq. Bu nəhəngin çox böyük çanağı vədalğavarı dişləri olançalovu vardı. Çalovunun dişlərində də onun bizdən yuxarıdakı həyətyanı sahələrdən götürdüyü torpağın qalıqları gözə dəyirdi. Nəhəng indi bizim bağçanın qarşısında qərar tutmuşdu, arxasındakı qonşu bağçada torpaq artıq didik-didik edilmiş, eybəcər hala salınmış, burda bitən ağaclar da, kol-kos da xıncımlanıb, bir tərəfdə qalaqlanmışdı. Onun arxasında «təmizlənmiş» digər həyətyanı sahələr də görünürdü, bualtı üstünə çevrilmiş həyətyanı sahələrdə arvadlar yenə də qışqırmaqda, vay-şivən qoparmaqda, ağlamaqda, saçlarını yolmaqda, paltarlarını cırmaqda idilər.

 

İndi bu nəhəng bizim həyətyanı sahəni də iki bərabər hissəyə bölməli idi. Bağçamızın pambıq tarlasına qatılacaq hissəsində ən barlı meyvə ağaclarımız — alça, heyva, qoz, alma, armud, ərik, əncir, xirnik dururdu, amma xoşbəxtlikdən bostanımız bağçanın bizə qalan hissəsinə düşürdü. Nəhəng elə tırtıldayır, elə nərə çəkir, özü də elə titrəyib əsirdi ki, belindəki süvarini yerə çırpmaq istəyən xam atı xatırladırdı. Bu nəhəngi idarə edən də onunla bərabər əsim-əsim əsməkdə ikən,qəfildənayağı altında titrəyən alətin vəziyyətini dəyişdi, nəhəng də var gücü ilə və sürətlə irəli atıldı. Bu elə gözlənilmədən baş verdi ki, hamımız qorxudan qışqırıb istər-istəməz geriyə çəkildik. Nəhəngin qarşısını asanca əyilən məftillə bircə-bircə sarınmış quru qamışlardan hörülmüş hasarımız kəsmişdi. Nəhəng, hasara çatan kimi çanağını yerə dirədi və öz hərəkətini əvvəlki sürətlə davam etdirmək istədi. Bir an hasar onu saxlayıb qabağa buraxmadı, amma sonra tab gətirməyib, çanağın təzyiqiylə, titrəşə-titrəşə hissə-hissədağıldı, onun təkərləri altında qalıb xıncım-xıncım oldu. Nəhəngsə üstündən keçdiyi hasarı hamarlayandan sonra bağçamızın içərisinə cumdu: indi onun qabağında meyvə ağaclarımız dayanmışdı. İndi də nəhəng ilk olaraq qarşısına çıxan əncir ağacının gövdəsinə dirəndi, ağacı silkələyib laxlatmağa, çanağın aşağısındakı bıçağı ilə də köklərini kəsməyə başladı. Əncir ağacı elə də iri deyildi, nəhəng onun öhdəsindən tez gəldi. Ərik ağacı ilə onu yanında əkilmiş alma və xirnik ağaclarının da belini tez sındırdı. Sonra o, çox enli gövdəsi olan qoz ağacına yaxınlaşdı. Nəhəng o biri ağacların başına gətirdiyini bunun da başına gətirmək istədi. Amma, bıçağı ilə üzdə olan köklərini kəssəndən sonra,gövdəsinə dirənib nə qədər güc versə də, qoz ağacını yıxa bilmədi ki, bilmədi. Bundan sonra nəhəngi idarə edən nəfəsini dərmək üçün dayandı. Sonra da indiyədək arxasında hərəkətsiz qalmış çalovunu qabağa keçirdi. Dişli çalov aşağı endikcə endi, ağacın gövdəsinin lap dibində torpağa dirəndi. Sonra da torpağa girib getdikcə daha dərinə soxuldu. Birdən də kəskin tərzdə əyilib, qazdığı çaladan ağzında yaş və qapqara torpaq çıxardı. Bu hərəkətini bir neçə dəfə, ağacın dərinə işləmiş kökləri üzə çıxanadək təkrarladı.

 

Nəhəngin bıçağı irəliyə doğru hər həmləsiylə ağacın dərindəki köklərini də bir-bir kəsib tökdü. Qoz ağacı hansı bir vaxtsa da nəhəngin həmləsinə tabladı, amma sonra birdən gurultuyla yerə gəldi. Bundan sonra nəhəng digər ağacların da çox asanca axırına çıxdı, əvvəlcə onları yerə yıxıb, sonra da qabağına saldı, bir tərəfə kürüdü. Bağçamızda öz işini görüb bitirəndən sonra nəhəng yerində fırlanıb indi də başqa yerə üz tutdu.

 

Bir neçə gün keçmiş, tarlaya calanası və səpin işləri ərəfəsində becəriləsi bütün sahələri düzləyəndən sonra, nəhəng yarğanların, çala-çuxurların hamarlanmasına və harada su yataqları vardısa, onların torpaqlanması işlərinə girişdi. Tezliklə nəhəng bütün bu işlərin də öhdəsindən gəldi.

