Vüqar Dəmirbəyli. Pulsuz seans (hekayə)

Vüqar Dəmirbəyli. Pulsuz seans (hekayə)

Vüqar Dəmirbəyli
PULSUZ SEANS
     
(hekayə)

Köhnə, yarıuçulmuş məktəbdə oxuyan bütün oğlanların ən sevimli və mühüm məşğuliyyəti kinoya gedib yeni filmə baxmaq, sonra da hər növbəti filmi uzun-uzadı müzakirə etmək idi. Bu amma hər dəfə hamıya nəsib olmurdu. Buna görə də filmi görənlər onun məzmununu bütün təfəərüatları ilə bir neçə gün dalbadal o birilərə danışırdılar — ta ki, hamı həmin filmdə söhbətin nədən getdiyini, görməsə də, az qala əzbərdən öyrənənə kimi.
Çətinlik aşağı sinif uçaqlarının pulsizluğunda idi. Əslində heç yuxarı siniflərdə oxuyanların da cibində hər saat pul olmurdu, pulsuz da səni kinoya buraxan kim idi axı?Amma üçüncü sinif şagirdlərinin içərisində birisi var idi ki, bütün filmlərə baxa bilirdi. Bu qoçaq həm də onların sinifkomu idi. Yaxşı bəs bu necə olurdu ki, bu sinifkom istədiyi vaxt istədiyi filmə rahatca tamaşa edirdi? Sadəcə onun nənəsi kino göstərilən yerdə işləyirdi, özü də bilet satırdı. Odur ki, öz sevimli nəvəsinə pulsuz seanslar təşkil etmək onun üçün su içmək kimi asan bir şey idi. Bu oğlana sinifdə hamının paxıllığı tuturdu – bəs necə, uşaqlar bir yana, heç böyüklər də istədikləri vaxt kinoya gedə bilmirdilər. O biri uşaqlar üçün kinoya getmək əsl bayram idi, amma bundan ötrü hər dəfə valideynlərini dilə tutmaq, yalvar-yaxar edib bilet pulu qoparmaq lazım gəlirdi. Valideynləri çox vaxt bu yalvarışlara məhəl qoymur, onlara kinoya getməkdənsə faydalı bir işlə məşğul olmağı tövsiyə edirdilər. Biletsatan arvadın nəvəsindən başqa o biri uşaqlar ildə ancaq bir-iki dəfə kino zalına düşə bilirdilər. Bu isə onları qətiyyən qane etmirdi – axı filmləri hər gün göstərirdilər, özü də bir neçə dəfə. Düzdü, məktəbdə yüngül qəlyanaltı etmək üçün evdən verilən pullara qənaət edib kinoya getmək olardı. Ancaq bu qədər vaxtı ac alıb, məktəbin bufetindən aldıqları dadlı yeməkləri gəvələyən uşaqlara tamaşa eləmək də asan deyildi və böyük səy tələb edirdi. Çoxları özlərinə söz verirdilər ki, bir neçə gen heç nə almayıb kinoya getmək üçün pul yığacaqlar. Amma axırda dözə bilməyib yenə pulu xərcləyirdilər.
Bir gün gözlənilməz bir hadisə baş verdi. Sinifkom xəbər elədi ki, sabah onunla oxuyan bütün oğlanları öz hesabına, daha doğrusu nənəsinin hesabına filmin gündüz seansına aparacaq. Görəsən axı bu qaradinməz, adamayovuşmaz oğlanı belə bir addım atmağa vadar edən nə idi? Bəlkə o nənəsinə bir gün onunla bir sinifdə oxuyan oğlanların necə yeni bir filmə baxmaq üçün əldən-ayaqdan getdiklərini, amma bunun üçün imkanlarının olmadığını demişdi? Bəlkə də o, belə bir imkanı olduğuna görə yoldaşlarının qabağında özünə bəraət qazandırmaq istə-yirdi? Ya da kim bilir, bəlkə qorxusundan belə edirdi? Bəlkə fikirləşirdi ki, bu oğlanlar bir günü onu – " bu sevimli və ərköyün nəvəni” əzişdirə bilərlər? Axı o yeni filmdən söhbət düşəndə başqalarının ona necə qibtə və qəzəblə baxdığını dəfələrlə sezmişdi. Sinifkom elə sabah hamılıqla filmin gündüz seansına gedə biləcəklərini dedi.