 

Beləcə biz uşaqlar yan-yörəmizdəki, dava-dava oyunu zamanı karımıza gələn, bütün çala-çuxurlardan məhrum olduq. Həm də indi bizim qoyun-quzu, mal-qara otarmaq üçün bircə örüş yerimiz belə qalmamışdı. Tezliklə yaz gəlməli, heyvanlar da yaşıllaşan çəmənliklərə, dadlı otları olan örüşlərə çıxmalı idilər. Anam əsasən toyuq-cücə, hindtoyuğu, qaz-ördək saxlayır, səbəbini də belə izah edirdi ki, mal-qaraya baxmaqdan bu daha asandır. Amma bununla belə bizim tək bir inəyimiz də vardı ki, südümüzü verirdi.

 

Qış vaxtı inək həmişə pəyədə olurdu. Bütün qışı pəyədə qalıb, nəmtəhər otdan gəvələyir, aram-aram gövşəyirdi. Amma yazın yaxınlaşmasını duyduqca, özünə yer tapmır, bayıra çıxmaq istəyirdi. Elə bu yaz da belə oldu. Biçənəklərin, örüşlərin şumlanmış olduğunu ona anlatmaq mümkün deyildi, amma onu pəyədə saxlamaq da getdikcə çətinləşirdi. Biz ona ötən ilki otdan verməkdə davam edirdik, amma inək bunu getdikcə daha həvəssiz yeyirdi, bəzən hətta heç dilinə də vurmaq istəmirdi. Yaz ayları boyu inəyi pəyədə saxlamalı olduq, arada onu həyətə çıxarırdıq ki, heç olmasa havası dəyişsin. Yazın sonunda qonşularımızdan kimsə dedi ki, bu saat tarlada ot dizəcən qalxıb, inəyi aparıb ora buraxın, amma çalışın qoruqçunun gözünə görünməyəsiniz. Biz belə də etməyə başladıq: qaş qaraldımı, heyvanı tarlaya çıxarıb otarırdıq. İnəyimiz bəs deyincə yeyib tox gəlirdi. Sabahısı gün isə onu yenidən qabağımıza qatıb tarlaya aparırdıq.

 

Yenə arada bizə çatdırırdılar ki, ehtiyatlı olun, son vaxtlar qoruqçu tarlada tez-tez olur. Amma xoşbəxtlikdən biz hələ onunla qarşılaşmamışdıq. Pambıq cücərib torpağın üzünə çıxandan sonra isə qoruqçularla qarşılaşmaq daha təhlükəli ola bilərdi. Onlar mal-qaranın tarlada pambıq cücərtilərini (axı yazıq heyvan nə biləydi ki, nəyi yemək olar, nəyi yox) qırpdığını görsəydilər, bu pis nəticələnə, təkcə heyvana yox, onun sahibinə də zərər yetirə bilərdi. İşdi, pambıq sahəsinə qarovul çəkənlər görsəydilər ki, kimsə tarlada heyvan otarır, onların həmin adamı atın döşünə salıb qovmağa, hətta dediklərinə tabe olmaqdan boyun qaçırana atəş açmağa belə ixtiyarları vardı. Əlbəttə, belə olanda onlar gülləni həmin adamın başı üstündən atırdılar. Amma təsadüfən kimsə güllə xəsarəti alsaydı belə, buna görə qoruqçuya güldən ağır söz də deməzdilər: o öz vəzifəsini yerinə yetirib. Qoruqçular pambığa girən heyvanlara da atəş aça, tarlada bir daha görünməmələri üçün bu dilsiz-ağızsız biçarələri öldürə və ya yaralaya bilərdilər.

 

İnəyimizi pambıq yığımı başlanana kimi tarlaya aparıb-gətirdik. Amma inək günlərin birində, axşama yaxın, həyətə böyürləri köpmüş vəziyyətdə gəlib çıxdı. Əvvəlcə buna o qədər də bənd olmadıq, elə bildik boğaz olduğuna, ya da otdan çox yediyinə görə bu kökə düşüb. Bir də bizlərdən kimsə gördü ki, inək yerindən dəbərə bilmir, ağzından da köpük gəlir. Elə bu zaman barmağımızı dişlədik ki, inək zəhərlənib. Anam bunu qonşu arvadlara söyləyib, bir əlac axtaranda məsləhət belə oldu ki, inəyə qatıq verilsin. Heyvanı artıq sürüyüb pəyədən çıxarmışdılar; o evimizdən aralı, həyətdə yerə sərilmişdi. Amma heç qatığın da xeyri olmadı, inək tələf oldu, qarnındakı balası da doğulmamış öldü. Hamımız bərk dilxor olduq, bu itki bizi xeyli ağrıtdı. Qonşularımızdan kimsə təklif elədi ki, nə qədər gec deyil, inəyi kəsib ətini evimizdən kənardakı qəlyanaltıya sataq. Aradan azacıq keçmiş ata-anamızın səssiz razılığını alan qonşudakı kişilərdən biri əlindəki bıçaqla yenicə keçinmiş heyvanın başını bədənindən ayırdı. Sonra da başqa kişilərin köməkliyi ilə onun cəmdəyini öz çal eşşəyini qoşduğu arabaya yükləyib apardı. Biçarə eşşəyin yükü ağır olduğundan çətinliklə, birayaq-birayaq yeriyirdi, yiyəsi bunu görüb arabadan düşdü, ovsarı eşşəyin başına keçirib dalınca dartdı. Ata-anamın ölmüş inəyə görə nə qədər pul aldığını mən onda bilmədim, amma cəmdəyi aparan adamın bir azdan sonra geri döndüyünü, atama nə qədərsə pulverdiyini gördüm.