Ertəsi gün sinifdəki oğlanların fikri ancaq baxacaqları filmi yanında idi, hamı səbirsizliklə  dərslərin nə vaxt bitəcəyini gözləyirdi. Təyin olunmuş vaxtda isə oğlanların hamısı kinoteatrın içərisində, şərtləşdikləri kimi bilet kassasının qabağında toplaşmışdılar. Film nümayiş etdiri-lən zala giriş qapısı isə kassadan on-on beş addım aralıda idi, onu da donqar burnu, pələş qulaqları, uzun dimdikli qara kepka qoymuş bir qoca qoruyurdu. Gələnlər bir-birinin dalınca kassadan bilet alır, sonra da bileti bu kişiyə göstərib zalın qapısından içəri girirdilər. Sinfkom yoldaşlarına gözləməyi xahiş edib, özü kassaya yaxınlaşdı və nənəsi ilə bir az danışandan sonra qapıçıya tərəf yol aldı. Kişi kinoya gəlmiş o biri tamaşaçıların biletini yoxlayır, əsəbi şəkildə onun bir parçasını qoparıb atır, bir parçasını isə geriyə qaytarırdı. Çox güman ki, sinifkom nənəsinin adından xahiş edirdi ki, qapıçı onunla gələn uşaqları içəri buraxsın. Qoca bir müddət onun dediyinə məhəl qoymadı, sonra birdən ayaq saxlayıb – nə qədər ki, qapıya adam yaxınlaşmırdı o bir küncdən o birinə gedir, beləcə var-gəl etməklə sanki kiminsə onun nəzərindən yayınıb zala girə bilməsinin qarşısını almaq istəyirdi – diqqətlə sinifkoma baxdı, elə bil məsələnin nə yerdə olduğunu ancaq indi başa düşmüşdü. Qapıçı başını bulayıb oğlanların cərgəsinə işarə elədi, sonra da əlini yellədi. Yəqin ki, bu rədd cavabı idi. Sinfkomun əhvalı bu cavabdan gözgörəsi pozuldu, oğlanlarsa artıq onu dövrəyə alıb məsələnin nə yerdə olduğunu soruşmaq istəyirdilər. Amma sinfkom onların yanında dayanmadan və heç bir izahat da vermədən yenə kassaya yaxınlaşıb başını onun pəncərəsin-dən içəri saldı və həmişəki sakitliyini, qaradinməzliyini bir kənara qoyub onunla nəyisə qızğın müzakirə etməyə başladı. Sonra da qan-tər içində sinif yoldaşlarına yaxınlaşıb bildirdi ki, hamısı bir-bir kassaya yaxınlaşıb bilet götürə bilərlər. Yəqin, sinifkom uşaqlar bu gün seansa başa düşə bilməyəcəkləri halda onu məsxərəyə qoyacaqlarından çox qorxmuşdu. Özü də yəqin ki, təkcə onu yox, bütün ailə üzvlərini bundan yana lağa qoyub, onlara rişxənd edə bilərdilər. İndi sinfkom özü dəstənin başında kassaya doğru yönəldi. Kasaanın qabaçında bir neçə adam növbədə dayanmışdı. Sinifkom onlardan izn istəyib nənəsi ilə yenə qısaca danışdı,  sonra da oğlanlara tərəf dönüb dedi ki, kasanın qarşısında dayananları yola salan kimi nənəsi onlara da bilet verəcək.
Nəhayət bilet alanların axırıncısı da getdi və kassanın qarşısındakı boşalmış yeri "dəstə” zəbt etdi. Sinifkom hamıdan əvvəl öz biletini aldı, nənəsinin "neçə nəfərdilər” sualına isə belə cavab verdi:
- Mənimlə bir yerdə on üç.
Nənəsi də bir az narazı, bir az əsəbi dedi:
- Az deyil, on üç bilet. Sonra gərək bu pulları öz cibimdən kassaya qoyam.