 

Onu da deyim ki, bu dəfə elə alağa başlayanda pambıq əkilən sahələrin əvvəlki illərə baxanda xeyli genişlənmiş olduğunu gördük. İndi biz elə inadla işləməli idik ki, əvvəlki illərdən fərqli olaraq alağı daha tez qurtara və tez pambıq yığımına başlaya bilək.

 

Bir axşam, elə alaqdan yorğun-arğın qayıdıb evə yığışmışdıq ki, əmim bizə gəldi. Əvvəlcə atamla o biri otağa keçib ikilikdə nə barədəsə xeyli danışdılar. Sonra axır ki, biz olan otağa qayıtdılar. Biz səbirsizliklə və həyəcanla əmimin nə üçün gəldiyini bilmək istəyir, nə deyəcəyini gözləyirdik. Əmim bizə çox nadir hallarda, ya onu qonaq çağıranda, ya da nəsə mühüm bir hadisə baş verəndə gələrdi. Anam əmimin bu qəfil gəlişinin səbəbini bilmək istədi, atam da cavabında dedi ki, hər şeyi sonra gəlib deyər, indisə vəfat etmiş qardaşın böyük oğluna dəyməlidirlər. Gedəndə nə üçünsə məni də özlərilə aparmaq istədilər.

 

Küçədə zil qaranlıq idi, göz-gözü görmürdü. Mən atamla yanaşı gedirdim, o da bütün yol boyu əmimləyenə dənə barədəsə söhbət edirdi. Axır ki, o biri əmimin evinə gəlib çatdıq. Bu evin taxtadan düzəldilmiş alçaq hasarı, elə taxtadan olan, hasardan bir qədər hündür də qapısı vardı. Əmim əyilib yerdən bir daş götürdü və qapını döyməyə başladı. Səsə əmim oğlu çıxdı, deyəsən, pəncərədən baxıb bizi görmüşdü, düşüb darvazanın ala qapısını açdı, bizi içəri buraxdı. Atasından qalan, indi onun yaşadığı ev bizimkinə nisbətən alçaq, bir az da darısqal idi. Əmim oğlu otağın divarına yaxın qoyulmuş köhnə kürsülərdə bizə yer göstərdi. Təzəcə oturmuşduq ki, o, otağın digər küncündəki çox da iri olmayan masanı, tozunu siləndən sonra gətirib qabağımıza qoydu. Sonra üzünü başqa otağa çevirib qonşu məmləkətlərdən gələnlərlə danışdığımız dildə nəsə dedi. Bir azca keçmiş sarı saçlı, hündür boylu gənc bir qadın alaqaranlıqdan çıxıb otağa girdi. Onun gömgöy gözləri, bəmbəyaz sifəti vardı, əynindəsə bizdəki qadınların heç vaxt geyinmədiyi, tam çiyninə qədər açıq qısaqol paltarı. Bəli, bu onun əvvəllər bir neçə dəfə görmüş olduğum birinci arvadı deyildi. Qadın səliqə ilə tər-təmiz süfrə salandansonra iri taraş stəkanlarda bizə çay gətirdi, yanına da xırdaca doğranmış qənd qoydu. Əmim çox fikirli görünürdü, elə bil ki, heç danışmağa da həvəsi yox idi. Kişi çayın soyumasını gözləmədən stəkanı dodağına yaxınlaşdırdı, dalbadal bir neçə qurtum alıb yerə qoydu, amma yenə də susmağına davam etdi. Atam işi belə görəndə özü qardaşı oğlu ilə hal-əhval tutdu, güzəranı ilə maraqlandı, özündən kiçik qardaşını, bacısını xəbər aldı. Onun bacısı çoxdan ərə getmişdi, indi oradan bir qədər aralıdakı evdə yaşayırdı, anası isə bir neçə il əvvəl vəfat etmişdi, kiçik qardaşı isə əsgərliyi çəkəndən sonra qulluq etmiş olduğu şimal şəhərində qalmışdı. Əmim oğlu cavabında gileylənib dedi ki, həmin kiçik qardaş onlarla çoxdandı daha maraqlanıb eləmir, görünür, heç geriyə dönmək fikri də yoxdu. Yerli adətə görə kiçik qardaş ata ocağında qalmalı, böyüyü isə özünə başqa yerdə ev tikib yaşamalıydı. Balaca qardaşı vaxtında evə dönsəydi, deyirdi əmim oğlu, mən özüm bir başqa yerə gedər, özümə münasib bir iş tapıb qalardım. Amma kiçik qardaşı qayıtmadığına görə özü burada qalıb yaşamağa məcburdu. Birdən əmim ondan arvadını xəbər aldı, soruşdu ki, hardadı, nə əcəb gözə dəymir? O da cavabında dedi ki, arvadı haradan gəlmişdisə oraya da getməli oldu, yəni atasının xarabasına qayıtdı. Əmim bu dəfə onun atası evinə qayıtmasının səbəbi ilə maraqlandı. O da məsələni belə nağıl elədi: günlərin bir günü qardaşının sorağı ilə o özü həmin şimaldakı şəhərə yola düşməli olub, düşüb qardaşını oralarda çox axtarıbsa da tapa bilməyib, həmin şəhərdə gözəl-göyçək qadınlar görüb, oturub-durub, tanış olandan sonra onlardan birini götürüb özüylə gətirib. Buna görə də birinci arvadını atası evinə yollayıb. Əmim oğlu bunları danışıb qurtarandan sonra susdu, əmim də, atam da daha danışmırdılar, mən isə eləcə burada baş verənləri mat-məəttəl seyr etməyimdə idim. Bəlkə də əmim bu sükutun qardaşı oğluna daha çox təsir edəcəyini düşünürdü. O da buna çox dözə bilməyib üzünü əmimə tutdu:

 

- Hə, əmi, üzə vurmasanız da, bilirəm barəmdə nə fikirləşirsiniz. Düşünürsünüz ki, düz iş görməmişəm, keçən-keçmişi, əsli-nəsli haqda heç bir şey bilmədiyimiz yad, gəlmə bir qadın ucundan neçə il bir yerdə yaşadığım əvvəlki arvadımdan aralanmamalıydım. O ki, gözümüzün qabağında böyüyüb, barəsində yerli-yataqlı hər şeyi bilirdik.

 

Sonra da əmim oğlu dedi ki, əvvəlki arvadı haqqında doğrudan da hər şey qabaqcadan məlum idi. Hamı bilirdi ki, o ər evinə gəlməzdən əvvəl nə təhər yaşayırdı, nə iş görürdü; məktəbə gedib, oradan tarlaya yollanıb, bu işdə anasına da kömək edib, sonra yenə də alaq vurub, pambıq yığıb. Yəni, bunun elə ömrü boyu işi-peşəsi pambıq yığmaq, alaq vurmaq olub, başqa heç nə. Yaxşı, onun ömründə bunlardan başqa gördüyü bir şey olubmu? Olmayıb! O alaqdan, pambıqdan savayı bir şey görməyib, bir şey tanımayıb. Sonra dedi ki, qardaşını axtarmağa gedəndə şimaldakıların neçə yaşadıqlarını, gün-güzəranlarını öz gözüylə görüb. Əmioğlunun dediyinə görə, onları heç bir çələng-filan maraqlandırmırmış, yeganə qayğıları vaxtı xoş, mənalı keçirməkmiş. İş-gücləri günlərlə şənlik edib, deyib-gülmək, içib, xumarlanıb rəqs etmək, mahnı oxumaq imiş! "Çələng uğrunda mübarizəmiz” haqqında eşidəndə də qəhqəhə çəkib bizə gülürlərmiş. Onların qadınları bizimkilərlə müqayisəyə də gəlməz: dəriləri ağappaqdır, rəqs etməyi, mahnı oxumağı bacarırlar. Bizim «pambıqçı» arvadlarımız hara, onlar hara?

 

- Heç bizim qadınların əllərinə fikir veribsiniz? — soruşdu əmioğlu.

 

Dediyinə görə, bizim qadınların əlləri qozaların tikanlı uclarından cırmaq-cırmaqdı, gündən dəriləri qap-qara qaralıb, kətmən tutmaqdan ovucları qabar-qabardı, kişilərinki kimi əlləri kor-kobuddu. Daim əyilib işləməkdən belləri ikiqatdı. Bütün günləri tarlada keçir, evə yorğun-arğın qayıdırlar, fikir-zikrləri bircə bu olur ki, tezcə yatıb, obaşdan yenə tarlaya çıxsınlar.

 

- Mənə başında ancaq pambıq fikri dolaşan, bundan başqa heç nə haqda düşünə bilməyən arvad lazım deyil, — dedi nəhayət əmim oğlu. — Belə qadınlar çox vaxt mənim arvadım kimi sonsuz qalırlar, ya da uşaqları ölü doğulur. Heç uşaq doğa bilməyən arvad almağa dəyərmi?