Sinifkom əvvəllər deyərdi ki, kinoya gedəndə o heç vaxt bilet almır, nənəsinin qapıgüdənə — sifətindən zəhrimar yağan bu qocaya bir kəlmə deməsi kifayət eləyir ki, o heç nə soruşmadan "nəvəciyi” içəri buraxsın. Amma bu gün nədənsə qapıçının inadkarlığı tutmuşdu, demişdi ki, bu qədər adama bilet verə bilməz. Əgər nənəsi onların hamısına bu gün seans söz veribsə, qoy elə nəvəsi qarışıq hərəsinə öz hesabına bilet də versin.
Sinifkomun yanında duran oğlanı hamı "Uzun” deyə çağırırdı, çünki onun boyu sinifdə hamı-dan hündür idi. Amma özü çox utancaq oğlan idi, bəzən bir kəlmə sözü belə ağzından çıxar-mağa çətinlik çəkirdi, həm də başqalarına imkan verirdi ki, onu lağa qoyub gülsünlər, təhqiramiz sözlərlə acılasınlar. Belə anlarda o susub durar, nə deyəcəyini, nə edəcəyini bil-məzdi. Belə olanda o eləcə o susub durar, özünü bu müdafiə etmək üçün heç nə edə bilməzdi. Digər tərəfdən onun boyu çox adamı çaş-baş salırdı, əksəriyyət elə fikirləşirdi ki, o yanında dayandığı uşaqlardan heç olmasa iki-üç yaş böyükdür. Bunu eşidəndə Uzun çalışırdı   onları inandıra  ki, həmin uşaqlarla yaşıddır, heç vaxt sinifdə də qalmayıb, əksinə qətiyyən pis oxu-mur.
Nə isə… Sinfkom biletini alıb kassanın pəncərəsi önündən çəkilən kimi Uzun onun yerinə keçib kassirin qarşısında durdu. İndi kassiri, yəni sinifkomun nənəsini yaxından görə bilirdi: bu kök, alçaq boylu, ahıl bir adın idi, masa arxasında oturduğundan adama elə gəlirdi ki, onun şaquli və üfüqi ölçüləri eynidir. Kiçik, dəyirmi şüşələri olan gözlük taxmış olduğundan yana da arvadın sifəti bir az da böyük və yumru görünürdü. Biletsatan qadın Uzuna baxdı, sonra heç bir söz demədən nəzərlərini sola, onun arxasında dayanan uşağa zilləyib bərkdən dedi:
- E-ey! Nəyi gözləyirsən? Film indicə başlanacaq… Gəl biletini götür də! Nədi, valideynləri-niz o qədər kasıbdılar ki, bilet üçün iyirmi qəpik də tapa bilmirlər?
Arvad bundan sonra da onların valideynlərinin qarasına xeyli deyindi; gör onu da, öz uşaqları-nı da necə çətin vəziyyətə qoyublar? Bu müddət ərzində sinifkomun nənəsi bir dəfə də olsun Uzuna diqqət yetirmədi. Arvad elə bil Uzunu görmür, elə bir-birinin dalınca onun arxasından yanaşan uşaqlara bilet paylayırdı. Üzərində iyirmi qəpik yazılmış bileti alan kimi oğlanlar nə kassanın bir küncündə qalmış Uzuna, nə də sinfkomun nənəsinin donqultusuna əhəmiyyət vermədən qapıya sarı cumur, qocanın yoxlamasından keçəndən sonra da tələsik film nümayiş etdirilən zala soxulurdular. Beləcə onunla gələnlərin hamısı bir-birinin ardınca zala keçdilər və Uzunu deyingən kassir qadınla və əsəbi qapıçı ilə tək qoydular. Bu qocanın sərt, narazılıq yağan sifətini görəndə Uzun vahimələnirdi və ona məsələnin nə yerdə olduğunu anlatmaq istəsə də buna cəsarəti çatmırdı. Yoldaşları içəri girəndən sonra da o hələ bir müddət də kassanın qabağında dayandı. Ümid edirdi ki, bəlkə kassir qadın axır onu da yada salar, bəlkə xatırlayar ki, bu oğlan da onun sevimli nəvəsi ilə bir yerdə oxuyur. Amma arvad bir dəfə də, heç gözucu da olsa ona tərəf baxmadı – elə təzə gələnlərə bilet satmağında idi. Bəlkə Uzun özü ona deməliydi ki, o da arvadın nəvəsinin dəstəsindəndir, indi burda təkcə qalıb. Bundan əvvəl isə cərgədə ikinci idi, yəni dərhal onun nəvəsindən sonra kassaya yaxınlaşmışdı, amma nədənsə ona heç nə vermədi, ondan sonrakılara bilet payladı. İndi o burda təkcə qalıb – dəstəsindən ayrı düşmüş durna kimi. Əşi, cəhənnəm olsun bu film, ona baxmasa da olar. Amma bəs sinif yoldaşlarına nə deyəcək, sabah hamı bu filmdən danışanda o özünün seansda olmadığını necə izah edəcək? Uşaqların ona ələ salıb xorla məsxərəyə qoyması üçün bu daha bir bəhanə olmazmi? Yenə də həmişə olduğu kimi o özünə bəraət qazandırmaq üçün söz tapmayacaq.  Bəlkə hələ gec deyil, sinifkomun nənəsinə vəziyyəti izah edə bilər, onu birtəhər başa salar ki, filmə görə narahat deyil, sabah ona yenə lağ edəcəklərinin dərdini çəkir. Amma təqsir ondadırmı ki, kassir tək onu dəstədən ayırıb biletsiz qoydu. Yəqin fikirləşdi ki, o nəvəsinin sinfindən deyil. Axı o neyləsin ki, boyda yaşıdlarından uzundur?
Atası ona həmişə deyərdi ki, uca boy kişinin yaraşığıdır, amma onun başına nə bəla gəlirdisə, boyunun ucbatından gəlirdi. Boyuna görə həmişə əziyyət çəkirdi. Əgər müəllim sinfin oğlanlarını cəzalandırmaq istəyirdisə, hamıdan çox qapazı o yeyirdi. Boyunun ucalığına görə ən ağır yükü həmişə ona verirdilər, heç kim də düşünmürdü ki, bu fağırın gücü çatar, ya yox. Belə olanda ən çox ondan qorxurdu ki, yolda ona verilən yükü əlindən salıb eləyər, hamı da ona gülər. Onda yenə də onun boyuna işarə edib deyəcəkdilər ki, uzundrazın əlindən bir iş gəlmir. O isə yenə heç kimə heç nəyi izah edə bilməyəcəkdi və yenə qədd-qamətinə baxıb deyəcəkdilər: "Bu boyda boyun var”. Ona irad tutanlar isə ən çox alçaqboylu adamlar idi. Bəzən ona elə gəlirdi ki, belələri öz boylarına baxıb xəcalət çəkirlər və ona həsəd aparırlar.
Uzun axır ki, kassir qadına onun da bayaqkı uşaqlarla bir yerdə oxuduğunu anlatmaq istəyirdi, amma yenə də ağzını aça bilmirdi, elə bil ona nəsə mane olurdu. Birdən ağlına gəldi ki, işin nə yerdə olduğunu qapıçıya başa salsın, bu qoca bəlkə də onu daha yaxşı başa düşəcək və içəri buraxacaq, ya da arvada başa salacaq ki, uşaqlardan birinə bilet verməyi unudub. Qoca axı özü gördü ki, bayaq o məsələni kassir arvadın nəvəsi ilə aydınlaşdıranda Uzun da onun sinif yoldaşlarının arasında idi. Ola bilərdi ki, kassir arvadın özü masa arxasında oturduğun-dan və başı kassanın nəfəsliyinə zorla çatdığından bayaq Uzunu nəvəsinin yoldaşları arasında görə bilməmişdi. Amma qoca Uzunun nə özünün, nə də kassir arvadın xoşuna gəlməyən bu "dəstədən” olduğunu görmüşdü axı! Axı o neynəsin ki, "sevimli nəvəciyin” gətirdiyi bu qara dəstə onların xoşuna gəlməyib. Axırda hamıya bilet verildi, tək ondan savayı. Başqalarına bunu başa salmaq nə qədər çətindir: onu məhz boyunun uzun olduğuna görə kinoya buraxmayıblar! Buna kim inanacaq? Yəqin ki, heç kim! Deyəcəklər ki, yaxşı, tutalım səni boyuna baxıb böyük oğlan hesab ediblər və fikirləşiblər ki, sən həmin sinifdən, ya o "dəstədən” deyilsən. Amma sən özün axı kassir arvada və qapıçıya başa sala bilərdin ki, əslində sən də həmin "dəstədənsən”, onda şübhəsiz ki, səni içəri buraxardılar.