 

Bu sözləri eşitcək əmim ayağa qalxdı, şlyapasını götürüb tələsmədən başına qoydu, sonra da qapıya sarı getdi. Onun ardınca atam qalxdı, mən də məcbur olub durdum. Özümə qalanda bu evdən nədənsə tez çıxmaq istəmirdim, heç çayımı da içib qurtarmamışdım. Söhbətimiz əsnasında otağa girib-çıxan, bizə qulluq göstərən bu sarı saçlı qadını seyr etməkdən də doymurdum — heç vaxt belə bir qadın görməmişdim. Elə bil o, bütün günü evdə oturmaq, ərinin axşam evə gəlməsini gözləmək üçün yaranmışdı.

 

Biz yığışıb gedəndə əmim oğlu da durdu, küçəyə çıxanacan qapıda başını aşağı salıb gözlədi. Əmim onunla və təzə arvadı ilə heç sağollaşmadı da, mən də dinməzcə otağı tərk etdim, tək atam çıxanda ev sahiblərinə dilucu nəsə dedi. Küçəyə çıxan kimi əmimin buradan xeyli uzaqda olan evinə tərəf yollandıq. O, bir də qapılarına çatanda ayaq saxladı, üzünü atama tutub dedi:

 

- Yol verdiyi hərəkətə görə, nəslimizi rüsvay etdiyinə görə qardaşoğlunu nə qədər qınasaq də, onun sözlərində nəsə bir həqiqət də var. Qızım neçə vaxtdı ərdədi, hələ indiyə kimi də oğul-uşağı yoxdu, o heç vaxt üzə vurmayıb, amma mən bunun səbəbini az-çox anlayıram. Bu ağ toz dərmanın canındakını mən bilirəm. Elə ki, pambıq sahələri adam yaşayan yerlərə qədər uzandılar, onun təsir gücü də qat-qat artdı.

 

Əmim bu sözləri deyəndən sonra ağır-ağır darvazasının alaqapısını açdı, bizimlə də heç vidalaşıb-eləmədən, onun arxasında yox oldu.

 

Tezliklə yenidən pambıq yığımı başlanacaqdı. Tarlalar indi qəsəbəmizi hər tərəfdən əhatəyə almışdılar, baxanda deyirdin ki, bu qədər pambığın hamısını yığa bilsək, onda mütləq indiyədək görünməmiş, eşidilməmiş məhsuldarlığa nail olacağıq. İndi həm də əvvəlkindən çox işləmək lazım idi. Əgər əvvəllər mağazaların hamısı axşamlar, tarlada işlər qurtarandan sonra açılırdısa, indi onlara ancaq növbə ilə açılmağa icazə verilirdi. Deyəsən, burada həm də anlamışdılar ki, işıq çəkilərsə, tarlada qaranlıq düşəndən sonra da işləmək mümkündür. Elə hamı deyirdi ki, bu il pambığı dövlət başçısına o qədər bol verəcəyik ki, nəhayət o bizi altıncı çələngə layiq görə bilsin.

 

Amma pambıq yığımına yenicə girişmişdik ki, yenə də leysan yağışları başladı. Özü də yağışlar bu dəfə o qədər güclü idi ki, tarlada işi dayandırmaq məcburiyyəti yarandı, çünki torpağa ayaq basan kimi elə bil bataqlığa düşürdün. Hətta müəllimlərimiz bizə pambığa getməyib, göstəriş alana kimi evdə oturub gözləməyi tapşırdılar. Yağışsa ara vermir, hər gün yağırdı.

 

Bir gecə, elə yenicə yıxılıb yatmaq istəyirdik ki, birdən-birə güclü gurultu eşitdik. Amma əvvəlcə bu səsin haradan qopduğunu kəsdirə bilmədik. Atam eşiyə çıxıb bir neçə dəqiqədən sonra qayıtdı və təlaş içində:

 

- Daşqındı! — dedi.

 

Sonra daha böyük həyəcanla:

 

- Nə qədər ki, su hələ tam qalxmayıb, qaçmaq lazımdır! — deyə bizə xəbərdarlıqetdi.

 

Biz amma qaçmaq üçün belə nə edəcəyimizi, nədən yapışacağımızı bilməyib çaşıb qalmışdıq. Əvvəlcə hamımız eyvana çıxdıq, görək ki, bu daşqın deyilən nə olan şeydir. Eyvandan həyətə düşmək asan deyildi: həyətimizdən sanki çay axırdı. Özü də hiss olunurdu ki, suyun səviyyəsi get-gedə qalxır. Mat-məəttəl eyvanda durub necə xilas olacağımız haqda düşünürdük ki, birdən iki kişi ilə bir qadının suyu yararaq bizə yaxınlaşdıqlarını gördük. Qonşularımız idi, gəlmişdilər bizə çatdırsınlar ki, bütün qonum-qonşu küçəyə toplaşıb, istəyirlər torpaqlanmış xırda çayları, arxların yataqlarını təmizləsinlər, suyun yolunu yenidən açsınlar ki, o həyətlərdən çəkilib getsin. Küçədə doğrudan da bel-külünglə, linglə yaraqlanmış xeyli adam yığışmışdı. Məni aparmadılar, dedilər ki, oraya ancaq böyüklər getməlidir. Onlara bizdən təkcə atamla böyük qardaşım qoşuldu. Mənsə anamla evdə qaldım. Atam bizi tək qoyub getməli olduğuna görə bərk narahatdı. Gedəndə bizə tapşırdı ki, suyun səviyyəsi qalxsa, çardağa qalxaq, təhlükə sovuşanadək orda durub gözləyək. Küçəmizdəki kişilər belləri, külüngləri çiyinlərinə atıb cərgəyə düzüldülər. Hələ yolda onlara qoşulanlar çox olacaqdı. Beləcə sayları artacaq, bu qədər adamla işin öhdəsindən tezcə gəlib tez də evə dönəcəkdilər.