Uzun kassanın pəncərəsindən aralanıb qapıya tərəf gəldi, onu görən qoca isə dərhal hazır vəziyyət aldı – aydın idi ki, qapıya çatan kimi onun sualı bu olacaqdı: biletin var? Bəlkə bütün olanları ona başa salsın? Amma hiss edirdi ki, ona yenə də nəsə mane olur. Bəlkə qapıçıdan ona görə çəkinirdi ki, bu adam ondan xeyli yaşlı idi. Uzunu lap kiçik yaşlarından əhatə edən yaşca böyük qohumları ona ədəb-ərkan öyrədirdilər: masa arxasında necə oturmaq lazımdır, o qaşığı necə tutmalı, özündən böyüklərə necə ehtiram göstərməlidir, həm də gərək özündən böyüklər nə desələr,  onu yerinə yetirsin. Bir sözlə, onu həmişə başa salırdılar ki, nəyi etmək olar, nəyi yox. Bəzən olurdu ki, bu yaşlı qohumların fikirləri bir-biri ilə üst-üstə düşmürdü. Uşaq da çaşıb qalır, bilmirdi kimə qulaq assın. Axırda iş o yerə çatdı ki, büsbütün başını itirdi və indi çox vaxt harada necə davranmaq lazım gəldiyini səhv salırdı. Yəqin yaşıdlarının yanında özünü inamsız hiss eləməyinin səbəbi də bu idi. Özündən böyüklərlə danışanda isə halı lap bərbad olurdu: nitqi batır, nəyi necə edəcəyini qətiyyən kəsdirə bilmirdi. Elə olurdu ki, ondan bir şey tələb edirdilər, o başqa şey edirdi, ya da "böyük” hələ göstəriş verməmiş işə başlayırdı. Bu tələskənliyi də "böyüklərdən” tərif eşitmək, onların xeyir-duasını qazanmaq istəyindən doğurdu. Böyüklərin təqdiri ona, özünü həmişə narahat və pərt hiss etdiyi vəziyyət-də bir balaca inam, cüzi tarazlıq duymaqdan ötrü zəruri idi. Bəzən Uzunun tələsik hərəkətləri böyüyün nəzərdə tutduğu əşyaya deyil, tamam başqa tərəfə yönəlirdi ki, bu da hamıda istər-istəməz gülüş doğururdu. Nəticədə Uzun özünü tamam itirir, hətta bəzən harada olduğunu belə çaşdırırdı. Ümumiyyətlə yaşca özündən böyük olan adamlara nəyisə izah etməkdə yaman çətinlik çəkirdi. Onun danışığını anlamaq çox vaxt çətin olurdu. Bəlkə də bu ondan irəli gəlirdi ki, ətrafındakı böyüklərdən hər biri vaxtında ona müxtəlif şeylər haqqında öz fikrini təlqin eləməyə çalışmışdı, indi də o bunları çaşbaş salırdı. Amma əgər əmin olsaydı ki, qarşı-sındakı adam onu diqqətlə dinləyəcək, ona gülməyəcək, onun çox vaxt bir-biri ilə bağlı olmayan kəlmələrindən nəsə bir şey anlamağa çalışacaq, bəlkə onda uzunun donu açılardı və o sanki bütün vücudunu daşa döndərmiş gərginlikdən xilas olardı. Belə gərginlikdən o bəzən kəkələməyə başlayırdı, bu da onu başa düşməyi daha da çətinləşdirirdi. İndi də qocanın zəhmli sifətini və üzündəki xoşagəlməz ifadəni görəndə onunla kəlmə kəsmək, daha doğrusu ona vəziyyəti izah etmək fikrindən bilmərrə daşındı. "Yox, hərhalda nənə bundan yaxçı olar”. deyə fikirləşdi və kassaya tərəf döndü. Nəfəslikdən içəri baxanda arvadın kitab oxuduğunu gördü, özü də uzunun gəlişindən heç başını da qaldırmadı. Yəqin adam olmayanda bu balaca otaqda oturmaq onun üçün darıxdırıcı olurdu, ona görə də kitab oxumaqla başını qatırdı. İstədi ağzını açıb nəsə desin, amma yenə də cəsarəti çatmadı. Yenə kassadan aralandı, onunla əsəbi addımlarla var-gəl etməkdə olan qapıçının arasında dayandı.
Film artıq başlanmışdı bunu zaldan eşidilən səslərdən anlamaq olurdu. Uzun indi nə edəcəyini fikirləşirdi ki, birdən kinonun qarşısında yeni bir dəstə göründü. Amma onlar içəri girməyib bayırda dayandılar. Uzun bilirdi ki, bəzi uşaqlar kinonun qabağında yığışıb fürsət gözləyirlər ki, qapıçı qısa müddətə də olsa, yerindən aralansa, tez zala doluşsunlar.
Bundan sonra bir nəfər içəri girdi və ona tərəf gəlməyə başladı. Uzun bu gələnin qonşusu olduğunu görəndə sevindi. Bu qonşu oğlan Uzundan bir neçə yaş böyük idi və onun qardaşı ilə bir yerdə oxuyurdu. O da ucaboy idi, amma çox arıqdı, o qədər arıqdı ki, onu elə bil nazik çubuqlardan hörüb düzəltmişdilər, bunun da üstündən paltar geyindirmişdilər. Qonşu oğlan uznla pis rəftar edə bilməzdi, ilk növbədə qardaşına görə — Uzunun qardaşı ondan qat-qat güclü idi və həmin oğlan da bunu məcbur nəzərə almalıydı. Çünki əgər Uzun ondan qardaşına şikayət etsəydi, qonşunun əhvalı yaxşı olmazdı.
Bir də ki, bu cür çəlimsiz adamlar hamı ilə yaxşı və mehriban davranmağa çalışırlar, çünki başqa yolları yoxdur. Düzdü, onlar bu cür davranışı öz xasiyyətləri  kimi qələmə verməyə ça-lışırlar, əslində isə ağciyər və zəif olduqlarına görə belə edirlər.
Qonşu oğlan yaxınlaşıb ona əl verdi və burda niyə durduğunu soruşdu. Uzun cavab verdi ki, filmə baxmaq istəyir, amma pulu yoxdur. Birdənbirə ağlına gəldi ki, bəlkə bu gün başına gələni qonşu oğlana danışsın, bəlkə o özü onda kassir arvadla, ya da qapıçı ilə danışıb məsələni onlara başa salar. Amma bu fikirdən də daşındı, bilmirdi ki, bu olanları özü bu gəncə necə başa salsın.
- Heç pulun yoxdur? – qonşu soruşdu.
- Bircə qəpiyim də, — Uzun cavab verdi.
- Mənimsə cəmisi on qəpiyim var.
Zaldan hər cür qarmaqarışıq səslər gəlməkdə idi. Bəzən nə barədəsə danışırdılar, bəzən isə qışqırır savaşır, hətta deyəsən güllə də atırdılar. Qonşu birdən-birə ona filmdə nə baş verdiklərini danışmağa başladı: indi filmin hansı yerini göstərirlər, baş qəhrəmanın adı nədir, indi o nə edəcək.
Uzun əvvəl fikirləşdi ki, yəqin qonşusu özü bu filmi görüb, axı onu artıq üçüncü gün idi ki, göstərirdilər. Sonra məlum oldu ki, filmi heç o da görməyib, başqalarından onun haqqında eşidib.