 

Biz evdə qalanlarsa qorxu içində suyun qalxıb-qalxmadığına göz qoyurduq. Ən pisi bu idi ki, yağış kəsmək bilmirdi. Səhərə yaxın suyun səviyyəsi doğrudan bir az da qalxdı. Düşünürdük ki, bu belə davam edərsə, mütləq çardağa çıxmalı olacağıq. Yaxşı ki, su daha qalxmadı, hətta, deyəsən, bir balaca endi də. Yağış kəsməsə də, daha gur yağmır, get-gedə yavaşıyırdı. Küçəmizin «döyüşçüləri» bir də ancaq nahara az qalmış gəlib çıxdılar, üz-gözləri, üst-başları palçığa bulaşmış, yaş köynəkləri bədənlərinəyapışmışdı. Atam dedi:

 

- Biz ancaq bircə çayı tapıb yatağını təmizlədik, amma bilmirəm ki, bunun nə qədər köməyi olacaq.

 

Yaxşı ki, axşama yaxın yağış tamam kəsdi və bundan sonra suyun səviyyəsi də göz görəsi düşdü. Səhər gözümüzü yenicə açmışdıq ki, həyətimizdən suyun çəkildiyini gördük. Ən başlıcası bu idi ki, sel ram olmuş, daşqın ötmüşdü. Amma həyətimiz başdan-başa zir-zibillə örtülmüşdü: sel-su özüylə hər cür, daha çox xırda şeylər gətirmişdi, sonra da yerində sahəmizi büsbütün örtən qalın çöküntü qoyub getmişdi. Sel həmçinin bostanı tamam dağıtmış, toyuq-cücəni, yumurtaları, daha nə bilim nələri qabağına qatıb aparmışdı. Anam bunu ürəyinə salır, tez-tezgileylənirdi.

 

Qonum-qonşunun başına gələnlərdən isə ancaq ertəsi gün xəbər tuta bildik. Adamlardan bəziləri küçədə qalmışdı, çünki gildən-torpaqdan tikdikləri evləri uçub dağılmışdı, çoxunun da bizim kimi toyuq-cücəsi, bəzilərinin isə hətta qoyun-quzusu tələf olmuşdu.

 

Sel pambığı da qabağına qatıb aparmış, tarlalar isə onun qoyub getdiyi əşyalarla, sarı-qəhvəyi rəngli gilli çöküntüylə örtülmüşdü. İndi tarlalarda daşqından salamat çıxan pambıq axtarıb tapmaq da müşkül işdi: olduqca lillənib köpmüş palçığa-zığa ayaq basmaq belə mümkün deyildi. Amma yenə hamı gözləyirdi ki, yerli başbilən nə buyuracaq; selin viran qoyduğu tarlalarda pambıqaxtarmaq lazımdı, ya yox.

 

Bir neçə gün sonra bizim yaxşı tanıdığımız sahə briqadirləri bir-bir düşüb evləri gəzdilər. Onlardan hər birinin nəzarət etdiyi sahə vardı; onlar tarla işlərinə nəzarət edir, alağın və ya pambığın başlanma və qurtarma vaxtını camaata xəbər verirdilər. Sonra pambığın becərilməsi və yığılması ilə bağlı yuxarıdan verilən mühüm göstərişləri əhaliyə çatdırmaq da bunların işi idi. İndi də dedilər ki, bir neçə gün səbir edib gözləyək, tezliklə pambıqla nə etmək lazım olduğunu onlar bizə xəbər verəcəklər.

 

Daşqından bir neçə gün sonra pambığı istər torpağın üstündə, istərsə də altında əldə eləyib təhvil verməyin qeyri-mümkünlüyü bəlli olanda briqadirlər yenə də peyda oldular, hamını küçəyə yığıb dedilər ki, daha tarlaya getməyəcəksiniz, amma qonşu məmləkətlərin, dövlət başçısının qarşısında rüsvay olmamaq üçün vəziyyətdən hansısa bir çıxış yolu tapılmalıdır. Sonra da dedilər ki, daşqından zərər çəkənlərə yardım göstəriləcək və elə bu məqsədlə də sabah məmləkətimizin birinci şəxsi, rəhbərimizin özü təşrif gətirəcək. Onu qarşılamaq üçün hamı bir nəfər kimi səhər tezdən meydana yığışmalı, onun gəlişini gözləməlidir. Ölkə rəhbərinin buraya gəlişi istənilən halda hamıdan ötrü böyük şərəfdir, bu şərəfə də bizi özü layiq görüb. Onun gəlişindən sonra zay olmuş pambığın taleyi ilə bağı qəti qərar veriləcək.

 

Ertəsi gün lap səhər tezdən meydana yığışdıq, əllərimizdə rəhbərimizin gəlişinin qəlbimizdə doğurduğu sevinci əks etdirən şüarlar yazılmış plakatlar tutmuşduq. Meydanda çox gözləməli olduq, xeyli intizardan sonranəhayət uzaqdan uzun qara bir avtomobil gördük, onun arxasınca isə yerli hakimin bizim yaxşı tanıdığımız maşını şütüməkdə idi. Hər iki avtomobil bizdən bir az aralıda dayandı, qapıları da bir azdan açıldı. Yerli hakim cəld öz maşınından yerə sıçrayıb o biri avtomobilə tərəf atıldı və az qala ikiqat əyilib ondan çıxmaq istəyən kişinin qolundan yapışdı. Rəhbər yerə düşən kimi, əlini yuxarı qaldırıb yelləməklə bizi salamladı. Biz isə cavabında onu çox ucadan və heyranlıqla alqışladıq. Amma rəhbər öz maşınından çox da aralanmadı, elə oradaca nə haqdasa yerli hakimlə xısınlaşmağa başladı, bu zaman hərdənbir onu qarşılayan kütləyə sərt və dərin nəzərlərini də yönəldirdi. Onların bu xısınlaşması bir neçə dəqiqə davam etdi, bundan sonra rəhbər yenə də öz maşınına oturdu. Yerli hakim yenə də yüyürüb cəld onun oturmasına kömək elədi, sonra da qapısını örtüb, yenə də öz maşınında rəhbərin avtomobilini müşayiət etməyə başladı. Onlar gedəndən sonra biz yenə bir neçə saat gözlədik: ümid edirdik ki, qayıdıb bizə itib-batmış pambıqla nə edəcəyimizi deyəcəklər. Amma dahagəlib çıxmadıqlarını görüb evlərimizə dağılışdıq.

 

Ertəsi gün axşama yaxın briqadirlər yenidən evlərimizin qabağında göründülər. Onlar bu dəfə bizi sevindirib dedilər ki, rəhbərin yerli başbilənlə bu son görüşündə daşqından zərər çəkmiş hər bir ailəyə on ədəddən otuz ədədədək yumurta ayırmaq qərara alınıb.

 

Bizim evin divarları ordan-burdan azacıq çatlasa da dağılmamışdı, itib-batansa əsasən bostanımız, toyuq-cücəmiz idi. Buna görə bizə onca ədəd yumurta düşürdü. Bu on yumurtanın dalınca atam özü getdi və ancaq səkkiz yumurta ilə geri döndü, bunu da belə izah elədi ki, orada hər on yumurtadan ikisini briqadirə vermək lazım imiş. Atam da iki yumurtanı ona saxlayıb, on yumurta aldığı haqda izahata qol çəkməli olub. Daşqından sonra heç bir şeyimiz — nə toyuq-cücəmiz, nə də bostanımız qalmadığından bu səkkiz yumurtanı almağımıza da şükür elədik. İki gün keçmiş briqadirlər yenidən peyda olub, daha mühüm bir xəbəri çatdırmaq üçün gəldiklərini bildirdilər. Onlardan birinin dediyinə görə yerli başbilənin rəhbərlə görüşündən sonra daşqından zərər çəkənlərə yardım etməkdən başqa həm də qərara alınıb ki, necə olursa-olsun altıncı çələngi almaq üçün zəruri miqdarda pambığı dövlət başçısına çatdırmaq lazımdır. Bu zaman hamı heyrətlənib dilləndi: daha pambıq yoxdu, heç yerdə də qalmayıb, bu qədər pambığı haradan tapıb vermək olar axı? Bayaq danışan briqadir özünü yenidən ortaya atıb bunun nə təhər eləmək lazım gələcəyini bizə izah etməyə başladı. Onun sözlərinə görə bizim kiloqramına beş qəpik aldığımız pambıq indiyə kimi dövlət başçısına on qəpiyə satılmışdı. İndi arada pambıq yox idi, ona görə də aydındır ki, pambığa görə daha beş qəpik də ala bilməyəcəkdik. Amma çələng almaq üçün başqa yol da varmış: biz hər kiloqram üçün on qəpikdən pul yığıb pambığın yerinə dövlət başçısına göndərsək, nəticədə altıncı çələngi əldə edə bilərik: belə ki, dövlət başçısı bu pulla pambığı başqa yerdən alacaq, amma çələngi bizə verəcək.