Elə bu vaxt biletsatan arvad başını kassanın nəfəsliyinə söykəyib – məhz söykəyib, çünki onun iri və yumru başı oraya yerləşməzdi – onları səslədi. Dedi ki, otuz qəpik gətirsələr, hər ikisini zala buraxdırar. Qadın məhz onlara müraciət edirdi, çünki burada bu oğlandan başqa daha heç kim yox idi. Giriş qapısının qarşısında toplaşmış uşaqlar da artıq getmişdilər, görünür, bu qənaətə gəlmişdilər ki, qoca qapıçının bu gün bir dəqiqəyə də olsa film bitənədək yerini tərk etmək niyyəti yoxdur.
Biletsatan arvadın təklifi hər ikisini həyəcanlandırdı. Amma təəssüf etdilər ki, bu qədər pulları yoxdur. Sonra qonşu Uzuna filmin ardını danışmağa başladı. Özü isə divarın arxasından gələn hər səsə, çaqqıltıya, gurultuya fikir verir, bunun nə demək olduğunu oğlana başa salmağa çalışırdı. Amma uzunun diqqəti onun dediklərindən tez-tez yayınırdı, heç cür barışa bilmirdi ki, divarın bu tayında qalıb. Dilxor olduğundanmı, ya qonşunun danışdıqları ona maraqsız gəldiyindənmi o tez-tez ətrafa boylanır, içəri divarlarda hələ də qalan əvvəlki filmlərin  afişa-larını seyr edirdi. Bu afişalar rəsm dərsində onların da istifadə etdikləri ucuz boyalarla adicə  kağızın üstündə yazılmış, bir qismində şəkillər də gözə dəyirdi. Afişaların bəzilərində boya yayılmış, filmin adı yazılan alt sıranı ləkələmişdi. Nə qədər bəsit də olsalar, bunları cırıb atmır, həmin filmlərin nə vaxtsa yenidən nümayiş etdiriləcəyi ehtimalı ilə saxlayırdılar.
Qonşusu filmi danışmaqda davam edir, onun diqqətini yenə də özünə cəlb eləməyə çalışırdı. Amma, deyəsən, danışdığından, o Uzundan daha çox zövq alırdı. Filmdə baş verənləri, hər səsin "açmasını” verdikcə o daha da coşurdu. Gəncin sifətində həm də xeyirxah iş gördüyünə şübhəsi olmayan bir adamın özündən məmnunluq ifadəsi gözə çarpırdı. O səsini get-gedə ucaldır, bununla kassirlə qapıçının da diqqətini cəlb edirdi: hər ikisi öz məşğuliyyətindən – biri kitab oxumaqdan, o biri dayanmadan qapının qarşısında o tərəf bu tərəfə var-gəl etmək-dən ayrılıb təəccüblə bu oğlana tərəf boylanırdılar. O isə bundan bir az da coşur, filmdə olan-ları daha canlı inandırıcı olsun deyə əl-ayağı ilə də nümayiş etdirirdi: qəhrəman sevgilisini necə öpür, düşmənlərini harada əzişdirir, ya təqibçilərdən nə yolla qaçıb qurtarır.
Biletsatan arvad gəncin bu qəribə hərəkətlərini təəccüb içində bir az seyr etdikdən sonra yenə də onlara öz köməyini təklif etdi: ikisinə iyirmi beş qəpik gətirsələr, içəri keçə bilərlər. Uzun dərindən köksünü ötürdü: deyəsən, bu arvada ümid etməkdənsə, elə qonşusunun danışdığına qulaq asmaq məsləhətdir. İkisinə cəmi on qəpik pulları olduğunu bilsəydi, kassir qadın çətin ki, onları içəri buraxdırmaqdan söhbət salardı. Hərəsinə beş qəpik – belə variant bu qart siçovulları yəqin ki, qane etməyəcəkdi. İndi onlar çıxıb gedə də bilərdilər, amma qonşu filmi ona küçədə daha belə huş-guşla danışa bilməzdi. İndi Uzun qonşusuna daha diqqətlə qulaq asır və özünə təsəlli verirdi ki, sabah sinifdə filmi müzakirə edəndə o da söhbətin nədən getdiyini biləcək. Bəlkə sinif yoldaşları onun zalda olmadığını heç sezməyəcəklər də. Hər halda bayaq onun biletsiz qaldığından heç kimin xəbəri olmadı. O deyə bilər ki, filmə baxanda fikri yayınmasın deyə kənarda oturmuşdu. O şübhə edirdi ki, indi onun bütün sinif yoldaşları zalda yan-yana oturub filmə tamaşa edirlər. Çox güman ki onlar ayrı-arı dəstələrlə hərəsi zalın bir tərəfində oturub. Sinif uşaqları bir-birini o qədər də sevmirdilər, bundan yana da hərə öz dəstəsi ilə gəzib dolanar, ancaq zərurət olanda bir yerə yığışardılar. Belə olanda kim idi qranlıq zala Uzunu axtaran? Amma bəla burasındaydı ki, Uzun olmayan bir şeydən danışanda yanaqları od tutub yanır, sir-sifəti olduqca qeyri-təbii bir görkəm alırdı. Bir sözlə bu halda onun yalan dediyini başa düşmək çətin deyildi, sadəcə bir az diqqət vermək lazım idi.
Qonşu oğlan get-gedə daha da şövqlənir, Uzunun, biletsatanla qapıçının marağını hiss etdiyindən, filmi daha inandırıcı "göstərməyə” çalışırdı. Filmin ortsına çatmışdı ki, biletsatan arvad bir də onlara üz tutdu:
- İyirmi qəpik gətirin, gedin filmin arxasına zalda baxın.
Aa qonşular bu şirnikdirici təklifi qulaqardına vuraraq özlərini elə göstərdilər ki, guya filmin müzakirəsi ilə bərk məşğuldular.
Biletsatan arvad onların ikisini bir yerdə on beş qəpiyə buraxmağa razı olduğunu bildirəndə, yəqin ki, film artıq sona yaxınlaşmaq üzrə idi; hər halda qonşu oğlanın "göstərməsindən bunu belə başa düşmək olardı. Yenə də özlərini elə göstərdilər ki, guya bu təklif onları qətiyyən maraqlandırmır və öz işlərinə davam etdilər: biri yenə də filmi "göstərir”, o biri isə "tamaşa edirdi”.
Amma uzun ürəyində ümid edirdi ki, arvad indi də onlara qonşusunda olan on qəpiyə içəri keçməyi təklif edəcək. Onda Uzun da heç olmasa filmin sonluğunu görər, axırda da hamı ilə birlikdə zaldan çıxardı. Bu onu həqiqətən də gülüş hədəfi olmaqdan qurtarardı. Əgər kimsə sabah onun seansda olmadığını desəydi, onda o da bunun əksini iddia bilərdi, yalan danışmaq məcburiyyətində qalmadan. Amma kassir arvad onlara daha heç nə təklif eləmirdi, özü də kitab oxumağında idi. Qonşusu isə filmin sonluğunu "göstərməkdə” idi: qəhrəman xəncəri götürür, xəyanət etdiyi üçün sevgilisini, onun əhv etmək yalvarışlarına baxmayaraq, öldürür.
- Vəssalam, — qonşu təəssüflə bildirsə də, amma elə bil bundan həm də yüngülləşən kimi oldu.
- Nədir, yoxsa film qurtardı? -  deyə Uzun təəccüblə soruşdu.
- Hə, indi qizı basdıracaq, bunla da qurtaracaq.
Uzun biletsatan arvada tərəf boylandı. O daha onlar tərəfə heç baxmırdı da. Yəqin o da bilirdi ki, film artıq sona yetib. Bir az da keçəcək, hamı zaldan çıxacaq, buna görə də onlara nəsə təklif etmək daha mənasızdı.
Uzun bundan sonra qonşusuna tezliklə burdan getməyi təklif etdi. O istəmirdi indi sinif yoldaşları ilə qarşılaşsın, çünki hiss edirdi ki, onlarla nəyisə müzakirə etməyə hazır deyil. Buna görə də onlar zaldan çıxmamış klubu tərk etmək istəyirdi. Qaldı biletsatan arvada, Uzun buna da əmin idi ki, sadəcə vaxt çatmadı, yoxsa sinifkomun nənəsi hər ikisini on qəpiyə də zala buraxmağa razı olacaqdı.
                                                                                                                                                                                                                           Bakı, 1997