 

Briqadirlər çıxıb gedəndən sonra atamla anamı fikir götürdü: indi hər ailə iki ton pambıq əvəzinə iki yüz manat verməli idi. Biz bu pulu haradan tapacaqdıq axı? Arada bizdən kiməsə pal-paltar, ayaq-qabı, ya da dərs kitabları üçün pul lazım olanda anam bazara toyuq-cücə, yumurta, inəyimiz hələ sağ ikən süd, qatıq çıxarıb satırdı. Gedəndə məni də özü ilə aparırdı. Bütün günü ayaq üstdə durub bu bir neçə toyuq-cücəyə, yumurtalara müştəri axtarırdıq. Tez-tez bizə yanaşıb qiymət soruşur, mallarımızı çox baha satdığımızdan gileylənirdilər. Aralarında qaba, xoşagəlməz kişilər də olurdu, onlar anama birtəhər, acgözlüklə baxanda özümü çox pis hiss eləyirdim. Amma anamın yanında duranda təsəllim bu olurdu ki, biz əvvəl-axır mallarımızı satıb qurtaracağıq, evə yollanmazdan qabaqsa yeməyə də nəsə alacağıq. Mən ən çox bazarın bir neçə yerində satılan içi ətlə doldurulmuş duzlu, istiotlu təzəcə bişirilmiş qoğalları xoşlayırdım.

 

Amma indi bizim satmağa heç nəyimiz yox idi. Atamla anam nə qədər fikirləşsələr də, bu iki yüz manatı haradan tapacaqlarını bilmirdilər, pulun ödənilmə vaxtı isə getdikcə daralırdı. İşdir, birdən bu qədər pulu vədəsində düzəldib verməsəydik, briqadirlər gündə qapımızı döyüb artıq-əskik danışar, pulları tələb edərdilər. Lap sonra da yerli başbilənin qəzəbinə gələrdik, o atamızı incidər, hətta tutdurub dama da sala bilərdi. Bir az keçəndən sonra anamın ağlına ev əşyalarını, cehiz kimi ata evindən gətirdiyi qədimi dolabı, bufeti, masa və kürsüləri satmaq gəldi. Atamla anam bunlara müştəri axtarmağa başladılar. Lakin pambıq yerinə hamının briqadirlərə iki yüz manat verməli olduğunu bildiyindən heç kəs anamın cehizinə bundan artıq pul vermək istəmirdi. Anamsa istəyirdi ki, bu əşyaları iki yüz əlli manata satsın ki, pulun qalanına da biz uşaqlara əyin-baş alsın. Çünki yaxşı bilirdi ki, uzun müddət atamın maaşından başqa bizim elə bir gəlir yerimizolmayacaq.

 

Necə oldusa, günlərin bir günü bir nəfər anamın olan-qalan mebelimizi təşkil edən cehizini iki yüz iyirmi manata almağa razılaşdı. Bu minvalla biz briqadirə pulu vaxtında verə bildik. Görünür, elə başqaları da bu pulu tapıb vaxtında yerinə çatdırmışdılar. Bunu ona görə deyirəm ki, briqadirlərin hədə — qorxusu sonralar yan-yörədə bir daha eşidilmədi. Bu pulları isə hərə bir cür tapmışdı: kimi dağılmış evinin salamat qalmış daşlarını satmalı olmuşdu, bir başqası isə daşqın zamanı selin qabağına qatıb gətirdiyi toyuq — cücə, qoyun-quzu leşini halalca malı kimi yaxınlıqdakı qəlyanaltıya sırıyıb bu pulları əldə etmişdi.

 

Mən tələf olmuş heyvanların ətinin arabir dostlarımla pul tapıb baş çəkdiyim, yaxınlığımızdakı yeməkxanaya satıldığını eşidəndə bərk dilxor oldum. Mən bilirdim ki, qaralmış əti çox duzladıqlarından onun əsl dadını o qədər də ayırd eləmək olmur. Ətin keyfiyyətini soruşanda da orada işləyənlərin heç biri ayranına turş demir, ətini tərifləyib göylərə qaldırır, beləsini heç yerdə tapammazsınız deyirdilər. Amma, şayət, kimsə ətin xoşagəlməz qoxusunu hiss eləyib irad tutardısa, xörəkpaylayanlar and-aman eləyib, bizi inandırmağa çalışardılar ki, canım, siz nə danışırsınız, indicə kəsilib, gül kimi ətdi, əşşi, iyinə çox bənd olmayın, bu xuruşun, ədvənin qoxusudu…

 

Bir neçə gündən sonra, yığımın, bu dəfə daha pambığın deyil, pul yığımının müəyyən olunmuş vaxtından azacıq keçmiş, briqadirlər gəlib bizə xəbər verdilər ki, artıq lazım olan məbləğ toplanıb. Deyəsən, daha altıncı çələngimizin də yolunu çox gözləmək lazım gəlməyəcəkdi.

Bakı, 1997